Qoşmalar

Dəyməmiş

Dad sənin əlindən, a qanlı fələk,
Könül həsrət qaldı yara dəyməmiş.
Köhnə yaram qövr eylədi təzədən,
Təbib neştər vurdu yara dəyməmiş.

Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də,
Yaradanım, kömək eylə ya sində.
Qaldım səməndər tək qəm dəryasında,
Yandı balü pərim nara dəyməmiş.

Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.