Dastanlar

Aşıq Ələsgərin Şınıq səfəri

Mənim əzizlərim, sizə haradan xəbər verim, kimdən deyim, Göyçə mahalının Ağkilsə kəndindən, Aşıq Ələsgərdən.

Aşıq Ələsgər adlı-sanlı aşıq olandan sonra çoxları gəlib, ona şəyird olmaq istəyirdi. Aşıq Ələsgər bunları seçərdi; səsi yaxşı olanları, sifətdən düzgünlərini, mərifətlilərini şə­yird götürərdi. Şəyirdlərini də tamam-kamal aşıq eləməmiş buraxmazdı. Yeri düşəndə həmişə deyərdi: “Aşıqlıq çox çətin peşədir. Aşığın dilində “bilmirəm” sözü olmamalıdır”.

Aşıq Nağı altı il idi ki, Aşıq Ələsgərə şəyirdlik eləyirdi. Amma aşıq olmağına hələ var idi. Aşıq Ələsgər çox zaman toylarda məclis aparmağı Nağıya tapşırırdı, özü də məc­lis­dəkilər kimi, qulaq asırdı ki, görüm kəm-kəsiri nədir.

Bir gün Nağının fikrinə gəldi ki, sən nə vaxta kimi şəyirdlik eləyəcəksən!

Məclisdə ən çox sən çalıb-oxuyursan; Aşıq Ələsgər bir-iki qatar oxuyur, ya oxumur, pulu də sənlə yarı bölür. Yaxşısı budur ki, ayrıca aşıqlıq elə, qazancının hamısı da özünün olsun.

Toyların birindən qayıdanda Aşıq Ələsgər gördü ki, Nağı bikefdir, soruşdu:

– Oğul, nə fikir eləyirsən?

– Ələsgər əmi, atam-anam yadıma düşüb. Bu gecə də yuxumu qarışdırmışam.

Evə getmək istəyirəm.

– Oğul, evinizə getsən, Allah qoysa, nə zaman qayıdacaqsan?

– Evin işini nə bilmək olar; qayıdam, ya qayıtmayam.

Aşıq Ələsgər Nağının fikrini başa düşdü, dedi:

– Qayıdıb-qayıtmamaq öz işindir, amma onu bil ki, mən sənə “aşıq” deməmişəm; sən hələ aşıq deyilsən (Aşıq Ələsgərdə belə bir xasiyyət var idi: neçə ki, şəyirdi bu sənətə yiyələnməyib, onun adını deyərdi; elə ki aşıqlığı tamam öyrəndi, ona “aşıq” deyərdi. Aşıq Nəcəf, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Qiyas... Bax, belə. Şəyirdi bundan başa düşərdi ki, o, aşıqlığı öyrənib, ayrıca aşıqlıq eləyə bilər).

Bəli, mənim əzizlərim, Aşıq Ələsgər Nağıya dedi ki, əgər qayıtmasan, heç harada de­mə ki, mən Aşıq Ələsgərə şəyird olmuşam.

Aşıq Ələsgər qazandıqları pulu Nağı ilə yarı böldü. Nağı pulu götürdü, sevinə- sevinə evlərinə getdi.

Bir-iki gün keçəndən sonra Nağı aşıqlığa başladı. Qazaxda, Ağstafada, Tovuzda bir neçə toy yola saldı, yaxşı da qazancı oldu. Özü-özünü danladı ki, niyə iki il bundan irəli ayrılmayıbdır.

Nağı hərlənə-hərlənə bir gün Qarayazıya gəlib çıxdı. Burada toy var idi. Toya Aşıq Əsədul­lahla Aşıq Cəfərqulunu çağırtmışdılar.

Qonaqların hamısı gəldi, məclis düzəldi, amma aşıqlar gəlib çıxmadılar.

Ona kimi biri dedi ki, filankəsin evinə cavan bir aşıq gəlib.

Tez gedib, Nağını gətirdilər. Nağı söhbəti başladı.

Məclisin şirin vaxtı bir də gördülər ki, Aşıq Əsədullahla Aşıq Cəfərqulu gəldi. Bunlar məclisə daxil olub, Nağını görəndə Aşıq Əsədullah toy sahibinə dedi:

– Aşığınız ki var idi, bəs, bizi niyə çağırtdırırdınız?!

Toy sahibi dedi:

– Bu aşığın özü gəlib. Söhbət sizindi.

Nağı gördü ki, məclisdən çıxıb getməyi yaxşı olmayacaq, dedi:

– Ay usta, burada bir çətin iş yoxdu ha. Üçümüz də söhbət eləyərik.

Aşıq Əsədulla üzünü Nağıya tutub, qeyzli-qeyzli dilləndi:

– Bəs, sən gələndə soruşmadın ki, bu toyun aşığı var, ya yoxdu?

Bəs, bilmirsən ki, toyun aşığının üstünə aşıq getməz?!

Nağı gördü ki, Aşıq Əsədullahın fikri özgədi, özünü cəmləşdiridi, dedi:

– Birincisi, mən özbaşıma gəlməmişəm, çağırıblar, gəlmişəm; ikincisi, məclis keçirən aşı­ğın üstünə aşıq gəlməzsə, onda gərək siz məni burada görəndə, qapıdan qayıda idiniz.

Aşıq Əsədullah gördü ki, bu, çox tutarlı cavab oldu. Bilmədi nə eləsin. Üzünü şə­yir­dinə tutub dedi:

– Aşıq Cəfərqulu, sazını çıxart, bir-iki qatar oxuyun!

