Dastanlar

Dəyirmançı aşıq

Mənim əzizlərim, sizə hardan xəbər verim, Göyçə mahalınnan. Buranın camaatı da Niqa­laydan çox narazıydı. Hamı ona qarğıyıf deyirdi: Allah, bunun çarxını çöyür! Allah, bunun taxtını tarac elə!..

1917-ci ildə Niqalay yıxılanda hamı söyündü. Qurban kəsən kim, şaddıx eliyən kim, toy çaldıran kim...

Gözlədilər, təzə hökumət Göyçüyə gəlib çıxmadı. Oldu başdıbaşınalıx. Hərənin əlinə bir tüfəng keşdi. Kimin kimə acığı tutdusa, ortasını oddadı. Bir az keşməmiş Göyçədə daşnaxlar peyda oldular. Başdadılar camaatın əlində olanını almağa. Daşnaxların qoşunu harya gedirdisə, o kəndi soyurdu.

Bir gün daşnaxların bir dəstəsi Göyçənin Zod kəndinə gəldi. Ağsaqqalları çağırdılar ki, bu qədər mal verməlisiniz, bu qədər qoyun verməlisiniz, bu qədər qoyun verməlisiniz, bu qədər taxıl verməlisiniz, bu qədər yağ verməlisiniz... Əyər verməsəniz, kəndi odduyajıyıx.

Camaat gördü ki, bu qədər şeyi düzəldif verə bilmiyəjəhlər, daşnaxlar da kəndi oddu­yajax. Göyçənin say-seçmə iyid oğulları sözü bir yerə qoydular, daşnaxların Zoddakı dəs­təsini qırdılar. Əyər ki, qırmasaydılar, bilirdilər ki, daşnaxlar kəndi oddamaxnan əl çək­məyəjəhlər; İrəvan tərəflərdə olduğu kimi, burda da camahatı qırajaxlar. Onnarın mal-heyvan istəməkləri bir mahnadı.

Daşnaxlar Zodun üstünə hücüm çəhdi. Musurman kənddəri Zoda köməyə gəldi. Ara qarışdı, atışma başdandı. Göyçədə bir vurhavur oldu, gəl görəsən...

Musurmannar daşnaxları qovdular, Basarkeçərə tofladılar. İstədilər ki, Basarkeçəri də dağıdalar, musurmannarın başbilənnəri – Səməd ağa, Məşədi İsə bir çoxları da onnardan başqa qoymadılar ki, Basarkeçər camahatının nə günahı var?! Arada onnar qırılajax!

Bir az keşməmiş daşnaxlara ingilisdən kömək gəldi. Bu dəfə daşnaxlar üstələdi. Mu­surman kənddərinin çoxunu yandırdılar. Əmə gənə çataçat vuruşma gedirdi.

Göyçənin ağsaqqallarınnan bir neçəsi Aşıq Ələsgərin yanına gəldi, tədbir istədi ki, barışıx qoyulsun.

Mənim əzizlərim, onu da deyim ki, 1905-ci ildə ermənilər gənə bu iki millət arasına çaxnaşma salmışdılar. Çox yerdə qırğın törətmişdilər. Əmə Göyçədə bir az sakitdiyiydi. Gördülər ki, Göyçədə də qırğın ola bilər; Səməd ağa, Böyük Ağa, Məşədi İsə, Kor Tan­rıvedi, Dəli Şirin, Aşıq Ələsgər; ermənilərdən Səfəroğlu Hovanes, Ağabəy; Aspadur, Yanıq Tataos və başqaları Çaxırlı kəndində Böyük Ağanın öyünə yığışıb. Qurana, İncilə əl basıf, Göyçədə qırğına yol verməyəjəhlərinə and içmişdilər. Ona görə də o vaxt Göyçədə erməni-müsurman davası olmadı. Bu dəfə də camahat Aşıq Ələsgərin yanına həmən umudnan gəlmişdi.

Aşıq Ələsgər dedi:

– 1905-ci ildəkinə baxmayın; bu dəfə barışıx baş tutmaz.

Dedilər:

– Niyə?

Aşıq Ələsgər dedi ki, Göyçə camahatına qalsa, bəlkə də, barışılaydı; əmə daşnax­lar­nan barışmax çətindi.

– Bəs, neyliyək?

– Köşməhdən başqa çarası yoxdu.

Camahat gördü ki, doğrudan da, davam gətirmək mümkün döyül, çoxusu qoca- qarı­la­rı, əlsiz-əyaxsızdarı, uşaq-muşağı Azərbaycana aşırdı.

