Qoşmalar

Görmədim

Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin
Namusun, qeyrətin, arın görmədim.

Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim.
Söyütdən bağ saldım, peyvəst eylədim
Almasın, heyvasın, narın görmədim.

Nəfs aldatdı, hər yetənə xan dedim,
Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.

Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli soyuna,
Aşiq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.

Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın vələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.