Dastanlar

Aşıq Ələsgərlə Həcər xanım

Mənim əzizlərim, sizə haradan xəbər verim, Göyçə mahalının Qızılvənd kəndindən. Qızıl­vənd kəndində kimdən, İsgəndər kişidən, İsgəndər kişinin iki yaxşı oğlu var idi; birinin adı Mə­həmməd, o birinin adı Məmmədsöyün. Amma Həcər adlı bir qızı var idi, çox təhərsiz gözəl idi.

Həcər 12 yaşına çatanda qızılgül kimi açıldı. 14 yaşına yetəndə dilə-dişə düşdü, kən­din ca­van­ları ona aşiq oldular. 16 yaşında onun gözəlliyinin səs-sorağı bütün Göyçəyə ya­yıldı. Doğru­dan da, Həcər bir gözəl olmuşdu, bir gözəl olmuşdu ki, gəl məni gör, dərdimdən öl; əlini vurma, gendə durma. Aya deyirdi sən çıxma, mən çıxacam, Günə deyirdi sən çıxma, mən çıxa­cam. Kən­din cavanlan deyirdilər ki, bizə yemək-içmək verməyələr, amma Həcə­rin xətti-halına, gül cama­lına doyunca tamaşa eləyək.

Həcərgilin kəndində Mirzə adlı bir qoçaq oğlan var idi. Bir gün bunlardan Həcərə elçi gəldi. Amma Məhəmməd Həcəri çox bikef gördü, atasına dedi:

– Ata, görürsən ki, qızı istəyən çoxdur; qız kimi bəyənsə, ona verək.

İsgəndər kişi razılaşdı, Mirzəgilin elçiləri məyus qayıtdılar.

Məhəmməd adlı bir oğlan da var idi, bu da Həcərin dərdindən ölürdü. Mirzəgilin el­çiləri qayıdan kimi o, elçi göndərdi. Məhəmməd Mirzədən çox şəxsiyyətli idi. Elə hesab elədilər ki, Mirzəyə vermədilər, yəqin ki, Məhəmmədə verərlər. Qız buna da razılıq ver­mədi. Bu elçilər də kor-peşman geri qayıtdılar.

Atalar deyibdir: “Qız ağacı – qoz ağacı, hər yetirən bir daş atar”.

Elçilər gedib-gəlməkdən yolları yağır elədilər, Həcər heç kəsi bəyənmədi ki, bəyən­mədi.

Bir gün qəza işi    əydi, Həcərin qardaşlannın    əlindən xata çıxdı, ikisini də tutdular. Məhəmməd qalaya getməmişdən əvvəl İsgəndər kişiyə dedi:

– Yeddi il bir iyidin ömrüdür; deməyin ki, adamımız tutulubdur,

Həcər kimi bəyənsə, ona verərsən.

Həcəri də ayrıca çağırıb dedi ki:

– Bizim qayıtmağımızı gözləyib, ömür-gününü çürütmə. Özün öz vəkilinsən; kim xo­şuna gəlsə, ona gedərsən.

Bəli, Həcərin qardaşları getdi, qaldı köməksiz. İsgəndər kişi o qədər vuran- tutan adam deyildi. Cavanların bəziləri fikirləşdilər ki, Həcəri götürüb qaçsınlar. Bu məsələ qon­şu­dan-qonşuya gəlib Həcərin qulağına çatdı. Həcər utanmağı yerə qoydu, atasına dedi:

– Kəndin içində özgə söz danışırlar. Birdən axmağın biri gəlib qolumdan tutar, yaxşı olmaz, get mənə silah al.

İsgəndər kişi maldan-puldan verdi, bir onatılan tapança aldı. Kənddə bunu eşidən cavanlar elə kiridilər ki, elə bil qurbağanın gölünə daş atdılar.

İndi sizə kimdən xəbər verim, Göyçənin Alçalı kəndində Dünyamalı bəydən. Dün­yamalı bəy atan, vuran, varlı-karlı bir adam idi. Elə ki, Həcərin tərifini eşitdi. Arvadı iki­lə­mək fikrinə düşdü. Atını minib, birbaş İsgəndər kişinin evinə gəldi. Aradan bir az ke­çəndə İsgəndər kişi soruşdu:

– Bəy, nə əcəb, siz də bizi yada salıbsınız?

– İsgəndər kişi, sözün doğrusu, sənin qızın Həcərdən ötrü gəlmişəm.

– Bəy, yaxşı eləyib gəlibsən, amma mən bir söz deyə bilmərəm, qızın ixtiyarı özün­də­dir.

– Yəni qız mənlə danışar ki?

– Bəli, danışar.

– Di çağır gəlsin.

İsgəndər kişi Həcəri çağırdı, məsələ açıldı.

Həcər dedi:

– Dünyamalı bəy, gəlməyinə bir söz demirəm, amma işin axarını fikirləşməyibsən.

– İşin axırı nə təhərdi ki?

– Sənin boy-buxununa, qoçaqlığına, ad-sanına söz ola bilməz. Amma arvad-uşağın var. Mən sənə “hə” desəm, evinə ziddiyyət düşəcək. Ah-nalə də qoymaz ki, biz xoşbəxt olaq. Sən bu fikrindən əl çək.

Dünyamalı bəy nə dedisə, Həcər cavabını verdi, sözünü kəsdi. Dünyamalı bəy atını mindi, kor-peşman geri qayıtdı.

İndi sizə kimdən xəbər verim Məşədi İsədən. Məşədi İsə 18 kəndin qılavası idi. Eşitdi ki, Qızılvəngdə belə bir gözəl peyda olub, strajnikinə dedi:

– Bu saat atları minin, gedək; əvvəl xoşla, olmasa zorla o qızı gətirək. Məşədi İsəgil atlandılar, birbaş Qızılvəngə. Bunlar kəndə yetişməkdə, Həcər də damın üstündə olmaqda. Atlrı İsgəndər kişinin qapısına tərəf sürdülər. Həcər bunları belə görəndə dedi:

– A qardaş, bura el yolu deyil; el yolu odur ha.

Məşədi İsə dilləndi:

– El yolunu bizə göstərmə, İsgəndər kişinin evini göstər.

– İsgəndər kişinin evi elə budur.

Həcər evə getdi,  İsgəndər kişi  atlıların qabağına çıxdı. Məşədi İsənin atının cilovun­dan tutdu:

– A Məşədi İsə, niyə düşmürsünüz, düşün.

– A İsgəndər kişi, düşməyəcəm. Açığı, gəlmişəm ki, verdin, Allah əmri ilə, vermə­din, yan dəmiri ilə qızın Həcəri aparam.

İsgəndər kişi kövrəlib dedi:

– A Məşədi İsə, kaş mənim oğlanlarım da burada olaydı, atışaydınız, vuruşaydınız, onları öldürəydin, qızı da aparaydın, mənə o qədər kar eləməzdi. İndi oğlanlarım qalada, bu saat özüm də eləyəm ki, bir dul arvad da qızı mənim əlimdən zorla alıb aparar. Elə deyil ki, mən sənlə meydana girəm. İş qalıb öz namusuna; zorla aparırsan, apar.

İsgəndər kişi belə deyəndə Məşədi İsə pis oldu, dedi:

–  A İsgəndər kişi, yan    dəmirini boşladım; Allah əmri ilə qızını       mənə verərsənmi?

– Qızın ixtiyarı özündədir. Atdan düş, danışdır. Əgər getsə, mən nə deyirəm ki.

Atdan düşdülər, içəri getdilər. İsgəndər kişi Həcərin yanına gəlib dedi:

– Qızım, bu gələn Məşədi İsədir. Özü də 18 kəndin qılavasıdır. Gəl gör sözün nədir.

Həcər içəri gəldi, qonaqlara “xoş gəldin” elədi, soruşdu:

– Nə yaxşı gəlibsiniz?

