Bəşirin molla Rəhimi vurması
Mənim əzizlərim, sizə haradan xəbər verim, Göyçənin Ağkilsə kəndindən. Ağkilsə kəndində kimdən, Aşıq Ələsgərdən.
Aşıq Ələsgərin ana tərəfdən qohumları çox idi. Onun anası Göyçənin Zərzibil kəndindən idi. Adı da Pərizad idi. Onlar doqquz bacı olublar. İndinin özündə də Göyçədən başqa, Gəncə, Qarabağ, İrəvan tərəflərdə bu bacıların törəmələrinə çox rast gələrsən.
Aşıq Ələsgərin Ağkilsədəki xalasının Rəhim adlı çox yaraşıqlı, qanacaqlı-mərifətli bir oğlu varıydı. O vaxt uşağı oxutmaq çətin idi.
Atası gördü ki, Rəhim çox sərrast uşaqdı, varına-yoxuna baxmadı, onu mollaxanaya qoydu. Uşaq vaxtından tez Quranı çıxdı. Bir kitab qoymadı; əlinə keçənlərin hamısını oxudu. İrandan gəlmiş mollaların, müctəhidlərin yanında bir neçə il də oxudu, bir molla kimi xalq içində ad qazandı. Qazı ona ölü götürməyə, kəbin kəsməyə icazə verdi. İndi ona Rəhim yox, “Molla Rəhim” deyirdilər.
Molla Rəhim xasiyyətcə bir qədər tünd idi. Heç sözgötürən deyildi.
Bir deyənə beş cavab qaytarmasaydı, ürəyi soyumazdı.
Molla Rəhim bir gün kənddə birisi ilə sözə gəldi, vuruşdular. Molla Rəhim onu öldürdü.
Qohumlar Molla Rəhimin xətrini çox istəyirdi. Nə qədər çalışdılar, Molla Rəhimin işi yüngül keçmədi. Ölüm işi olduğuna görə, ona 25 illik Sibir sürgünü kəsdilər. Molla Rəhim qolubağlı getdi.
O vaxtı Sibirə göndərilənlərdən tək-tək adam qayıdırdı. Kimə ki Sibir kəsib apardılar, elə bil ki, bir daş bir quyuya düşdü. Çoxunun səsi-bəsi kəsilərdi. Sibirdən qayıdanlar yüzdə bir adamdan xəbər gətirərdilər ki, filankəsi gördüm...
Qohumlar, istəyənlər 4-5 il gözlədilər, onu gördüm deyən olmadı...
25 il tamam oldu, vaxtdan iki il də keçdi, Molla Rəhim gəlmədi.
Qohum-qardaş onun tələf olduğunu yəqin elədilər və ümidlərini tamam üzdülər.
Molla Rəhimdən söz düşəndə çoxları onun öldüyünü güman eləsə də, Aşıq Ələsgər deyirdi: “Molla Rəhim sağdı. Onun polad kimi sağlam bədəni var; Sibirin əzab-əziyyətlərinə davam gətirər. Atalar deyib: öydə birim ölüncə, çöldə beşim olsun. Öldü xəbəri çıxanlardan çoxu gəlib. Allaha pənah!”
Molla Rəhim tutulandan sonra evdə onun qoyduğu çox şeyləri yerindən tərpətmişdilər. O, içində qara neft olan bir şüşə qabı iplə evin dirəyindən asmışdı. Gündə onu neçə dəfə görsəydilər, Molla Rəhimi yada salıb kökslərini ötürərdilər...
Molla Rəhimin getdiyi 28-ci ilə ayaq qoymuşdu. Bir gün evdə nahar elədikləri zaman bir şıqqıltı onları səksəndirdi. Gördülər ki, dirəkdən asılmış şüşənin ipi çürüdüyü üçün düşüb qırılıb. Bunu hərə bir cür yozdu: kimi dedi, Molla Rəhim indiyə qədər sağıydısa da, indi öldü; kimi dedi: Molla Rəhim azad oldu, şüşənin qırılmağı tilsimin sınmağıdı...
Çoxları şüşənin qırılmağını xeyirliyə yozdu.
Bir müddət keçdi, şüşə söz-söhbəti də kəsildi.
