Konfranslar

BDU-nun nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə “Aşıq Ələsgər dünyası” adlı konfrans. azertag.az, 27.12.2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna rol oynamış ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər dünyası” adlı konfrans keçirilib.

Konfransın plenar iclasında çıxış edən İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına əsasən kollecdə ustad aşığın yaradıcılığı ilə bağlı silsilə tədbirlər, açıq dərslər keçirilib. O, ulu öndər Heydər Əliyevin ustad sənətkar Aşıq Ələsgərin yaradıcılığına daim diqqət göstərdiyini, aşığın əsərlərinin dəfələrlə nəşr olunduğunu deyib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin humanitar məsələlər üzrə sədr müavini Güllü Eldar Tomarlı Aşıq Ələsgər irsinin bədii estetik məsələlərindən bəhs edərək onun şeirlərinin xalq ruhu ilə həmahəngliyindən söz açıb. O, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi adından kollecə Aşıq Ələsgər portretini hədiyyə edib.

BDU-nun “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının müdiri Almara Nəbiyeva Aşıq Ələsgərin məhəbbət mövzulu şeirlərinin bədii-estetik funksiyalarından danışıb.

Sonra Aşıq Azər Fərmayıloğlu, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Vəliyev ustad sənətkar Aşıq Ələsgər irsindən şeirlər səsləndirib, aşıq mahnıları ifa ediblər.

Sonra bölmə iclaslarında məruzələr dinlənilib.

 

Mənbə: https://azertag.az/xeber/1962238