Aşıq Ələsgər haqqında deyilənlər

Haqdan gələn dərin təbi, qaynar ilhamı, fitri istedadı, güclü hafizəsi sayəsində saz-söz dünyamızın korifeyinə çevrilən Ələsgər aşıq poeziyasının Nizamisi, bütün Şərq dünyasının günəşi sayılır

Peyğənbərlərdən gələn böyük missiyanın Dədə Qorqud, Əl-Qəzali, Əhməd Yasəvi, Nizami, Mövlana, Yunus Əmrə və Fizuli kimi əzəmətli daşıyıcılarından olan Dədə Ələsgər ilahi və dünyəvi gözəllikləri mükəmməl şəkildə qovuşdurmuş, sadə el dilində,  gözəl üslubda və özünəməxsus biçimdə bəşriyyətə anlatmışdır.

Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünə məxsus olan çoxşaxəli obrazlı təxəyyül çığırlarıyla daim HƏQİQƏT adlanan yola doğru istiqamətdə olmuşdur

Nəinki Göyçə, eləcə də bütün Şərq dünyasında aşıq poeziyasının günəşi sayılan Dədə Ələsgər təqlidolunmaz sənətkarlığı ilə özündən sonrakı nəsillərə ədəbi-bədii zəmin yaratmışdır. Ələsgər qəlibindən çıxan, Ələsgər məktəbindən kamil dərs alan Aşıq Əsədlə Daşkəndli Nəcəfin səsi-sorağı qısa bir müddətdə bütün Zaqafqaziyanı bürüyüb, İranda, Turanda, Osmanlı torpağında eşidilmişdi
Aşıq Alının şəyirdləri arasında Aşıq Ələsgərin xüsusi dəsti-xətti, mövqeyi və böyüklüyü diqqəti çəkir. Ələsgərin yetişməsində Alının böyük xidməti olduğu kimi, Alının da uca şöhrət sahibi olmasında Ələsgər kimi çox istedadlı bir şəyirdinin olmasıdır. Bəlkə də Ələsgər kimi bir müdrik söz sərrafının yetişməsi üçün Ulu Tanrı Aşıq Alını yaratmışdı.”
Təbiət haqqında deyə bilmədiyimizi, duyğu və düşüncələri bizim xalqımızın adından ustad Aşıq Ələsgər xeyli sadə və həm də çox səmimi şəkildə deməyi bacarmışdır

Aşıq poeziyası dədə Ələsgərlə əlçatmaz, ünyetməz bir zirvəyə ucaldı. Bütün qüdrətli sufi sənətkarları şəriət, təriqət, mərifət mərhələlərini keçib, həqiqətə, haqqın ulu dərgahına qovuşmaq istəyi ilə çırpındığı halda, ona bu haqqı haqqın özü bəxş eləmişdi.

Haqqın ulu dərgahına ucalmaq lazım deyildi Göyçənin bu qüdrətli oğluna. O, haqqın ulu dərgahından qopub şəriəti, təriqət və mərifəti insanlara anlatmaq, onları həqiqətə, haqqa qovuşdurmaq üçün gəlmişdi bu dünyaya.”

...peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, Peyğəmbər aşıqların sonuncusu isə Aşıq Ələsgərdir. Özü demişkən, o, təriqətdən keçmiş, mərifətə yetmiş, həqiqət məqamına çatmış və bu zirvələrdən hər birində də kamilliklə qoşa – müdriklərə həqiqətdən “dərs verənlə” yanbayan (!) dayanmışdır:

Eşq ilə sevdanın kökü
Keçib cismi-canımdadı,
Şeyxlərə ol dərsi verən
İndi mənim yanımdadı!..

Əlbəttə, belə düşünməklə mən Göyçədə Ələsgərdən sonrakı ustad aşıqların – Şişqayalı şair Aydının, Mirzə Bəylərin, Zodlu Usta Abdullanın, Alçalı Məhərrəmin, Şair Hacı Əliş ağanın, Çoban Məhəmmədin, Növrəs İmanın, onlarla digər adların əhəmiyyəti üstünə kölgə salmaq istəmirəm. Əksinə, məncə, onlar hamısı özlərini bədii ənənədə intibah dövrünün – “Ələsgər dövranı”nın sakiləri hesab etməklə fəxr edə bilərlər
Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Əmrə kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik dühadır
Xalq dilinin ən gözəl xüsusiyyətlərini bilən, bu dili yüksək şeir səviyyəsinə qaldıran Ələsgərdə məyyən bir fikir ifadə etməyən süni misralara rast gəlmirik
Dədə Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehrli, gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli bir şeir dünyasıdır
Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı “əlif-lam” yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur
Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, bu qeyri-adi sözün geniş, fəlsəfi mənasında, müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular oyadır, insana böyük zövq və ləzzət verir.

Aşıq Ələsgərin yaradıcılığında insan gözəlliklərinin təsviri və tərənnümü xüsusi yer tutur.

Dədə Ələsgərin yaradıcılığını türk xalqının ensiklopediyası adlandırmaq olar. Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür.

Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına münasibəti həm dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də aşığın sənətə verdiyi ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.

Dədə Ələsgər poeziyasının monumentallığı, onun hər sətirinin polimentallığından yaranır