Mənim əzizlərim, bunlar burda qalmaqda olsun, indi sizə Molla Rəhimdən deyim. Molla Rəhim tutulandan sonra çox müsibətlər gördü. Onu həftələrlə, aylarla piyada apardılar. Yoruldu, əldən düşdü, ayaqları qabar oldu. Xülasə, uzun müddətdən sonra Sibirə çatdı. Burda dustaqlara çox ağır işlər gördürürdülər. Ayazda çoxlarının əl-ayağını soyuq apardı. Neçələri tab gətirmədi, xəstələndi, öldü. Molla Rəhim bu əzab-əziyyətə dözdü. İki il keçəndən sonra orada evləndi, vəziyyəti yaxşılaşdı.
Göyçə, qohum-qardaşları Molla Rəhimin heç yadından çıxmırdı. O elə bir yerdəydi ki, orada poçt-filan yox idi. Molla Rəhim illəri sanayırdı. 25 il düzələndə onun azadlıq kağızını verdilər. Molla Rəhim gəlmək fikrinə düşəndə, oradakı qohumları onu buraxmaq istəmədilər.
Elə oldu ki, arvadı xəstələndi, vəfat elədi. Bundan sonra qayınatası, qayınanası onu qalmağa məcbur eləmədilər. Molla Rəhimin Mikayıl adlı 25 yaşında bir oğlu da var idi. Molla Rəhim oğlunu da götürdü, uzun müddət yol gəldi, nəhayət, gəlib Göyçəyə yetişdi.
Bir gün camaat gördü ki, Zod yolu ilə bir atlı elə gəlir, elə gəlir ki, toz dumana qarışıb. Atlı o gəlişə Aşıq Ələsgərin qapısına yetişdi. Aşıq Ələsgəri görən kimi dedi:
– Aşıq Ələsgər, muştuluğumu ver, Molla Rəhim gəldi!
Sevindiyindən Aşıq Ələsgərin ağlı az qaldı, başından çıxa. Bilmədi ki, nə eləsin. Muştuluqçudan soruşdu:
– Hardadı?
– Qəfərgildədi.
Qəfər Aşıq Ələsgərlə, Molla Rəhimlə doğmaca xaloğlu idi. O, Yarpızlıqda olurdu. Muştuluğa gələn də o kənddən idi. Üst-başından bilinirdi ki, kasıbdı. Qəfər özü onu göndərmişdi ki, yoxsulluğun daşın atsın.
Camaat, qohum-qonşu muştuluqçu gəldiyini eşitdi, Aşıq Ələsgərin evinə toplaşdı. Kimin qulpundan nə qopurdusa, muştuluqçuya xələt verdi. Aşıq Ələsgər sandığın ağzını açdı, əli az tutar az, çox tutar çox, qızıl verdi.
Aşıq Ələsgər, onun qohumları, kəndin bir çox adamları atlarını mindilər, muştuluqçu ilə birlikdə Yarpızlıya – Molla Rəhimin qabağına getdilər.
Qəfər qurban kəsib, yaxşı bir qonaqlıq təşkil eləmişdi. Yemək-içməkdən sonra Molla Rəhimi də gətirib Ağkilsəyə gəldilər.
Molla Rəhimin yanında sarıyağız, pəhləvan kimi bir cavan oğlan var idi. Bu, onun oğlu Mikayıl idi.
Kəndə çatan kimi qurban kəsdilər. Camaat Molla Rəhimin görüşünə gəldi. Gecənin bir vaxtına qədər yedilər, içdilər, çaldılar, oxudular, danışdılar, gülüşdülər...
Camaat durub evlərinə gedəndən sonra Molla Rəhim burada qalan cavanları tanımağa çalışdı. Bəzilərini tanıdı, bəzilərini tanımadı. Onun gördüyü uşaqlar bu 28 ildə böyüyüb, doğrudan da, tanınmaz olmuşdular.
O gedəndən sonra neçələri dünyaya gəlmişdi. Tanımadıqlarını birbir soruşurdu ki, bu kimdi? Sıra Bəşirə çatanda, Aşıq Ələsgər dedi:
– Bəşirdi – böyük oğlumdu.
Molla Rəhim Bəşirin üzünə diqqətlə baxdı, “Həə” dedi. Aşıq Ələsgər başa düşdü ki, bu “həə”də bir şey var. Amma işin üstünü vurmadı.
Molla Rəhim tanımadığı o biri cavanların da kimliyini öyrəndi.
