Ələsgərnən Səhnəbanı
Mənim əzizdərim, sizə hardan xəbər verim, Göyçə mahalının Ağkilsə kəndinnən. Ağkilsə kəndində kimnən, Alməmməd kişidən.
Alməmməd kişi yoxsul bir adamıydı. Heç kəsnən alı-qalı olmazdı. Adam kasıb olanda nə olar; Alməmməd kişi hər şeyin yerini bilən, yaxşıya-pisə qiymat qoyan, qanacaxlı, mərifətdi bir adamıydı. Özünnən yaxşı söz də deyirdi. Kənddə hamı onun hörmətini saxlıyırdı. Çoxları bir iş görəndə onnan məsləhətdəşərdi.
Alməmməd kişinin uşağı çoxuydu. O, külfətini dolandırmaxdan ötrü hər zəhmətə qatdaşırdı. Çox zaman əkin-biçinnən sonra Cavanşir mahalının meşələrindən ağac, taxta daşıyar; kürək, şana qayırıb satar, uşaqlarmı birtəhər dolandırardı. Alməmməd kişi çətinliklərə düşsə də, ürəyini sıxmazdı, yeri düşəndə: “Danalı darıxmaz, Allah kərimdi”, - deyərdi.
Ay dolandı, il keçdi, Alməmməd kişinin böyük oğlu Ələsgər 14-15 yaşına çatdı. Ələsgər boy-buxunnu, yaraşıqlı, üzüyola, qoçaq bir oğlan oldu. Kəndin varrı adamlarınnan bir neçəsi Alməmməddən xayış eləmişdilər ki, Ələsgəri nökər versin, əmə Alməmməd oğluna qıymamışdı.
Bir gün kəndin varrılarmnan olan Kalvayı Qurban Alməmmədin yanına gəldi. Bir az o yannan-bu yannan söhbət eliyənnən sonra dedi:
– Alməmməd, özün bilirsən ki, mənim köməyim yoxdu. Əyər irazı olsan, Ələsgəri apararam, 3-4 il mana kömək eliyər.
Kasıblığın üzü qara olsun, bu dəfə Alməmməd kişi yumşaldı. Arvadı Pərizadın yanına getdi, məsələni ona dedi. Götur-qoy eliyib, bu fikrə gəldilər ki, Ələsgəri Kalvayı Qurbana nökər versinnər.
Kalvayı Qurban qonum-qonşuynan çox mehriban dolanan bir yaxşı adamıydı. Bu vaxta kimi heç kəs onnan bir zərrə qədər inciməmişdi.
Alməmməd kişi Kalvayı Qurbannan danışdı-barışdı, Ələsgəri Kalvayı Qurbanın öyünə göndərdi.
Kalvayı Qurban Ələsgərə bir dəs paltar tikdirdi, görəcəyi işdəri ona tapşırdı. Kalvayı Qurbanın Səhnəbanı addı gözəl-göyçək bir qızı varıydı.
Ələsgər işini tanıyannan sonra onu buyurmazdılar. O hər işi öz vaxtında görərdi.
İki ilə qədər işdədikdən sonra Ələsgərnən Səhnəbanı arasında bir mehribançılıq əmələ gəldi. Çox zaman Ələsgərin görəcəyi işdərə Səhnəbanı da kömək eliyirdi.
Ələsgər mollaların hədisdərinə, dərvişdərin nağıllarına, aşıqların söz-söhbətinə qulaq asmaxdan doymazdı. Kalvayı Qurban Ələsgərin xətirinə dəyməzdi. Ələsgər aşıq məclisdərinin hamısına gedərdi.
Ələsgər on beş-on altı yaşdarınnan söz deməyə başdamışdı. Taytuşdarı onun sözdərini əzbərriyərdilər.
Ələsgərin Kalvayı Qurbana nökər olması üç ilini atıb, dördüncü ilinə əyaq qoymuşdu. Bu vaxta qədər Kalvayı Qurban Ələsgərə güldən ağır bir söz deməmişdi. Kalvayı Qurbannan arvadı deyirdi ki, nə olaydı, nə olaydı, Alməmməd kişi Ələsgəri burdan aparmıyaydı.
Ələsgərnən Səhnəbanı arasındakı mehribançılıq yavaş-yavaş məhəbbətə çöyrülmüşdü. Bir saat bir-birinnən ayrı dura bilmirdilər.
Elə bil ikisi də deyirdi: “Getmə gözümnən, gedərəm özümnən!” Novruz bayramı günüydü. Kalvayı Qurban bir dəs Ələsgərə, bir dəs də Səhnəbanıya paltar tikdirmişdi. Səhnəbanı sənəyi götürüb bulağa getmişdi. Ələsgər mal-qaranı irahatdıyannan sonra təzə paltarını geyindi.
Bu zaman Səhnəbanı bulaqdan qayıtdı. Ələsgəri görən kimi dedi:
– Ələsgər, paltarın mübarək olsun! Nə yaxşı yaraşır. Gərək şirinliyi verəsən.
