Müxəmməslər

Gözələ

Canımı qurban elərəm
Bir belə tərlan gözələ;
Hal bilən, şirin gülən,
Dosta mehriban gözələ;
Boy uca, gərdən mina,
Zülfü pərişan gözələ;
Dolanıb mürği-ruhum,
Olubdu mehman gözələ;
Xəstəyəm, yalvarıram
Həkimi-Loğman gözələ.

Gözəl xanım cilvələnib
Gözəllərin xası kimi;
Görəni Məcnun eləyir
Leylinin sevdası kimi;
Ala gözlər şölə çəkir
Göyün sürəyyası kimi;
Çəpgəni hər rəng çalır,
Peyğəmbər xirqası kimi;
Baratdı, behişdən gəlib,
Gətirib qılman gözələ.

Gözəl xanım al geyinib
Gözəllər xasından gözəl;
Silkinir, gərdən çəkir
Göllər sonasından gözəl;
Libas əndamına layiq,
Əndam libasından gözəl;
Qabliyyət, mə'rifət tapıb
Ata-anasından gözəl;
Gözəlliyi cəm veribdi
Xaliqi, sübhan gözələ!
Qəmgin idim, xələt verdi,
Məlul könlüm açdı gözəl;
Arifsən, əhli-ruhsan,
Can sana peşgaşdı, gözəl!
Ay qabaq şö'lə verir,
Qaşın göyçək qaşdı, gözəl!
Nə qədər gözəl görmüşəm,
Hamısından başdı Gözəl;
Cavanşir gözəllərinin
Cəmisi qurban Gözələ!

Fələkdən gileyliyəm,
Günü bizə qara verib;
Mömini zəlil eyləyib,
Suru günahkara verib;
Tərlanı sara yazıb,
Tər qönçəni xara verib;
Ələsgər Məcnun olub,
Meylini dağlara verib;
Unudub ibadəti,
Bağlayıb dastan gözələ.