Dastanlar

Aşıq Ələsgərlə şair Nağı

Mənim əzizlərim, sizə haradan xəbər verim, Şəmşəddin mahalından. Şəmşəddin ma­ha­lında Şərif bəy adlı bir bəy var idi. Onun atası varlı bəylərdən biri idi. Şərif bəyin evlənmək vaxtı çatanda atası öldü. İki ilin içində qonu-qoşu, nökər-naib mal-dövləti elə dağıtdı ki, Şərif bəyin bircə “bəy” adı qaldı; necə deyərldər “quru bəy” oldu. Amma yenə də camaat ona “Şərif bəy” deyirdi. Adam kasıb olanda nə olar; bu zalım oğlunun adamlığı, qanacaq-mərifəti də yox idi. Danışanda dəvə-dəvədən dəm vurardı.

Bir gün Şərif bəy evlənmək fikrinə düşdü. Kimin qızını istədisə, vermədi. Şərif bəyin xasiyyətini bilənlər ona qızımı verərdi?! Axırda özü kimi bir kişinin qızı ilə evlənməli oldu.

Aşıq Ələsgərlə şəyirdi Aşıq Usuf Şəmşəddin mahalına getmişdilər.

Toyların birində Şərif bəy bunlara rast oldu. Xahiş elədi ki, Aşıq Ələsgər, filan vaxt toy eləyəcəm, bir yana getməyin! Bunu eşidənlərdən, Aşıq Ələsgəri tanıyanlardan çoxusu dedi ki, o, hüllükbazın birisidir; sən onun toyuna getmə. Amma Aşıq Ələsgərdə belə bir xa­siy­yət var idi ki, istər ağa olsun, istər nökər olsun, istər varlı olsun, istər yoxsul olsun, hamının toyuna gedərdi. Şərif bəyə də söz verdi ki, dediyin vaxt sizdə olaram.

Aşıq Ələsgərgil söz verdikləri vaxt Şərif bəyin evinə getdilər. Bəyin toy tədarükü hələ düzəlməmişdi. Aşıq Ələsgərə dedi ki, üç gündən sonra toyu başlayacam. Şərif bəy əysik işlərinin dalınca getdi. Evdə də Aşıq Ələsgərgilə hörmət eləmədilər. Bəyin anası aşıqların “tez gəlməsinə” bir az donquldandı da. Kəndin qanan adamları aşıqları evlərinə apardı, yaxşı hörmət elədi.

Üç gündən sonra toy başlandı. Şərif bəy özünə layiq də toy elədi.

Heç bilmədi ki, bu altı gündə Aşıq Ələsgərgilin vəziyyəti necə keçdi. Toydan sonra Şərif bəy aşıqları evə apardı. Anası qonaqlara şor-çörək qoydu. Çörək nə çörək, darı fətiri. Sonra da bir dəs­mal gətirdi ki, bu da sizin toy xələti. Aşıq Ələsgər gördü ki, yox, Şərif bəy aşıqları sarıdı. Neçə ilin aşığı idi, başına belə bir iş gəlməmişdi. Daha bilmədi ki, Şərif bəyin elə qandığı bu qədərdir.

Aşıq Ələsgər oradan durandan sonra Şərif bəyə bir həcv dedi.

Həcv iki günün içində oradakı kəndlərin hamısına yayıldı. Şərif bəy də həcvi eşitdi, qaldı yana-yana. Şərif bəy kimi adam Aşıq Ələsgərə nə edə bilərdi ki?!

Aşıq Ələsgərgil daha orada qalmadılar; toyun sabahısı günü kefləri pozğun halda Göy­çəyə qayıtdılar.

Şərif bəy baş qaldırıb kənd içində gəzə bilmədi. Axırda Yekallar kəndinə gəldi. Şair Nağını tapdı, yalvardı ki, gərək Göyçəyə bir həcv deyəsən! Sən demə, Şair Nağı da ağıldan bir az yuxa imiş. Ağlına gələni yazdı, söyüşlə, latayırla Göyçəni həcv elədi. Nədənsə, həcv yaman tez yayılan olur. Beş-on günün içində yaxın kəndlərin hamısı eşitdi ki, Şair Nağı Göyçəni yaman bəzəyib.

