Qoşmalar

Şirindi

Bir gözəl görmüşəm Çayqılışlıda,
Boy-büsatı, hər növrağı şirindi.
Bəstə boyu, ağ əndamı, gül üzü,
Baxdıqca qaşının tağı şirindi.

Həsrət baxan doymaz ay qabağından,
Şahmar zülf tökülüb solu sağından.
Öpən ölməz onun gül yanağından,
Əmmək üçün dil-dodağı şirindi.

İncik olub ulusundan, еlindən,
Ənkabut tək can asılır tеlindən.
Yazıq Ələsgərə nazik əlinnən
Mərhəmət еyləsə ağı, şirindi.