Aşıq Əsədullah bununla işarə eləyirdi ki, bu aşığı pisikdir, məclisdən çıxart. Aşıq Cə­fərqulu sazını götürdü, Nağı ilə çalıb-oxumağa başladılar.

Cəfərqulu sözün birinci bəndini oxuyandan sonra bir bağlama bayatı çəkdi:

 

... Dəh nədi?

Atı vurdun, “dəh” nədi?!

Beş nədi, on beş nədi?

İki nədi, tək nədi?

 

Nağı nə qədər fikirləşdisə, bir yana yoza bilmədi. Özünü o yerə qoymadı, bir bənd də bu oxudu, bayatı çəkdi.

Aşıq Əsədullah yerindən dilləndi:

– Özün öləsən! Oxumaq elə olmur. Aşıq Cəfərqulunun bayatısını məna elə!

Nağı qaldı məəttəl. Aşıq Əsədullahgil Nağını bozartdılar, sazını da əlindən aldılar. Ağsaqqallar minnət elədi, sazı alıb verdilər...

Nağı məclisdən çıxdı, suyu süzülə-süzülə evlərinə qayıtdı.

Bir neçə gün keçdi. Nağı durub-dincələ bilmirdi. Gördü ki, fikirləşməkdən fayda yox­­du. Aşıq Ələsgərin yanına qayıtdı.

Aşıq Ələsgər Nağıgilin evlərinin vəziyyətini xəbər aldı, sonra soruşdu:

– Oğul, niyə bu qədər ləngidin?

Nağı bir qədər key dilləndi:

– Nə bilim, oldu da.

– Oğul, yoxsa bir yana aşıqlığa getmişdin?

Nağı gördü ki, əvvəl-axır bu məsələ açılacaq, başına gələnləri olduğu kimi Aşıq Ələs­gərə danışdı. Aşıq Ələsgər bir qədər Nağını danladı, sonra dedi:

– Oğul, keçib. Indi getsək, onları harada taparıq?

– Qazaxda, Tovuzda-zadda olarlar.

Aşıq Ələsgər Nağını da götürdü, yol başladılar o tərəfə. Gəlhagəl, gəlhagəl, gəlib Aşa­­­ğı Ayıblı kəndinə çıxdılar. Camaat Aşıq Ələsgərin gəldiyini eşitdi. Gecə qonaqçı evi­nə toplaşdılar. Yaxşı bir məclis quruldu.

Məclis qurtarandan sonra Aşıq Əsədullahgildən söhbət saldılar, öyrəndilər ki, Şınıq mahalın­dadırlar. Aşıq Ələsgərə də elə bu lazım idi. Camaat evlərinə dağılandan sonra bir ya­ğış başladı, gəl görəsən. Sabah duranda gördülər ki, yağış hələ kəsməyib.

Aşıq Ələsgər Nağıya dedi:

– Durmaq vaxtı deyil, gedək!

– Bu yağışda necə gedək?! Zığ dizə çıxır!

– Ləngimək olmaz. Yağış papağını zay eləyər, məst ilə də gedə bilmərəm. Sən bura­lar­dan ayağıma olası bir çarıq tap, bir də bir papaq, köhnə də olsa olar.

Nağı ev yiyəsinə dedi, qonşudan yekə, qıllı bir çoban papağı alıb gətirdilər, amma ça­rıq tapılmadı. Evdə mal gönü var idi. Nağı tez bundan bir cüt kəsdi, tükünü qaşımamış beş-altı yerindən deşdi, bir cüt çarıq düzəltdi.

Yağış bir az səngimişdi. Çay-çörəkdən sonra Aşıq Ələsgər çarığı geyindi, gətirdikləri papağı da, məsti də büküb heybəyə qoydu, yola düşdülər.

Şınığa yaxınlaşanda yağış yenə başladı. Aşıq Ələsgər papağını dəyişdi. Bir ayağına baxdı, bir başına baxdı, gördü çox qəribə görkəmi var. Nağıya dedi:

– Oğul, papaqla çarıq məni lap tanınmaz şəklə salıb. Bunları çıxartmayacağam, di­li­mi də dəyişəcəyəm. Heç kəsə bildirmə ki, bu Aşıq Ələsgərdir. Soruşan olsa, de ki, şəyirdimdir.

Nağının bu kənddə bir qonaqçısı var idi. Bunlar gedib, qapıya yetişəndə, bir qadın çıx­dı, Nağıya “xoş gəldin” elədi. Gördü ki, Nağının yanında bir kişi var, üç adam bö­yük­lükdə. Qadın Nağıdan soruşdu:

– A Nağı, bu kimdi?

– Mənim şəyirdimdi.

Arvad bir də Aşıq Ələsgəri başdan-ayağa süzdü; başındakı papağa, ayağındakı qıllı çarığa bulaşmış bir batman qədər palçığa baxandan sonra dedi:

– Bəs, bu yekəlikdə aşıqmı olar?! Bunu öyrətməkmi olar?!

Arvadın dediklərinin hamısını Aşıq Ələsgər eşitdi, amma heç üstünü vurmadı.

Nağı dedi:

– Nə eləyim, yalvardı, əl çəkmədi, mənimlə bərabər gəldi. Öyrənər, öyrənər, öyrən­məz də öyrənməz. Öz işidi.

Arvad gördü ki, bu kişinin əynindəki çuxa çox qiyməlidir. Nağıdan soruşdu ki, onu haradan alıb? Nağı dedi ki, Aşağı Ayıblıda toy elədim, mənə bağışladılar. Gördüm ki, əynimə yekədi, ona verdim. Arvad bir az da bərkdən dilləndi:

– Deyirəm axı.

