Aşıq Ələsgər haqqında deyilənlər
Peyğənbərlərdən gələn böyük missiyanın Dədə Qorqud, Əl-Qəzali, Əhməd Yasəvi, Nizami, Mövlana, Yunus Əmrə və Fizuli kimi əzəmətli daşıyıcılarından olan Dədə Ələsgər ilahi və dünyəvi gözəllikləri mükəmməl şəkildə qovuşdurmuş, sadə el dilində, gözəl üslubda və özünəməxsus biçimdə bəşriyyətə anlatmışdır.
Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünə məxsus olan çoxşaxəli obrazlı təxəyyül çığırlarıyla daim HƏQİQƏT adlanan yola doğru istiqamətdə olmuşdur
Aşıq poeziyası dədə Ələsgərlə əlçatmaz, ünyetməz bir zirvəyə ucaldı. Bütün qüdrətli sufi sənətkarları şəriət, təriqət, mərifət mərhələlərini keçib, həqiqətə, haqqın ulu dərgahına qovuşmaq istəyi ilə çırpındığı halda, ona bu haqqı haqqın özü bəxş eləmişdi.
Haqqın ulu dərgahına ucalmaq lazım deyildi Göyçənin bu qüdrətli oğluna. O, haqqın ulu dərgahından qopub şəriəti, təriqət və mərifəti insanlara anlatmaq, onları həqiqətə, haqqa qovuşdurmaq üçün gəlmişdi bu dünyaya.”...peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, Peyğəmbər aşıqların sonuncusu isə Aşıq Ələsgərdir. Özü demişkən, o, təriqətdən keçmiş, mərifətə yetmiş, həqiqət məqamına çatmış və bu zirvələrdən hər birində də kamilliklə qoşa – müdriklərə həqiqətdən “dərs verənlə” yanbayan (!) dayanmışdır:
Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular oyadır, insana böyük zövq və ləzzət verir.
Aşıq Ələsgərin yaradıcılığında insan gözəlliklərinin təsviri və tərənnümü xüsusi yer tutur.
Dədə Ələsgərin yaradıcılığını türk xalqının ensiklopediyası adlandırmaq olar. Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür.
Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına münasibəti həm dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də aşığın sənətə verdiyi ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.
Dədə Ələsgər poeziyasının monumentallığı, onun hər sətirinin polimentallığından yaranır