Gecə yatdılar. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açılanda cavanların hərəsi bir işin dalınca getdi. Aşıq Ələsgər, Molla Rəhim, Məşədi Sallah, Xəlil gəlmişdən-getmişdən söhbət eləyirdilər. Amma axşamdan bəri Aşıq Ələsgəri bir fikir narahat eləyirdi. Daha səbr edə bilmədi, üzünü Molla Rəhimə tutub dedi:
– Xaloğlu, dünən Bəşirə baxanda niyə “hə” elədin?
– Aşıq Ələsgər, nə bilim, elədim da.
Aşıq Ələsgər gördü ki, Molla Rəhim sözlü adama oxşayır, əl çəkmədi:
– Xaloğlu, sənin bizdən gizlin nə sirrin ola bilər?!
Molla Rəhim dedi:
– Aşıq Ələsgər, mənim sizdən gizli heç bir sirrim, heç bir sözüm ola bilməz. Burada elə bir deyiləsi söz də yoxdur.
Gördülər ki, Molla Rəhim dilini sürüyür. Qəlbindəkini demək istəmir. Aşıq Ələsgər dedi:
– Xaloğlu, əgər deyiləsi söz deyilsə, demə.
Bundan sonra heç kəs dillənmədi; hamı fikirləşdi ki, görəsən, nə sözdür ki, Molla Rəhim demək istəmir?
Molla Rəhim gördü ki, hamı narahatdı, deməsə olmayacaq; gülümsünüb dilləndi:
– Aşıq Ələsgər, mən Sibirə getdiyim vaxtdan iyirmi il keçmişdi.
Oraya bir baxıcı gəldi. Dedilər ki, hər şeyi bilir. Mən də taleyimə baxdırdım.
Fikrimdə tutdum ki, öz yerimə salamat gedib çıxacağammı? Baxıcı dedi: qorxma, sən burada nə qədər çətinliyə düşsən də, ölüm yoxdu. Öz torpağına sağ- salamat gedəcəksən. Sənin əcəlin öz qohumlarından ya Həşim, ya da Bəşir adlı bir oğlanın əlindədi. Dünən sən Bəşiri mana tanıdanda, həmin baxıcının sözü yadıma düşdü. Düzü ki, ona görə “hə” elədim.
Hərə bir yandan Molla Rəhimi yasaladılar ki, heç elə bir şey ola bilməz. Baxıcı yalançının biri imiş, ağlına gələni danışmış...
Bu söz elə burada da qaldı; nə Bəşirin, nə də başqalarının qulağına çatmadı. Amma baxıcının belə deməsi, Bəşirin də dəlisovluğu Aşıq Ələsgəri fikrə salmışdı. Hər dəfə Bəşir tüfəngi əlinə alanda deyirdi:
– Oğul, qadan alım, ehtiyatlı ol. Tüfəng əlində açılıb adama dəyər!
Bəşir də belə cavab qaytarırdı:
– Mən uşağam ki, əlimdə açılıb adama dəyə?!
Bir müddət keçdi.
Novruz bayramına iki gün varıydı. Hamı hazırlıq görürdü. Küsülülər barışırdı, ürəyi istəyənlər bir-birini qonaq çağırırdı, gecələr tonqal yandırırdılar, gündüzlər kəndin cavanları yumurta döyüşdürürdülər, nişana qoyub, güllə atırdılar... Bir şadlıq varıydı ki, gəl görəsən.
Aşıq Ələsgərin dayısı Kalvayı Bayram Aşıq Ələsgəri, Məşədi Salahı, Xəlili, Məhəmmədi, bir də Molla Rəhimlə oğlu Mikayılı Zərzibil kəndinə qonaq çağırmışdı. Sabah tezdən Kalvayı Bayram özü gəldi, çay-çörəkdən sonra bu adamları da götürdü, Zərzibilə yola düşdülər.
Zərzibilnən Ağkilsənin arası iki kilometr ancaq olar. Bu adamlar bir-birinin dalınca qarın üstündəki cığıra cərgələnib, piyada gedirdilər. Ağkilsə kəndində tüfəngi olanlar o günü nişana qoyub güllə atdılar. Bəşir təzə bir şişlikli berdanqa tüfəng almışdı. Nə qədər güllə atan var idisə Bəşirdən yaxşı vuran olmurdu.
Mərdimazarın biri dedi ki, görəsən, bu tüfəngin gülləsi Zərzibilə çatarmı? Burdakıların bəzisi dedi, çatar, bəzisi dedi, çatmaz. Bir qonaqlıqdan mərc gəldilər.