Bəli, mənim əzizlərim, indi sizə haradan xəbər verim, Göyçənin Ağbulaq kəndindən. Ağbu­laq kəndində Molla Əli, bir də Kalvayı İrvaham adlı iki kişi var idi. Bunların ikisi də dana alveri ilə məşğul idilər.

Deməli, payız olanda gedib oradan-buradan ucuz qiymətə dana alırdılar; qışda bir­tə­hər sax­layıb, yaza çıxarırdılar. Payıza dönəndə dananın hərəsi olurdu bir cöngə. Aparır­dılar şəhər­lər­də birə-beş qiymətinə satırdılar.

Kalvayı İrvaham ilə Molla Əli dana almaq üçün Şəmşəddin mahalının Yekallar kən­dinə gəlmişdilər. Bir evdə yığıncaq var idi. Molla Əligil də burada idilər. Ona kimi Şair Na­ğı da gəldi buraya. Bir az o yandan-bu yandan söhbət eləyəndən sonra mərdimazarın biri dedi:

– A Şair Nağı, Göyçəni bəzədiyini de, qulaq asaq!

Şair Nağı başladı, görək nə başladı. Biz sazla deyək, siz qulaq asın:

 

Düşəsiniz Şəmşəddinin əlinə,

Tərlan kimi sizi yola, göyçəli!

Kənd içində olanda diliniz ötür,

Çöldə dönürsünüz mala, göyçəli!

 

Molla Əli ilə Kalvayı İrvaham bir rəng aldı, bir qəng verdi. Amma dillənib heç biri bir söz demədi.

Şair Nağı sözü başlayanda qoşma ilə başlamışdı, dalını çevirdi müxəmməsə:

 

Cavanları qulampara,

Qocaları felmanıdı;

Ayaqlarında çöpük corab,

Çarıqları kalmanıdı;

Oxşayırlar persoylara,

Haranın müsəlmanıdı;

Səhər-səhər püş səbətin

Alırlar dala göyçəli.

 

Ağbirçək qarıları

Baş-başa kərmə çatırlar;

Ağsaqqal qocaları

Təndirə saşqı atırlar;

Yığılırlar hamısı

Kürsünün altda yatırlar;

Ala qarğa kimi püşü

Dağıdır çölə göyçəli.

 

Molla Əligil elə olmuşdular ki, çırtıq vursan, qanları tökülərdi. Şair Nağı aldı o biri bəndini:

 

…………………..

Göyçəlinin qalağına;

İrisini arvadlar döşünə yığır,

Xırdasını balağına;

Hər yerin mundar eyləyir,

…………………………

 

Qanmırlar murdar, təmiz,

Vururlar şələ göyçəli.

 

Ayıflarna kor olmurlar,

Bəyənmirlər bizim şoru;

Südün üzünü alırlar,

Suyu qalır qabda duru;

Qıcqırmış pendir tuturlar,

İtə versən, it quduru;

……………………….

Vurmaram dilə, göyçəli!

 

Yahya oğlu Şair Nağı

Düşmürmü onların yadına;

Ocaqlarına        

Həsrət qalıblar oduna;

Mən söymüşəm……….

…………………….

Şəmşəddin əşrəfidi,

Siz qara pul, a göyçəli!

 

Söz tamama yetişən kimi bəziləri güldü; qanan adamlar Şair Nağını məzəmmət elədilər ki, bu, yaxşı iş deyil! Molla Əli ilə Kalvayı İrvaham nə çörək yedi, nə də çay içdi. Oradan durdular, bilmədilər ki, nə eləsinlər. Çox fikirdən sonra belə məsləhətləşdilər ki, sözü yazıb, Aşıq Ələsgərə aparsınlar. Bəlkə , bu işə Aşıq Ələsgər bir əncam çəkə.

Kəndin içində bir oğlan uşağına rast gəldilər. Molla Əli onu yanına çağırıb dedi:

– A bala, oxuyubsanmı?

– Oxumuşam, indi də oxuyuram.

– Haraya qədər oxuyubsan?

– Altıncı baba qədər.

