Qəzəllər

Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər

Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,

Kimi talibdi üqbaya, kimi dünyada mal istər.

 

Kimi sidq ilə könüldən tutub Haqqın damənindən,

Kimi məddahi-mövladı, kimi göyçək camal istər.

 

Kimi mətləbinə yetmiş, edibdir kami-dil hasil,

Kimi həsrət qalıb yara, fələkdən bir macal istər.

 

Kimi qəvvas olub cummuş qəhərlə qəri-dəryaya,

Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər.

 

Ona dağdan verir ruzi, buna ol qəri-dəryadan,

Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.

 

Bu mətləbi qanan çoxdur, mütəlləq etiqad etməz,

Bu əmrə etiqad etmək dərin mərfət, kamal istər.

 

Bilirsən, dünyada, qafil, qalır bu dünyanın malı,

Beş arşın ağ geyən kimsə utanmaz, yaşıl, al istər.

 

Bilirsən, dünyada, zalım, Mələk əl-mövt alır canı,

Yuyar qəssal, qoyar qəbrə, gələr Nəkreyn sual istər.

 

Demə, zahid, mənəm alim, oxuram əntə-sübhanı,

Siratdan istəyən keçmək Xudadan pərü bal istər.

 

İyidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,

Bir Allah istəyən şəxsi sevər, külli-mahal istər.

 

Ələsgər zari-dil, xəstə deyər: sərvi-xuramanım,

Mənim bu natəvan könlüm səni aşüftəhal istər.