Şair Alməmməd

(1800-1868)

Şair Alməmməd məşhur Aşıq Ələsgərin atasıdır. O, təx­mi­nən, 1800-cü ildə Göy­çə ma­ha­lının Ağkilsə kən­din­də anadan olmuş­dur.

Alməmməd böyük bir ailə­nin qayğısını çəkmişdir: Ələs­gər, Saleh, Xəlil, Mə­həm­məd adlı dörd oğlu; Fat­ma, Qızxanım adlı iki qızı olub.

Əsas məşğuliyyəti əkinçilik olan Alməmməd ailəni dolandırmaqda əvvəllər çətinlik çəkmiş, bir müddət Kəl­bəcərin meşələrindən ağac daşıyaraq, ondan kürək, şana, dır­mıq, çömçə, qaşıq, hövsər, çanaq və sair təsərrüfat, məi­­şət əşyaları düzəldib satmağa məcbur olmuş, sonra isə bir dəyirman tikib, dəyirmançılıq eləmişdir.

Alməmmədin yaradıcılığından əlimizdə olan dörd-beş nümunə onun həm də istedadlı el şairi olduğunu gös­tərir. Aşıqlar bu şeirləri dastan söyləməyə başlayanda bir ustadnamə kimi oxuyurlar. Əslində adı “Əliməhəmməd” olan Alməmməd şeirlərində adını “Məhəmməd” şəkilində işlətmişdir. Oğlanları Aşıq Ələsgərin və Şair Məhəm­mə­din şeir deməyə həvəs göstərməsində Alməmmədin tə­siri az olmamışdır.

Alməmmədin atası Allahhverdi də şair imiş, fəqət şeir­­lərindən heç biri əldə olunmamışdır.

Şair Alməmmədin əldə olunan aşağıdakı şeirləri var­dır.

EYLƏR-EYLƏR

Bir elə kişinin tut ətəyindən,
Aləmə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəri,
Yerdən daş götürsən, ləl eylər-eylər.

Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Cəhənnəm odundan betər adamı
Yandırar kasıblıq, kül eylər-eylər.

Düz yoldan azanı tez tapar qada,
Doğruluq nemətdi həddən ziyada.
Alməmməd də bir at minər üqbada,
Sualsız Cənnətə yol eylər-eylər.

 

İNSAN

Axırı fikr eylə, qafil dolanma,
Qəlbini şeytandan yad elə, insan!
Elə iş tut, aqibətdə utanma,
Bacar könül yıxma, şad elə, insan!

Bu dünya dediyin fanıdı – fanı,
Əvvəl Nuh gəlmişdi, qalmayıb, hanı?!
Puç eylədi İsgəndərtək xaqanı,
Bizə də əsəcək bad elə, insan!

Alməmməd dünyada hələ bihuşdu,
Bənadəm dediyin vətənsiz quşdu,
Səxasız dövlətin axırı puçdu,
Ye malın, dəhanda dad elə, insan!

ŞİRİN-ŞİRİN

Varıb dost köyünə mehman gedəndə,
Süzülür sinəmdən tər şirin-şirin.
Bu yerlərin əcəb seyrangahı var.
Gətirir bağçalar bar şirin-şirin.

Bir qəmər taylıdı, ləbləri püstə,
Həsrətin çəkməkdən olmuşam xəstə.
Bir ləhzə başımı al dizin üstə,
Can verim yolunda yar, şirin-şirin.

Məhəmmədəm, sənə qurban olum, yar,
İzin versən, qol boynuna salım, yar,
Gəlmişəm bağına bağban olum, yar,
Budağından dərim nar, şirin-şirin.

 

GÖRMƏDİM

Dünya, sənin gərdişinlə
Başa varan görmədim.
Qəhr oldu aləm işindən,
Can qurtaran görmədim.
Bilmirəm ki, səbəb nədi,
Şadı qəmgin eylədin;
Abadını viran qoydun,
Artdı haran, görmədim.

Kəsilməz mürdə karvanı,
Qəflə işlər, köç gedər;
Nə imranlar nakam qoydun,
Didəsindən yaş gedər.
Yetmiş iki millət ki var,
Əli səndən boş gedər;
Yanısınca malü-dövlət,
Pul aparan görmədim.

Alməmmədəm, bu dünyada
Bir nişanım qalmadı;
Getdi əldən qohum-qardaş,
Ata-anam qalmadı.
Süleyman tutdu dunyanı,
Dedi: “Mənəm!” – qalmadı;
Bir kəs ilə heç düz ola
Sənin aran görmədim.