Molla Əli əlini cibinə saldı, bir qədər xırda pul çıxartdı, dedi:

– Al bu on şahını; get Şair Nağının yanına, Göyçəyə dediyi sözü yaz gətir. Gələndə on şahı yenə verəcəm.

Oğlan pulu aldı sevinə-sevinə getdi. Bir azdan sonra əlində kağız qayıtdı. Oxutdular, gördülər ki, olduğu kimi yazıbdır. Uşağa on şahı da verdilər, özləri də dana-zad alma­dılar, düz birbaş Ağbulağa qayıtdılar.

Molla Əli Aşıq Ələsgərlə çoxdan dost idi. Götürdü Aşıq Ələsgərə belə bir məktub yazdı: “Ey nuri-çeşmanım Aşıq Ələsgər! Atam öldü, sarsılmadım; qardaşım öldü, korşu­ma­dım; oğlum öldü, porsumadım; amma Yekaallar kəndində başımıza bir iş gəldi, bu dərdlərin hamısından betər oldu. Bir məclisdə “Şair Nağı” deyilən, bizi də pəsinmədi, Göy­çənin adına bir həcv dedi. Ölüm bizə fərz oldu. Vuruş meydanı olsa, ölüncə vu­ru­şardım. Söz meydanında Göyçənin kilidi sənsən. Şair Nağının dediyi həcvi yazıb sənə gön­dərirəm. Buradan beləsini sən özün bilərsən...”

Molla Əli Şair Nağının həcvinin üzünü köçürdü, yazdığı kağızın arasına qoydu, Kal­vayı İrvahama dedi:

– Bu kağızı kimdən göndərək?

Kalvayı İrvaham dedi:

– Heç kimə vermək olmaz; mən özüm aparacam.

Kalvayı İrvaham atını mindi, yol başladı Ağkilsə kəndinə.

Payız günü idi. Hava qaraldı, yağış başladı, dalını qara çevirdi. Kalvayı İrvaham ya­ğış-qar vura-vura günortadan xeyli keçmiş Ağkilsə kəndinə çatdı. Aşıq Ələsgərin evini xəbər aldı, atını sürdü qapıya.

Aşıq Ələsgərin qardaşı Məhəmməd qapının qarını kürüyürdü.

– Salamələyküm!

– Əleyküməsalam!

– Aşıq Ələsgərin evi buradır?

– Bəli, buradır, düş!

Kalvayı İrvaham atdan düşdü, içəri keçdilər. Məhəmməd çay-çörək hazır elətdi. Çay qabağa gələndə Kalvayı İrvaham soruşdu:

– Aşıq Ələsgər hanı?

Məhəmməd cavab verdi ki, Kəlbəcərə gedib.

Kalvayı İrvaham əlini dizinə vurdu:

– Bay sənin! Zəhmətim necə hədər getdi!

– Əşi, Aşıq Ələsgər evdə yoxdu, evi, qohum-qardaşı buradadır. Nə mətləbə gəlib­sənsə, düzələr. Daha niyə vayışdanırsan!

– Mənə Aşıq Ələsgərin özü lazımdır.

Məhəmməd elə hesab elədi ki, toy işləri var, ona görə Aşıq Ələsgərin dalınca gə­lib­dir. Qonağı sakit eləmək üçün dedi:

– Əşi, çayını iç, Allah kərimdir!

Ona kimi Aşıq Ələsgərin qardaşı Məşədi Salah, Xəlil, oğlu Bəşir qapıdan girdilər, qo­­naqla görüşüb əyləşdilər. Çay, içdilər, çörək yedilər.

Amma gördülər ki, qonağın boğazından çörək getmir, çox fikirlidir.

Məşədi Salah soruşdu:

– Kalvayı, nə fikir eləyirsən?

– Məşədi, fikirdir, bəs fikir deyilmi. Oradan buraya Aşıq Ələsgərin dalınca gəl­mi­şəm, baxtımdan, o da evdə yoxdur.

– Toyunuz havaxt başlayır?

– Əşi, nə toy, nə filan! Mənim başıma gələn iş sənin başına gəlsə, bir saat da durub dincələ bilməzsən.

– Əşi, başına nə iş gəlib?