Aşıq Ələsgərin Kəlbəcər tərəfdə dostdarı çoxuydu; Qannıkənddən Mərdan oğlu Ab­bas, Dal, Usuf, Seyid Əziz... Bunlar bir neçə ulax göndərdi, Aşıq Ələsgərgili köçürdüf apar­dılar.

Bəşir də, qardaşları da, o biri qohumlardan əli tüfəng tutannarın hamısı da daşnax­lar­nan vuruşmaq üçün Göyçədə qaldı.

Bəşir düşmanın üstünə gülləni dolu kimi yağdırırdı. Onun bir gülləsi də boşa çıxmırdı. Bir tüfəng əlində qızıb partdamışdı. Odu ki, yanına iki tüfəng qoymuşdu; biri qızanda o bi­rini götü­rürdü.

Bu minvalnan ta Noyruz bayramınnan 17 gün keçənə qədər Göyçənin iyid oğulları ermənilərnən vuruşdular. Ermənilərə gənə qüvvə gəldi, musurmannarın gülləsi qurtar­dı­ğı­na görə, Göyçədən çıxmağa məcbur oldular. Həmən gün hava da sətrləşdi. Dağların aşı­rı­mında qar-boran camaatı tutdu. Nə qədər adam, nə qədər mal-heyvan qırıldı...

Dizində taqəti olannar birtəhər aşıb Kəlbəcərə gedə bildi. Hava bir az sakitdəşəndə Kəlbəcərin adamları gəlib meyiddəri aparıb dəfn elədilər. Çoxlarını aparmaq mümkün olmadı; elə həmən qırıldıxları yerdə basırdılar...

Bəli, mənim əzizlərim, bir az keçəndən sonra Sultan bəy Aşıq Ələsgərgilin Qannı­kəndə gəldiyini eşitdi, adam göndərdi ki, köçürdüb öz yannarına aparsınnar. Aşıq Ələsgər dedi:

– Allah Sultan bəydən irazı olsun! Belə bir gündə ki yadına salıf; bu bizim üçün bəsdi. Dostdarın sağlığına burda da vəziyyətimiz pis döyül. Bir də şələ-bərxananı ora dartmaq artıq əziyyətdi...

Aşıq Ələsgər Sultan bəygilin yanına gedərdi, Bəşirdən ehtiyat eliyirdi; fikirrəşirdi ki, onnarın hər hansı bir hərəkəti, hər hansı bir sözü Bəşirə xoş gəlməz, Bəşir bir xata çıxardar. Bəşir heç sözgötürən döyüldü; kim olur-olsun, bir deyənə beş deməsə, ürəyi soyumazdı. Aşıq Ələsgər Sul­tan bəygilnən olan çox möhkəm dostluğu itirəcəyinnən qorxurdu. Ona görə onnarın yanına getməyə irazılıx vermədi.

Bir müddət keçəndən sonra Aşıq Ələsgər gördü ki, yox, burdakı bəzi adamlar onnara gəlmə kimi baxırlar. Göyçədə Aşıq Ələsgərə “dost” deyif, həftələrnən qonağı olannarın bəziləri gəlif onun heç əhvalını da soruşmur...

Allah yoxsulluğu, ajdığı, qəhətdiyi göstərməsin. Atalar deyib: “tövbə toxluqdandı, üz-göz yoxluxdan.” Aşıq Ələsgərin oğlannarı ailəni ajdıxdan korrux çəhməyə qoymasalar da, Ələsgər Göyçənin veran edilməsini, günahsız insannarın qırılmasını, indiki başdıbaşı­na­lığı özünə dərd eləmişdi.

Bir gün Bəşir onu qəmli görəndə soruşdu:

– Ay Dədə, niyə fikir eliyirsən? Çoxunnan kı biz yaxşı dolanırıx.

– Oğul, bir biznən döyül ha! Görmürsənmi millət nə gündədi?!

Qaşqınnarın çoxusu cəhənnəm əzabını bu dünyada çəkir. Ajdıx, qəhətdik bir tərəfdən; bir tərəfdən də ağzının sözünü bilmiyənnər onnara “qaxdağan,”- deyif, lağa qoyur. Bu heç çəkiləsi dərd döyül. Kağız-qələm gəti, deyim, dərdimi yaz!

Bəşir daha sözü çöyürmədi, kağız-qələm gətirdi. Görək Aşıq Ələsgər nə dedi, Bəşir nə yazdı:

 

Səyyadısan, tor qurufsan,

Dağı gözdə, gözdə sən!