Ələsgər Səhnəbanının gül camalına, xətti-xalına diqqətnən tamaşa elədi. Gördü kü, Səhnəbanının təzə geydiyi qoftanın bir düyməsi açılıb, altınnan köynəyinin naxışdı yaxası görünür. Elə bil ki, bu bayram günündə Səhnəbanının gözəlliyi birə-beş artmışdı. Ələsgərin könlü cuşə gəldi. Əyər qızın anası burda olmasaydı, sinəsinə gələn sözdəri ucadan oxuyardı. Səhnəbanıya bircə bu cavabı verdi:
– Paltarın şirinliyi mənim gözüm üstə!
O gün keçdi, sabah hamımızın üzünə xeyirriknən açılsın, sabah açıldı. Kalvayı Qurban pəyiyə gedəndə gördü ki, Ələsgər camışın axurunda oturub, astadan zümzümə eliyir. Ələsgər bu zümzüməsində Səhnəbanının köynəyinnən danışır, öz təzə paltarının şirinliyini hazır eliyirdi. Ələsgər Kalvayı Qurbanı görəndə səsini kəsdi.
Kalvayı Qurban sazdan-sözdən o qədər baş tapan adam döyüldü. Elə başa düşdü ki, Ələsgər özgə aşıqların sözdərinnən oxuyur, dedi:
– A bala, yaxşı çağırırsan, çağır utanma!
O günün sabahısı Kalvayı Qurban atını mindi, Kalvayıdan qayıdan adamlarnan görüşmək üçün Zərzibil kəndinə getdi. Həmən gün Ağkilsədə toy tədarükü varıydı. Aradan bir az keçməmişdi ki, Səhnəbanının anasını da yuxa üstünə apardılar. Ələsgər öyə gələndə gördü ki, Səhnəbanı təkdi, dedi:
– Əmi qızı, mən təzə paltar geyəndə sən mənnən şirinlik istədin.
Mənim də gümanım, sən bilirsən ki, sözdən başqa heç bir şeyə gəlmir.
İndi qulaq as.
Ələsgər aldı görək nə dedi, Səhnəbanı nə eşitdi:
Gülavatın qıyı tər sinən üstə,
Nə gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.
Gözəl yaranıbsan qalu-bəladan,
Yanağın göyçəkdi güldən, laladan.
Zərgər gül doğrasın zərin tiladan,
Əlinnən gəldikcə düz köynəyinə.
Ələsgər də dost yolunda sürünü,
Sinən üstə dərdə dərman görünü.
O köynəyə şux məmələr bürünü,
Onçun qurban olluq biz köynəyinə.
Səhnəbanı dedi:
– Ələsgər, aman günüdü, dədəm eşitməsin. Əyər eşitsə, səni burda qoymaz.
Ələsgər bu dəfə bir az da ucadan aldı görək nə dedi:
İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.
Firqətinnən saralıban solanam,
İzin versən, yar, başına dolanam.
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət-mal, incimərəm.
Ələsgəri tər basmışdı. Öydə Səhnəbanıdan başqa heç nəyi görmürdü. Səhnəbanı maddım-maddım Ələsgərə baxırdı, dillənməyə təhəri yoxuydu.
Ələsgər sözün o biri bəndini aldı:
Ələsgərəm, yandım eşq ataşında,
Sözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstünnən yol, incimərəm.
Ələsgər sözü qurtaran kimi Səhnəbanı dedi:
– Ələsgər, sana gələn ölüm mana gəlsin, sən mənim qəbrimin üstünnən yol sal! Sən ki mana yar dedin, mən də sana yar deyirəm.
Öldüm - qara torpağınam, qaldım - sənin yarınam.
Aradan bir müddət keçdi. Bir gün Kalvayı Qurban öz arvadına dedi:
– Arvad, Allah döyləti verdi, əmə bir oğulu əsirgədi. Bir gün yıxılıb ölərəm, qız da çıxıb birinə gedər, sən də qurdnan qiyamata qalmıyajaxsan ki! Onda yurdumuzda bayquş uluyar.
– A kişi, açıx danış görüm, nə demək istiyirsən?
– Arvad, sözün doğrusu, Ələsgər mənim çox xoşuma gəlir. Mənim fikrim budu ki, qızı verək Ələsgərə, saxlıyaq öyümüzdə. Elə bilirəm ki, qız özü də buna irazı olar.
– A kişi, mən də irazıyam, əmə bilmirəm bu işə camahat nə deyər?
– Nə deyər desin. Ələsgərdən yaxşı oğlan harda var!
Bu məsələ qonşudan-qonşuya yayıldı, gəlib Pərizadın qulağına çatdı. Pərizad məsələni Alməmməd kişiyə dedi. Alməmməd Kalvayı Qurbannan qohum olmağa cannan-başnan irazıydı, əmə elə hesab elədi ki, uydurma sözdü. Düzünü örgənmək üçün Kalvayı Qurbanın yanına getdi, salamnan-safadan sonra dedi:
– Kalvayı, əmrim aşmır, icazə versən, Ələsgəri apararam.
