Konfranslar

“Aşıq Ələsgər ─ 200 Türk saz, söz və xalq sənəti ənənələri” mövzusunda beynəlxalq elm, mədəniyyət və təhsil konfransı. AMEA Folklor İnstitutu. 09.12.2021

9 dekabr 2021-ci il tarixində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər ─ 200: Türk saz, söz və xalq sənəti ənənələri” mövzusunda beynəlxalq elm, mədəniyyət və təhsil konfransı keçirilib.

Zoom platforması üzərindən onlayn formatda təşkil olunmuş konfransı Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı beynəlxalq və ölkə səviyyəsində çoxsaylı tədbirlərin keçirildiyini xatırladıb, bu tədbirlərin elmi-mədəni, eləcə də siyasi əhəmiyyətindən bəhs edib. Akademik bildirib ki, Aşıq Ələsgər təkcə Azərbaycan xalq mədəniyyətinin yox, bütövlükdə türk xalq mədəniyyətinin simvolu və ən uca zirvələrindən biridir. Akademik M.Kazımoğlu-İmanov Aşıq Ələsgərin bütövlükdə ozan sənətinin qədim dövrlərdən gələn ana xətlərinə bağlı bir sənətkar olduğunu qeyd edərək, onu o kontekstdən kənarda təhlil etməyin yanlış nəticələrə yönəldə biləcəyini vurğulayıb. Alimə görə, Aşıq Ələsgərin yaradıcılığına ozan-baxşı sənəti kontekstində qiymət verməsək normal elmi qənaətlərə gələ bilmərik. Aşıq Ələsgərin ənənə içərisində böyük sənətkar olduğunu xatırladan akademik bildirib ki, bu dahi sənətkarın ən üstün və bizə doğma gələn cəhəti onun dil, üslub, məfkurə, təlim, dini dünyagörüş baxımından ənənəyə hədsiz dərəcədə bağlılığı və bu bağlılığın içərisində özünün sənətkar fərdiyyətinin olmasıdır.

Sonra söz Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d. Ramazan Qafarlıya verilib. O, aşıq poeziyasında bədii-poetik imkanlardan, xüsusilə dilimizin zənginliklərindən yerli-yerində istifadə edən nümayəndələr içərisində ustad Aşıq Ələsgərin daha çox seçildiyini və mənalı ömrünün təqribən səksən ilini bu sənətin inkişafına və zənginləşməsinə həsr etdiyini diqqətə çatdırıb. Alim Aşıq Ələsgərin istər bir xalq bəstəkarı və şair, istərsə də mahir saz ifaçısı və müğənni-ifaçı kimi formalaşmasında qeyri-adi istedadı ilə yanaşı dərin zəkasının, müşahidə qabiliyyətinin, iti yaddaşının, ən ümdəsi isə qədim ozan-aşıq sənətinə vurğunluğunun, elinin, obasının adət-ənənələrinə bələdliyinin böyük rol oynadığını qeyd edib. Fil.e.d.R.Qafarlı çıxışına davam edərək bildirib ki, bu amillər yüksək səviyyədə Ələsgərin timsalında cəmləşdiyi üçün onun yaratdıqlarını özü kimi ifa edən tapılmamışdır. Təsadüfi deyil ki, Aşıq Ələsgər və Molla Cümə haqq aşıqlığının son parlaq ulduzları idilər. Və hər ikisinin öz əsərlərini Allah vergisi kimi təqdim etməsi bu fikri təsdiqləyir. Məruzəçi çıxışının sonunda Aşıq Ələsgərin poetik irsinin təkcə bədii növlərin zənginliyi ilə məhdudlaşmadığını, hər biri ayrılıqda götürüldükdə sənətkarlıq cəhətdən də kamil və bitgin nümunələr kimi nəzəri cəlb etdiyini vurğulayıb.

Növbəti məruzəçi – Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzasoy isə çıxışı zamanı Aşıq Ələsgəri böyük bir dəyər adlandırıb və yubileyinin təsadüfi qeyd olunmadığını xatırladıb. O bildirib ki, hər bir xalqın, millətin, etnosun tarixində o milətin bütün mədəniyyətini özünə konsentrasiya edən və öz şəxsiyyətini və yaradıcılığını millətin pasportuna, simvoluna çevirən şəxsiyyətlər var ki, Aşıq Ələsgər də onlardan biridir. Məruzəçi dilimizin yüksəlməsində, bədii düşüncə və estetizmin mütləqlik simvoluna çevrilməsində Aşıq Ələsgərin böyük rol oynadığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Açılış mərasimindən sonra konfrans öz işini dörd bölmədə 30-a yaxın məruzəçi ilə davam etdirib. Sonda məruzəçilərə sertifikat təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

Mənbə: http://www.folklor.az/1083.htm