Bəzirgansan, yolun kəsər

Yağı, gözdə, gözdə sən!

Hərcayıynan aşna olma,

Namərdə bel bağlama.

Müxənnət qatar aşına

Ağı, gözdə, gözdə sən!

 

Mənim əzizdərim, Aşıq Ələsgərin Göyçədə dostarı çoxuydu. Çamırrı kəndində üç qardaş varıydı; birinin adı Həsən, birinin       adı Heydər, birinin də adı      Mustafa. Bunnar həm çörəkli, həm də çox iyid adamıydılar.

Mustafa şəxsiyyətdə, Mustafa yaraşıxda insan, elə bil ki, dünyaya hələ gəlməmişdi. Onu musurmannar da, ermənilər də “Hajı Nağı oğlu Mustafa” adıynan tanıyırdılar. O, Göyçənin bir dayağıydı.

Elə ki, ermənilər basqın elədi, Mustafagil erməniləri kəndə girməyə qoymadılar. Yüz­­dərnən erməni öldürdülər. Camahata da tapşırmışdılar ki, kənddən çıxmasınnar. İki gün atasınnan sonra Mustafa ağır yaralandı. Gördü ki, daha kəndi qorumax çətindi, ca­mahata xəbər göndərdi ki, çıx­sınnar. Camahat birtəhər qaçıb canını qurtardı, qardaşlar şə­hid oldular. Bu xəbər Aşıq Ələsgərin də sinəsinə dağ çəkmişdi. Aşıq Ələsgər onnarı yada saldı, görək bu dəfə nə dedi, Bəşir nə yazdı:

 

Hanı Həsən, hanı Heydar,

Hanı sərdar Mustafa?!

Sayəyi-mərhəmətinnən

Bir müddət sürdük səfa.

Axırını zay eylədin,

A bimürvərt, bivəfa;

Aç sinəmdə düyünə bax.

Dağı gözdə, gözdə sən!

 

Kığ satan, çaşır satannar

Deyir “qaxdağan” bizə;

Çay içib, piloy yeyənnər

Heç göstərmir nan bizə.

Olsa nüsrət, versə fürsət

Qadiri-Sübhan bizə,

Çoxlarına eylərəm

Nasağı, gözdə, gözdə sən.

 

Ələsgərnən bəd başdadın

Cavan vaxtınnan, fələk!

Düşgün çağı əlin üzdün

Xabi-raxtınnan, fələk!

Neçə-neçə Süleymanı

Saldın taxtınnan, fələk!

Onnar oldu dərdü-qəm

Dustağı, gözdə, gözdə sən!

 

İsmimdi Aşıq Ələsgər,

Çox çəkərəm bu bəhsi:

İncidənnər, incidəjək

İncidifsən hər kəsi.

Çarxı-fələyin sitəmi,

Ayrım-kürdün tənəsi

Əridifdi ürəyimnən

Yağı, gözdə, gözdə sən!

 

Mənim əzizlərim, söz tamam olandan sonra Aşıq Ələsgər gənə bir ah çəkdi. Bəşir kağız-qələmi yığışdırdı.

Axşam oldu, külfət bir yerə yığıldı. Gecənin bir vaxtına qədər gəlmişdən-getmişdən da­nışdılar. Birdən eşitdilər ki, güllə səsi gəlir. Çox təşvişə düşdülər ki, görəsən nə işdi. Sonra ara səngidi.

Sabah tezdən xəbər yayıldı ki, Qannıkənddən Elləzallar kəndinə oğurluğa gediflər­miş. Bilif­lər, atışmada bir adam Qannıkənddən, iki adam da Elləzallardan öldürülüf. İndi Qannı­kənd­nən Elləzalların adamları hazırlaşırlar ki, bir-birini qırsınnar.

Gördülər ki, işdər çox çətin olajax, kənddərin ağsaqqalları arıya düşdü, gəlif Aşıq Ələsgəri də apardılar, cavannara öyüd-nəsiyət elədilər ki, bu, Allahın kəsmişdiyidi. Qanı qannan yumazdar, hərə çəkilşin öz yerində otursun, daha qan tökülməsin.

Düzdü, cavannar ağsaqqalları eşidif əllərini saxladılar, əmə düşmançılıq qaldı. Bu kənddən o kəndə bir nəfər də gedif-gələ bilmirdi.