Aşıq Ələsgər ürəyində dedi ki, yaxşı, sənə bir dağ çəkərəm.

Evin kişisi evdə yox idi. Nağı dalanda çəkmələrini çıxartdı, içəri keçdi. Arvad Aşıq Ələsgərə dedi ki, çarığını çıxart. Aşıq Ələsgər özünü eşitməzliyə vurdu. İçəri keçmək is­tə­yəndə, arvad qolundan tutdu, dedi:

– Əşi, xalı-gəbəni bulayacaqsan; çarığını burada çıxart!

– İçəridə çıxardacam. Burda çıxartsam, it aparar, ayaqyalın qalaram.

Arvad Aşıq Ələsgərin qolundan tutmaqla saxlayamı bilərdi. O, ayaqlarının bir o tərə­fini, bir də bu tərəfini qapıdakı odun kötüyünə sildi, içəri keçdi, çarığını çıxartdı, gəbənin qulağını qal­dırıb, altına qoydu. Arvad bilmədi gülə, bilmədi ağlaya. Nağı onu bir az “dan­ladı”, sonra üzünü arvada tutub dedi:

– Fatma bacı, bağışla!

Nağı səsini bir az alçaltdı, dedi:

– Bu kişinin qulağı ağır eşidir, ağlı da dəm-dəm gəlir.

Bu zaman evin kişisi gəldi. Xoş, beş, on beş... Nağı ilə öpüşdü, görüşdü. Aşıq Ələs­gərin də əlin­dən tutub, “xoş gəldin” elədi. Tez iki beçə kəsdi. Fatma sama­vara su tök­dü, od saldı. Aşıq Ələs­­gər dilləndi:

– A Nağı lələ, mənim dünyada bilmədiyim bir şey yoxdu; əmə bircə bunu bilmədim ki, Fatma bacı niyə odnan suyu bir yerə doldurdu?

– Əşi, samavardı da. Odun yeri ayrıdı, suyun yeri ayrıdı. Bunda çay qaynadırlar.

Aşıq Ələsgər ləhcəsini bir qədər də dəyişib, yastılaya-yastılaya dedi:

– Allah, yaratmana şükür!

Fatma əlini əlinə vurdu, bərkdən güldü. Sonra beçələrin ətini ocağın üstünə qoydu, çö­lə çıxdı. Qonşuda kimi gördüsə, dedi bizə bir kişi gəlib; elə bil ki, heç dünya görməyib. Özü də aşıqlıq öyrənmək istəyir.

Qonum-qonşu gəlib qapıdan “dünya görməmiş” kişiyə tamaşa eləməyə başladı.

Fatma xörəyi hazır elədi. Yaxşı tikələrini seçib Nağı ilə ərinin boşqabına yığdı; qa­nad­larını, qabırğalarını, boyun sümüyünü də bir boşqaba yığıb Aşıq Ələsgərin qabağına qoy­­du. Nağı istədi ki, qabını dəyişə, Aşıq Ələsgər işarə elədi ki, tərpətmə. Sonra öz qa­bın­dakı xörəyi də Nağının boş­qabına tökdü, dedi:

– Mən ustadımnan barabar yeməsəm, canıma sinməz.

Xörəyi yedilər. Fatma qablarını yığışdırandan sonra çay gətirdi.

Nağıgilin istəkan-nəlbəkisi bəzəkli idi, Aşıq Ələsgərinki sadə. Aşıq Ələsgər istəkanı əlinə götürdü, nəlbəkinin üstünə saldı, hər ikisi qırıldı.

Fatmanın acığı tutdu, amma üstünü vurmadı.

Nağı dilləndi:

– Əşi, nə iş gördün?!

– A Nağı lələ, andır nə yaman istiymiş?!

– Çay isti olar, da.

– Mən bunu içə bilmyəjəm, su içəjəm.

Fatma bir istəkan su gətirdi, dedi:

– Gözlə, indi də soyuq olar, salıb qırarsan!

Aşıq Ələsgər suyu birnəfəsə içdi, istəkanı yerə qoyub dedi:

– Bax, belə ha.

Aşıq Ələsgər gözünü evə gəzdirəndə, küncdə yekə bir qarpız gördü, dilləndi:

– A Nağı lələ, o nədi?

– Əşi, nenirsən nədi?!

– Sən Allah, nədi?

– Qarpızdı.

– Mənim dünyada görmədiyim şey yoxdu, əmə bunnan heş görməmişəm. Onu nə təhəri qayırıflar?

– Əşi, bostanda bitir, yeməli şeydir.

– Onun ağacı nə yekəlihdə oloy?

Nağıdan qabaq Fatma dilləndi:

– Onun ağacının başı buluda dəyir.

– Allah, yaratmana şükür!

Fatma durdu, qarpızı bir siniyə qoydu gətirdi. Nağıya dedi ki, kəsin, bu kişi doyunca yesin. Ev sahibi qarpızı dilimlədi, yeməyə başladılar.

Bunlar qarpız yeməkdə olsun, sizə camaatdan deyim. Xəbər qonşudan-qonşuya bütün kəndə yayıldı ki, Həsəngilə (Fatmanın ərinin adı Həsən idi) bir aşıqla bir canlı kişi gəlib, dünyada heç-zad görməyib; çay içməyi, çörək yeməyi də bilmir, özü də aşıqlıq öyrənmək istəyir.