Kalvayı Qurban bir az fikirrəşənnən sonra dedi:
– Alməmməd, Allaha şükür, sənin köməyin, qolundan tutanın var, əmə Ələsgərsiz mənim əmrim heç aşmaz. Əyər irazı olsan, Ələsgər həməşəlik bizim öydə qalar.
Alməmməd kişi arif adamıydı. Bildi ki, Kalvayı Qurban nə deyir, əmə özünü o yerə qoymadı, dedi:
– Kalvayı, necə yəni Ələsgər həməşəlik sizin öydə qalsın? Biz ki belə danışmamışdıq.
– Alməmməd, Ələsgəri aparsan da, burda qoysan da ixtiyar sahabısan.
Ancaq mənim məqsədim budu ki, irazılaşsan, iki ildən sonra
Ələsgərnən Səhnəbanının toyunu eliyərəm, qalar həməşəlik bizim öydə.
Alməmməd kişi bir az fikirrəşəndən sonra gülümsünüb dedi:
– Kalvayı, mən sənin fikrini dörd il bunnan qabaq başa düşmüşdüm ki, Ələsgəri mənim əlimnən alajaxsan.
Hər ikisi güldü, məsələ bunnan qurtardı. Kalvayı Qurbanın arvadı çay-çörək hazır elədi, yedilər, içdilər, bir az da o yannan-bu yannan danışdılar, Alməmməd kişi durub öylərinə gəldi.
Atalar deyibdi: “Sən saydığını say, gör fələk nə sayır”.
Kalvayı Qurbanın Məhərrəm addı bir qardaşı varıydı. Çox varrı olduğuna görə “Pullu Məhərrəm” deyirdilər. Özü də çox zalım adamıydı.
Kalvayı Qurban onnan elə qorxurdu ki, əyər desəydi ki, üç gün çörək yemə, yeməzdi.
Pullu Məhərrəm bu məsələni eşitdi. Tez adam göndərdi, Kalvayı Qurbanı yanına çağırtdırdı, qeyizdi-qeyizdi soruşdu:
– Qardaş, bu nə zurnadı, camahat çalır?
Kalvayı Qurban gördü ki, Məhərrəm məsələni olduğu kimi eşidib, danmaq olmaz, dedi:
– Məhərrəm, Ələsgər üzüyola, tərbiyəli, qoçaq bir oğlandı. Əyər o olmasa, bizim mal- heyvan dolanmaz. Alməmməd kişi gəlmişdi ki, onu apara, mən Ələsgəri bir-iki il də işdətməkdən ötrü yalan bir sözüydü dedim. Onun da ağlı kəsdi, aparmadı.
– Yox, Ələsgəri bu saat qov getsin, özgə adam tap, işdət. Qaldı kı Səhnəbanı; qızımız varsa, oğlumuz da var. Öz daşımız, öz tufarımız; Səhnəbanıyı oğlum Mustafıya alajam. Di durma, get Ələsgərin şələsini ver qoltuğuna!
Kalvayı Qurban öylərinə qayıtdı. Əmə elə bil ki, başına bir qazan qaynar su tökmüşdülər. Bilmirdi ki, arvadına nə desin, Ələsgəri necə qovsun. Odu ki, Ələsgəri göndərib, Alməmməd kişiyi çağırtdırdı, dedi:
– Alməmməd, gərək o günü mən sənin sözünə baxaydım. Qohumqardaş deyir ki, Ələsgəri nahaq saxlıyıbsan, qoy getsin atasına kömək eləsin. İndi istiyirsən Ələsgəri apar.
Alməmməd kişi işin nə yerdə olduğunu başa düşdü. Əvvəlki söhbəti heç təzələmədi. Ələsgəri də götürdü, kor-peşman evlərinə qayıtdı.
Alməmmədgil də, camahatın hamısı da bildi ki, bu işi pozan Pullu Məhərrəmdi; Arğac onnan keçibdi.
Ələsgər baş qaldırıb camahat içində gəzə bilmədi. Fikirdən, qüssədən saralıb-solmağa başdadı. Axırda xəstələndi, yorğan-döşəyə düşdü.
Alməmməd kişi eşqin, məhəbbətin nə olduğunu bilirdi. Fikir elədi ki, Ələsgərə bir saz tapsın, bəlkə, çalıb-oxuya, dərdi-qəmi dağıla.
Getdi Qannıkənd kəndindən bir saz gətirdi. Ələsgər meylini saza saldı, az bir müddətdə əli saza yatdı, çalıb-oxumağı örgəndi. Yanına kim gəlib dərdini soruşurdusa, ona söznən cavab verirdi.