Bu kəndlərin işi bir yerdə çox çətinə düşmüşdü; iki kəndin bir dəyirmanı varıydı. Belə ağır, qəhətlik ildə əllərinə düşən bir ovuc taxılı üyütmək üçün heç kəs cürət eliyif dəyirmana gələ bilmədi. Unnan sarı çox korrux çəhməyə başdadılar.

Camahat gördü ki, yox, dəyirmansız dolanmax heç cür mümkün döyül. Mərdan oğlu Abbas, Usuf, Dal, Heydar oğlu Əli bir neçə ağsaqqal da bunnardan başqa yığılıf Aşıq Ələsgərin yanına gəldilər. Aşıq Ələsgərdən xayış elədilər ki, camahat dəyirmansız çox əziyyət çəkir; heş kəs, heş bir düşman sənnən keçif, sənin yanında bir-birinə əl qaldırmaz. Ara düzələnə qədər gəl dəyirmanda dur.

Bəşir əvvəl heç cür irazılaşmax istəmədi. Sonra gördülər ki, doğrudan da, camahat dəyir­mansız dolana bilmir. Bir də ki, ağsaqqalların da xayışını yerə salmax yaxşı döyül. Aşıq Ələsgər günü savahdan dəyirmana getdi. O kənddən də, bu kənddən də kim dən gətirirdisə, üyüdüf apar­mağa başdadı.

Dəyirman Qannıkənddi Mərdan oğlu Abbasnan Seyid Fəttahınıydı.

Bir gün biri, bir gün o biri dəyirmanda dururdu. Əmə Aşıq Ələsgər hər gün dəyir­mana gəlirdi.

O vaxtı taxıl az tapılırdı. Bir də görürdün ki, biri bir dağarcıx arpa gətirdi; biri bir tor­va darı gətirdi... Onda dəyirmançılar dəyirmanı işə salar, gətirilən dəni un eliyif, camahatı yola salırdılar. Dən olmuyanda, dəyirmanın suyunu soğar, axşama qədər Aşıq Ələsgərnən dünyanın gəlmişin­nən-getmişinnən söhbət eliyərdilər.

Aşıq Ələsgərin işi dəyirmanın yanında rahat bir yerdə əyləşif, təbiətin gözəlliklərinə tamaşa eliyə-eliyə “fələyin at işdəməz yolları” nı fikirrəşmək olardı.

Bəli, dünyaya səs salan Aşıq Ələsgəri yaşının bu qoja vaxtında zamana beləcə “də­yirmançı” eləmişdi.

Kim Aşıq Ələsgərnən görüşmək istəsə, onun söhbətinə qulaq asmaq istəsə, dəyir­ma­na gəlirdi. Uşaqlar, ən çox qızdar tez-tez gəlib onu danışdırır, dediyi tərifləri onun öz dilinnən eşitməkdən ləzzət alırdılar.

Qannıkənddə Dərələyəzdən də qaçqın varıydı. Dərələyəzin Ayısəsi kəndinnən Seyid Qara da ayiləsini burya gətirmişdi. Onun Cəmil, Şəmil addı iki oğlu, Müşgünaz addı da bir qızı varıydı.

Müşgünaz saza-sözə çox maraxlıydı. Aşıq Ələsgərin qız-gəlinnərə dediyi təriflərin çoxunu əz­bər bilirdi. Bir gün onun fikrinə gəldi ki, görəsən, Aşıq Ələsgər mana da bir tərif deyərmi? Bir gün keşdi, bu fikir onun yadınnan çıxmadı, beş gün keşdi, bu fikir onu irahat buraxmadı.

Axırda gördü ki, bu fikirdən əl çəkə bilmir, gətirdi ağ yunnan bir cüt elə gözəl coraf toxudu ki, elə bil, heç üstündə əl gəzmiyif. Corafları yudu, qurutdu, götürüf saxladı.

Müşgünaz gözdədi ki, unnarı qurtarsın, qardaşları dəyirmana dən aparanda, bu da onnarnan getsin. Elə ki, unnarı qurtardı, qardaşları hərəsi bir dağırcıx dən götürdü kü, də­yirmana getsin, Müşgünaz atasına dedi ki, qızdar Aşıq Ələsgərin yanına gedir, istiyirəm, mən də Cəmilgilnən gedim. Atası irazılıx verdi. Müşgünaz qonşudakı qızdara da xəbər verdi, bir dəstə bağladılar dəyirmana endilər.

