Yerli mətbuatda

“Yerin pərdəsidir, göyün simləri, Kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə. Gəncə MKS, 15.12.2021

15 dekabr 2021-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında hikmət dolu, nəsihət dolu əsərlər yaradan el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Yerin pərdəsidir, göyün simləri, Kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə təşkil olundu.

Tədbirdə öncə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan MKS-nin direktor əvəzi Fəridə Qədimova qonaqları salamladı: Və “Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında barlı-bəhərli bir ağacdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar dərəcək...” mövzusunda çıxış etdi.

Oxu zalının müdiri Aidə Abdullayeva Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verdi.

Aşıq Ələsgər gecəsinə qonaq qismində dəvət almış GDU-nun Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev “Aşıq Ələsgər poeziyasında təbiət təsvirləri” mövzusunda maraqlı çıxış etdi. Gecədə həmçinin Göygöl Təhsil İdarəsinin rəis müavini, şair Salman Balakişiyev, yazıçı-jurnalist, dramaturq, publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli Aşıq Ələsgər haqqında babasından eşitdiyi xatirələrindən, AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, təqaüddə olan dil-ədəbiyyat müəllimi Validə Hüseynova, Əməkdar Mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, AYB Gəncə bölməsinin üzvü, şair İmamverdi Məmmədov, Aşıq Ələsgərin ustadı Aşıq Alı şəcərəsindən olan Taleh Əlioğlu, Aşıq Ələsgərin nəticəsi Firuzə Ələsgərli Aşıq Ələsgərin yaradıcılığından, onun malik olduğu güclü yaddaşından, Aşıq Ələsgərin öz millətinə, xalqına, dünya mədəniyyətinə irs qoyub getdiyi zəngin xəzinəsindən, Aşıq Ələsgər yaradıcılığının mövzu baxımından rəngarənliyindən, onun təbiət haqqında yazdığı dastanlardan, vətənin gözəlliyini tərənnüm etdiyi əsərlərindən maraqlı çıxışlar etdilər.

Bəstəkarlar Bayram Hüseynli, Qəmbər Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Aşıq Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələmişlər. Tədbirdə iştirak edən musiqili qonaqlar Azərbaycan Aşıqlar Birliyi Gəncəbasar bölməsinin sədri Aşıq İlqar Nəcəfoğlu “Göyçəgülü”, Aşıq Yolçu Salmanlı, Aşıq Vaqif İbrahimov və balabanda onları müşayət edən Qarabağ qazisi Yaşar Abbasov, Dəliməmmədli şəhər M.Zeynalov adına orta məktəbin müəllimi Afət Rzayevanın rəhbərliyi ilə tələbəsi Elman Məmmədov Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş nəğmələr ifa etdilər. Mərhum şair Təcnis Rəhim Qurbaninin nəvəsi Sahilə Səfərova babasının Aşıq Ələsgərə ithaf etdiyi şeirlə çıxış etdi.

Tədbirdə GDU-nun tələbələri və fəal oxucular iştirak edirdilər. Tədbir boyunca sənətkarın şeirləri saz musiqisinin sədaları altında ifa edildi.

Tədbirin sonunda MKS-nin direktor əvəzi Fəridə Qədimova gecənin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirdi və belə silsilə tədbirlərin davamlı olacağını xüsusilə vurğuladı. Tədbir yerli “Kəpəz TV” kanalı vasitəsilə işıqlandırıldı.