Novrəs İman
(1903 – ?)
Novrəs İman Aşıq Ələsgərin qardaşı Məşədi Salahın oğludur. O, 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. İman təhsilini Göyçənin Hüseynquluağalı (Nərimanlı) kəndində mollaxanada almışdır. Bundan sonra o dövrdə diqqəti cəlb edən dini, bədii və tarixi kitabları mütaliə yolu ilə çox zəngin bilik əldə etmişdir.
Sovet hakimiyyəti qurulduqdan sonra İman bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. Lakin bütün varlığı ilə Allaha, dinə bağlanan İman din xadimlərinin təqib olunduğunu, məscidlərin dağıdıldığını, Qurani-Kərimin yandırıldığını görəndə, bu quruluşa qarşı onda kəskin bir nifrət yaranmış və tutduğu vəzifəni tərk etmişdir.
Gənc yaşlarından şair kimi tanınan İman 1925-ci ildən saz götürüb aşıqlıq eləməyə başlamışdır. Dini mövzuda olan şeirlərin məclislərdə oxunması yasaq edilməsi İmanı daha da bədbinləşdirmiş, “Mənim mətahım daha burada işləmir; bu ölkədən baş götürüb gedəcəyəm” – deyərək, sazını daşa çırpmışdır. O, şeir yazdığı dəftərləri də təndirə töküb yandırmışdır. İmanın belə hərəkətlərini bir çoxları onun “başına hava gəlməsi” kimi izah edirdilər.
Novrəs İman belə əsəbi halda 1930-cu ildə Göyçədən Azərbaycana gəlmiş, 1932-ci ildən isə yoxa çıxmışdır.
“Novrəs” təxəllüsü ilə şeir yazan bu nakam şairin əsərlərini hamı sevir və əzbərləyirdi. Son zamanlar Tovuz rayonunun Aşağı Ayıblı kəndindən İmanın öz əlilə yazdığı bir dəftəri tapılmışdır. İndi əlimizdə olan dörd min misradan ibarət müxtəlif şəkilli şeirləri vardır. 2004-cü ildə “Səda” nəşriyyatında şeirlərini demək olar ki, tam əhatə edən kitabı çap olunmuşdur.
Faylın adı: Novrəs İman. Seçilmiş əsərləri. (toplayıb tərtib edəni İslam Ələsgər), Bakı, “Səda”, 2004. 200 səh..pdf
Həcmi: 17150.61 KB