Xoş bir hava varıydı. Aşıq Ələsgər dəyirmanın qavağında əyləşmişdi. Qızdar gəlif yetişdilər, öz doğma nəvələri kimi, Aşıq Ələsgərin ətrafında cərgələnif əyləşdilər. Qızdar başdadılar Aşıq Ələsgəri sorğu-suvala tutmağa: filan tərifi harda deyifsən? Tərif dediyin qız haralıydı? Kimin qızıydı?.. Qızdardan ən çox suval verəni Müşgünazıydı. Axırda mətləbini dedi:

– Ələsgər, əmi, burdakı qızdara da tərif yaraşırmı?

Aşıq Ələsgər çox kəsə cavab verdi:

– Niyə yaraşmır!

Bunnan sonra Aşıq Ələsgər qızı suala tutdu:

– A qızım, adın nədi?

– Müşgünazdı.

– Kimin qızısan?

– Seyid Qaranın.

Aşıq Ələsgər Seyid Qaranın qaçqın olduğunu bilirdi. O, çox məriflətdi, əhli-hal ada­mıydı. Bu dilli-dilavər qızın da tərbiyəli ailədə böyüdüyü onun duruşunnan, tərpə­nişinnən bildirirdi. Qız boy-buxunnu, həm də camaldan çox yaraşıxlıydı. Müşgünazın mətləbi Aşıq Ələsgərə aydın olmuşdu. Qız sözü bir də təzələdi:

– Ələsgər əmi, mana da tərif yaraşırmı?

– Qızım, lap yaxşı yaraşır.

– Nə olar, mana da bir tərif de!

Aşıq Ələsgər gülümsünüb, zarafatnan dedi:

– Qızım, tərif çox bahalı şeydi. Tərif dediyim qızdarın atası, qohum-qardaşı mana at bağışdıyırdı, mal bağışdıyırdı, xələt verirdi... sənin atan qaçqın adamdı, tərifin əvəzinə mana nə verəjək ki!

– Ələsgər əmi, atalar deyif ki, “bir atın əvəzi bir alma olar.” Mən də sana bir cüt corab toxuyaram.

Qızın bu sözü Aşıq Ələsgərin çox xoşuna gəldi, dedi:

– Qızım, onda qulaq as!

Aşıq Ələsgər sazsız başdadı alçaq səsnən Müşgünazı tərifləməyə. Görək nejə tərif­lədi; biz saznan deyək, şad olun:

 

Sübhün çağı mah camalın görəndə,

Xəstə konlum gəldi saza, Müşgünaz!

Sona tək silkinib, gərdən çəkəndə,

Bənziyirsən quba qaza, Müşgünaz!

 

Camalın görəndə Aya bənziyir,

Sallanışın Züleyxaya bənziyir,

Qabaq ayna, qaşın yaya bənziyir,

Qıymat yoxdu ala gözə, Müşgünaz!

 

Dörd tərəfin bənövşəli bağ olsun,

Həməşə yediyin bal-qaymağ olsun!

Sağ-solunda qardaşların sağ olsun!

Corafları yaxşı bəzə, Müşgünaz!

 

Aşıq Ələsgər belə deyəndə, Müşgünaz qoynunnan corafları çıxardıf onun qabağına qoydu. Coraf, nə coraf! Süd kimi ağ toxunuf, üstündəki burma naxışdarı adamı valeh eliyir. İki göz gərəkdi, tamaşa eliyə.

Aşıq Ələsgər corafları əlinə alıb baxannan sonra dedi:

– Qızım, bu mərfətdə ki, əlinin işi var, bu coraf mana bir atdan artıxdı.

Aldı sözün o biri bəndini:

 

Konül qəmgin, ürək dərddi, vərəmli,

Səni gördüm səxavətdi, kərəmli.

Bir mirzə lazımdı əli qələmli,

Mən deyəm, vəsfini yaza, Müşgünaz!

 

Ötgün sözüm, kəskin baxtım olaydı,

Ağ otağım, zərrin raxtım olaydı,

Ələsgərəm, cavan vaxtım olaydı,

Qəddim əyib qəhri-qəza, Müşgünaz!

 

Sevinci yerə-göyə sığmayan Müşgünaz gəlib Aşıq Ələsgərin əlinnən öpdü, sonra dedi:

– Ələsgər əmi, bu sözü burda dedin, burda da qaldı, bizdən başqa kim eşitdi ki?! Mirzə istədin, burda yoxuydu kü, yaza.

– Qızım, fikir eləmə. Yazan olmasa da, sabah hər yana yayılajax.