– Ay qız, buraya gələn sənin dədənin qara qaşına, ala gözünə tamaşa eləməyə ha gəl­mir, gələnin hamısı səndən ötrü gəlir. Indi de görüm, mənə sözün nədir?

– A Məşədi İsə, eşitmişəm, çox qoçaq adamsan. Yaşının keçməyini hesaba almaz­dım, amma deyəsən, səndə hərdəmxəyallıq var.

– A qız, mənim hərdəmxəyal olduğumu nədən bilirsən?!

– Ondan bilirəm ki, anadan olanda adını qoyublar “İsə”. Bir az böyüyəndə sən bu adla razı­laşmayıbsan; uşağının boğazından kəsib, ziyarətə gedib olubsan “Məşədi İsə”. Bu ad da qalıb bir tərəfdə; Nikolayın nişanını salıbsan boynuna, olubsan qlava. İndi sənin adın üçdür. Sabah da birini qondaracaqsan. Bundan bilirəm ki, sən hərdəmxəyalsan. Mən sənə gedə bilmərəm.

Məşədi İsəyə belə cavab qaytaran olmamışdı. Həcərin sözü ona güllə kimi dəydi. Bunlar da atlarını minib geri qayıtdılar.

Mənim əzizlərim, indi sizə kimdən xəbər verim, İrəvanlı Ələşrəf bəydən. Ələşrəf bəyin sürü ilə qoyunu, naxırla malı, sandıqla qızılı var idi. Özü də hələ evlənməmişdi. Həcərin tərifini eşidən kimi atını mindi.

Bir heybə qızıl götürdü, tüfəngi də çiyninə salıb, birbaş Qızılvəngə gəldi.

Həcər qapı-bacanı süpürürdü. Gördü ki, qonşuluqdan biri İsgəndər kişinin evini xəbər alır. İrəli yeridi ki, bir yaraşıqlı oğlandır, amma başı yaylıqla sarıqlıdır (Oğlan kürd idi. Kürdlərin bəziləri papaq əvəzinə başını sarıyır). Həcər elə hesab elədi ki, oğlan atdan yıxılıb, ona görə başını sarıyıbdır. Tez gəlib atasını çağırdı. İsgəndər kişi çölə çıxdı.

Oğlan atdan düşdü, içəri keçdilər, Həcər də bunların yanına gəldi. İsgəndər kişi so­ruşdu:

– Oğul, nə yaxşı gəlibsən?

– A İsgəndər əmi, buraya gələn nədən ötrü gəlir? Minib gəldiyim at köhləndir. Heybədəkinin hamısı da qızıldır. Bir də bu “aynalı”dır, yüz də patronu var. bircə “hə” desən, bunların hamısını qoyub gedəcəm.

Nişanı, toyu da necə eləyərəm, o da mənim işimdir.

İsgəndər kişi meylləndi, Həcərin üzünə baxdı. Amma əlacı olsa, “hə” deyərdi. Həcər atasının fikrini başa düşdü, dedi:

– Oğlan, çox yaraşıqlı, boy-buxunlu, mallı-pullu oğlansan. Amma bir iş var: əgər biz evlən­sək, uşaq sahibi olacağıq. İndi, bəlkə, birdən mal-dövlət əldən getdi. Onda mənim də başım­da yaylıq var, sənin də. Bəs, onda axırımız necə olar?!

Ələsgər bəyin dillənməyə təhəri olmadı. Atını minib geri qayıtdı.

İndi Həcərə “Həcər” demirdilər, hər yerdə “Həcər xanım” deyirdilər.

Bəli, mənim əzizlərim, Göyçənin Kəsəmən kəndindən olan cavanlar sözbir elədilər ki, sıra ilə gedək, hamımız özümüzü Həcər xanıma göstərək, bəlkə, bizim birimizi bəyənə, bizim kəndə dü­şə. Elə bunun özü də bir addır.

Cavanların içində Məhəmməd adlı şəxsiyyətli bir oğlan var idi, amma kasıb idi, yaxşı paltarı da yox idi. Kimin yaxşı paltarı var idi gətirdi, kimin yaxşı çuxası var idi gətirdi... Məhəmmədi bəzədilər, başına bir çal papaq qoydular, yüz manat pulla Qızılvəngə yola saldılar.

Məhəmməd Qızılvəngə yetişdi, İsgəndər kişinin qapısında atdan düşdü. İsgəndər kişi onun əlindən tutub, halını xəbər aldı, sonra soruşdu:

– A bala, nə yaxşı gəlibsən?

Məhəmmədin dili tutar-tutmaz dedi:

– İsgəndər əmi, yaxşı gününüz olsun. Həcər xanımdan ötrü gəlmişəm.

İsgəndər kişi Ələşrəf bəyin boş qayıtmağından çox kəmşavağat olmuşdu. Odur

ki, təzə gələnlərin üzünə baxmaq da istəmirdi. Oğlana dedi:

– A bala, birdəfəlik bilin ki, qızın ixtiyarı özündədir. Elə bu dəmdə Həcər xanım evdən çıxdı. İsgəndər kişi:

– A bala, gör bu oğlan nə deyir? - elədi, öz işinin dalınca getdi.

Həcər xanım baxdı gördü ki, bu oğlan sir-sifətdən düzgündü, amma əynindəki paltarın heç biri yaraşmır (Andıra qalsın özgənin paltarı; kimisi gödək gəlir, bəzi yeri gen olur, bəzi yeri dar olur, xülasə, kənardan baxan kimi məlum eləyir ki, özgənindir). Həcər xanım da başa düşdü ki, əynindəki paltar özünün deyil.

Həcər xanım oğlanı içəri təklif elədi. Məhəmməd atı pəyəyə bağladı, otağa gəldilər. Bir az o yandan-bu yandan söhbət elədilər, oğlan mətləbi açdı:

– Həcər xanım, bu atı da, yüz manat da pul “hə” deməyinə gətirmişəm.

– Çox yaxşı eləyibsən. Qal, bu axşam söhbət eləyək.

Məhəmməd elə    başa düşdü ki, iş düzəlib. Öz-özünə dedi: “Məni də bəyənməyəndə, bəs kimi bəyənəcək!”

Axşam oldu, çay-çörək gətirdilər. Oğlan iştahla çörək yedi, çay içdi; elə bil ki, qa­yınata­sının evidir. Sonra Həcər xanım oğlanı tutdu danışığa.

O qədər danışdırdı ki, baxdı gördü oğlanın başı gedib-gəlir, dedi:

– Məhəmməd, deyəsən yuxun gəlir, gəlsən yerini salam yatasan.

– Həcər xanım, salırsan, sal.

Həcər xanım yer düzəltdi. O biri evə getdi. Oğlan papağını çıxartdı, ağac çarpayının başına keçirtdi, paltarını soyundu, yerinə uzanan kimi başladı xoruldamağa. Həcər xanım iynə-sap gətirdi papağı götürdü, ağ sapla papağın içindən bir belə sırıq getdi, bir də belə. Öz-özünə dedi ki, əgər başa düşsə, bu, çal-çarpaz dağdır, onun sinəsinə çəkmişəm.

Həcər xanım papağı yerinə qoydu, gedib o biri evdə yatdı.

Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açıldı. Məhəmməd yerindən durdu, tələsik paltarını geyindi, papağı başına qoydu.

Həcər xanım otağa gələndə dedi:

– Həcər xanım, bəs mənə sözün nə oldu?

– Get, bir xəbər göndərərəm.

Məhəmməd çay-çörəyə də qalmadı. Atını mindi, yol başladı Kəsəmənə.

Məhəmməd Kəsəmənə gəlməkdə olsun, sizə kimdən xəbər verim, kəsəmənlilərin yer­də qalanlarından. Gördülər ki, Məhəmməd axşam qayıtmadı, kimi dedi: yəqin, qız söz ver­di, Məhəmməd də Kəvərə parça, toy ayın-oyunu almağa getdi. Kimi dedi: paltarı, pulu gö­türdü qaçdı, xərcləyəndən sonra qayıdacaq. Kimi dedi: bəlkə, qızın bəyəndiyini bildilər, qızı istəyənlər yolda-izdə öldürdülər. Xülasə, camaat yüz xəyal elədi.