Aşıq Ələsgərgil az qalmışdılar ki, Zərzibilə çatalar. Dedilər ki, o gedən adamların başının üstündən bir güllə atın, əgər güllə Zərzibilə addasa, o adamlar vıyıltısını eşidəcəklər. Onlar Zərzibildən qayıdanda xəbər alarıq.
Bəşir ağılsız-ağılsız tüfəngi çevirdi adamlara tərəf. Bir qədər hündür, bir qədər də yana tutdu. İstədi ki, tətiyi çəkə, yeznəsi Abdulla (Bəstinin əri) “əyə, atma,” - deyib, qolundan dartdı. Bəşirin tətiyi çəkməyi ilə Abdullanın onun qolundan tutmağı bir oldu. Güllə atıldı. Bəşirin Abdullaya bərk acığı tutdu ki, niyə qoluma dəydin! Gördülər ki, Zərzibilə gedən adamlar toplaşdılar. Bəşir özünü döydü ki, yəqin güllə Dədəmə dəydi.
Bəşirgil buradan o adamlara tərəf yüyürdülər. Zərzibilə gedən adamlardan da biri ayrıldı, Ağkilsəyə tərəf yüyürdü. Yolun yarısında qabaqlaşdılar. Gördülər ki, Xəlildi.
Bəşir soruşdu:
– Güllə Dədəmə dəydi?
– Yox, Molla Rəhimə dəydi.
Bəşir bu fikrə düşmüşdü ki, əgər güllə Aşıq Ələsgərə dəyibsə, özünü öldürsün. Bəşir oradan qayıtdı, qalan adamlar Molla Rəhimin harayına getdilər.
Bəşir atını mindi, tüfəngini də çiyninə saldı, aradan çıxdı. Molla Rəhimi Ağkilsəyə qaytardılar. Aşıq Ələsgər Hacı Nağını gətirməyə adam göndərdi.
Hacı Nağı Göyçənin Qannı kəndindən idi. Çox bilən həkim idi. Ortasından güllə keçmiş olan çox yaralıları sağaltmışdı.
Hacı Nağı gəldi, Molla Rəhimə baxdı, başını buladı. Hansı xəstə sağalası olmasa, hacı Nağı ona baxanda, başını bulayardı. Aşıq Ələsgərin ümidi üzüldü. Amma yenə həkimə yalvardı:
– Hacı, qadan alım, gör neyləyirsən!
Hacı Nağı astadan Aşıq Ələsgərin qulağına dedi:
– Aşıq Ələsgər, sağalası deyil; güllə haram iliyi qırıb.
Hacı Nağı çox qalmadı. O gedəndən sonra hamı Molla Rəhimdən əlini üzmüşdü. Molla Rəhim özü də öləcəyini başa düşmüşdü. Tez-tez huşunu itirirdi. Üzünü qardaşı İsmayıla və oğlu Mikayıla tutub dedi:
– Qiyamətin günü yanıma üzü qara gələsiniz, əgər mənim qanımı Bəşirlə dava eləsəniz! Mən qanımı Bəşirə halal eləyirəm. Bəşiri tapın gətirin; gözümün qabağında barışın!
Dedilər ki, Bəşir hökumətin qorxusundan atını minib, Kəlbəcər tərəfə aşıb.
Molla Rəhim dedi:
– Aşıq Ələsgərin əlindən öpün, onunla barışın!
İsmayıl da, Mikayıl da Aşıq Ələsgərin əlindən öpdü.
Aşıq Ələsgər özünü saxlaya bilmədi; bir gözü oldu, min yaşı, hönkür- hönkür ağladı. Buradakı adamların hamısı ağlaşıb, bir-birinə qarışdı.
Molla Rəhimi də ağlamaq tutdu, dedi:
– Xaloğlu, elə bilmə ki, mən ölümümdən ötrü ağlayıram; sənin ağlamağın məni ağlatdı. Kaş mən ölüb, Sibirdə qalaydım, amma sənin belə ağlar gününü görməyə idim!
Bəşirin Molla Rəhimi güllə ilə vurması xəbəri bütün kəndlərə yayıldı. Hökümət adamları da bunu eşitdi, həmin günün səhərisi Ağkilsəyə gəldilər, silist aparmağa başladılar.