Bir gün Alməmməd kişinin qohumları, istiyənnəri yığılıb, Ələsgərin yanına gəldilər. Hərə bir yannan ürək-dirək verdi ki, sənin nəyin var, niyə yatırsan?! Məşədi Nədir sazı Ələsgərə verib dedi:
– Oğul, çal görüm örgənə bilibsənmi?
Ələsgər sazı götürdü, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, “Yanıq Kərəmi” havasıynan görək dərdini necə dedi:
Dərdim çoxdu, dindirməyin, həzarat!
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.
Heç bilmirəm neyləmişəm, neylərəm,
Xəncər alıb, qara bağrım teylərəm.
Bir canım var, yara qurban eylərəm,
El desin: “Aşiq də qurban öldürür”.
Ələsgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, usanam.
Əzrayılı qannı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.
Məşədi Nədir dedi:
– Oğul, nə çoxdu el qızı eldə. Kalvayı Qurbanın qızı olmasın, ayrı adamın qızı olsun. Onnan ötrü bu qədər ah-zar eləmə. Elə gözəl qızdar var, Kalvayı Qurbanın qızı onnarın yanında nədi ki! Günü sabah, hansı kənddən deyirsən, kimin qızını deyirsən, sana alarıq.
Ələsgər bu sözdəri eşidəndə elə bil, dərdinin üstünə dərd gəldi.
Onun gözündə Səhnəbanıdan gözəl heç kim ola bilməzdi. Bu dəfə aldı görək nə dedi:
Eşidin, məclisdə arif olannar,
Sərrafam, gövhərim, kanım gedibdi.
Ah çəkibən yar yoluna baxmaqdan,
Yəqin bilin, yarı canım gedibdi.
Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi,
Şəkər söhbətlidi, şirin dillidi,
Tuti kimi xoş zəbanım gedibdi.
Müddətdi gözümnən olubdu iraq,
Əridib cismimi dərdü-qəm, fəraq.
Büllur buxaq, lala yanaq, ay qabaq,
Ala gözdü Səhnəbanım gedibdi.
İş sana agahdı, qadir İlahı,
Eşq əlindən itirmişəm irahı*.
Ələsgərəm, budu sözün kütahı,
Yar gedəli din-imanım gedibdi.
Söz tamama yetişdi, əmə Ələsgər sazı əlinnən yerə qoymadı. Hərə bir yannan onu dannamağa, öyüd-nəsihət verməyə başdadı ki, Səhnəbanının fikrini başından çıxart. Dünya dağıla, Pullu Məhərrəm qoymaz ki, bu iş düzələ.
Aldı görək, “Kərəm gözəlləməsi”ynən bu dəfə Ələsgər ordakılara nə dedi:
Ay ariflər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaxnan könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.
Nütfədən pak olan özü pak olar,
Möminnən törəyən xoş idrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
Alməmməd kişi davam gətirə bilmədi, ağladı, dedi:
– Məşədi Nədir, dünyanın işdəri belədi. Əyər mənim də varım, halım olsaydı, başıma bu iş gəlməzdi.
Aldı görək Ələsgər sözünü necə tamamladı:
Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözdər dağ çəkifdi sinəmə.
Nakəs müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qeyrət, ar nişanası.
Gördülər ki, öyüd-nəsihət heç bir əsər eləmədi; Ələsgər elə dediyini deyir.
O günnən camahatın içinə yayıldı ki, Ələsgərə vergi verilib; sazı götürüb sinədən deyir. Ələsgər Səhnəbanıdan sarı nə sirr sözü olsaydı, oğlannardan dostu Paşıya deyərdi, qızdardan da əmisi qızı Zöhriyə. Onnar Ələsgərin yanına tez-tez gedib-gəlirdilər.
Paşaynan Zöhrə Ələsgərin yanına gəlmişdilər. Bunnar gələndə Ələsgər elə hesab eləmişdi ki, Səhnəbanıdan bir xəbər gətiriblər. Əmə nə Zöhrə, nə də Paşa bu dəfə bir xəbər gətirməmişdi. Ələsgər qəm dəryasına qərq oldu. Gördu ki, nə Səhnəbanıdan ona bir xəbər gətirən var, nə də onun ah-naləsini Səhnəbanıya yetirən. Sazı sinəsinə basdı.
“Hicran Kərəmisi”ynən görək nə dedi, Paşaynan Zöhrə nə eşitdi:
Ömrüm ah-vayınan keçdi dünyada,
Həsrət qaldım, əlim yara yetmədi.
Neçə namə yazdım canan elinə,
Heç birisi o diyara yetmədi.
Ələsgər bu sözü deyəndə Zöhrə köyrəldi, dedi:
– Əmin qızı ölmüyüb ki, sənin dediyini ona yetirməsin. Allah qoysa, sabah onnan sana bir xəbər gətirərəm.
Ələsgər sözün ikinci bəndini aldı:
Nə doyunca nazdı yarı görmədim,
Nə dilimnən əhvalını sormadım.
Bağ bəslədim, qönçə gülün dərmədim,
Xəzan oldu, bağçam bara yetmədi.