Kalvayı İrvaham Yekallar kəndində başlarına gələn əhvalatı Məşədi Salahgilə nağıl­ladı. Sonra da Molla Əli yazdığı kağızı çıxartdı.

Məşədi Salah kağızı Bəşirə verdi, dedi:

– Oğul, oxu görüm, nə yazılıb!

Bəşir Molla Əlinin məktubunu da, Şair Nağının həcvini də oxudu. Bir az gülüşdülər, bir az da pərt oldular.

Kalvayı İrvaham dilləndi:

– İndi görün mənim yerimə siz olsanız, fikir eləyərsiniz, yoxsa eləməzsiniz?! Mə­həm­məd dedi:

– Əşi, bu barədə heç fikir eləmə. Aşıq Ələsgər burada yoxdursa da, onun qo­hum-qardaşı buradadır. O içən sudan biz də içmişik. Allahın köməkliyi ilə Şair Nağının cavabını biz də qaytara bilərik.

Kalvayı İrvaham az qaldı ki, Məhəmmədi qucaqlayıb öpə:

– Ay sənin dilinin qadasın alım! Mənim istədiyim də elə bu deyilmi?! Məhəmməd üzünü Bəşirə tutub dedi:

– Kağız-qələm gətir!

Bəşir kağız-qələm hazır elədi. Məhəmməd götürdü, görək nə dedi, Bəşir nə yazdı:

 

Eşitmişəm, hədyan yazıb

Bizim mahala Yahyoğlu;

Altmışında zurna tapıb,

İstəyir çala Yahyoğlu;

Gözünü tikib harama,

Baxmır halala Yahyoğlu;

 

Qızların odun şələsin

Alırlar dala, Yahyoğlu!

Yahya oğlu Şair Nağı

Bəyənmir kürsü, təndiri;

Odun şələsi çəkməkdən

Çiynini kəsib kəndiri;

Dədən Yahya çox yeyibdi,

Murdarramaynan pendiri;

…………………………..

Altını qala, Yahyoğlu!

 

Səhər-səhər xörəyindir

Pencər, kəngər, kortun, çaşır,

Qıjı, çiriş, cincilim,

Sündürük həddindən aşır;

İçirsən darı hörrəsi,

Saqqalın, bığın bulaşır;

Görən deyir: “Ağzını sil,

Batıbdır yala, Yahyoğlu!”

 

Mən deyirəm bu sözləri,

Çünki sən düşəsən başa;

Yeyirsən darı cadını,

Qursağında dönür başa;

………………………..

…………………………

…………………………..

………………………….

 

………………………..

Bu oldu bədələ bədəl;

Göyçəliynən bəsə girdin,

Çox çəkərsən cəngü cədəl;

Gizlənmə tülkü kimi,

Çənbərək meydanına gəl;

Şairliyin isbat olsun,

Düşsün mahala, Yahyoğlu!

 

Kalvayı İrvahamın əl-ayağı yerə dəymirdi; elə sevinirdi ki, elə bil, bütün dünyanı buna bağışlayıblar. Bu bəndi eşidəndə özünü saxlaya bilmədi:

– Ay sənin başına dönüm, bax belə ha!

Məhəmməd aldı sözün tapşırmasını:

 

Sözümdə rəkik tutma,

Həm çobanam, həm naşıyam;

Müxənnətə xan olmaram,

Mərd yolunun peşkaşıyam;

Öz adım Məhəmməddir,

Ələsgərin qardaşıyam;

Nə sözün var, əsirgəmə,

Göndər dal-dala, Yahyoğlu!

 

Məhəmməd dedi:

– Bəşir, oxu görüm, necə yazıbsan!

Bəşir sözü oxudu, xeyli gülüşdülər. Hərəsinin qabağına yenə bir istəkan çay gətirdilər. Birdən Məhəmməd dilləndi:

– Aha, qağam gəldi.

Məşədi Salah dedi:

– Nə bildin gəldi?

– Eşikdə ayağının qarını çırpdı. Qağamdan başqa, heç kəsin ayağının səsi içəridə eşidilmir.

Bir də gördülər ki, Aşıq Ələsgər qapıdan girdi. Xoş, beş, on beş!