Üzdə özünü dost kimi göstərən, amma əslində Bəşiri istəməyənlərdən bir neçəsi şahid keçdi ki, gülləni Bəşir atdı, özü də qəsdən atdı. Əgər Bəşir atmayıbsa, niyə qaçıbdır?! Odur ki, o biri şahidlər Bəşiri nə qədər müdafiə edib, “Bəşirin günahı yoxdur; Molla Rəhimə naməlum bir adamın atdığı yaylım gülləsi dəyib,” - desələr də, çinovnikləri inandıra bilmədilər. Bəşirin günahkar olması təsdiqləndi. Amma onu da deyim ki, çinovniklərdən Aşıq Ələsgərə xəlvətcə deyəni də oldu ki, əgər bu adamlar sözlərini dəyişsələr, Bəşirin işi yüngül keçər, bəlkə də, təqsirkar sayılmaz...
Bir gün də keçdi. Novruz bayramı Ağkilsə kəndində əvvəlki illərdə olduğu kimi qarşılanmadı. Qohumların hamısı qəm-qüssə içində idi. Molla Rəhimin vəziyyəti çox ağırlaşmışdı. Tez-tez huşunu itirirdi.
Birdən özünü doğruldub, yastığa dirsəklənmişdi, üzünü Aşıq Ələsgərə tutdu:
– Xaloğlu, sənin sazın-sözün dünyaya səs saldı. Amma mənim bəxtim qoymadı ki, sənin çalıb-oxumağına doyunca qulaq asam. Fikrimdən keçirdi ki, bu günlərdə bir söhbət eləyərsən. İndi də belə.
Molla Rəhim belə deyəndə onun yanına yığılanların hamısı ağlaşdı. Aşıq Ələsgər gözünün yaşını sildi, son nəfəsində saz-söz isətyən xalası oğluna və onun ətrafına toplaşıb ağlaşanlara dərdini sazsız dedi:
Ələstü bürəbbüküm, qalu bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına,
Elm tapıb, sinədəftər olmuşam.
On bir aydı, mənim üzüm gülmədi,
Qəza qəhri məndən heç üzülmədi,
Yaxşı dostlar yaman gündə gəlmədi,
Dost sarıdan çox mükəddər olmuşam.
Baxt yatanda, qohum-qardaş yad olu,
Məğrurluq eyləyən namurad olu.
Bayram günü islam olan şad olu,
Mən qəmgin olmaqla kafər olmuşam.
Ələsgərəm, düşdüm qəza qəhrinə,
Fələk top bağladı ömrüm şəhrinə.
Eynim yaşı dönüb Ceyhun nəhrinə,
Ağlamaqdan zarü müztər olmuşam.
Aşıq Ələsgər “Sızıldatma kərəmi” havası üstündə astadan ağlayaağlaya oxuyurdu. Hər bənddən sonra ağlaşanların səsi ucalırdı.
Aşıq Ələsgərin əvvəlki xoş günləri, gözəl dövranları, sazlı-sözlü məclisləri... gözünün qabağına gəlirdi. Gördü ki, yox, bu müsibət yerə-göyə sığışası deyil. Əvvəlki günlər hara, indiki hara?! Gözünün yaşını sildi, görək bu dərdini ordakılara necə bildirdi:
Çarx dolandı, baxtım tapdı tənəzzül,
İqbalın idbara döndü, nə döndü!
“Can” deyən dostlarım, şux gözəllərim
Ovsunalmaz mara döndü, nə döndü!
Fərhad gördü, sevdi Şirin camalın,
Şirin dost əlindən şirin cam alın.
Şirincə dövlətin, şirincə malın
Axrı zəhrimara döndü, nə döndü!
Dad sənin əlindən çarxı-kəsmədar,
Günüm qara keçdi, işim ahu-zar.
Hay verrəm, qıy vurram, eyləmir şikar,
Tərlan baxtım sara döndü, nə döndü!
Molla Rəhim ağır-ağır nəfəs alırdı. Arada bir gözünü açıb, Aşıq Ələsgərin üzünə baxırdı. Dillənməyə halı yox idi.
Görək, Aşıq Ələsgər sözünə necə davam elədi:
Qəza qədərinə fəhm eylə, bir gül,
Tərəqqidən təvvəllüdü tənəzzül.
Müşriki göndərdi hakimi adil,
Şümr sitəmkara döndü, nə döndü!
Bu dərd qaldı Ələsgərin canında,
Haqq-nahaqq seçilər haqq divanında.
Gövhər zibil oldu nadan yanında,
Dünya mana tara döndü, nə döndü!
