Nəsimi Ələsgər

(20.06.1970)

Nəsimi Ələsgər

Nəsimi Ələsgər

Ələsgərov Nəsimi İslam oğlu 20 iyun 1970-ci ildə Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgər ocağında anadan olmuşdur. 1978-ci ildə doğulduğu kəndin orta məktəbinin 1-ci sinfinə getmiş, 1988-ci ildə həmin məktəbi bitirmişdir.

1988-ci ildə Rusiyaya hərbi xidmətə yollanmış, 1990-cı ildə hərbi xidmətini başa vurub qayıtmışdır. 1988-ci ildə ailəsi Göyçədən qaçqın düşdüyünə görə Bakıda məskunlaşmışlar.

1992-ci ildə könüllü olaraq Birinci Qarabağ mübaribəsində iştirak etmişdir.

2002-ci ildə ailə qurmuşdur. İki qızı, bir oğlu var.

Hal-hazırda dülgərçilik sənəti ilə məşğul olur.

TAPIN GÖRÜM NƏDİ BU
(Qıfılbənd)

Tarixlərə çox yazılıb çoxda ağ varağı var,
Adama ziyan gələsi tapın görüm nədi bu?
Pərvanətək odda yanar alovsuz çırağı var,
İrsızdı bunun hərəsi tapın görüm nədi bu?

Nəsilini tanı onu bir kökü, bir tağı var,
Görkəmində nişanəsi zəhər kimi yağı var,
Özgələri əsir etmək istəyi marağı var,
Rahat insanı minəsi tapın görüm nədi bu?

Ürəkdən dostluq edən bu sevdadan xəstə olar,
Məhəbbətlə görüşəndə yerişləri asta olar,
Nə qədər şadlıqdadı bir o qədər yasda olar,
Ən hörmətli bir dənəsi tapın görüm nədi bu?

Düz ayağdan hava udar nəfəsi başdan verər,
İstəyəndə adın bilmək cavabı qaşdan verər,
Bu dostuna öz canını o buna yaşdan verər,
Uludu bunun nənəsi tapın görüm nədi bu?

28.07.1996


YAXŞI-YAXŞI
(Dodaqdəyməz, qıfılbənd)

Dostlara şöhrət gətirir, yağıları dağlayır,
Yer üzündə dövranı var, gəlir “e” yaxşı-yaxşı.
Üç nəfərlə dostluq edir, gah gülür, gah ağlayır,
Sadiq olsa dostlar ona, olar se yaxşı-yaxşı.

Nə vaxt ayaq üstə dursa, o vaxt yaşı azalır,
Çox çalışır, çox vuruşur, əldən düşür sozalır.
O üç dostu aşiq olur, əllərinə saz alır,
Lərzə gətirir insanı, notu re yaxşı-yaxşı.

Hər nə qədər yaşayırsa, dəyərli olur adı,
Gözəlləri aşiq edir, onun şirin fəryadı.
Hey əkirlər səhraları, əkinçidir ustadı,
Yorulanda ləzzətindən, otur ye yaxşı-yaxşı.

Yol gedəndə gizlin gedir, daldalayır üzünü,
Qüdrətlidir sərt danışır, eşidirlər sözünü.
Qəzaya düçar olanda, itirir tək gözünü,
Ah-vay ilə eh deyərsən, tərsi he yaxşı-yaxşı.

Üzünü tutsan Allaha, sədası gələr vəhdən,
İnsanlara həyat verir, sevin onu ürəkdən.
Ad soruşsan açıqlanar, səhər-səhər küləkdən,
Tarixlərə yazı yazan, şeiri de yaxşı-yaxşı.


DOLANIR
(Müxəmməs, qıfılbənd)

Eşidin agah olun,
Bir bığı şeşman dolanır.
Ləzzəti baldan şirindir,
Dostuna düşman dolanır.
Qolu yox qanadı yox,
Eyləyir qan-qan dolanır.
Sərinə qonaq gəlir,
Bəhrəsi vicdan dolanır.

Canı yox cana gəlir,
Bu məhsəbi hamı qanır.
Kim könülə yad bilir,
Kim istəyir doğma sanır.
Düşür dərdin qazanına,
Ağlayır candan usanır.
Tüstü təpəsindən çıxır,
Alovlanır oda yanır.
Nənəsi ata, anası,
Babası peşman dolanır.