Bu xəbər gedib toy evinə də çatdı. Aşıq Əsədullahgil də bunu eşitdi.

Soruşdular ki, aşığın adı nədi? Dedilər, Nağıdı, özü də bu nişan cavan bir adamdır.

Aşıq Əsədullahın yadına düşdü ki, bu, bir qədər bundan irəli bozartdıqları aşıq olacaq. O saat adam göndərdilər ki, gedin o aşığı da buraya çağırın, yanındakı kişini də, de­yin ki, sazlarını da götürüb gəlsinlər.

Toy evindən göndərilən adam Həsənə dedi:

– Aşıq Əsədullah xahiş elədi ki, axşam toya gələndə qonaqlarını da gətirsin. Fatma dilləndi:

– Həsən, biz Nağını da götürüb gedək; bu kişi evdə qalsın, heç üzə çıxası deyil.

Gələn adam dedi:

– Camaat da, aşıqlar da o kişini görmək istəyirlər. Tapşırdılar ki, sazlarını da gətirsin­lər.

İş yaxşı səmtinə düşmüşdü. Bir qədərdən sonra Aşıq Ələsgərgil sazlarını da götürdü­lər, toy evinə gəldilər.

Məclisə daxil olan kimi Nağı salam verdi, ayaq tərəfdə bir yerdə əyləşdi. Amma Aşıq Ələsgər düz baş tərəfə addadı, Aşıq Əsədullahın yanındakı boş yerdə əyləşdi. Bura Aşıq Cəfərqulunun yeri idi. O, ayaq üstə söhbət eləyirdi.

Fatma pərdənin dalına addadı, arvadların arasında əyləşdi, başladı “dünya görməmiş” bu kişinin işlərindən nağıllamağa. Arvadlar pərdənin o tərəf-bu tərəfindən Aşıq Ələsgərə tamaşa eləyirdilər. Bir gülüşmə, bir qaqqıltı var idi, gəl görəsən.

Aşıq Əsədullah üzünü Nağıya tutub dedi:

– A Nağı, sən nə abırsız adamsanmış! Ondakından üzündə su olmadı, bir də sazını götürüb, kəndlərə düşdün?!

– Ay usta, kəndlərə düşəndə, mən kimə nə eləyirəm ki!

– Bundan artıq nə eləmək istəyirsən?! Bizi hara çağırırlarsa, görürük ki, bizdən qabaq gəlib gözləyirsən! Sən gərək baş qaldırıb, el içində gəzməyəsən. Utanmaz-utanmaz yenə saz götürüb, aşıqlıq eləyirsən!

– Ay usta, sazı özünüz qaytarıb verdiniz, mən də aşıqlıq eləyirəm.

– Bu dəfə alanda, təpənə vurram, ağlın başına gələr! O kişi nə işin sahibidir?

– O kişi aşıqlıq öyrənmək istəyir. Əl çəkmədi, mənlə gəldi.

– Deməli, sən şəyird də gəzdirisən! Eləsə, şəyirdinə de, bir-iki kələm oxusun, səsini eşidək.

Nağı üzünü Aşıq Ələsgərə tutub dedi:

– Əşi, dur, bir-iki qatar oxu!

Aşıq Ələsgər yerindən durdu, sazı köynəyindən çıxartdı. Sol əli ilə çalmağa başla­yan­da, yenə hamı gülüşdü. Aşıq Əsədullah da əvvəlcə güldü, sonra acıqlı- acıqlı dedi:

– Aşıq Cəfərqulu, bunların haqq-hesabını qurtar! Camaat bizə məəttəldi!

Aşıq Ələsgər üzünü Nağıya tutub dedi:

– A Nağı lələ, o nə deyey?

– Deyir ki, siz ikiniz bir olun, biz ikimiz də bir, deyişək.

– Vallah, sən də lazım döyülsün; bunnarın ikisinin də boynunun qayış kimi eşərəm.

Camaat yenə bərk gülüşdü. Nağı dedi:

– Əşi, döyüşmək demir ey, deyişmək deyir.

– Deyişmək nə təəri oloy?

– Deyişmək odur ki, sən də onun oxuduğu kimi söz oxuyasan; suallarına sözlə cavab verəsən.

– Hə, indi başa düşdüm.

Aşıq Cəfərqulu sazı sinəsinə basdı, görək Aşıq Ələsgərə nə dedi, camaat nə eşitdi:

 

Əzəldən “can” deyib, “can” eşidirik,

İndi bivəfalıq ay nədən oldu?!

Deyirdin, ölüncə dönmərəm səndən,

Yad ilə aşnalıq ay nədən oldu?

 

Aşıq Ələsgər dedi:

– Bu söz Tufarqannı Abbasındı. Onu mən də billəm. Orta bəndini də mən oxuyacam.

– Elə şey ola bilməz; indi ki mən oxumuşam, mənimdi. Gərək sən də belə bir söz oxuyasan!

Aşıq Ələsgər dedi:

– Nolar ki! İki bəndi sənin olsun, bircə bəndi mənim!

– Yox, olmaz! Sazı bəri ver!

Bunlar belə cəhl çəkirdilər, çöldən xəbər gətirdilər ki, Qazax bəyləri faytonla gəldilər. Aşıq Ələs­gər Nağıya işarə elədi ki, çölə çıx. Əlini də dodağının üstünə qoydu. Yəni ki, de ki, tanışlıq verməsinlər.

Nağı Aşıq Ələsgərin işarəsini başa düşdü, çölə çıxdı. Annax bəyə dedi ki, o biri adamlara da de, tanışlıq verməsinlər, Aşıq Ələsgər içəridədir.

