Haqqında - Şeirlər

ƏLƏSGƏR

Döşündə çağlayan telli sazınla,
Çox gəzmisən mahalları, Ələsgər.
Məcnun kimi Leyli dərdi sinəndə
Hey dolandın bu dağları, Ələsgər.

Əlində Koroğlu misri qılıncı,
Gah misri çaldın, gah da zarıncı,
Təbiət qoynundan neçə min inci,
Sən seçdin gövhəri, dürü, Ələsgər.

Qəvvas olub dəryalara dalanda,
Təlanlar əlindən şikar alanda,
Göyçə qar əlindən zara gələndə,
Muğanda axtardın qarı, Ələsgər.

Gah ətrafın oldu gözəl yığnağı,
Gah tərif eylədin almayanağı,
Gah da alovlanıb Kərəm sayağı,
Mat etdin atəşi, narı Ələsgər.

Dünya yola salmış neçə ozanı,
Neçə sinədəftər, neçə yazanı,
Mahirsən, kamilsən sənə tay hanı?
Oldun ağızların carı, Ələsgər.

Səni yada salır bu doğma elin,
Sənə qibtə edir xoşbəxt nəsilin,
Səninlə doğulan yüz əlli ilin,
İndi gülür şən baharı, Ələsgər.

Mənbə: “Sovet Ermənistanı”, №64(9711), 27 may 1972. səh.4