Dağların köysündə qar nişanası,
Gül üstə görünür xar nişanası.
Ölürəm, qəlbimdə yar nişanası,
Gözü yolda, intizara yetmədi.
Gözü yaşdı, ey fiqərə Ələsgər,
İşi müşgül, baxtı qara Ələsgər,
Olmadı dərdinə çara, Ələsgər,
Həsrət əlin o dildara yetmədi.
Mənim əzizdərim, o günü keçdi, sabah hamımızın üzünə xeyirriknən açılsın, sabah açılanda Zöhrə sənəyi götürüb bulağa getdi. Gecdəngec Səhnəbanı da bulağa gəldi. Öpüşdülər, görüşdülər, Səhnəbanı soruşdu:
– Sən Allah, de görüm Ələsgər necədi?
– Necə olajax, Allah onu elə oda qalıyıb ki, dilnən deyiləsi döyül.
Sazı götürüb deyəndə də başınnan duman qalxır.
– Neylim, əlimnən nə gəlir! Allah əmimin oğlannannı qırsın, yurdu düzdənsin!
Bulağa gedib-gələn çoxuydu. Odu ki, artıq danışa bilmədilər. Zöhrə sənəyini gətirib öylərinə qoydu, birbaş Ələsgərin yanına gəldi. Ələsgər Zöhrənin hərəkətinnən bildi ki, Səhnəbanının yanınnan gəlir.
Sazı başının üstünnən götürdü, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi. “Dilqəmi” havasıynan görək Zöhrədən nə soruşdu, Zöhrə ona nə cavab verdi:
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbül tək asmana yetişib nalam,
Səhni-gülüstana dedin, nə dedi?
Ələsəgərin bu yanıxlı havaynan belə oxumağı Zöhrənin də qəlbini cuşə gətirdi. Hörüklərinnən birini ayırıb sinəsinə basdı, Ələsgərə belə cavab verdi:
Gedib ərzi-halın yara söylədim,
İnciməsin mənnən, - canana dedi.
Zülm əliynən məni yada verillər,
Viran qalsın belə zamana, - dedi.
Aldı Ələsgər:
Yadına salanda boy-büsatını,
Xəstə könlüm minir eşqin atını.
Gah axtarır yerin yeddi qatını,
Gah çıxır asamana, dedin, nə dedi?
Aldı Zöhrə:
Nakəs müxənnətin boynu vurulsun,
Vay düşsün öyünə, şivən qurulsun,
Məhərrəmin oğlannarı qırılsın,
Qalmasın yurdunda nişana! - dedi.
Aldı Ələsgər:
Aşiq oldum bir nainsaf millətə,
Qolu bağlı məni verdi cəllətə.
İncilə, Zəbura, Söhvə, Tövrətə,
And verrəm Qurana, dedin, nə dedi?
Aldı Zöhrə:
Seyrağıblar aralığı qatdılar,
Zülmünən boynuma kəmənd atdılar,
Atam, anam məni pula satdılar,
Onnar yetişməsin imana, - dedi.
Aldı Ələsgər:
Könül gərək istədiyin istiyə,
Dostun sözün dosta gərək dost deyə.
Rəhm eləsin mən günahkar xəstiyə,
Dərdimi loğmana dedin, nə dedi?
Aldı Zöhrə:
Zöhrəyəm, sinəmdə dərdü qəm çoxdu,
Üstümə tökülən peykandı, oxdu.
Dünyada ədalət, haqq divan yoxdu,
Yetirə dərdimi loğmana, - dedi.
Aldı Ələsgər:
Kəc dolandırmasın xam xəyalını,
Can qoyan istəməz dünya malını.
Yazıq Ələsgərin ərzi-halını,
Sərvi-xuramana dedin, nə dedi?
Zöhrə söznən dediyi kimi, dilcavabı da bulağa necə getməyinnən, necə görüşməyinnən danışdı. Ələsgərin ürəyi bir az sakit oldu. Danışığının sonunda Zöhrə dedi:
– Ələsgər, Səhnəbanı deyir ki, nə olaydı, bu günnərdə Ələsgəri görəydim. Əyər durub bir az gəzsən, eşiyə-bacıya çıxsan, bəlkə Səhnəbanıynan görüşə biləsən.
Deyəllər umud çox yaxşı şeydi; əyər xəstənin sağalmağına özünün umudu olmasa, həkimin dərmanı kömək eləməz.
Aradan bir neçə gün keçdi. Ələsgər əyağa durdu, yavaş-yavaş qapıya-bajıya çıxdı, yoldaşları, tay-tuşdarı onu yazın ətirri havasında çöllərə, çəmənnərə apardılar, gözü-könlü açıldı, sapasağ oldu.
Günnər keçdi, həftələr dolandı, bir gün kəndin qızdarı bulaq başında sözü bir yerə qoydular ki, sabah dağa pencər yığmağa getsinnər.
