Yubileylər

Aşıq Ələsgərin 190 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilmişdir

Dekabrın 14-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə böyük ustad Aşıq Ələsgərin 190 illik yubileyinə həsr olunmuş təbdir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin böyük tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sənətin inkişafına həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait yaradılmışdır.

Nazir demişdir ki, bu gün aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Muğam sənətindən sonra Azərbaycan aşıq sənətinin də UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi bunun əyani ifadəsidir.

Vurğulanmışdır ki, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli bu sənəti çox yüksək qiymətləndirir, müasir musiqinin yüksəlişində başlıca mənbələrdən biri olaraq aşıq sənətini, saz musiqisini götürürdü.

Keçib gəldiyimiz təqribən 40 illik tarixi yolun fərqli mərhələlərində ulu öndərimiz Heydər Əliyevin qoymuş olduğu ənənələrə görə Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənmişdir. Bu mənada mən ölkəmizin incəsənət xadimlərini xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, ulu öndərimizin qoyduğu ənənə Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsil nümunəsini göstərir.

Ə.Qarayev demişdir ki, 2011-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük ustad Aşıq Ələsgərin anadan olmasının 190 illiyi respublikanın bölgələrində geniş şəkildə qeyd edilmişdir. Qədirbilən xalqımız ustad sənətkarı daim anacaq və onun yazdığı ölməz şeir nümunələri heç vaxt yaddaşlardan silinməyəcəkdir.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən aşıqlarla yanaşı, Türkiyədən, İrandan, Rusiyadan və Gürcüstandan dəvət olunmuş aşıqlar da çıxış etmişlər.

AZƏRTAC,

14.12.2011 

 

Mənbə:https://azertag.az/xeber/Asiq_Alesgerin_190_illik_yubileyi_munasibetile_mohtesem_tedbir_kechirilmisdir-274573