Yerli mətbuatda

Səməd Vurğunun ev-muzeyində Aşıq Ələsgərin 200 illiyi münasibətilə tədbir keçirilib. 17.12.2021

Mirvarid Dilbazi Poeziya Məclisi və Səməd Vurğunun ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Səməd Vurğun ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova tədbiri Xalq şairi Səməd Vurğunun ustad Aşıq Ələsgər haqqında dediyi sözlərlə açıb: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri Güllü Eldar Tomarlı Aşıq Ələsgərin 200 illiyinin Səməd Vurğunun ev-muzeyində qeyd olunmasından məmnunluğunu bildirərək, Aşıq Ələsgərin Azərbaycan klassik şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan biri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb, tədbirin təşkilində əməyi keçən hər kəsə dədə Ələsgərin qohumları adından təşəkkür edib.

Sonra tədbirdə Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurlu, Aşıq Ramin, şair Südabə İrəvanlı, aşıq Gözəl Kəlbəcərli, şairə Aysel Kərim, Tərxanım Göyçəli, Nizami Qərib və başqaları çıxış edərək aşıq yaradıcılığının önəmindən söhbət açıb, Aşıq Ələsgərin sözlərinə şeirlər, saz havaları səsləndiriblər.

Tədbir aşıq Gözəlin ifasında müxəmməslə tamamlanıb.

 

Mənbə: https://azertag.az/xeber/1953810