Bəylər bir-birini bu məsələdən halı elədilər, içəri daxil olub, yaxşı yerlərdə əyləşdilər. İsrafil ağa, Kazım ağa, Poxes Musa, Xoxanoğlu Alı... gəlmişdilər.

Kazım ağa Aşıq Əsədullaha üzünü tutub soruşdu:

– Bu ayaq üstündəki aşıq kimdir?

– Kim olmağını bilmirəm, aşıq deyil, aşıqlıq öyrənmək istəyir.

Aşıq Cəfərqulunun sözünün qabağına söz oxuya bilmir, qalıb ayaq üstündə.

A başına dönüm, hər yetirən bir çömçə götürüb. Belələrinin sazını alıb təpəsinə vur­masan, ağlı başına gəlməz.

İsrafil ağa yerindən dilləndi:

– Aşıq Əsədullah, yazıq adamdı, buraxın getsin, uşağını dolandırsın!

– Başın üçün buraxmaram! O biri tayını bir neçə gün bundan əvvəl nə abıra saldıq; bu gün gəlib, yenə aşıqlıq eləyir. Hələ utanmaz-utanmaz bunu da yanınca şəyird gətirib.

– Aşıq Əsədullah, mən indi bu kişidən ötrü minnət eləyirəm; bir də səndən ötrü minnət eləməyəcəm ha! Başına da and içibsən, bundan sonra özün bilərsən.

Aşıq Ələsgər gördü ki, iş möhkəmləndi, Aşıq Cəfərquluya dedi:

– Mən də “Ay nədən oldu” oxuyacağam, görək kimin sözü qurtarır?! Sözünü tərcüman elə!

Aşıq Cəfərqulu oxuduğu bəndi dilcavabı deyəndən sonra, aldı görək Aşıq Ələsgər həmin sözün müqabilində nə dedi, deyək, şad olasınız:

 

Yerin, göyün, ərşin, kürsün, insanın

Künhü, bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin dəryası ay nədən oldu?

 

Məclisdəkilər gördülər ki, bu heç bayaqkı adama oxşamır. Düzdü, sazı soləlli çalır, amma insan kimi danışdırır.

 

Aldı Aşıq Cəfərqulu:

Başına döndüyüm, gözəl şah hanı?!

Şahın dövlətindən yol budur, tanı.

Deyirdin həftəyə alarsan kamı,

Həftə ilə döndü, ay nədən oldu?

 

Aldı Aşıq Ələsgər:

Yeddi qat göy nə növünən quruldu?

Neçə qəndil, neçə sütun vuruldu?

“Sən kimsən, mən kiməm”, kimdən soruldu?

Ustadlar ustası ay nədən oldu?

 

Aldı Aşıq Cəfərqulu:

Gözəl şah üstümə sala bir saya,

Rəhm eləyə mənim kimi gədaya.

Abbas təəccüb eylər sirri-Xudaya,

Pəri ki bəşərdi, ay nədən oldu?!

 

Aldı Aşıq Ələsgər:

Nədən loh yarandı, nədəndi qələm?

Neçə hüruf o məclisdə oldu cəm?

Aləmi-ərvahda qurulan ələm

Ayəsi, şüqqəsi ay nədən oldu?

 

Növbə Aşıq Cəfərquluya çatanda, dayandı. İstədi sazın kökünü dəyişə, özgə söz baş­la­ya, Aşıq Ələsgər dedi:

– Aşıq Cəfərqulu, sonrasını de!

– Bəs, eşitmədinmi, tapşırmasını dedim.

– Mənim sözüm hələ qurtarmayıb, Onda qulaq as:

 

Mansırın toxmağı, İsrafil suru,

Kəbənin Zəmzəmi, Musanın Turu,

Nitqimin quyası, didəmin nuru,

Sərimin sevdası ay nədən oldu?

 

Yazıq Ələsgərəm, intizarım var;

Alimsənsə, məni eylə xəbərdar:

Elmi hardan tapdı cümlə aşıqlar,

Sirri-müəmması ay nədən oldu?

 

Aşıq Cəfərqulu gördü ki, çalmır, oxumur, ayaq üstündə boş durmaq biabırçılıqdır. İs­tədi ki, keçib yerində otura, Aşıq Ələsgər qolundan tutdu:

– Aşıq Cəfərqulu, haraya gedirsən?! Sənin oxuduğun sözün müqabilində mən bağlama de­dim. Mənim oxuduğum bağlamanın üç bəndi sən oxuduğun sözün əvəzi. İkicə bəndin cavabını ver, sonra əyləşə bilərsən.

Aşıq Cəfərqulu dedi:

– Burada nə böyük iş oldu! Bir söz mən Abbasdan oxudum, birini də sən Aşıq Ələs­gərdən. İndi sana elə söz deyəcəm ki, məəttəl qalacaqsan.

Məclisdəkilər hərə bir yandan dedilər ki, indi də bu aşıq deyəcək. Aşıq Cəfərqulu is­tər-istəməz razı oldu.

 

Aldı Aşıq Ələsgər:

Bizdən salam olsun arif olana,

Haqq nə gündə xəlq eylədi dünyanı?

Yer ilə göy nə saatda bəhs etdi,

Yer nə üstə bəndə saldı asmanı?

 

Aşıq Cəfərqulu qaldı məəttəl, Aşıq Ələsgər dedi:

– Aşıq Cəfərqulu, de gəlsin!

– O biri bəndini də de; ikisinə birdən cavab verəcəm.