Səhnəbanı bunu bilən kimi Zöhriyə xəbər verdi. Zöhrə Ələsgərə dedi, Ələsgər Paşaynan barabar heç kim yerinnən durmamış Çalmalı dağına tərəf üz qoydular. Gəlhagəl gəlib gün çıxan vaxtı dağa çatdılar. Paşa göy otun üstündə uzandı, gün kürəyinin arasını qızdıranda şirin yuxuya getdi. Ələsgər gözdərini tikdi kənddən gələn yola. Bir saat gözdədi, iki saat gözdədi, bir də gördü ki, qızdar karvanının ucu göründü. Ələsgər diqqət eliyəndə Səhnəbanıyı tanıdı. O saat könlü cuşə gəldi, sazı köynəyinnən çıxartdı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi.
Bu zaman sazın səsinə Paşa ayıldı, soruşdu ki:
– Ələsgər, nə oldu ki, qoymursan yatam?
Ələsgər dedi:
– Qulaq as, gör nə olub:
Dürdanəni səngi-siyah içində
Həsrət gözüm görən kimi tanıdı.
Konul beyvafadı, heç salmır yada,
Göz doymur, gözünün mehribanıdı.
Paşa yerinnən dikələndə gördü ki, qızdar gəlir. Ələsgər aldı sözün o biri bəndini:
Yanaqları güldü, heç olmaz xəndan,
Cismidə mələkdi, nəsildə insan,
Simi-zənəxdandı, mirvari - dəndan,
İnnabı ləbləri can dərmanıdı.
Adım Ələsgərdi, əslim göyçəli,
Ələst aləmində demişəm “bəli!”
Həm aşığam, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Qızdar ordan durub birbaşa Qıvla bulağının üstünə – Ələsgərgilin yanına gəldilər. Ələsgər çoxdan bəri Səhnəbanını görüb kəlmə verib, kəlmə almamışdı. Qızdar çatar-çatmaz Ələsgər əyağa durdu, sazı sinəsinə basdı, görək Səhnəbanını necə qarşıladı:
Tərlan tamaşalı, maral baxışdı,
Qədəm qoyub, asta-asta xoş gəldin!
Yolun sadağası canınnan basdı,
Qurban sənin kimi dosta, xoş gəldin!
Qızdar Ələsgəri ortalığa aldılar. Hamı başa düşdü kü, o, bu sözü Səhnəbanıya deyir. Səhnəbanı utandığınnan yerə baxırdı, qızdarın da çoxu Səhnəbanıya baxıb gülümsünürdülər. Ələsgərin yadına Səhnəbanının ona “yar” deməsi düşdü. Aldı görək nə dedi:
Biz ki ilqar keçirmişik aradan,
“Amin” desən, tez düzəldər Yaradan.
Konlum yasdan çıxdı, qəlbim qaradan,
Gülə-gülə bu həvəsdə xoş gəldin!
Gözəllər sultanı, ay mələkzada!
Özün kimi gözəl yoxdu dünyada.
Sən ki Ələsgəri salıbsan yada.
O səbəbdən gözüm üstə xoş gəldin!
Doğrudu, bu söz tamama yetişdi, əmə Ələsgər Səhnəbanıya bircə “xoş gəldin!” eləmişdi, ürəyində deməli sözü çoxuydu. Zöhrə qızlara dedi ki, oturun dincələk. Ələsgər də bir az oxusun, könlümüz açılsın.
Pullu Məhərrəmin qızı Cavahir dilləndi:
– Burya saza qulaq asmağa gəlmişik?! Durun pencərimizi yığaq.
Hər kəsin könlü istəsə, kənddə saz çaldırıb, qulaq asar.
Cavahir belə deyəndə Səhnəbanı bildi ki, nə təhər olsa, kəndə gedən kimi əhvalatı xəbər verəcək; bir də ya qismət, Ələsgəri bir də görə, ya görmüyə. Odu ki, qızdarın məclisi dağılacağınnan qorxdu, ölümünü gözünün qəbağına gətirdi, Cavahirə belə cavab verdi:
– Əşi, penər qaçmır ha!... Kənddə bu qızdar hardan bir yerə toplanıb məclis quracaq?! Kəndə aşıq gələndə də çox vaxt kişilər gedib qulaq asır, heç qızdarı yada salan da olmur.
Səhnəbanının belə deməyinə qızdarın çoxu tərəfdar çıxdı, yerrərinnən tərpənmədilər. Ələsgər bu dəfə “Təcnis” havasıynan aldı, görək nə dedi, Səhnəbanı nə eşitdi:
Sənnən ötrü ömrün barın becərdim,
Mübarək dəstinlə di bir üz, bir üz!
Ölüb bu dünyadan həsrət gedirəm,
Qoysan üzüm üstə di bir üz, bir üz!
İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi, Minada yandı.
Həsrətinnən dərdim minə dayandı,
Sən gəlsən, əysilər di bir üz, bir üz.