Molla Rəhim yenə gözünü açdı. Camaatın ağlaşdığını görəndə, nəfəsi kəsilə- kəsilə dedi:
– Ağlaşmayın! Bü gün bayram günüdür. Mən Sibirdə olanda, gecəgündüz əllərimi göyə qaldırıb yalvarırdım ki, ey məni yaradan, burada mən öz cəzamı çəkirəm. Elə et ki, mən öləndə vətənimdə məni torpağa qoysunlar. Allaha çox şükür eləyirəm ki, mənim diləyimi tutdu. Öz elimin-günümün içində dünyadan gedirəm. Belə ölüm toy-bayramdı ki, bayram gününə də düşübdür.
Molla Rəhim yenə huşunu itirdi. Bir qədərdən sonra gözünü açıb, üzünü Aşıq Ələsgərə tutdu:
– Xaloğlu, baxıcının dediyi düz çıxdı. Mənim də alnıma belə yazılıbmış.
Molla Rəhim belə deyəndən sonra gözlərini yumdu, sakitləşdi. Aşıq Ələsgər onun nəbzini tutdu və “xaloğlu”, – deyib hönkürdü.
“Xaloğlu” deməklə xaloğlu hardaydı; gördü ki, canını tapşırıb. Qohum-qardaş, yığılanların hamısı vay-şivən qopardılar...
Molla camaatı sakitləşdirdi. Quran oxumağa başladı. Oxuyub qurtarandan sonra üzünü Aşıq Ələsgərə tutub dedi:
– Aşıq Ələsgər, bizə bir məsələ aydın olmadı.
– Hansı məsələ?
– Molla Rəhimin dediyi “baxıcı” məsələsi.
Molla Rəhim gələndə Aşıq Ələsgərgilə söylədiklərini, onun əcəlinin Bəşir adlı bir oğlanın əlində olduğunu Aşıq Ələsgər də buradakı adamlara söylədi. Hamı heyrət elədi... Molla Rəhimi yuyub kəfənlədilər, bayıra çıxarıb, namazına durdular.
Molla Quran oxudu. Cənazəni yerdən qaldırmaq istəyəndə, Aşıq Ələsgər dedi:
– Bir az dayanın. Bu kişi dünyasını dəyişdi, canını qurtardı. İndən belə zülmə qalan, canı odlara qalanan mənəm. Deyiləsi sözüm var.
Camaat Aşıq Ələsgərə diqqət elədi. Aşıq Ələsgər başladı:
Nagah badi-sərsər əsdi üzümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimdən xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi.
Qəza tutdu, qədər məni budadı,
Ağlatdı dostları, güldürdü yadı.
Zəhrimara döndü ağzımın dadı,
Əlimdə şərbətin ağı kəsildi.
Könlüm yasdan çıxmır, qəlbim qaradan,
Bu dərdi-möhnətdən, bu macəradan.
Dövlət getdi, hörmət qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi.
Aşıq Ələsgər gördü ki, ona hər yandan zülm oldu; Həm nər kimi xalası oğlu öldü, həm də Bəşir evdən didərgin düşdü. Ya qismət, onu da hökumət tutub başına nə iş gətirə?! Görək, bu barədə nə dedi:
Müqərrərdi, qaçmaq olmaz ölümdən,
Fələyin qılıncı dəydi belimdən.
Bir tülək tərlanım getdi əlimdən,
Ürəyimin bəndi, bağı kəsildi.
Çox qaçdım qəzadan, olmadı çara,
Bir vurmuşdu, bir də vurdu dübara.
Çinovniklər istədilər qurtara,
Dostlarım özümə yağı kəsildi.
Aşıq Ələsgərin deməli sözü çox idi. Dərdindən nə qədər danışsa, qurtarası deyildi. Amma gördü ki, cənazəni yerdə çox saxlamaq yaxşı deyil, sözünü belə tamamladı:
Yazıq Ələsgər, işin müşküldü, müşkül,
Dərdini deməyə yoxdu əhli-dil.
Döy başına, fəğan eylə müttəsil,
Daha deyib-gülmək çağı kəsildi.
Mənim əzizlərim, söz tamama yetişəndən sonra, cənazəni götürdülər. Molla Rəhimi aparıb haqq evinə qoydular.
Aşıq Ələsgər Bəşiri qurtarmaq üçün xeyli əziyyət çəkdi. İsmayıl da, Mikayıl da şikayətçi olmadılar. O biri şahidlər sözlərini dəyişdilər.
Bəşir həbs edilmədi.
Allah heç kimin işini çətinliyə salmasın!
Allah hamınızı qəzadan, bədbəxt hadisələrdən uzaq eləsin!