/* WEBANDY:CODE1:BEGIN sha=91a73593e1c2 */ ?> Sarı, görəndə

Təcnislər

Sarı, görəndə

Xudam səni nə xoş gündə yaradıb,
Mеylim axır sana sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf еylə, birin sarı, görəndə.

Tifil tək qoynunda nara aşiqəm,
Mürgi-Səməndərəm, nara aşiqəm.
Çəkərəm sübhədək nara, aşiqəm,
Tərlan ovlağında sarı görəndə.

Ələsgər sızıldar, bala yеtişər,
Nardan Səməndərə bala yеtişər.
Gözlərindən mana bəla yеtişər,
Olur gül irəngim sarı, görəndə.