Yerli mətbuatda

Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə elan edib. 24.12.2021

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqə 2022-ci il martın 15-dək davam edəcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, 2022-ci il martın 30-da Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

 

Mənbə: https://azertag.az/xeber/1960764