Öpüşdülər, görüşdülər. Aşıq Ələsgər çuxasını çıxartdı, əl-üzünü soyuq su ilə yudu, gə­lib əyləşdi. Ona da bir istəkan çay gətirdilər.

Birdən Aşıq Ələsgərin gözü Bəşirin əlindəki kağıza sataşdı.

– A bala, o nə kağızdır?

– Məhəmməd əmim Şair Nağıya deyib, odur.

– Şair Nağı kimdir?

Bu dəfə Kalvayı İrvaham dilləndi. Yekallar kəndinə getməklərindən başladı, başlarına nə gəlmişdisə, hamısını təzədən Aşıq Ələsgərə nağılladı.

Aşıq Ələsgər əvvəl Molla Əli yazdığı kağızı Bəşirə oxutdurdu, sonra Şair Nağının yazdığı həcvi oxutdurdu, gülümsünüb dedi:

– Zalım oğlu lap aşıqlısına vurub. Siz yazdığınızı oxu, görüm necədir?

Bəşir Məhəmməd dediyi həcvi də oxudu. Qurtarandan sonra Aşıq Ələsgər başını buladı:

– Yox, bu olmadı. Bu sözü göndərsək, biz də olarıq Şair Nağının tayı. Özgə yerə gön­dərilən sözdə belə latayır, belə hədyan lazım deyil. Qabaqkını söysən də gərək mərifətlə söyəsən.

Ona qədər bir qab xörək gətirib Aşıq Ələsgərin qabağına qoydular. Aşıq Ələsgər qabı Kalvayı İrvahamın qabağına sarı elədi. Kalvayı İrvaham dedi ki, biz bu saat yemişik, sən ye. Aşıq Ələsgər xörəyi qabağına çəkdi, iştahla yedi. Sonra də üstündən bir istəkan qaynar çay içdi, üzünü Bəşirə tutdu:

– Oğul, sazı mənə ver, özün də kağız-qələm götür!

Aşıq Ələsgər belə deyəndə hamı bildi ki, nə deyir. Bəşir sazı Aşıq Ələsgərə verdi, özü də kağız-qələm hazır elədi. Aşıq Ələsgər sazın zilini zil, bəmini bəm, sinəsində müstəkam elədi, aldı görək Şair Nağıya nə dedi, Bəşir nə yazdı:

 

Qarışdırma Şəmşəddini, Göyçəni,

Gəndindən gəndimə yaz, Şair Nağı!

Hərca dilin salar bəlaya səni,

Çox da bilsən, danış az, Şair Nağı!

 

Arvadlar ki əlin vurar qalağa,

Yuyarlar, gün vurar, çıxardar sağa.

Xub yaraşır sənin kimi ulağa.

Noxta, torba, palan, biz, Şair Nağı!

 

Bu bəndi deyəndən sonra Bəşirdən soruşdu:

– Oğul, yazıb çatdıra bilirsənmi?

– Ay dədə, lap sənlə bərabər gedirəm. Sən de gəlsin!

Aşıq Ələsgər aldı o biri bəndini:

 

Bir ocaqdı, hədyan demə təndirə,

Dədən çox yeyibdi, söymə pendirə,

Qəza vurdu, başın keçdi kəndirə,

Sağlıqdan ümidin üz, Şair Nağı!

 

Göyərib gicirtkən, baş verib çaşır,

Doldur dağarcığı, Göyçəyə aşır.

Elə billəm qoca çaqqal ulaşır,

Olsa sənin kimi yüz Şair Nağı!

 

Şəmşəddin iyiddir aləmdə məşhur,

Aldədədə olur möcüzat zühur.

Əl çəkmərəm səndən dəm olunca sur,

Vaxt ikən qəbrini qaz, Şair Nağı!

 

Aşıq Ələsgər Bəşirə dedi:

– Oğul, oxu görüm, düzmü yazıbsan!

– Ay Dədə, qurtardın?

– Qurtardım.

– Bəs tapşırması hanı? Nə bilsinlər ki, kimin sözüdür?

– Oğul, elə kimin sözü olduğunu bilməsələr yaxşıdır. Bu sözdə də hədyan var. Hələ oxu görüm, nə təhəri yazıbsan!

Bəşir yazdığını oxudu. Gördülər ki, çox düzgün yazıb.