Seyid Fəttah Müşgünazgilin də, o biri qızdarın da gətirdiyi dəni üyütdü, onnarı şad-xür­rəm yola saldı.

Axşam Aşıq Ələsgər öyə gələndə, heybədən corabı çıxardıf, göstərdi.

Anaxanım soruşdu ki, bu nə corabdı? Aşıq Ələsgər dedi:

– Seyid Qaranın qızı dəyirmana dən      gətirmişdi, mənnən tərif istədi, mən tərifləmə de­dim, o da bu corabı mana xələt verdi.

Öydəkilərin hamısı coraba bir də diqqətnən baxdı. Gördülər ki, elə zərif, elə gözəl toxunuf kü, iki göz gərək tamaşa eliyə. Bəşir zarafatnan dedi:

– Ay Dədə, sən də tərifləməni de, görək coraba görə varmı?!

Bəşir kağız-qələm hazır elədi, Aşıq Ələsgər tərifi dedikcə o yazdı, Talıb da elə oradaca əzbərrədi. Sabah Müşgünazın tərifi kənddərə yayıldı.

Bir gün Aşıq Ələsgər dəyirmannan gəlif yeni öyə çatmışdı, arxasınca bir atdı da qapıya yetişdi:

– Salaməleyküm!

– Ələyküməsalam!

Atdı atdan düşdü, əl verif görüşdülər. Aşıq Ələsgər soruşmamış o, gəlişinin məqsə­di­ni dedi:

– Ələsgər əmi, məni Səməd ağa göndərdi. Dedi ki, ermənilər arıya barışıx qoymax isti­yillər. Xəbər göndəriflər ki, ağsaqqalları, addı-sannı adamları gətirsin, barışax, Göyçə­nin musurmannarı öz yerinə qayıtsın. Bəşirin dalıncax gəlmişəm.

Göyçə dağılanda Səməd ağagil Kəlbəcərin İstibulax kəndinə gəlmişdilər, orda yaşı­yır­dılar.

Bəşir öydə yoxuydu; Yanşağa – dayısıgilə getmişdi.

Aşıq Ələsgər oğlana bir cavaf verməmiş, onu öyə təhlif elədi. Dedi ki, keçək, öydə danışax.

Bu xəbərdən Aşıq Ələsgər çox narahat oldu. Hələ ortuya çay-çörək gəlməmiş fikrini bildirdi:

– Oğul, Səməd ağıya de ki, ermənilər tələ quruf. Selikovgilin hayıfını almax istiyillər. Əyər getsələr, hamısını qırajaxlar. Bu fikirdən əl çəksin!

Bu dəmdə Bəşir də gəlif çıxdı, qonaxnan görüşdü, çörək yedilər, çay işdilər.

Bəşir qonağın nə məqsədnən gəldiyini biləndə, o da irazı olmadı, dedi:

– Səməd ağıya denən, varrı, addı-sannı olsa da, Basarkeçərdə mənim dostum onun­kunnan az döyül. Amma mən bu dəmdə ermənilərə ehtivar eliyə bilmərəm. Mən get­mi­rəm, başqalarının da getməyinə irazı döyüləm.

Gələn adam gördü ki, atanın da, oğulun da cavabı birdi. İstədi, atını minif qayıda, qoy­madılar ki, axşamdı, savah gedərsən.

Qonaq savah qayıdıf, Səməd ağıya xəbəri çatdırdı.

Səməd ağa inanmırdı ki, ermənilər ona xəyanət eliyə. Çünkü musurmannar Basar­ke­çəri dağıtmax istiyəndə, Səməd ağa qoymamışdı. Basarkeçər erməniləri bunu bilirdilər.

Səməd ağa Göyçənin başbilənnərinnən, hörmətdi adamlarınnan bir neçəsini də özüy­nən apar­dı. İki günnən sonra xəbər çıxdı ki, ermənilər onnarın hamısını qırıflar. Qırı­lannarın içində Aşıq Ələsgərin şəyirdi daşkənddi Aşıq Nəcəf də varıydı. Onu soyunduruf, belinə qaynar samavar bağlıyıf, çox əzafnan öldürmüşdülər.

Bu bəd xəvər hər yerdən tez Kəlbəcərə yayıldı. Camahat qırx gün yas saxladı. Aşıq Ələsgərin bir dərdi beş oldu...