Kəsəməndə Əbdüləzim adlı yaraşıqlı bir oğlan var idi. Əbdüləzimi bəzədilər. Bunun da ci­bi­nə yüz manat qoydular, yola saldılar. Tapşırdılar ki, Məhəmmədi tapsa, qız Mə­həm­mədi bə­yənmiş olsa, bu yüz manatı xərcləsinlər. Yox, əgər qız Məhəmmədi bəyən­məyibsə, Məhəm­məd­dəki yüz manatı da alsın, bu getsin, bəlkə Həcər xanım bunu bəyənə.

Əbdüləzim Basarkeçərə çatanda Məhəmmədlə qabaqlaşdı:

– Əyə, Məhəmməd, çox şükür, sağ-salamatsan. De görüm, iş nə təhər oldu?

– Balam, qız məni axşamdan lap yaxşıca bəyənmişdi, bilmirəm arada nə mərdi­ma­zar­lıq elə­yən oldusa, sabah, deyəsən, fikrini dəyişdi.

– Əyə, bəs nə dedi?

– Dedi ki, get, bir xəbər göndərərəm.

– Sənin işin düzəlməyib. Allahı çağırım, mən gedim. Geyimimin hamısı yaxşıdır, am­ma pa­pa­­ğım köhnədir. Papağını ver, başıma qoyum.

Papaqları dəyişdilər. Əbdüləzim Məhəmməddəki yüz manatı da aldı. Məhəmməd Kə­səmənə qayıtmaqda olsun, Əbdüləzim Qızılvəngə getməkdə.

Həcər xanım bulaqdan su gətirirdi. Bir də gördü ki, bir atlı düz onlara sarı gəlir; nə at o atdır, nə adam o adama, amma papaq həmin papaqdır.

Atlı qapıda İsgəndər  kişi ilə       salamlaşdı. Aradan     nə söhbət keçdisə, ikisi də Həcər xa­nı­ma baxmağa başladı. Həcər xanım gəlib çatanda İsgəndər kişi dedi:

– Qızım, bu oğlan səndən ötrü gəlib.

– Çox yaxşı eləyib, atdan düşsün.

Oğlan sevincək atdan düşdü. Həcər xanım sənəyi evə qoyub qayıtdı.

Əbdüləzim ürəkli-ürəkli dedi:

– Həcər xanım, “hə” deməyinə ikiyüz manat pulla bu atı gətirmişəm.

– Özün çox yaxşı oğlansan, pul gətirməsən də olardı. Geyiminə də söz ola bilməz. Papağın lap xoşuma gəlir. Allah qoysa, qardaşların gələndə bu papaqdan hərəsinə birini tikdirəcəm. Ver bir onun dərisinə baxım. Oğlan, deyəsən, sizin tərəflərdə malınızda, ge­yiminizdə ayrıseçkilik yoxdur. Mən sənə gedə bilmərəm.

Elə bil ki, Əbdüləzimi götürüb, qaynar qazana basdılar. Ağ bir, qara iki dillənə bil­mədi. Suyu süzülənə-süzülənə qayıtdı.

Mənim əzizlərim, indi sizə haradan xəbər verim, Göyçənin Söyünbulaqlı kəndində Hacıalı­oğlu Molla Balıdan. Molla Balı qardaşı Abbasa toy eləyirdi. Atlı göndərdi ki, Aşıq Ələsgəri toya gətirsin. Bu zaman Kəvərdən Molla Balıya teleqram gəldi ki, pulumuz gəlib, gəlin aparın.

Molla Balı çox varlı adam idi. Elə olurdu ki, birdən şəhərə min əyəc-erkək gön­də­rirdi. Bu il də Göyçənin Qayabaşı kəndindən olan Hacı Xıdıroğlu İsgəndərlə güclü mal-qoyun aparıb satmış­dılar, hərəsinin 9 min manat pulu olmuşdu. Yolda-izdə oğrunun-quldurun qorxusundan pulu Bakıdan poçta salmışdılar, özləri arxayın kəndə gəlmişdilər. İndi Kəvərdən gələn həmin pulun teleqramı idi. Hacı Xı­dıroğlu İsgəndər Qayabaşı kəndindən Söyünqulağalı kəndinə gəldi. Molla Balının da atını yəhərləyib çölə çəkirdilər ki, Aşıq Ələsgər gəldi.

Molla Balı Aşıq Ələsgərə dedi:

– Aşıq Ələsgər, bizim pullar gəlib, biz onun dalınca gedirik. Sən rahat ol. Allah qoysa, axşama Kəvərdəyik, sabah bu vaxtı burada. Gələn kimi toyu başlayarıq.

Molla Balıgil atları minib, Kəvərə yol başladılar. Atları bərk sürdülər, günortadan xeyli keçmiş Kəvərə çatdılar. Yetirən kimi pulu alıb geri qayıtdılar. Günbatanda Yarpızlı kəndinə yetişdilər. Gecə qonaqçı evində Həcər xanımın söhbəti ortalığa düşdü. Yarpızlı ilə Qızılvəngin arası yaxındır. Ona görə İsgəndər kişinin evinə gələn elçilərdən yarpızlılar halı idilər. Molla Balıgil danışılanların hamısına diqqətlə qulaq asdılar. Səhər tezdən atları minib, yola düşdülər. Kənddən azca aralanmışdılar, Molla Balı İsgəndərə dedi:

– A İsgəndər, dünyanın azını da gördük, çoxunu da. Süleymana qalmayan dünya bizə də qal­mayacaq. Bu gün-sabah yıxılıb öləcəyik, dünyadan nə aparacağıq?! Gəl bu on səkkiz min manatı Həcər xanımın yolunda qoyaq, hansımızı bəyənsə alaq.

– A Molla Balı, lap ürəyimdən xəbər verdin. Elə mən istəyirdim ki, ağzımı açam, sən məndən qabaq dilləndin.

Bunlar da atları sürüb, Qızılvəngə gəldilər. İsgəndər kişinin evinə yaxınlaşanda bir qadın rast oldu. Molla Balı dedi:

– A bacı, İsgəndər kişinin evi hansıdır?

– Qardaş, o ev İsgəndər kişinin evidir, damın üstündəki də İsgəndər kişinin qızı Həcər xa­nımdır.

– A bacı, sən də ol qiyamətin günü bizim bacımız, bir söz desək, gedib Həcər xanıma deyərsənmi?

– A qardaş, özgənin sözünü özgəyə deməyə nə var; nə deyirsiniz, gedim deyim.

– Həcər xanıma de ki, o, Söyünqulaqlı Hacıalı oğlu Molla Balıdır. Bu saat yanında on səkkiz min manat pul var. Elə bilməsin ki, pulu buncağazdır; Söyünqulaqlıdan Qızılvəngə qədər yüzlüyü düzdürərəm, onu üstü ilə apararm. Gör mənə sözü nədir.

Həcər xanımla bunların arası yaxın idi. Danışdıqlannın hamısını yaxşı eşitməsə də, üzlərini aydın görürdü. Qadın gəlib Molla Balının dediyini Həcər xanıma çatdırdı. Həcər xanım atlılara bir də diqqətlə baxdı, nə isə qadına dedi. Qadın geri qayıtdı:

– A qardaş, Həcər xanım deyir ki, o kişi cavan vaxtında çox yaxşı imiş. Əgər vaxtı keçməsə idi, pulu-zadı da lazım deyildi; canla-başla gedərdim. Bu gündən sonra o, alnını ye­rə qoyub, əllərini göyə qaldırıb, “Allahü-əkbər” deyəcək, mən də deyib-gülmək istəyə­cəm. Onunla mənim­ki tutmaz”.