Aşıq Ələsgər aldı o biri bəndini:

 

Asman nə istədi Bari-Xudadan?

Xuda nə əmr etdi ərşi-əladan?

Kim gəldi apardı kimi haradan?

Nə surətdə gördü Məscid-Əqsani?

 

– Aşıq Cəfərqulu, buyur!

– Sən de, hamısına birdən cavab verəcəm.

 

Aldı Aşıq Ələsgər:

Nə ab ilə orda aldı dəstamaz?

Neçə rükət əda eylədi namaz?

Neçə kimsənəyə oldu pişnamaz?

Onlar baqidirmi, olubmu fani?

 

Tez verəsən bu sözlərin isbatın;

Nədəndi bənası Aba-həyatın?

Hardadı məqamı Mələk əl-mövtun?

Nə tövr ilə alır insandan canı?

 

Bu təzə kəlamdı, olsun yəqini,

Kəbə - qibləm, dinim - Məhəmməd dini.

Atam Alməmməddi, Göyçə sakini,

Adım Ələsgərdi, yaxşı bil, tanı!

 

Tanıyanlar tanıyırdı, tanımayanların da çoxusu bildi ki, bu, Aşıq Ələsgərdir. Aşıq Əsə­dul­la­hın əhvalı elə qarışmışdı ki, o da bu aşığın Ələsgər olduğunu bilmədi. Elə hesab edirdi ki, Aşıq Ələsgərdən oxuyur.

Hamı tələb elədi ki, Aşıq Cəfərqulu ya sözün cavabın desin, ya da sazı versin. Cə­fər­qulu sazı yerə qoymağa məcbur oldu. Nağı sazı götürüb, arxa tərəfinə addatdı.

Aşıq Əsədullah meydana çıxdı. Bir o tərəfə, bir bu tərəfə hərləndi, qeyzli-qeyzli Aşıq Ələsgərə dedi:

– Gör bu saat sənin başına nə iş gətirəcəm!

Aşıq Ələsgər halını pozmadı, dedi:

– Buyur!

Aşıq Əsədullah sazın kökünü dəyişdi, görək “Misri” havası ilə nə dedi, məclisdəkilər nə eşitdi:

 

Solaxay aşıqsan, azdı kamalın,

Qilü-qallı bir bazara düşərsən.

Altmış yaşda təzə şəyird olubsan,

Vəzifəndən tez kənara düşərsən.

 

Aldı Aşıq Ələsgər:

Məğrurluq eyləyib, ustadan demə,

Vaxt olar, bir yerdə dara düşərsən.

Daş tülək deyilsən, çolpa balasan,

Sərgərdan qalarsan, tora düşərsən.

 

Aldı Aşıq Əsədullah:

Nabələdsən aşıqlığın işinə,

Dözəmməzsən mən tək nər savaşına.

Yönünü salaram dağlar başına,

Çovğuna, borana, qara düşərsən.

 

Aldı Aşıq Ələsgər:

Alçaqda dayan ki, çıxasan başa,

Tülküsən, aslanla girmə savaşa.

Gəl yapışma gücün çatmayan daşa,

Götürə bilməzsən, zora düşərsən.

 

Aldı Aşıq Əsədullah:

Sən Əsədullahla girmə meydana,

Onu aşıqlıqda tək doğub ana.

Şəyirdli-ustadlı sallam zindana,

Gözü yolda intizara düşərsən.

 

Aldı Aşıq Ələsgər:

Satmaynan Nağıya ərkinazını,

Zimistana döndərərəm yazını.

Soyaram libasın, allam sazını,

Yal-quyruğu yolux yola düşərsən.

 

Aşıq Ələsgər sözünü tərcüman eləyəndən sonra dedi:

– Aşıq Əsədullah, sözünü nə tez tamam elədin?! De gəlsin! Aşıq Əsədullah dillənə bilmədi. Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Saxla dilin, özün üçün yağıdı,

Aşıq Ələsgərin odlu çağıdı,

Çalar qaynağına, səni dağıdı,

Göydən yerə parça-para düşərsən.

 

Söz tamama yetişən kimi hərə bir yandan Aşıq Əsədullaha dedi ki, sazı versin. Aşıq Əsə­dul­lah dedi ki, elə şey ola bilməz. Mən oxuduğum elə-belə söz idi, o da onun qabağını oxudu. İndi bağlama deyəcəm, gərək açsın.

Aşıq Ələsgər dilləndi:

– Bağlamanı da de!

Aşıq Əsədullah Irəvanlı Mir Məcidin bir bağlamasını yadına saldı; götürdü, görək bu dəfə nə dedi, məclisdəkilər nə eşitdilər:

 

Xilafət mülkünün, şahənşahının

Üç yüz altmış altı qulamı vardır.

On iki köşkdü, qırx səkkiz hücrə,

Üç əzim şəhrində nizami vardır.

 

Aldı Aşıq Ələsgər:

Rişeyi-nübüvvət, nəsli-əlaya,

Əysik qulun ərzi-salamı vardır.

Üç yüz altmış altı gündü, qırx səkkiz - həftə,

On iki ayın üç əziz bayramı vardır.

 

Bəlkə yüz yerdən Aşıq Ələsgərə “afərin!” dedilər. Aşıq Ələsgər oxuduğunu tərcüman eləyəndən sonra Aşıq Əsədullaha dedi:

– Aşıq Əsədullah, yaxşı olar ki, bazara öz bağının meyvəsindən çıxardasan.

