Canımı qurban elərəm
Bir belə tərlan gözələ;
Hal bilən, şirin gülən,
Dosta mehriban gözələ;
Boy uca, gərdən mina,
Zülfü pərişan gözələ;
Dolanıb mürği-ruhum,
Olubdu mehman gözələ;
Xəstəyəm, yalvarıram
Həkimi-Loğman gözələ.
Gözəl xanım cilvələnib
Gözəllərin xası kimi;
Görəni Məcnun eləyir
Leylinin sevdası kimi;
Ala gözlər şölə çəkir
Göyün sürəyyası kimi;
Çəpgəni hər rəng çalır,
Peyğəmbər xirqası kimi;
Baratdı, behişdən gəlib,
Gətirib qılman gözələ.
Gözəl xanım al geyinib
Gözəllər xasından gözəl;
Silkinir, gərdən çəkir
Göllər sonasından gözəl;
Libas əndamına layiq,
Əndam libasından gözəl;
Qabliyyət, mə'rifət tapıb
Ata-anasından gözəl;
Gözəlliyi cəm veribdi
Xaliqi, sübhan gözələ!