Düzdü, Aşıq Ələsgər bu sözü qurtarmışdı, amma Şair Nağıya deyiləsi sözünü hələ qurtarma­mışdı. O yenə üzünü Bəşirə tutdu:

– Oğul, kağız-qələmini götür, bu dəfə tapşırmalı söz deyəcəm.

Bəşir kağız-qələmini götürdü. Aşıq Ələsgər sazı sinəsinə basdı, görək bu dəfə nə dedi:

 

Bir adamsan, bir adama namə yaz,

Mahalı incidib, eldən danışma!

Ara qarışdırma, ay səmi diraz!

Kar çıxmaz qovğadan, qaldan danışma!

 

Göyçənin qonağa çoxdu hörməti,

Qaysava qayğanaq verir ləzzəti.

Plov, dolma, kabab, əmliyin əti...

İnsaf eylə, tək motaldan danışma!

 

Kalman çarıq bizə adəti-nasdı,

Müsəlmana “persoy” deyən xənnasdı.

Ulağın eşşəkdi, yükün kirbasdı,

Əbrü ətlaz, tirmə, şaldan danışma!

 

Əgər şairsənsə, gəl eyləyək bəhs,

Bir sözünə min söz deyim dəsbədəs.

Himarın dümbündə lağəri-məgəs,

“Zənbur mənəm”, – deyib, baldan danışma!

 

Bu bəndi deyəndə Məhəmməd də güldü, Bəşir də. Qalan adamlar da bunlara baxıb gülüşdülər. Aşıq Ələsgər özü də güldü. Məhəmməd dedi:

– Ay Qağa, bəs deyirdin ki, özgə yerə göndərilən sözdə söyüş, latayır, hədyan yaxşı deyil.

– Əvvəla, buradakı söyüş təkcə Şair Nağını tutur; elə, mahala söymürəm. İkincisi, bir az örtülü söyürəm. Çox adam bilməz ki, nə deyirəm, Şair Nağı oxuyanda hesabını qanacaq.

Kalvayı İrvaham dilləndi:

– Səni mənə yetirən Allaha qurban olum! Əsirgəmə, de gəlsin!

Aşıq Ələsgər aldı o biri bəndini:

 

Neçə aşıq qaçırmışam meydandan,

İstəsən, birbəbir keçirim sandan.

Gəmirib kəngərdən, içib ayrandan

Coşub kərgədandan, fildən danışma!

 

Aşıq Ələsgər üzünü Bəşirə tutdu:

– A bala, yazdınmı?

– Ay Dədə, yazdım.

– Deyim, tapşırmasını da yaz!

Aşıq Ələsgər aldı, görək sözün tapşırmasını necə dedi:

 

Adım Ələsgərdi mərdü mərdana,

On iki şəyirdim işlər hər yana.

 

Tülküsən, aslanla girmə meydana,

Danasan, sürtünüb, kaldan danışma!

 

Bəli, mənim əzizlərim, sözü tamam eləyəndən sonra, Aşıq Ələsgər bu sözü də Bəşirə oxutdu. Gördü ki, çox düzgün yazıb.

Bəşir Aşıq Ələsgərin dediyi sözlərin ikisinin də üzünü çox səliqə ilə köçürtdü, Kalvayı İrvahama verdi. Kalvayı İrvaham pul kisəsini çıxartdı, ağzını açdı, kağızı içinə qoydu. Aşıq Ələsgər Kalvayı İrvahamdan soruşdu:

– A Kalvayı, bu sözləri kimdən göndərəcəksən?

– Molla Əli ilə bərabər özüm aparcağam.

– Aparıb kimə verəcəksən?

– Düz Şair Nağının özünə.

– Yox, Şair Nağıya verməyin; özgə adama verin. Əgər Şair Nağıya versəniz, sözləri üzə çıxartmaz. Amma özgə adama versəniz, camaat eşidəcək, Şair Nağının da qulağına ça­tacaq.

– Bəs kimə verək?

– O mahalda sazı-sözü qanan, mərifətli, qanacaqlı adamlardan Nəsib bəy, bir də Usuf bəy adlı iki qardaş var; aparıb onlara verərsən.

