Konfranslar

“Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans. azertag.az, 15.12.2021

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyin təşkilatçılığı ilə “Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan liseyin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bu ideyanın digər paytaxt məktəbləri üçün yaxşı nümunə olacağına inamını ifadə edən Mehriban Vəliyeva təhsil müəssisəsində Azərbaycanın milli-mənəvi dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu söyləyib. Bildirib ki, bu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir.

Mehriban Vəliyeva onu da qeyd edib ki, aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər, konfranslar, təqdimatlar keçirilir, görkəmli aşığın yaradıcılığı yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.

Çıxış edənlər tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.

Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Daha sonra konfrans “Aşıq Ələsgər və tarix”, “Aşıq Ələsgər və filoloji fikir”, “Aşıq Ələsgər və tarix elmləri” mövzularında bölmə iclasları ilə davam edib.

 

Mənbə: https://azertag.az/xeber/Asiq_Alesger_ve_elmi_nezeri_pedaqoji_fikir_movzusunda_beynelxalq_elmi_konfrans_kechirilib-1951898