İsgəndər Molla Balıdan bir az cavan idi. İrəli yeridi dedi:

– Bacı, on səkkiz min manat da mən gətirmişəm; gör mənə sözü nədi.

Qadın qayıdıb İsgəndərin də sözünü Həcər xanıma dedi. Həcər xanım bir qədər ucadan dil­ləndi:

– Get, ona denən ki, qabaqkının gözəl qəddi-qaməti var; bunda heç o da yoxdu. Mən ona get­mərəm. Getsin, itiyini axtarsın!

İsgəndərgil bu sözləri öz qulaqları ilə eşitdilər, qadının qayıtmasını gözləmədilər. Atla­rın başını döndərdilər, ölüləri ölmüş kimi korpeşman kəndə tərəf üz qoydular. Günorta olmamış Söyünqulağalıya çatdılar. Camaat gördü ki, Molla Balıgil çox məyusdur. Soruşdular ki, yoxsa qaçaq-quldura rast gəldiniz?

Molla Balı dedi:

– Kaş, yolda bizi öldürüb, pulumuzu da aparaydılar, amma başımıza bu iş gəlməyə idi.

Molla Balı başlarına gələni danışdı. Biri dedi, Məşədi İsəyə belə deyib... Xülasə, Həcər xa­nım kimə nə demişdisə, hamısını bu məclisdə danışdılar.

Aşıq Ələsgər iki gün toyda qaldı, ağır məclis keçirdi, evlərinə qayıtdı. Yolda fikir elədi ki, Həcər xanım bəyi bəyənmir, qlavanı bəyənmir, mollanı bə­yən­mir, hacını bəyənmir, məşədini bəyənmir, taciri bəyənmir, bəs kimi bəyənəcək. Yəqin ki, bu­nun meyli aşıqdadır. Get, bir bunu yoxla.

Aşıq Ələsgər evə çatan kimi dəllək çağırtdırdı, saqqal-başını yaxşı düzəltdirdi, get­məyə hazır­laşdı.

Böyük oğlu Bəşir Aşıq Ələsgərdən soruşdu:

– Ay dədə, haraya gedirsən?

– Oğul, Qızılvəngə gedirəm; toya çağırıblar.

Aşıq Ələsgər atını mindi, sazını çiyninə saldı, yol başladı Qızılvəngə.

Yolda üst-başına fikir verdi, gördü ki, hər geyimi yaxşıdır, amma məsti bir az köhnə kimidir.

O zaman Şuşa qalasından Həmid adlı bir çəkməçi var idi. Basarkeçərdə işləyirdi. Həmidin gəldiyi bir ilə yaxın olardı, amma Aşıq Ələsgəri görməmişdi. Arzu eləyirdi ki, bir onun məclisinə düşəydi.

Bir də gördü ki, bir canlı kişi gəldi, çiynində də saz var.

– Salaməleyküm!

– Əleykümsalam!

– Usta, hazır məstin var?

– Bəli, var.

– Zəhmət çək, bir cüt mənə ver.

Yeddi cüt hazır məst var idi. Heç biri Aşıq Ələsgərin ayağına olmadı; xırda gəldi.

Aşıq Ələsgər dedi:

– Usta, bir təzəsini tik.

Həmid Aşıq Ələsgərin ayağının ölçüsünü götürdü.

Aşıq Ələsgər soruşdu:

– Usta, nə zaman hazır olacaq?

– Sabah bu zamana hazır eləyəcəm.

Aşıq Ələsgər gördü ki, iki gün burada gözləyə bilməyəcək. Öz-özünə dedi ki, əşi, kimdi sənin ayağına diqqət eləyən, elə belə gedim.

Həmidə dedi:

– Usta, onda məsti tik, sabah bu zaman gəlib apararam. Amma məsti əməlli tikərsən; al­tına padoş qoyarsan, üstü də ki yaxşı xromdan olacaq.

– Baş üstə!

O zaman məstin birini on şahıya tikirdilər, Aşıq Ələsgər bir manat verdi.

Həmid soruşdu:

– Əşi haralısan?

– Ağkilsədənəm.

– Adın nədir?

– Ələsgərdir.

Həmid axtardığını tapmışdı. Heç işin üstünü vurmadı. Aşıq Ələsgər atını minib, Qızılvəngə yola düşdü. Həmid o saat nə qədər xromu var idi, nə qədər padoşu var idisə, gə­tirdi, seçdi, bir cüt sən deyən məst tikdi. Aşıq Ələsgər verən manatı da içinə qoydu, gö­türüb saxladı. Bir cüt də dağarcıqdan boyanma dəridən cələvi bir məst kimi şey kökərt­lədi, bu­nu da götürüb saxladı. Həmidin müştəriləri çox idi. Tez-tez onun yanına gəlib-gedirdilər. Gördülər ki, Həmid əlindəki işi yarımçıq qoydu, iki cüt məst tikdi.

Brini elə tikdi ki, lap qızqaytaran; o birini başından elədi. Ermənilərdən biri soruşdu:

– Usta, nə təhər şeydir ki, əlinin işinin ikisi bir-birinə oxşamadı?

Həmid məsələni açdı:

– O məstin ikisini də Aşıq Ələsgərə tikdim. Elə mən onu görmək istəyirdim. Allah öz ayağı ilə yetirdi. Deyirlər, çox hazırcavab aşıqdır. Mən onu sınayacam.

– Həmid, qəza səni dolaşdırıb. Özünü biabır elətdirəcəksən. O çox belə sınaqlardan çıxıb.

– Biabır elətdirsəm də, sınayacam.

– Yaxşı, nə zaman gələsidir?

– Sabah bu zaman.

Bu məsələ ağızdan-ağıza yayıldı. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açıl­dı. Basarkeçərin saz-söz həvəskarları çəkməçinin yanına yığışdılar. Aşıq Ələsgərin yo­lunu gözlə­məyə başladılar.

Mənim əzizlərim, bunlar Aşıq Ələsgərin yolunu gözləməkdə olsunlar, sizə Aşıq Ələs­gərdən deyim.

Aşıq Ələsgər atını sürüb, Qızılvəngə yetişdi. Qızılvəngli Aşıq Usuf Aşıq Ələsgərin şə­yirdlərindən idi. Aşıq Ələsgər birbaş Aşıq Usufgilə gəldi. Aşıq Usuf onu çox böyük hör­mətlə qarşıladı. O saat bir erkək kəsdi, yaxşı yemək-içmək hazırladı. Aşıq Ələsgərin gəldiyini bilən qonşular oraya toplaşdılar. Aşıqlar bir qədər çaldılar, oxudular, bir xeyli də o yandan-bu yandan söhbət elədilər, axşam oldu. Adamlar dağılandan sonra Aşıq Usuf dedi:

– Ələsgər əmi, nə yaxşı gəlibsən?

– A bala, Həcər xanımı görməyə gəlmişəm. O nə qədər artıq adamdır ki, heç kəsi bəyənmir, hərədə bir eyib tapır.

– Ələsgər əmi, o kişi kimi bir qızdır, dilinin də qoruq-qadağası yoxdur. Gedərsən, sənə ağır cavab qaytarar, el içində yaxşı olmaz.

– Yaxşı ola, yaxşı olmaya, gərək onu görəm, sözümü deyəm.

Aşıq Usuf gördü ki, Aşıq Ələsgər əl çəkəsi deyil, dedi:

– Ələsgər əmi, İsgəndər kişi sınıqçıdır. Sabah mən qolumu boynumdan asım, guya ki, at yıxıbdır. Gedək İsgəndər kişinin yanına. Onda, yəqin ki, Həcər xanımı görəcəksən. Nə sözün olsa, deyərsən.

Aşıq Ələsgər bu fikirlə razılaşdı. Gecə yatdılar, sabah tezdən çay-çörəkdən sonra Aşıq Ələs­gər sazını götürdü, Usuf da qolunu boynundan asdı, İsgəndər kişigilə getdilər.

