Aşıq Musa
(1909-1948)
Aşıq Musa 1909-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. O, Aşıq Ələsgərin qardaşı Məşədi Salahın kiçik oğludur.
Gənc yaşlarından aşıqlıq sənətinə maraq göstərən Musa az bir zaman içərisində püxtə bir aşıq kimi yetişmişdir.
Ara-sıra şeir yazan Musa şairliyi ilə deyil, mahir ifaçılığı ilə xalq arasında şöhrət qazanmışdı. Bir çoxları, o cümlədən Aşıq Hüseyn Cavan bir neçə il Aşıq Musaya şəyirdlik eləmiş, saz havalarının incəliklərini ondan öyrənmişdir. Təəssüf ki, Aşıq Musanın çaldığı saz havalarından, heç olmasa, bircə nümunə belə nə vala, nə də maqnitafon lentinə yazılmamışdır. Əldə olan iki şeirini sizə təqdim edirik.
Aşıq Musa 1948-ci ilin yayında avtomobil qəzası nəticəsində həlak olmuşdur. Onun qəbri Ağkilsə kəndinin şərqindəki qəbiristanlıqdadır.
QARDAŞ
Qəlbim qan ağlayır, didəm yaş tökür,
Gözlərəm yolunu, gələrmi qardaş?!
Həsrəti, möhnəti bu canım çəkir,
Bəs, dərdi olan da gülərmi, qardaş!?
Əzizim, sənsizəm, olmuşam xəstə,
Gözüm yollardadı, qulağım səsdə.
Üzünü görəydim bu son nəfəsdə,
Daha özgə dilək dilərmi qardaş!?
İtirmişəm, axtarıram maralı,
Ovçu bərəsindən getdi yaralı.
Qəm çəkənlər mənim kimi saralı,
Təbib olsa, dərdim bilərmi, qardaş?!
Çağır, şahlar şahı yetişsin dada,
Qüssə-kədər olsa həddən ziyada.
Fələk məni ağlar qoydu dünyada,
Gözümün yaşını silərmi, qardaş?!
Musa məhbəsdədi, yoxdu həyanı,
Neylədin İmanı, ay kərəm kanı?!
Mən onsuz dünyada neylərəm canı,
Tükənməz dərdimi bölərmi qardaş?
AY AĞA, SİNƏ
təcnis
Ömür istəmirəm, xudaya, səndən,
Yetir haqq evinə, ay ağa, sinə.
Fələk bu zülmünü almadı məndən,
İnsaf deyil, yaxşı, ay ağa, sinə.
Səndə bir etibar haşa, görmədim,
Qəza qəhrin həddən aşa, görmədim.
Kimlər dövran sürdü başa, görmədim,
Çoxları yalvardı ay ağasına.
Musanın da dərdi sinayə qaldı,
Yetmədi mürdələr, sin, ayə, qaldı.
Oxudu dərsini, “sin” ayə qaldı,
Qoymadın yetişə, ay ağa, “sin”ə.