Düzdü, Ələsgər Səhnəbanının qarşısında çox həvəsnən oxuyurdu, əmə ona yetişməyə umudu yoxuydu. Bilirdi ki, Pullu Məhərrəm neçə ki, sağdı, iki sevgilini qovuşmağa qoymaz. Ələsgər aldı, görək sözün axırıncı bəndində nə dedi:
Bayqu həsrət çəkdi, yara yetmədi,
Təbib neştər vurdu, yara yetmədi.
Yazıq Ələsgər, əlin yara yetmədi,
Çalxan qəm bəhrində, di bir üz, bir üz.
Sözə diqqətnən qulaq asan qızdar gördülər ki, Səhnəbanının gözdərinnən yaş süzülməyə başdıyıfdı. Zöhrənin də ürəyi davam gətirmədi, ağladı. Qızdarın məclisi qəm-qüssə içində dağıldı. Ələsgərnən Paşa bulağın başında qaldı, qızdar ordan yavaş-yavaş uzaqlaşdılar.
Ələsgərin əlacı olsaydı, Səhnəbanını gözünnən uzaxlaşmağa qoymazdı. Səhnəbanı tez-tez dönüb Ələsgərə baxırdı. Ələsgər sazı sinəsinə götürdü, görək bu dəfə Səhnəbanıya nə dedi:
Bəzənib, qurşanıb seyrə çıxan yar,
Alagözlü Səhnəbanım, yavaş get!
Bir qıya baxanda öylər yıxan var,
Cəllad olub tökmə qanım, yavaş get!
Mən sana aşiqəm, sən mana xata,
Dahanın bənzəyir qəndə, nabata,
Ləbin tənə vurur Abi-həyata,
Qoynu Cənnət-irizvanım yavaş get!
Ələsgərəm, oldum dəli, divana,
At müjdanın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş get!
Axşam qızdar öylərinə qayıdanda dağda olan əhvalatı danışdılar.
Cavahir də nə olmuşdusa hamısını anasına xəbər verdi. O günnən sonra Pullu Məhərrəm Səhnəbanıya öydən çölə çıxmağı, bulaqdan su gətirməyi də qadağan elədi.
Yaz keçdi, yay addadı, payız girdi. Kimin xeyir işi varıydı yavaşyavaş görməyə başdadı. Nişan kim, toy eliyən kim...
Molla oğlu Əli oğluna toy eliyirdi. Toya Qızılvəngli Aşıq Alıyı təklif eləmişdi. Hələ Aşıq Alı söhbəti başdamamış biri dedi ki, Alməmməd kişinin oğlu özünnən yaman söz deyir. Paşıyı göndərdilər, gəldi
Ələsgəri çağırdı, Aşıq Alının yanına gətirdi. Aşıq Alı Ələsgəri danışdırıb gördü ki, çox mərifətdi, qanacaxlı oğlandı. Aşıq Alı saz çaldı, Ələsgərdən xayış elədi ki, oxusun. Ələsgər Aşıq Alının çaldığı havaynan söz oxumağa başdadı. Sonra bir-iki qatar da öz sözünnən oxutdu.
Gördü kü, doğrudan da, dediklərinə görə varıymış.
Aşıq Alı çalmaxda olsun, Ələsgər oxumaqda, kəndin qız-gəlini dəstə-dəstə toya gəlirdi. Səhnəbanı da qohum-qonşuların qızdarıynan barabar toya gəldi. Səhnəbanı qapıdan girəndə Ələsgər onu gördü, bilmədi ki, oxuduğu sözü necə qurtardı. Səhnəbanı keçib üzü örtülü oturdu. Elə bu dəmdə Aşıq Alı Ələsgərə dedi:
– Oğul, saz çala bilirsənmi?
– Bekara dınqılladıram.
– Buyur görüm, necə dınqılladırsan.
Aşıq Alı sazı Ələsgərə verdi. Ələsgər sazı alıb, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, çalmağa başdadı. Ələsgərin gözü Səhnəbanıdaydı. Gördü ki, dirəyin dibində oturub, əmə üzü ürbənddidi. Ələsgər çoxdan bəri Səhnəbanmın üzünü görməyin həsrətini çəkirdi. Aldı görək Səhnəbanıya nə dedi, camahatnan Aşıq Alı nə eşitdi:
A bimürvət, həsrətini çəkməkdən
Yetişmişəm cana, üzün bürümə!
İllər ayrısıyıq, fürsət düşəndə
Çəkilib pünhana, üzün bürümə!
Yusif kimi məni saldın azara,
Təbibimsən, eylə dərdimə çara.
Ya buyur cəllada, ya çəkdir dara,
Ya yetir dərmana, üzün bürümə!
Yazıq Ələsgərəm, mən sana qurban,
Xəstəyəm, dərdimə gəl eylə dərman.
Sən mələkzadasan, ay huri, qılman,
Gəlmişəm qurbana, üzün bürümə!
