Beynəlxalq Muğam Mərkəzində Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş konsert keçirildi. 29.12.2021
29 dekabr 2021-ci ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edildi.
Konserti açılış sözü ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli açaraq qeyd etdi ki, Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə Cənab prezident İlham Əliyev il ərzində iki sərəncam imzalamışdır. Sərəncamlar Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması və ustad Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində ucaldılması haqqındadır. Bu sərəncamlar Aşıq poeziyasına verilən bir dəyər olmaqla yanaşı, Azərbaycan aşıq poeziyasına verilən böyük bir dəyər olduğunu tamaşaçıların diqqətinə çatdırdı.
Daha sonra AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxış edərək bildirdi ki, Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq poeziyasında önəmli yer tutur və ustad aşığın əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Tədbirdə hörmətli qonaqlardan Millət vəkili, Milli Məclis sədrinin 1-ci muavini Əli Hüseynli, millət vəkili Əziz Ələkbərli, millət vəkili Hikmət Babaoğlu, xalq şairi Nəriman Həsənzadə, şair-publisist Əkbər Qoşalı, iş adamı Akif Nəbiyev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov və başqaları iştirak edirdilər.
Tədbirdə ilk dəfə olaraq “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni təsis etdiyi “Aşıq Ələsgər – 200” yubiley medalının təqdimetmə mərasimi keçirildi. Yubiley medalı Azərbaycan aşıq poeziyasının inkişafında göstərdiyi xidmətlərə görə ilk olaraq millət vəkili Əziz Ələkbərli, millət vəkili Hikmət Babaoğlu, eyni zamanda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, xalq şairi Nəriman Həsənzadə, Göyçə Mədəniyyət Mərkəzinin rəhbəri Akif Nəbiyev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Aşıq Ələsgər Muzeyinin yaradıcısı Hüseyn Həsənov, əməkdar mədəniyyət işçiləri, Aşıq Əhliman Rəhimov, Aşıq Ədalət Dəlidağlı, Ələsgərşünas Hacı Loğman Qorqud, Aşıq Ramin Qarayev və rəmzi olaraq altı yaşlı Kamil Heybətova təqdim edildi.
Konsertdə “Qorqud” folklor ansamblının solistləri xanəndə Aşur Adıgözəlov, Çilənay Hüseynova, Ülviyyə Sədaqət, əməkdar mədəniyyət işçisi, Aş Solmaz Kosayeva və bədii rəhbər, əməkdar artist Nuriyyə Hüseynova, Ədalət Nəsibov adına musiqi tədris mərkəzinin “Xarı bülbül” saz ansamblı və bədii rəhbəri aşıq Sevil Ədalət, “Abşeron” saz ansamblı, şairə publisist Güllü Eldar Tomarlı, şairə Südabə İrəvanlı, Aşıq Ramin Qarayev, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Təbrizoğlu, qirayətçi Fidan Əlizadə və başqaları Aşıq Ələsgərin sözlərinə bəstəkar mahnıları, şeir və saz havaları səsləndirdilər. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli tədbirin təşkili üçün rəhbərlik etdiyi ictimai birliklə yanaşı, AMEA Folklor İnstitutuna, Beynəlxalq Muğam Mərkəzinə və tədbirdə iştirak edən qonaqlara dərin təşəkkürlərini bildirdi.