Bir gün Aşıq Ələsgər dəyirmanın qabağında əyləşif, dünyaya tamaşa eliyirdi. Bir də gördü ki, aşağıdan yedəyində yüklü at olan bir adam gəlir. Gəlhagəl, gəlif dəyirmanın tuşuna çatanda, Aşıq Ələsgəri görüf dayandı. Sonra onun yanına gəldi, salam verdi.

Aşıq Ələsgər salamı alannan sonra gələn adam onun üzünə diqqətnən baxdı, köyrək səsnən dilləndi:

– Aşıq Ələsgər, məni tanıdınmı?

– Niyə tanımadım; Zoddu Həmid bəy döyülsənmi?!

Təzədən əl tutuf görüşdülər. Hər ikisi köyrəlif ağladı. Ermənilərin Səməd ağagili qır­mağınnan, camahatın güzəranının ağırrığınnan... xeyli danışdılar. Həmid bəy dedi:

– Aşıq Ələsgər, bu müsibət yerə-göyə sığmaz. Gör fələk bizi nə günə qoydu?! Kaş, ölüf Göyçədə qalaydım, bu günümüzü görməyəydim!

– Həmid bəy, neynəmək olar?! Çarx hərrənif, zamana dəyişilifdi. Hər zamanın bir hökmü var. İndi müxənnət zamanasıdı. Günah zamanadadı. Yoxsa ermənilər Göyçənin başına belə müsibəti gətirə bilərdimi?!

Həmid bəyi gənə ağlamax tutdu. Aşıq Ələsgər köyrək səsnən dedi:

– Həmid bəy, ağlama, qulaq as!

Aşıq Ələsgər dodaqaltı zümzümə eləməyə başdadı:

 

Müxənnət zamana, ay kəcirəftar,

Sitəmindən necə cannar itifdi?!

Zülmünü nümayan eylədin aşkar,

Qurğular pozuluf, sannar itifdi.

 

Şər işdən nə tafdın, söyləsən, qanam,

Necoldu büsatım, dəmim, dəmxanam?!

Tülkü havalanıf, deyir aslanam,

Tüf dağıdan ac asdannar itifdi.

 

Müxənnət meydanda “mənəm” deyifdi,

Bu dərd Ələsgərin qaddin əyifdi.

Yapalaxlar kəhlik alıf yeyifdi,

Laçın ölüf, o tərlannar itifdi.

 

Həmid bəy dəsmalını çıxardıf, gözünün yaşını sildi, dedi:

– Aşıq Ələsgər, hər ağrıya-ajıya dözmək olar, əmə vətən həsrətinə, torpax dərdinə dözmək çətindi. İndi Göyçədə dığalar at oynadır; buna necə dözmək olar?!

– Həmid bəy, darıxma, Allah kərimdi! Harda olursunuz?

– Dəmirçidamında.

At yükün altında əziyyət çəkirdi. Həmid bəy salamatdaşıf, yoluna davam elədi.

Bu görüş  də Aşıq Ələsgərə bir dərd oldu. Fikrə getdi. Keçmiş ağalı-bəyli məclisdəri gözünün qabağına gəldi...

Gün günortadan xeyli keçmişdi. Abbas gördü ki, daha dən gətirən yoxdu, dəyirmanın qapısını qıfılladı, öyə tərəf yola düşdülər. Gəlif Armıtdı çəpərə yaxınnaşanda gördülər ki, köç tökülüf. Gə­lif bunnarın yanına çatanda. Aşıq Ələsgəri tanıdılar. Sən demə, bunnar har­dasa Aşıq Ələsgəri toy­da görüflərmiş. Kişilər gəlif, onun əlinnən tutuf, əhvalını so­ruşdular, vəziyyətinnən halı oldular, onun halına yandılar, çox təəssüfləndilər.

Bu köçdəkilər də ermənilərin əlinnən baş götürüf, bu tərəfə gəlmişdilər. Bir qədər dərd­dəşdilər, Aşıq Ələsgərin keçirdiyi toy məclisdərini yada saldılar...

Aşıq Ələsgər gördü ki, burda beş-altı qız-gəlin var. Bunnarın biri yönü o tərəfə əylə­şif, saçının hörükləri kürəyinin arasıynan birdi.

Utandığınnan üzünü çöyürüf kişilərə baxmır. On dörd gejəlik ay kimi sufatı yannan görünür. Yanağının irəngi ağ kalağayıda bildirir. Bunun gözəlliyi hələ bir tərəfə, məri­fət-qanacağı, avır-həyası Aşıq Ələsgərə çox xoş gəldi.