Üz verəndə həddin aşır,
Canı tutur yaxı kimi.
Adı sanı iy verir,
Yumurtanın laxı kimi.
Bundan betər qaxı olmaz,
Başımıza qaxı kimi.
Şər şeytanın əməlləri,
Xoşbəxt edib axı, kimi?
Nəsimi vəsf eləyir,
Saxlayır ad-san dolanır.


YETƏR
(müxəmməs)

Bir əcaib görmüşəm,
Ovsunu hər cana yetər.
Qolu yox qanadı yox,
On gözü var sana yetər.
Doqquzu kordu birinnən,
Qıvrılar hər yana yetər.
Dərisi zər-zibalı,
İsmi şöhrət şana yetər.

Əli yox ayağı yox,
Gəzir dolanır hər yanı.
Sübh çağı cana gəlir,
Gecələri çıxır canı.
Yumuşaq bədənlidir,
Sümüyü yox nədə qanı.
Nə innidi nə cinnidi,
Pünhana çəkir insanı.
Faydası həm nökərə,
Həm vəzirə xana yetər.

Gah çıxarar dilini,
Quyruğun vurar başına.
Naz ilə sığallanar,
Belini sürtər qaşına.
Kimisi piyadadır,
Kimisi minər maşına.
Kim ona kəc baxarsa,
Gərək bu işdən daşına.
Kimə qəzəblə toxunsa,
Səsi asimana yetər.

Hər cilddə peyda olur,
Yaşılı ağı, qarası.
Güclüdür hünərlidir,
Zəifdir deyim harası.
Meydanda zədələnir,
Gözündə qalır yarası.
Hər kəsin mehmanıdır,
Dərdinin olur çarası.
Nəsimi bəyan eylər,
Bir kəs onu qana yetər.

QIRXINA
(dodaqdəyməz təcnis, qıfılbənd)

Gizli xəzinədir, xəzi nədəndir,
Ehtiyacı nədir telin qırxına.
Dərdlərin əlacı xəzinədəndir,
Əllərinlə qayalardan qırxına.

Sehrli aynası nədən yarandı,
Qaralı ağlıdı, sinə yarandı.
Şirindən şirindi gedən yar andı,
Gahdan çəkər dərdli sərə qır xına.

Sinəsi dağlıdı yeri sərindi,
Açıqlasın, xırdalasın sər indi.
Dəstə-dəstə şeirləri sər indi,
Təcnis dəyər şeirlərin qırxına.


İSTƏMƏ
(üçyarpaq, qəzəl, qıfılbənd)

Doğru bax haqqın gözünə, olsa belə an istəmə,
Nə rəva bilmə özünə, elə şöhrət, şan istəmə.

Oyananda cana gəlir, haray salır ətrafına,
Ya qalar düşər izinə, ya ölə dərman istəmə.

Taqətlidir dura bilmir, gah yıxılır, gah yeriyir,
Qisməti olar yüzünə, vurma ələ qan istəmə.

Beş başı var bacarmıram, mat qaldım sehri halına,
Qamətin olsun düzünə, yüz gələ dayan istəmə.

Rəğbətli tutulmur adı, hörmət gətirər adına,
Sağ ol deyərlər üzünə, ay lələ ad san istəmə.

İlahi küllü aləmə, rəhm elə nura boyansın,
Gücünü versin dizinə, vəl-vələ dövran istəmə.

Nəsimi oyan qəflətdən, bəlkə sənə gərək deyil,
Allahım baxım sözünə, hələ məndən can istəmə.

07.02.2022

 

YAXANI TEZ-TEZ
(dodaqdəyməz cığalı təcnis, qıfılbənd)

Axır dalğalanır çıxır yerindən,
Şad edir dağlayır yaxanı tez-tez.
Aşıq deyər yaxanı,
Tez cup yax anı.
Dərdin çarəsiz qalsa
Haklar yarsın yaxanı.
Allah alar dərdlərini sərindən,
Çəkər dərgahına yaxanı tez-tez.