İsgəndər kişi Aşıq Ələsgəri görəndə həddindən artıq şad oldu.

Xoş, beş, on beş... Qonaqları içəri təklif elədi. Həcər xanım sənəyi götürüb, su gətir­məyə getdi. Aşıq Ələsgər İsgəndər kişiyə dedi ki, Usuf atdan yıxılıb, onun qoluna bax.

İsgəndər kişi Usufun qolunu yoxladı, dedi:

– Qırığı yoxdur, bir az ağrıyıbdır. Heç bir şey olmaz.

İsgəndər kişi Aşıq Ələsgərin nə fikirlə gəldiyini bilmədi, qızından giley eləməyə baş­ladı; elçilərin gəlib-getməyindən uzun-uzadı danışdı.

Həcər xanım sudan qayıtdı, çay-çörək hazırlamağa başladı. Məhlənin adamları Aşıq Ələsgərin buraya gəldiyini eşitdi, İsgəndər kişinin evinə toplaşdılar. İsgəndər kişi vəziy­yəti belə görəndə Aşıq Ələsgərə dedi:

– Aşıq Ələsgər, camaat buraya nədən ötrü yığılıb?

Aşıq Ələsgər cavab vermək əvəzinə, sazı köynəyindən çıxartdı.

Çalmağa başlayanda Həcər xanım da gəlib, məclisin bir tərəfində dayandı, diqqətlə tamaşa eləməyə başladı. Aşıq Ələsgər nə qədər gözəl görmüşdüsə, beləsini görməmişdi. Aldı, görək Həcər xanıma nə dedi, ordakılar nə eşitdi:

 

Həcər xanım, qaşın, gözün təhrində

Xətt yazsam, Quranda ayə düşərmi?!

Götürsən niqabı mah camalından,

Hüsnün nuri-təcəllaya düşərmi?!

 

İsgəndər kişi sazdan-sözdən o qədər başı çıxan adam deyildi. Gördü ki, Aşıq Ələsgər Həcəri tərifləyir, çox şad oldu. Həcər xanım sözə diqqətlə qulaq asırdı. Bu bəndi eşidəndə qızılgül kimi açıldı. Aşıq Ələsgər qızı belə görəndə fikirləşdi ki, gəl sözünü bir az açıq de, görək nə cavab verir. Aldı, sözün o biri bəndini:

 

Saxlasan, qapında mən ollam nökər,

Dişlərin mirvari, dodağın şəkər.

Səni sevən bu dünyadan əl çəkər,

Daha qeyri təmənnaya düşərmi?!

 

Gözəl arif olub mətləb qanmasa,

Yayınıb, yaşınıb, daldalanmasa,

Aşıq müştaq olub, qəlbi yanmasa,

Bir bu qədər ilticaya düşərmi?!

 

Həcər xanım bir kəlmə də olsun dillənmirdi. Elə bil ki, sözlərin hamısını sinəsinə yazırdı. Aşıq Ələsgər aldı o biri bəndini:

 

Qamətin mələkdi, hüsnün pəridi,

Könül gözlərinə çox müştəridi.

Camalın şoxundan cismim əridi,

Zülfündən üstümə saya düşərmi?!

 

Yazıq Ələsgərin var etiqadı,

Möhr olunub gözəlliyin baratı.

Cismin sadağası, hüsnün zəkatı

Sayıl olan binəvaya düşərmi?!

 

Bu sözləri eşidən kimi Həcər xanım gülə-gülə o biri evə getdi.

Aşıq Ələsgər elə hesab elədi ki, iş düzəldi. Sazı köynəyinə qoydu, Usufa dedi ki, ge­dək. Məclis dağıldı. Aşıq Ələsgər Usufgilin qapısına çatanda dedi:

– A bala, atı çölə çək.

– Əşi, nə danışırsan, bu gün qal.

– Qalmağa təhərim yoxdur, gedəcəm.

Aşıq Ələsgər gördü ki, çəkməçinin yanında bir məclisin adamı var.

Erməni dostlarından Səfəroğlu Hovanes, Ağabəy, Aspadur, Yanıq Tatos, Qara Tatos-zad hamısı burdadır. Bilmədi ki, nə işdir. Çəkməçi dağarcıqdan tikdiyi məsti Aşıq Ələsgərə uzatdı:

– Buyur.

Aşıq Ələsgər məsti əlinə aldı, gördü ki, çəkməçi buna kələk gəlib, dedi:

– Usta, axı biz belə danışmamışdıq. Şən söz verdin ki, yaxşı məst tikəsən.

– Yaxşı məst deyil, bəs nədir?! İki gündür, bunun üstündə əlləşirəm.

– Əlləşməyə bir söz demirəm, amma bir şey tikə bilməyibsən.

– Əşi, xoşuna gəlir, pulunu ver, apar; xoşuna gəlmir, başqasına sataram.

Aşıq Ələsgər gördü ki, dillə dava çəkməklə olmayacaq. Çəkməçi pulu da danmaq fikrindədir. Yavaşca sazı köynəyindən çıxartdı. Sazın səsini eşidən kimi bazarda nə qədər adam var idisə, hamısı oraya yığıldı.

Aşıq Ələsgər görək çəkməçiyə nə dedi, qulaq asanlar nə eşitdi:

 

Danışdıq, barışdıq mərhəmət ilə,

İnciklik araya qatma, hayıfsan!

Sən tacir olmazsan bir manat ilə,

Namusu, qeyrəti atma, hayıfsan!

 

Həmid dedi:

– Əşi, nə manat?!

– Oğul, dünən verdicəyim manatı deyirəm, da!

– Əşi, sən havaxt mənə pul verdin? Düzdür, əlində bir manat var idi, yenə qaytarıb cibinə qoydun. Elə bilibsən ki, mənə verdin.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Mövlam məni nəzərindən salmayıb,

Huşum cəmdi, ağlım heç azalmayıb,

Fani dünya Süleymana qalmayıb,

Oyan, bu qəflətdən, yatma, hayıfsan!

 

 

Siz təlaş eylərsiz iynə-biz ilə,

Bizimki də gəlib-gedər söz ilə.

Əyri ol əyriylə, düz ol düz ilə,

Hər yetəni sən aldatma, hayıfsan!

 

Həmid dedi:

– Allah xatirinə, pulunu da istəmirəm, məsti apar, yaxamdan əl çək!

Aşıq Ələsgər gördü ki, bu, çox ağır söz oldu. Haraya gedəsən, hörmətin başdan artıq ola, bir çəkməçi səni biabır eləyə...

Aldı sözün o biri bəndini:

 

Düşəndə məclisə, ağır yığnağa,

Bizə hörmət qoyur irəncbər, ağa...

Söz uzansa, həcv çıxar qurşağa,

Sözün dalın çox uzatma, hayıfsan!

 

– Ay camaat, görün bu məstin malından yaxşı mal var ki, aşıq bunu bəyənmir?! Aşıq Ələsgər aldı, görək tapşırmada nə dedi:

 

Qəsəm olsun xudkeşlərin sərinə,

Yalan söz iyidi salar dərinə.

Köhnə dağarcığı tumaş yerinə

Aşıq Ələsgərə satma, hayıfsan!

 

Ətrafına baxanda, Aşıq Ələsgər gördü ki, buradakı dost-tanışların hamısı gülür. Özgə zaman olsaydı, işə qarışardılar, ona tərəfdar çıxardılar.

Başa düşdü ki, burada bir iş var.

Həmid o biri məsti çıxartdı:

– Aşıq Ələsgər, sənə qurban olum, mənim gəzdiyim elə bu idi. Buyur, məstini götür.