Köçün ağsaqqalı Əhməd addı nuranı bir kişiydi. Aşığın, sazın, sözün qədrini bilən ada­mıydı. Odu ki, Aşıq Ələsgəri söhbətə tutmuşdu, buraxmax istəmirdi. Dedi:

– Aşıq Ələsgər, elə o sazdı-söhbətdi günnərimiz olaydı! Görəsən, Allah bizə o gün­nəri bir də qismət eliyəjəhmi?!

– Məsdahat o kişinindi. Onnan başqa umud yoxdu. Qismət eləmək istəsə, eliyər.

Aşıq Ələsgərin ürəyi bu gün dolmuşdu, söz deməyə fürsət axtarırdı. Əhmədin dedi­yin­­nən də gördü ki, o da söz istiyir, dedi:

– Əhməd, daha mənim saz çalmağımnan, toy məclisi yola salmağımnan keçif. Sənin xətrin üçün burda elə-belə bir-iki kəlmə deyərəm.

– Dilinin qadasın alım de!

Aşıq Ələsgər alçaxdan oxumağa başdadı. Görək, əvvəlcə köçdəki gözələ nə dedi, biz də saznan deyək, şad olun:

 

Gərdəninə neçə şahmar dolanıf,

Konul istər o şahmara dolansın.

Ərzim alıf, iltimasım tutmasan,

Məcnun olsun, bu dağlara dolansın.

 

Bəyənmişəm xəsyətini, halını,

Yaradan bol verif huş-kamalını.

Sən Allah, gizdətmə mah camalını,

Şöləsinə, qoy, füqara dolansın!

 

Aşıq Ələsgərin yadına yoxsullux, bahalıx, qəhətdik, camahatın pis güzəranı düşdü. Aldı görək bu dəfə nə dedi, köçdəkilər nə eşitdi:

 

Bal ki bahalandı, qırıldı arı,

Yağ satannar mala saldı azarı,

 

Min manata qaldırdılar onnarı,

Nə gün çıxsın, nə sitara dolansın!

 

Aşıq Ələsgər hər şeyi özünə dərd eləmişdi. Həmid bəynən onun bugünkü görüşü heç yadın­nan çıxmırdı. Səməd ağagilin belə zülümnən öldürülmələrinin fikri onun ürəyində yara bağla­mışdı. Özünün düşkün çağında çəhdiyi bu əzab- əziyyəti də göz qabağına gətirdi, aldı, görək bu dəfə nə dedi:

Dad sənin əlinnən, çarxı-kəcmədar!

Ürəyimdə yüz dərmansız yaram var.

Aşıq - dəyirmançı, ağa - çarvadar,

Sərraf gəlsin, bu bazara dolansın!

 

Köçdəkilər hər bənddən sonra “sağ ol!” – deyif, aşığın astadan oxuduğu sözdəri yaxşı eşitmək üçün diqqətnən qulaq asırdılar. Aşıq Ələsgər aldı sözün tafşırmasını:

 

Zalım cəllad nə girifdi qəsdinə,

Xəbər verin övladına, dostuna.

Şahlar şahı saya salsın üstünə,

Ələsgər tək baxtı qara dolansın!

 

Mənim əzizlərim, elə ki söz tamama yetişdi, buradakı adamların hamısı dönə-dönə Aşıq Ələs­gərə “sağ ol!” dedi. Onnan çox irazı qaldılar.

Əhməd kişi yönünü qıvlıya çöyürüf, əllərini göyə qaldırdı, uca səsnən dedi:

– Ey Xudaya, sən milləti bu zəlalətdən qurtar!

Hamı birağızdan “amin!” dedi.

Aşıq Ələsgərgil ordan ayrılıf öylərinə gəldilər.

Axşam gənə külfət bir yerə toplaşanda, Aşıq Ələsgər bu gün başına gələnnəri danışdı. Onun dediyi təzə sözdəri Bəşir yazdı, eşidənnər əzbərrədilər.

Bəli, mənim əzizdərim, Aşıq Ələsgərəgilin ailəsi üç il Kəlbəcərin Qannıkənd kəndin­də köşkün yaşadı. Ara düzələnnən sonra gənə Göyçüyə qayıtdılar, doğma Ağkilsə kən­din­də yaşamağa başdadılar.

Allah heç kəsə qaşqınnıx, köşgünnük əzabı göstərməsin!

Allah darda qalannarın hamısının dadına yetsin!

Allah heç bir mərdi namərdə möhtac eləməsin!