Aşıq Ələsgər fikirləşdi ki, Molla Əligil kağızı oraya çatdırandan sonra söz yayılacaq. Ola bilər ki, Şair Nağı bu sözlərin üstündə Molla Əligili incidə. Yaxşısı budur ki, gəl qo­naqları amanatla.

Aşıq Ələsgər yenə sazını götürdü, Bəşirə dedi:

– Oğul, kağız-qələmini götür, birini də yaz!

Bəşir kağız-qələmini götürdü. Görək bu dəfə Aşıq Ələsgər nə dedi, Bəşir Nəsib bəylə Usuf bəyə nə yazdı:

 

Bir şair çıxıbdı Yekaallardan,

Bəyənməyib göyçəlinin kərməsin.

Simeh tapıb, heç qurtarmaz azardan,

Onun dərdin heç gözlülər görməsin.

 

– Oğul, yazdın?

– Ay Dədə, yazdım.

Aşıq Ələsgər aldı, görək bu bənddə Molla Əligili bəylərə necə tapşırdı:

 

Birisi molladı, biri kalvayı,

Haqq özü buyurub mehmana sayı.

Adı şair, özü himarın tayı,

İncidib, qonağa zəhmət verməsin!

 

Molla Əlinin məktubu Aşıq Ələsgərin yadından heç çıxmırdı. Şair Nağının Molla Əligili o məclisdə pisikdirməsi Aşıq Ələsgərə çox yoxuş gəlirdi.

Aşıq Ələsgər aldı, görək sözünü necə tamamladı:

 

Molla Əli namə yazandan bəri,

Bu söz çox incidir qul Ələsgəri.

Tavaqqam var, Şəmşəddinin bəyləri,

Acıqlanın çal köpəyə, hürməsin!..

 

Aşıq Ələsgər sazı köynəyinə qoydu, Bəşirə dedi:

– Oğul, Şair Nağının yazdığı həcvin də üzünü köçürt, bu sözlərin içinə qoy. Nəsib bəygil bilsinlər ki, bu sözlər onun cavabıdır.

Bəşir Şair Nağının yazdığı sözün də üzünü köçürtdü, Kalvayı İrvahama verdi. Kalvayı İrva­ham yenə kisəsini çıxartdı, bu kağızları da kisənin içinə qoydu.

Elə bil ki, dünya varının hamısını Kalvayı İrvahama bağışlamışdılar. İstədi ki, yola düşə, qoymadılar ki, axşamdır. O gecə keçdi, səhər hamınızın üzünə xeyirliklə açılsın, sə­hər açılan kimi Kalvayı İrvaham yol başladı Ağbulağa, Ağbulaqdan Molla Əlini də gö­türdü, Şəmşəddin mahalına getdilər. Nəsib bəylə Usuf bəyi tapdılar, kağızı verdilər, baş­larına nə gəlmişdisə, başdan- ayağa hamısını bunlara danışdılar.

Nəsib bəygil Şair Nağını çağırtdırdı. Fikirləşdilər ki, birdən başqa adam “Şair Nağı” adı ilə o həcvi yazmış olar, nahaq yerə bunu incidərik.

Nəsib bəy dedi:

– Şair Nağı, eşitmişik, Göyçəyə bir yaxşı həcv deyibsən; onu oxu, qulaq asaq! Şair Nağı elə hesab elədi ki, həcv onların xoşuna gəlib. Ona görə yazdığı həcvi ürəkli-ürəkli oxudu.

Usuf bəy hirsli-hirsli dilləndi:

– İndi qulaq as, gör Aşıq Ələsgər sənə nə yazıb?!

Aşıq Ələsgərin göndərdiyi sözləri oxudular. Şair Nağı qıpqırmızı qızardı. Usuf bəy Aşıq Ələsgərin sözünün bir bəndini təkrar bir də oxudu:

 

Bir adamsan, bir adama namə yaz,

Mahalı incidib, eldən danışma!

Ara qarışdırma, ay səmi diraz!

Kar çıxmaz qovğadan, qaldan, danışma!

 

– Şair Nağı, get, bu sözləri yadında yaxşı saxla! Bir də belə iş tutsan, qulağından elə dartaram ki, “səmi diraz olarsan!”