Aşıq Ələsgər məsti aldı. Baxtı gördü ki, zalım oğlu elə tikib ki, elə bil heç üstündə əl gəzməyib; iki göz gərək tamaşa eləyə. İçinə baxanda gördü ki, həmin verdiyi manat içindədir. Manatı çıxartdı, neylədisə, Həmid almadı, dedi:

– Sənə peşkəş tikmişəm. Amma qadan alım, bu söz burada qalsın, özgə yerdə oxuma.

– Qorxma, toydan başqa heç yerdə oxumaram.

Aşıq Ələsgərin bu sözünə də hamı gülüşdü. Səfəroğlu Hovanes Aşıq Ələsgəri evlə­rinə təklif elədi. Aşıq Ələsgər getmədi; dedi ki, tələsiyirəm, vacib işim var.

Aşıq Ələsgər atını mindi, birbaş Ağkilsəyə gəldi.

Ağkilsə kəndinin qonşuluğundakı Zod kəndində Bəhlul adlı bir kişi var idi. O həmişə qoyun alveri ilə məşğul olurdu. Aşıq Ələsgər kəndə çatan kimi Bəhlula xəbər göndərdi ki, 5-10 heyvan satacam, səhər gəl, sövdələşək.

Mənim əzizlərim, zodlu Bəhlula xəbər getməkdə olsun, sizə deyim Həcər xanımdan. Aşıq Ələsgər sazı köynəyinə qoyanda Həcər xanım gördü ki, Aşıq Ələsgər şaddır. Aşıq Ələsgərgil gedəndən bir qədər sonra Həcər xanımın ağlına gəldi ki, Aşıq Ələsgərə bir cavab vermədim. O bədbəxt özgə xəyala düşəcək. Hörmətli adamdır, el içində sonra biabır olacaq. Yaxşısı budur ki, nə deyəcəksənsə, kağıza yazdır, xəlvətcə özünə göndər, qoy rahat olsun. Qonşuluqdan bir uşaq göndərdi ki, get, buraya bir molla çağır.

Bir evdə yığıncaq var idi. Kəndin oxumuşlarının hamısı burada idi. Oğlan gəldi, yığıncağın ayağından dedi ki, Həcər xanım bir molla çağırır.

Məclisdə bir oxumuş adam var idisə də durdu, beş oxumuş adam var idisə də. Bir-birinin dalınca Həcər xanımgilə yüyürdülər. Həcər xanım bunları belə görəndə dedi:

– Mən birinizi çağırmışam. Bu qədər adam nə gəzir?!

Biri irəli yeriyib dedi:

– Həcər    xanım, oğlan   demədi ki, Həcər xanım hansımızı çağırır; ona görə hamımız gəldik.

Molla Məhəmməd adlı biri var idi, çox yaxşı da xətti var idi, həm də əhli-hal idi. Həcər xanım bunu saxladı, qalanları getdilər.

Molla Məhəmməd kağız-qələm hazır elədi. Həcər xanım dedi, Molla Məhəmməd gö­zəl xətlə yazdı, bir paketə qoydu. Həcər xanım paketin üstünə yazdırdı ki, “çatacaq Ağkilsə kəndində Aşıq Ələsgərə.”

Bivədə idi. O günü Həcər xanım bir adam tapıb kağızı göndərə bilmədi. Sabah tezdən gördü ki, tanımadığı bir oğlan qonşu evdə atının belindəki yükü açdı, ev sahibindən bir qədər  pul aldı. Atını minib   getmək istəyəndə Həcər xanım irəli gedib soruşdu:

– A qardaş, kirəçisən?

– Bəli, kirəçiyəm.

– Hansı kənddənsən?

– Böyük Qaraqoyunludanam.

– Adın nədir?

– Camaldır.

– Camal, Ağkilsə ilə sizin kəndin arası yaxındırmu?

– Bəli, yaxındır.

– Kirəçilik eləyən günü nə alırsan?

– Nə bilim, olur da, altı abbası, bir manat alıram.

– Camal, həm evinizə gedərsən, həm də bu kağızı aparıb Ağkilsədə Aşıq Ələsgərə verərsən. Al, bu da bir manat sənin zəhmət haqqın.

Camal gördü ki, bu elə bir gözəl qızdır ki, yemə, içmə, bunun xətti-halına, gül cama­lına tamaşa elə.

– Əşi, pul-zad lazım deyil, apararam.

Həcər xanım pulu güclə verdi. Camal kağızı da, pulu da cibinə qoydu, ata dəydi.

Camal Ağkilsəyə gəlməkdə olsun, sizə xəbər verim Aşıq Ələsgərdən. Aşıq Ələsgər tezdən çobana tapşırmışıdı ki, qoyunu kəndin qırağında otar, müştəri gələcək, heyvan sata­cam. Zodlu Bəhlula xəbər yetişdi. Gün bir az qalxmışdı, Bəhlul gəldi.

– Salaməleyküm!

– Ələykəssalam!

– Aşıq Ələsgər, heyvan satacaqsan?

– Bəli, satacam. Bir az pul lazımdır. Əgər alacaqsansa, heyvanlar kəndin qırağın­da­dır, gedək, bax.

Aşıq Ələsgərlə Bəhlul getdilər sürünün yanına. Aşığın nə qədər heyvanı olacaq idi ki! Aşıq Ələsgər bir-bir qoyunları göstərdi, Bəhlul hamısına baxdı. Bu zaman Aşıq Ələsgər gördü ki, Hüseynqulağalı yolu ilə bir atlı gəlir. Atlı gəlib arxa çatanda döndü, başladı arxla enişə onlara tərəf getməyə. O saat Aşıq Ələsgərin ürəyinə damdı ki, bu atlıda bir xəbər var. Bəhlula dedi ki, heyvanlara baxdın, gedək, qiymətini evdə danışaq.

Atlı bunlardan qabaq çatdı, çatan kimi də qayıtdı. Aşıq Ələsgər Bəhlulu otağa apardı, özü evə getdi. Gördü ki, oğlu Bəşir əlində bir kağız oxuyur, amma gah gülür, gah rəngi qa­çır.

– Oğul, nə kağızdır?

– Nə kağız olacaq?!

Durdun, durdun, saqqalının ağ vaxtında özünü biabır elətdirdin.

– Oğul, kağızı gətirən kim idi, göndərən kimdir?

– Qaraqoyunlu Camal gətirdi, göndərən də Həcər xanımdır.

Belə deyəndə Aşıq Ələsgərin dizi qırıldı. Ona qədər Aşıq Ələsgərin qardaşı Məşədi Sa­­lah evə gəldi. Aşıq Ələsgər dedi ki, qonaq var, otağa get. Məşədi Salah gedəndən sonra dili tutar-tutmaz Bəşirə dedi:

– Oğul, oxu görüm, nə yazıb?

Bəşir kağızı oxumağa başladı, görək nə oxudu; biz də sazla oxuyaq, siz qulaq asın:

 

Loğmadan kəc olan, nüftədən əyri,

Yüz dərs alsa, pürkamala yetişməz.

Bir qul düz dolansa Haqqın yolunda,

Qəza tapmaz, ona bəla yetişməz.

 

– Oğul, burada nə var ki! Bu, çox nəsihətli sözdür. O biri bəndini oxu görüm. Bəşir o biri bəndini oxudu:

 

Gər hökmün işləsə Qaf ilə Qafa,

Bihuda xərc çəkmə, əfsana cafa.

Qəvvas tapar ləli satar sərrafa,

Nə aşığa, nə abdala yetişməz.

 

Aşıq Ələsgər gördü ki, Həcər xanım burada yaman toxunub. Həm də işarə eləyib ki, fik­rini dəyişdirib, özünü xərcə-borca salma, düzələsi iş deyil. O saat yadına Bəhlul düşdü.

Bəşir sözün o biri bəndini oxudu:

 

Eşit bu sözləri, saxla yadigar:

Gözəllərdə həya, iyidlərdə ar.

Axmaq köpək qaysavadan pay umar,

Nahaq düşüb o xəyala, yetişməz.