Eşq əhlidir razı deyil yar sına,
Şirin dillə sınağa çək, yar sına.
Aşıq deyər yarsına,
Yaş yetişdi yarsına.
Sinə dərddən dağlıdır
Yara deyin yarsın, a...
İstəyirsən xəncəli al yar sına,
Hissələrə ayır ya xanı tez-tez.

Şairlərin sədalıdır a xırda,
Danışanda sinələrə axır da.
Aşıq deyər axırda,
Deyildir ki a xırda.
Sirrin aşkar eylədi
Açıqlandı axırd a...
Eşidənlər anlayacaq axırda,
Qaldırar sarayı ya xanı tez-tez.


NƏDİ?

Ədalət bir sual etdi,
Adam nədi, insan nədi?
Ağlım çaşdı, gəldi getdi,
Oldu mənə pünhan nədi?

Adəm yarandı torpaqdan,
Libası oldu yarpaqdan.
Şeytanı saldılar taxtdan,
Bu bığları şeşman nədi?

Qaranlıqda gəlməz gözə,
Misralara düzə-düzə.
Fərqini söylərəm sizə,
Qohum nədi, düşman nədi?

A dan bar aldı sər-sinə,
İl çevrilərsə tərsinə.
Nəsimi çatar dərsinə,
Başı bilməz peşman nədi?


OLSUN-OLSUN
(Əmioğlanlarıma)

Düz vaxtında gəldi düşdü yerinə,
Etibarın canı, sağ olsun-olsun.
Hamının sözləri biri-birinə,
İstərəm bal, qaymağ, yağ olsun-olsun.

Şeirdən, sənətdən, sözdən danışaq,
Ürəkdən, sinədən, gözdən danışaq,
Doxsanı aşıraq, yüzdən danışaq,
Kökümüz qoy həmin, tağ olsun-olsun.

Vaqifdi qrupun balı, bəhməzi,
Heç kim əyə bilməz, fələk əyməzi.
Cığalı təcnisi, dodaqdəyməzi,
Qıfılbənd söyləsin cağ olsun-olsun.

Kimə təbi gəlsə yazacaq şeir,
Allahın izni ilə tapacaq xeyir.
Dünya lərzə gəlir, Ələsgər deyir,
Nəsli şaxələnsin bağ olsun-olsun.

Nəsimi Ələsgər olmuşam biri,
Nə kiçik şairəm, nədəki iri.
Titrədək göyləri, tərpədək yeri,
Gücümüz böyüsün dağ olsun-olsun.


AY ƏLƏSGƏR, EYLƏ AŞKAR, SÖYLƏ GÖRÜM NƏDİ BU
(qardaşım Ələsgərlə deyişmədən)

Hər bir ilin fəsilində, qışı sevir, yayı yox,
Qohum-qardaşı çoxdu demək olar sayı yox,
Hər birinin öz evi var, başqa evdən payı yox,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Görkəmində üç nişan var: gecə, gündüz birdə qar,
Ona dəyib toxunmasan həddin aşar üz alar.
Birdən işi tərsə düşər həmişə cansız qalar,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Bəlkə milyon forması var yayılıb yer üzünə,
Hər ailə bir formada yaraşır öz evinə.
Ən çox gözəl görsənirlər insanların gözünə,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Canın almaq istəyərsən, ala bilməzsən ölməz,
Yaralasan ağrı bilməz, nə danışmaz, nə dinməz.
Ayıb olsa heç utanmaz baxıb özünə gülməz,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Ayaqları yoxdur bunun o hər yanı dolanır,
Həmişəlik qidası var özünü xoşbəxt sanır.
Özü fikir eləməyir özgə halına yanır,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Nə gözü var, nə ayağı, nə əti var, nə qanı,
Heç bir nəyi yoxdur onun vardır onun bir canı.
Əcəli gəlib öləndə yenə gəzir hər yanı,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Onun hörmətli qonağı hərdən ona yar olar,
Dostuna hörmət gətirər el içində car olar,
Bir dənədə düşməni var o gəlməsə ar olar,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.

Qan qardaşın Nəsimiyəm, səninlə fəxr edim mən,
Bağlamanın sirrlərini hər nişanın dedim mən,
Çətin olsa kömək istə sənə kömək edim mən,
Ay Ələsgər, eylə aşkar, söylə görüm nədi bu.