Aşıq Ələsgərin nə dediyini məclisdəkilərin çoxu da başa düşdü. Aşıq Əsədullah dedi:

– İndi ki, mən oxuyuram, mənimdi. Sən cavabını ver!

– Onda de gəlsin!

 

Aldı Aşıq Əsədullah:

Bir gülşəndə gördüm beş qönçə xəndan,

On iki dəstə gül, on dördü reyhan.

Bir çeşməsin gördüm, nur idi əlan,

Yüz iyirmi dörd min sücamı vardır.

 

Aldı Aşıq Ələsgər:

Beş - pənci-Ali-Əbadı əzimü əziz,

On iki imam, çardə məsum düzbədüz,

 

Yüz iyirmi dörd min peyğəmbərimiz,

Hər birinin ayrı məqamı vardır.

 

Aldı Aşıq Əsədullah:

Bir məscidin gördüm əcəb mötəbər,

Altı min altı yüz altmış altı dər,

Altmış pəncərədi, yüz on dörd minbər,

Otuz sütun üstə davamı vardır.

 

Aldı Aşıq Ələsgər:

Altı min altı yüz altmış altı gül!*

Yüz on dörd surədir Quran, yəqin bil.

Altmış nisbi, otuz cüzi müttəsil,

Doxsan min kəlmədə tamamı vardır.

 

Aldı Aşıq Əsədullah:

Bir mehrabda gördüm əcayib Quran,

On yeddi səhifədi, on səkkiz xoş han,

İyirmi sətirdi, əlli bir bəyan,

Beş cilid içində tamamı vardır.

 

Aldı Aşıq Ələsgər:

Elmi-ibadətdi əcayib Quran,

On yeddi rükətdi, on səkkiz xoş han.

Əlli bir sünnətdi, yerbəyer qılan,

Məxrəci, səktəsi, idğamı vardır.

 

Aşıq Əsədullah gördü ki, Aşıq Ələsgər bağlamanı açdı: fikirləşdi ki, sözü öz adına tapşırma­ğın başı yoxdur. Aldı, görək sözün tapşırmasını necə dedi:

 

Əgər əsli-nəslim bilmək etsə çak,

Görüm ki, dur etsin dövrünü əflak.

Irəvan, Mir Məcid seyyidi-qəmnak,

Bisəmər-bəsəmər kalamı vardır.

 

İndi bilməyənlərə də aydın oldu ki, söz Aşıq Əsədullahın deyilmiş; irəvanlı Mir Məcid ağanın imiş.

Görək Aşıq Ələsgər sözünün tapşırmasında nə dedi:

 

Ələsgərəm, qəmdən olmaram azad,

Haqdı mizan, Sirat - puli-qiyamat.

Üsyan, tüğyan, çaşqın, düşgün, bisavad...

Ah çəkmək dilimdə müdamı vardır.

 

Ələsgərin bu cavabından sonra Aşıq Əsədullah sazın kökünü dəyişmək istədi ki, bir bağlama da desin. İsrafil ağa yerindən dilləndi:

– Aşıq Əsədullah, ataların belə bir sözü var: “Adın nədi, Rəşid, birini de, birini eşit”. Indi də Aşıq Ələsgər deyəcəkdir.

Aşıq Əsədullah İsrafil ağanın sözünü çöndərə bilmədi. Hamı İsrafil ağanın sözünü təsdiq elədi. Aşıq Əsədullah çar-naçar razılaşmalı oldu. Amma bir şərt qoydu ki, mən oxu­­­mamışam, gərək dediyi bağlama dindən, şəriətdən, Qurandan olmasın; gözümüz gör­düyü şeylərdən desin, mən də cavab verim. Aşıq Cəfərqulunun bağlamağı da düzgün ol­madı. Cəfərqulu molla ha deyildi, bilə idi ki, dünya nə günü yaranıb, göy Allahdan nə istəyib, Məscidi Əqsaya gedən kim imiş, neçə rükət namaz qılıb, Əzrayılın yeri haradadı, daha nə bilim nə...

Aşıq Ələsgər üzünü camaata tutub dedi:

– Mən də Aşıq Əsədullahın bu sözünün tərəfdarıyam. Aşıq Ələsgər gözünü məclisə gəzdirdi, sazı sinəsinə basdı, aldı görək “müxəmməs” havası ilə nə dedi, Aşıq Əsədullah və məclisdəkilər nə eşitdi. Biz də sazla deyək, şad olun:

 

Bu gün bir əcayib gördüm,

Təsbehi heyvana yetər.

Ariflər, uzaq düşməyin,

Nisbəti ilana yetər.

Cəsədi qüdrətdəndi,

Əməli insana yetər.

Hərdən ki, nərə çəkər,

Sədası ümmana yetər.

 

Aşıq Əsədullah nə qədər fikirləşdisə, yadına belə bir heyvan düşmədi. Aşıq Ələsgər saz çalmağı dayandırdı, Aşıq Əsədullahın üzünə baxdı. Aşıq Əsədullah dedi:

– O biri bəndini de. Mən ikisinə birdən cavab verəcəm.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Yeddi bağırsağı var,

Qarnında aşkar dolanır.

Yalnız ki mən demirəm,

Onu görən hamı qanır.

Əjdahalar, pələnglər

Görəndə candan usanır.

Başını götürüb qaçar,

Hərəsi bir yana yetər.

 

Aşıq Əsədullah yenə dillənmədi, fikirləşdi. Məclisdəkilərdən bir çoxu ona dedi ki, ca­vab verə bilmirsənsə, sazı yerə qoy!

