Qoşmalar

Ay nədən oldu

bağlama-qıfılbənd
Yerin, göyün, ərşin, kürsün, insanın
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seşdi?
Hikmətin dəryası ay nədən oldu?

Yeddi qat göy nə növ ilə quruldu?
Neçə qəndil, neçə sütün vuruldu?
Sən kimsən, mən kiməm kimdən soruldu?
Ustadlar ustası ay nədən oldu?

Nədən loh yarandı, nədəndi qələm?
Neçə hüruf o məclisdə oldu cəm?
Aləmi-ərvahda qurulan ələm
Ayəsi, şüqqəsi ay nədən oldu?
Mansırın toxmağı, İsrafil suru,
Kəbənin zəmzəmi, Musanın Turu,
Nitqimin guyası, dərdimin nuru,
Sərimin sevdası ay nədən oldu?

Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə xəbərdar:
Elmi hardan tapdı cümlə aşıqlar?
Şeri-müəmması ay nədən oldu?