Konfranslar

“Haqq vergili aşiq” adlı tədbir-videokonfrans. Gəncə MKS-nın 15 saylı filialı

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Haqq vergili aşiq” başlığı altında tədbir-videokonfrans keçirdi. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı.

Dədə Ələsgər aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq bir çox təşkilatlarda olduğu kimi Gəncə şəhər MKS-də və onun filialarında da tədbirlər təşkil olunur. Tədbirdə AMEA-nın Gəncə bölməsinin Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, Türkiyədən Niğde Ömer Halisdemir Üniversitesi, Türk Musikisi Devlət Konservatuvarı professor, doktor Feyzan Göher, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Dədə Ələsgər Ocağı İctimai Birliyinin Humanitar məsələlər üzrə müşaviri, şair, publisist Güllü Eldar Tomarlı, əməkdar mədəniyyət işçisi, aşıq Məhəmmədəli Məşədiyev, şair, tədqiqatçı Fərzalı Rüstəmli, Göygöl rayon Təhsil Şöbəsinin müdir müavini Salman Balakişiyev, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova ətraflı, dərin məzmunlu çıxışlar etdilər. Ölməz sənətkarın yaradıcılığından nümunələr söylədilər. Gəncə şəhər 1 saylı musiqi məktəbinin müəllimi Aşıq Saleh Ələsgər yaradıcılığından gözəlləmə ifa edərək tədbirə xüsusi bir rəng qatdı. Filial müdiri Şəhla İlyasova çıxışçılara öz minnətdarlığını bildirdi, qeyd etdi ki, Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının təki xəzinə dolu əbədiyyət ümmanıdır, ha götürsək azalmır, əksinə zənginləşir.