Aşıq Əsədullah dedi:

– Bu, nədirsə, bir şeydir. O biri bəndlərini də desin, hamısına birdən cavab verəcəm.

Aldı, görək bu dəfə Aşıq Ələsgər nə dedi:

 

Dümbünü çəkibdilər

Cəsədindən yen ziyada,

Adlanıb, isbatlanıb,

Hər tərəfə salıb səda;

Bəyləri minər gəzər,

Heç yerə getməz piyada.

 

Nə ayağı yerdədir,

Nə səri asmana yetər.

 

Aşıq Əsədullah dilləndi:

– Ay camaat, bu aşıq hamıya sataşmışdı, bircə qalmışdı bəylər. Görün elə də heyvan olarmı ilana oxşaya; əjdahalar, pələnglər ondan qorxa; qarnında yeddi bağırsağı ola, həm də bəyləri minə?!

Aşıq Əsədullah belə deyirdi ki, bəlkə, bəylər onun tərəfini saxlaya. Gördü yox, bəy­lərdən də ona bir kömək olmadı. Yenə fikirləşməyə başladı.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Məqədindən taam yeyir,

Qəyy eyləyir dahanından;

O vaxtında qarşı duran,

Gərək ki, keçsin canından;

Üz görməz qardaşına,

Xof eyləməz düşmanından:

Hər kimə xişm ilə baxsa,

Ölməsə də, cana yetər.

 

Onun xörəyini deyim,

Təşbehi quş yumurtası;

Qarnında zikr eləyir,

İnsana yetişir səsi;

Dilini ona vuranda,

Çıxır bir üryan balası;

Qanadı yox, quyruğu yox,

Uçar, biyabana yetər.

 

Bu dəfə Aşıq Əsədullahın ayağı lap yer aldı, dedi:

– Ay camaat, siz bir yalana baxın; görün elə də heyvan olarmı ki, gerisindən yeyə, ağzından xaric eyləyə?! Qanadsız-quyruqsuz uça?! Bu söz tamam dolaşdırmadı. Əgər bu dediklərini özü bir şeyə yozdu, sözüm yoxdu; yox, yoza bilməsə, mən bir bağlama de­yə­cəm, cavab versin!

Aşıq Əsədullahın belə deməyinə tərəfdar çıxanlar da oldu. Çünki bir Əsədullah yox, məc­lisdəkilərin çoxu fikirləşə-fikirləşə qalmışdı.

Aşıq Ələsgər “baş üstə”, - dedi, aldı sözün tapşırmasını:

 

Hər kəsə nəfəsi dəysə,

Ölməsə də, gedər huşdan;

Üç yerindən kəməri var,

Qurşayıb zəri gümüşdən.

Aşıq Ələsgər deyər,

Hər kəs baş tapsa bu işdən,

Ona bir tərif deyərəm,

Gedər Alosmana yetər.

 

Bəli, mənim əzizlərim, elə ki, sözünü tamamladı, məclisdəkilərin hamısı Aşıq Ələs­gərə diq­qət elədi ki, görək bu bağlamanı necə açacaq.

Aşıq Ələsgər dayandı, Aşıq Əsədullahın üzünə baxdı. Aşıq Əsədullah dedi:

– Sözünü özün izah elə!

Aşıq Ələsgər bəylərin birinin qucağındakı rus beşatanını göstərib dedi:

– O tüfəngə baxın; görün dediyim nişanlar o tüfəngdə var, yoxsa dolaşdırma de­mi­şəm?!

Məclisdəkilərin hamısı Aşıq Ələsgərin tüfəng üstündə belə bir bağlama düzəltdiyinə heyran qaldılar. Hərə bir tərəfdən Aşıq Əsədullaha dedi ki, kişinin bağlamasına söz ola bil­məz, səni bağladı, sazı ver!

Aşıq Əsədullah sazı yerə qoydu, pisikmiş halda keçib yerində oturdu. Nağı bu sazı da o birinin yanına qoydu.

İsrafil ağa dilləndi:

– Aşıq Əsədullah, sənə demədimmi bu kişini burax getsin?! Sözümə baxmadın. İndi səndən ötrü minnət eləməyəcəm.

Aşıq Əsədullah dedi:

– Mən nə bilə idim ki, bu, Aşıq Ələsgər imiş?!

Aşıq Ələsgər dedi:

– Aşıq Əsdullah, siz bir bayatı ilə mənim şəyirdimi bağlayıbsınız.

Amma bilin ki, bağlamaq elə olmur, belə olur. Gəlin sazlarınızı da götürün, pulunuzu da. Bir də siz olun, qatırçının qatırını hürküdün!

Aşıq Ələsgər Aşıq Əsədullahgilin sazlarını da, yığılan pulu da onlara verdi. Nə qədər dedilər ki, pul sizindir, Aşıq Ələsgər razı olmadı, dedi:

– Mən pul qazanmağa gəlməmişəm; məqsədim bu aşıqlar ilə görüşmək idi ki, gö­rüş­düm.

Aşıq Əsədullahla Aşıq Cəfərqulu məclisdə qala bilmədilər; sazlarını da götürüb get­dilər. Aşıq Ələsgərlə Nağı təzədən camaata yaxşı söhbət elədilər, toyu yola saldılar.

Bu əhvalatdan sonra Nağı iki il də yenə Aşıq Ələsgərə şəyirdlik elədi, bilmədiklərini öyrəndi, yaxşı bir aşıq oldu.

Sizi həmişə sazda, söhbətdə, kefdə, damaqda olasınız!



* Gül – Quran ayəsinə işarədir.