Qəzəllər

Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri

Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,

Xabi-röyada qasid verdi mana vay xəbəri.

 

Ölümü sal yadına, gül olma dünya malına,

Yaradan öldürəcək, qoymayacaq bir bəşəri.

 

İbtida, soruşarlar səndən qonşunun sualın,

Eşitmişəm alimdən, var hədisi-mötəbəri.

 

Yığasan bu dünyanın malını, anbar edəsən,

Beş arşın ağdı payın, yoxdu sana heç səməri.

 

Hanı Şəddad, hanı Nəmrud, hanı Fironi-ləin,

Hanı ol Dalü ibni-Dal, cəm eylədi Şəhri-Zəri?!

 

Məcnunun ərzi-halın Leyli əyan xidmətinə,

Tuli-təfsil nə lazım, söylə bəyan müxtəsəri...