Bu sözdəri eşidəndə Səhnəbanı üzünün bir tərəfini açdı. Ələsgər gördü ki, Səhnəbanı onun sözünü başa düşdü. Bu dəfə aldı görək nə dedi:
Can qurban eyləsən, layıqdı, layıq,
Bir yar ki mətləbi tez qanan ola.
İşarətnən, qaş-gözünən annıya,
Özünə deməmiş söz qanan ola.
Canım qurban olsun o əhli-dilə,
Qaşdarın oynada, gözünnən gülə.
Dilin tərpənməmiş dərdini bilə,
Qurbanam gözünə, göz qanan ola.
Belə yar yetirə baxtın kövkəbi,
Dəsti qana ürəkdəki mətləbi.
Nə lazım dil deyib, tərpətmək ləbi,
Nə keçsə konlunnan düz qanan ola.
Ələsgər söylüyər söz müxtəsərin,
Ağlı kamil ola, kamalı dərin.
Eşidənlər deyə: “əhsən”, “afərin”,
Əgər məclisində yüz qanan ola.
Aşıq Alı o vaxt Göyçənin ən ustad aşığıydı. Onun bilmədiyi söz yoxuydu. Ələsgərin oxuduğu sözdərə fikir verdi, gördü ki, çox qiymətdi sözdərdi, özü də bu sözdəri elə burda dedi. Aşıq Alı belə hazırcavablığı hələ heç kəsdə görməmişdi.
Çaldılar, oxudular, oynadılar, toy məclisi qurtarannan sonra Aşıq Alı Ələsgərnən barabar onnara getdi. Alməmməd kişiynən dünyanın gəlmişinnən-getmişinnən söhbət elədilər. Sabah hamınızın üzünə xeyirriyə açılsın, sabah açılanda çay-çörəkdən sonra Aşıq Alı Alməmməd kişiyə dedi:
– Alməmməd, Ələsgərdən çox yaxşı aşıq olar. Əyər irazılaşsanız, onu yanımcax aparıf örgədərəm.
Alməmməd kişi cannan-başnan irazı oldu. Aşıq Alı öz sazını, Ələsgər də öz sazını götürdü, bir neçə hava çaldılar, oxudular. Sonra Aşıq Alı üzünü Ələsgərə tutub dedi:
– Oğul, sözdərin də xoşuma gəldi, oxumağın da, saz çalmağın da.
Az kəm-kəsirin var. Onu da tezdiknən düzəldərsən. Əmə aşıxlığın özgə şərtdəri də çoxdu. De görüm onnardan da halısanmı?
– Alı dayı, icazə versən, bildiyim o şərtdəri söznən deyərəm.
– Oğul, mən buna çox şad olaram; söznən de.
Ələsgər sazı sinəsinə basdı, görək nə dedi:
Aşıq olub, tərki-vətən olanın,
Əzəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Danışdığı sözün qiymatın bilə,
Kəlməsinnən ləlü-gövhər süzülə.
Məcazı danışa, məcazı gülə,
Tamam sözü mümmalı gərəkdi.
Arif ola, eyhamınan söz qana,
Naməhrəmnən şərm eyliyə, utana,
Saat kimi meyli haqqa dolana,
Doğru qəlbi, doğru yolu gərəkdi.
Ələsgər, haqq sözün isbatın verə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sevdalı gərəkdi.
Söz tamam olan kimi Aşıq Ali Ələsgərin boynunu qucaqlayıb üzünnən öpdü, dedi:
– Oğlum, aşıq olana çalıb-oxumaqdan əvvəl bu dediklərin lazımdı.
Aşıq Alı Ələsgəri götürüb, özüynən barabar apardı. Onnar gedənnən bir neçə gün sonra Pullu Məhərrəm toy elədi; Səhnəbanıyı ağlada-ağlada oğlu Mustafıya aldı. Leyliyi Məcnunnan, Məcnunu Leylidən, Əsliyi Kərəmnən, Kərəmi Əslidən eliyən zalım fələk Ələsgəri Səhnəbanıdan Səhnəbanıyı da Ələsgərdən elədi...
Ələsgər kəndə qayıdanda gördü ki, lələ köçüb, yurdu ağlıyır; Səhnəbanı gedibdi. Kərəm Əslisiz, Əsli Kərəmsiz, Məcnun Leylisiz, Leyli Məcnunsuz yaşıya bilmədi, əmə Ələsgər Səhnəbanısız, Səhnəbanı da Ələsgərsiz yaşadı. Ələsgər 40 yaşına qədər öylənmədi, məclislərdə, qanan adamların yanında öz dərdinnən danışdı, nalə çəkdi. Axırda Cavanşir mahalının Yanşaq kəndinnən Nəbinin qızı Anaxanımnan öyləndi, ömrünün axırına qədər onnan yaşadı, gün keçirib uzun ömür sürdülər. Sizin də ömrünüz uzun, günnəriniz xoş keçsin!..
* irah (rah) – farsca “yol” deməkdir.