Heykəllər
Qəbrüstü büstü – Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar ucaldılmış qəbrüstü büstdür. Hazırda erməni işğalında olduğundan mövcudluğu haqqında məlumat yoxdur.
Ağac materialından oyma üsulu ilə hazırlanmış Aşıq Ələsgərin barelyefinin müəllifi Pənah Abdulla oğlu Qurbanovdur. O, Aşıq Ələsgərin doğulduğu Göyçə mahalının Ağkilsə kəndində 11 dekabr 1940-cı ildə doğulmuş, 5 aprel 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Pənah Qurbanov kimya elmləri doktoru, tanınmış şair idi. O, poetik axtarışlarla yanaşı, musiqi alətlərinin (saz, kamança, tar, qaval) təkmilləşdirilməsi üzərində də işləmişdir.
Ustad Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Aşıq Ələsgər – 200” yubiley medalını təsis edib.
“Aşıq Ələsgər – 200” yubiley medalı ilə Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak edən şəxslər təltif edilirlər.
Medalın hazırlanmasının ideya müəllifi Xətai Ələsgərli, eskizinin tərtib edib dizayn edəni isə Vüsal Əmirovdur.
Medal “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sifarişi əsasında Ukraynada 200 ədəd hazırlanıb.
Gədəbəydə heykəli – Heykəl Gədəbəy Aşıq Musiqisi Məktəbinin qarşısında 2013-cü ildə ucaldılmışdır. Heykəl Gədəbəy şəhərində “İ.Mirzəyev küçəsi” 2 ünvanında yerləşir.
Qazax şəhərində büstü – Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büst Qazax şəhərinin mərkəzində “Heydər Əliyev küçəsi” 77 ünvanında yerləşir. Büst 2018-ci ildə ucaldılıb.
“Aşıq Ələsgər” gəmisi Azərbaycana məxsusdur. Hazırda istifadə müddəti başa çatmışdır. Bakının Bibiheybət qəsəbəsində yerləşən limanda saxlanılır. Gəmi illər öncə Xəzərin sularında üzüb.
Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib
Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.
4 metr hündürlüyündə olan heykəl çox əzəmətli görünür. Abidənin çoxşaxəli məzmuna malik olması, üzərində qeyd olunmuş geniş informasiyalar onun incəsənət əsəri kimi qiymətini bir qədər də yüksəldir.
Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.
Çənlibel kəndində büstü – Büst Şəmkir rayonunun Çənlibel kəndində yerləşir.
Şəxsiyyətlər muzeyinin önündə büstü – Aşıq Ələsgərin büstü Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda yerləşir. Büst 2017-ci ildə ucaldılıb.
Aşıq Ələsgərin 1972-ci ildə keçirilən 150 illik yubiley tədbirlərində iştirakçıların hər birinə təqdim edilmək üçün xatirə medalı hazırlanmışdı. Medalın eskizinin müəllifi tanınmış kino rəssamı Ağamehdi Qumriyev idi. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sifarişi əsasında Riqa şəhərində bu medallardan 3 min ədəd buraxılmışdı.