 

Aşıq Ələsgər gördü ki, zalımın qızı bu bənddə lap belinin nəziyindən vurub. Bəşir də çox pərt olub dedi:

– Bunumu istəyirdin?!

– Hə, a bala, burada bir balaca toxunub.

– Balaca yox, lap yekəcə toxunub; lap biabır eləyib.

Bəşir sözün o biri bəndini oxudu:

 

Qəza insanatı tənabdan asar,

Leyli-nəhar-muşdu, cəhd eylər, kəsər,

Əjdaha ayaqdan çəkər sərasər,

Əlləşər, barmağı bala yetişməz.

 

– Ay Dədə, mən bundan bir şey başa düşmədim. De görüm, nə deyir?

– Oğul, bu bəndin mənası çox dərindir. El arasında deyərlər ki, Əzrayıl bir qızmış dəvə donunda insanı qovar ki, öldürsün. İnsan ha yana qaçsa, dəvə dalınca gələr. İnsan axırda gəlib bir quyunun yanına çıxar. Görər ki, quyunun üstündə ağaca bağlı bir kəndir var. Kəndirdən tutub aşağı sallanar ki, dəvədən canını qurtarsın. Bu zaman görər ki, bir ağ siçanla qara siçan gəlib kəndiri kəsməyə başladılar. Aşağı baxar ki, quyunun dibində bir əjdaha var; ağzını açıb ki, düşən kimi onu kamına çəksin. İnsan gözünü quyunun qırağına gəzdirəndə görər ki, bir çöl arısı burda yuva salıb. Bu zaman insan dəvəni də yadından çıxardır, siçanlar kəndiri kəsməyini də, quyunun dibindəki əjdahanı da; çalışar ki, arının yuvasından bal çıxardıb yesin. Başı o qədər qarışar ki, siçanlar kəndiri kəsər, insan gum­bultu ilə quyunun dibinə düşər.

Oğul, ağ siçanla qara siçan gündüz ilə gecədir ki, insanın ömrünü kəsir. Əjdaha cəhənnəmdir ki, ağzını açıb, hazır durub; gözləyir ki, kəndir üzülsün. Quyunun qırağın­dakı arı yuvasında olan bal da dünya malının şirinliyi deməkdir; dünya malı insanı alda­dar, ölümü, cəhənnəmi yadından çıxardar, bir gün yıxılar ölər. Oğul, bir də burada onu deyir ki, qəzadan qaçıb qurtarmaq olmaz. Ha yana getsən, nə tədbir görsən, ölüm insanın boynunda haqdır; buna əlac olmaz.

– Dədə, afərin bu qızın kamalına! Çox qiymətli sözdür.

– Oğul, o biri bəndini oxu görüm!

Bəşir sözün tapşırmasını oxudu:

 

Var Həcərin gözəllikdə isbatı,

Zər libasa naxış vurar xəyatı.

Olar gözəllərin xümsü, zəkatı,

Cavana yetişər, çala yetişməz.

 

Sözə fikir verəndə, Aşıq Ələsgər gördü ki, Həcər xanım onun qocalığına da işarə eləyib, lap ümidi üzüldü, Bəhlulun yanına qayıtdı, Bəhlul dedi:

– Əşi, haraya getdin, gəl qoyunların qiymətini de, tələsiyirəm.

Qoyunun biri gedirdi beş manata. Aşıq Ələsgər dedi yeddi manata. Nədir ki, almasın. Bəhlul nə qədər elədisə, Aşıq Ələsgər aşağı enmədi. Bəhlul çıxdı getdi. Aşıq Ələsgər Bəşirin yanında özünü vermədi; Həcər xanım onun ciyərinə dağ çəkmişdi.

Gün gəldi axşam oldu. O gecə ilan vuran yatdı, Aşıq Ələsgər yatmadı. Öz-özünə de­yin­məyə başladı: “Belə də iş olarmı! Sən Aşıq Ələsgər olasan, mollaya, alimə, müctəhidə cavab verəsən, bir qız səni bu abıra sala!”

Aşıq Ələsgər tezdən durdu, atını yəhərlədi ki, yola düşə, Bəşir soruşdu:

– Ay Dədə, haraya gedirsən?

Aşıq Ələsgər istədi ki, bu məsələni heç kəsə bildirməyə, Bəşirə dedi:

– Toya çağırıblar.

Bəşir gördü ki, dədəsi toya çağırılana oxşamır, dedi:

– Düzünü de görüm, haraya gedirsən?

Aşıq Ələsgər gördü ki, cidanı çuvalda gizlətmək olmaz; bu məsələ açılacaq, dedi:

– Həcər xanımla deyişməyə gedirəm. Allah ya ona verər, ya mənə!

Bəşir üzəngisini basdı, gülümsünüb dedi:

– Yaxşı yol! Amma gözlə ki, dünənki muştuluq olmasın.

Aşıq Ələsgər yol başladı Qızılvəngə.

Mənim əzizlərim, Aşıq Ələsgər Qızılvəngə getməkdə olsun, sizə kimdən xəbər verim, Qızılvəngdə Məşədi Əhməddən.

Məşədi Əhməd oğluna toy eləyirdi. İstədi ki, toyu başlaya, camaat bir səslə dedi ki, əgər Aşıq Ələsgəri gətirməsən, sənin toyuna gəlməyəcəyik.

Məşədi Əhmədin əlacı kəsildi, atını mindi, yol başladı Ağkilsəyə. Qoşabulaq suyunda Aşıq Ələsgərlə qabaqlaşdılar.

– Salaməleyküm!

– Əleykəssalam!

Məşədi Əhməd başladı Allaha şükür eləməyə. Aşıq Ələsgər soruşdu:

– Əşi, nə olub, de görüm?

– Aşıq Ələsgər, oğlumun toy yuxası bişib, sənə məəttəlik. Bu gün burada olursan, sabah Qarabağda, biri gün Qazaxda... səni evdə tapmağıma heç ümidim yox idi. Ona görə sükür eləyirəm ki, Allah səni yolun ortasında mənə yetirdi. De görüm, haraya gedirsən?

– Mən də elə düz sizin kəndə gedirəm.

– Xeyir ola, nə işdən ötrü gedirsən?

– Bilmirsənmi, sazlı gedəndə xeyir olar. Sözün doğrusu, Həcər xanımla deyişməyə gedirəm.

– Aşıq Ələsgər, Həcər xanım bilsə ki, sən onunla deyişməyə gəlibsən, sənin mey­danına çıxmaz. Yaxşısı budur ki, sən heç işin üstünü vurma, toyu başla. Mən Həcər xanımı da toya gə­tirdim, nə sözün var, orada de.

Aşıq Ələsgər bu fikirlə razılaşdı, gedib toyu başladı. Həcər xanımı da toya gətirdilər. Bundan əvvələ toyda kişilərin mərəkəsi ayrı olardı, arvadların mərrəkəsi də ayrı. Aşıq Ələsgər kişilərin mərəkəsində bir neçə qatar oxuyandan sonra dilavər qadınlardan biri xəbər gətirdi ki, Həcər xanım deyir ki, bizi Allah yaratmayıb?! Aşıq Ələsgər gəlsin, bir az da bizim üçün oxusun. Həcər xanımın məqsədi Aşıq Ələsgəri görüb, onun hərəkətindən bilmək idi ki, görsün yazdırıb göndərdiyi söz xatirinə dəyməyib ki.

Aşıq Ələsgər arvadların məclisinə gələndə gördü ki, Həcər xanım tovuz kimi bəzənib, başda əyləşib. Amma ağ ipək qoftanın altından tapançanın ucu görünür. Aşıq Ələsgər tapançanı görən­də bir az ehtiyat elədi. Amma baxdı ki, Həcər xanım acıqlı adama oxşamır. Fikirləşdi ki, Həcər xanım qorxmur ha. Əgər o günü sözlərim xoşuna gəlməsə idi, gü­lə-gülə getməzdi. Ola bi­lər ki, kağızı istəməyənin biri Həcər xanımın dilindən yazar gön­dərər. Yaxşısı budur ki, hələ deyişmək fikrindən əl çək; bundan soruş ki, axı sənin ərə getmək vaxtın keçir, bu qədər istə­yəndən niyə birini bəyənmirsən.

