Garaylılar

Tellərin

Gözəl, sənin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacı
Üstündən basa tellərin.

Yanaqların güldü, solmaz,
Oxlasan, yaram sağalmaz.
Qaşın cəllad, gözün almaz,
Bağrımı kəsə tellərin.

Bağban ağlar bar ucundan,
Alma, heyva, nar ucundan.
Ələsgər tək yar ucundan
Batıbdı yasa tellərin.