Aşıq Ələsgər sazın zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, görək Həcər xanıma nə dedi, məclisdəkilər nə eşitdi:

 

Bilmirsənmi, subay gəzmək günahdı,

Şəriətə, yol-ərkana nə dedin?!

Hər könül özünə bir padişahdı,

Sındırdın, döndərdin qana, nə dedin?!

 

Həcər xanım başa düşdü ki, Aşıq Ələsgər bu sözləri buna deyir. Diqqətlə qulaq asmağa başladı. Aşıq Ələsgər aldı o biri bəndini:

 

Yüz iyiddən birin bəyən, boyun əy,

Gələnin, gedənin qəlbinə az dəy.

İmirzə, Məhəmməd, Dünyamalı bəy

Az qalıb eşqindən yana, nə dedin?!

 

Aşığam, gedirəm hər xeyir-şərə,

Eşitcək vəsfini yazdım dəftərə.

O gümüş vəznəli gələn bəylərə

Bilirsənmi, sən zənana nə dedin?!

 

Aşıq Ələsgər gördü ki, Həcər xanım gülümsünür. Öz-özünə belə mülahizə elədi ki, o kağızı mənə özgə adam yazıbmış. Başladı ürəyində deyinməyə: “Camalın kağız gətirən evi yıxılsın”. Bircə ayaq gec gəlsə, heyvanları satmışdım, işim də düzəlmişdi. Bir də mən Bəhlulun dalınca necə adam göndərəcəm... Götürdü sözün o biri bəndini:

 

 

Kəsəmənli nə cür geyir papağı,

Sənə nə dəxli var, bimürvət yağı?!

Onların köysünə çəkibsən dağı,

Heç sağalmaz o nişana, nə dedin?!

 

Həcər xanım gördü ki, Aşıq Ələsgər burada haqlı danışmır. Özünü saxlaya bilmədi; qızılquş kimi yerindən durdu, elə hesab elədi ki, Həcər xanım onu tapança ilə vurmaq is­təyir. Bir az geri çəkildi. Həcər xanım utanmağı yerə qoydu dilləndi:

– Aşıq, niyə məni suala tutubsan?! Qəbahətini qanmayanlara nə deyəcəksən de, bir hesabdır. Indi qulaq as, gör nə deyirəm.

Həcər xanım hörüklərindən birini ayırdı, sinəsinə basdı, Aşıq Ələsgərin çaldığı hava ilə başladı:

 

Arif olan bu sözlərə inansın,

İzin verib ata-ana, deyirəm.

Anlamaz anlasın, qanmayan qansın,

At sürməsin bu meydana, deyirəm.

 

Aldı Aşıq Ələsgər:

Məşəd İsə gəldi səni görməyə,

Kimin nə həddi var, qəlbinə dəyə,

Baş əymir, sərdara, sultana, bəyə,

Söylə görüm, o tərlana nə dedin?!

 

Aldı Həcər xanım:

İnanma hədyana, lafi-kəzzafa,

Bu sevdaya düşən heç tapmaz şəfa.

Əlac haqqa qalıb, insaf - sərrafa,

Yetirsin gövhəri kana, deyirəm.

 

Ona qədər kişilərin məclisinə xəbər oldu ki, Həcər xanım Aşıq Ələsgərlə deyişir. Kimi saxlamaq olardı; hamı gəlib qulaq asmağa başladı.

 

Aldı Aşıq Ələsgər:

Bilmirsən, ərz edim, olgunan halı,

Onlara möhtacdı Göyçə mahalı;

Sana müştaq oldu bəy Molla Balı,

İsgəndər tək ac aslana nə dedin?!

 

Aldı Həcər xanım:

İşim yoxdu dövlət ilə, var ilə,

Əhdim var Xudayi-kirdigar ilə.

Gül xar ilə uymaz, tərlan sar ilə,

Qarğa qonmaz gülüstana, deyirəm.

 

Aşıq Ələsgər fikirləşdi ki, xalqın dərdi sənəmi qalıb; öz mətləbini de, gör nə cavab verir. Aldı tapşırmasını:

 

Ələsgər də hər elmdən halıdı,

Mövla baratıdı, öz kamalıdı.

Çəkdiyim özgənin qilü-qalıdı,

Axırında, mən cavana nə dedin?

 

Həcər xanım Aşıq Ələsgərin fikrini əvvəldən başa düşmüşdü. Gördü ki, burada lap ağ elədi. Fikirləşdi ki, qanana bir işarə bəsdir, acılı söz nəyə lazım. Aldı görək Aşıq Ələs­gərə nə cavab verdi:

Mən Həcərəm, əbrü ətlaz geymərəm,

Öz-özünə sultan mənəm, bəy mənəm.

Şövq əhlisən, xətirinə dəymərəm,

Səhv düşübsən sən pirana, deyirəm.

 

Aşıq Ələsgər sazını yerə qoydu, üzünü camaata tutub dedi:

– Mən bu yaşa gəlmişəm. Hələ belə tutarlı cavab eşitməmişəm. Həcər xanım məni bağladı.

Həcər xanım yerindən dilləndi:

– Yox, ay Aşıq Ələsgər, səni heç kim bağlaya bilməz. Mən qıfılbənd deyib səni aciz qoymamışam ha.

– Həcər xanım, mən qıfılbəndlə bağlamağı bağlamaq hesab eləmirəm.

Ola bilər ki, biri yerdən, göydən cənnətdən, cəhənnəmdən sual verə, o biri cavabını bil­məyə. Bu, tapmacadır. Aşıqlıq aləmində əsl bağlamaq odur ki, birinin oxuduğu sözün qafi­yə­sində ondan yaxşı, sanballı söz deyəsən. İnsaf məqamına qalanda, sənin sözlərin mə­nim­kindən qiymətlidir. Ona görə dedim ki, məni bağladın. Bu gündən belə mən sənin atanam, sən də mənim qızım. Kimi ürəyin istəsə, ona gedərsən; toyunu da mən özüm eləyəcəm. Amma gününü keçirtmə.

– Ələsgər əmi, bilirəm nə deyirsən. Bu qədər istəyənin birini bəyənmədim, anacaq əhdim var.

Aşıq Ələsgər bildi ki, Həcər xanım qardaşlarının gəlməyini gözləyir, dedi:

– Qızım, Allah əhdinə çatdırsın!

Aşıq Ələsgər o gecə Qızılvəngdə söhbət elədi, səhər evlərinə qayıtdı.

Mənim əzizlərim, gün o gün oldu ki, Həcər xanımın qardaşlarının ikisi də sağ-salamat qayıtdılar.

Qızılvəndin özündən Musa adlı bir oğlan var idi. Atmaqda, vurmaqda, iyidlikdə o qə­dər adı-sanı yox idi, amma ağılda, mərifət-qanacaqla tək bir oğlan idi. Bunların elçiləri gəl­di, Həcər xanımı ona verdilər. Toy tədarükü görüləndə Həcər xanım qardaşı Məhəm­mədə dedi:

– Toyu Aşıq Ələsgər eləyəcək.

Atlı göndərdilər, Aşıq Ələsgər gəldi, toyu başladı. Üç gün üç gecə Tufarqanlı Abbasın nağılını danışdı. Məclisin axırında Həcər xanımgilə xoş gün dilədi, uzun ömür arzuladı.

Həcər xanımla Musa ömürlərinin axırına qədər şad və xoşbəxt yaşadılar.

Sizi də ömrünüzün axırına qədər şad və xoşbəxt yaşayasınız!