Dastanlar

Aşıq Ələsgərlə Dəli Alı

Mənim əzizlərim, sizə haradan xəbər verim, Gəncəbasarın Qarasuçu kəndindən. Qa­rasuçu kəndində kimdən, Dəli Alıdan.

Alı cavan vaxtlarında çobanlıq eləyirdi. Bir gün xərc üstündə yüzbaşı bunların ailəsini incitdi. Alı axşam evə gələndə məsələni eşitdi.

Gəlib xəncərlə yüzbaşını öldürdü, qaçdı. Hökumət Alının qohumlarına bu işin üstündə çox əzab-əziyyət verdi. Bunların da çoxu qaçıb, Alının dəstəsinə qoşuldu. Az bir zamanda Alının dəstəsi böyüdü.

Hökumət neçə dəfələrlə Alının üstünə silahlı adamlar göndərdi ki, onu tutsun, ba­carmadı; Alı gələnlərin hamısını qırdı. Qazan dağında, Acıbulaqda, Qarasuçuda, Samıxda, Zincirlidə olan vuruşmalarda Alının dəstəsi yüzlərlə adam qırmışdı, sel kimi qan axıt­mışdı. İyidliyinə görə xalq ona “Alı” yox, “Dəli Alı” deyirdi.

Dəli Alı 25 il idi ki, qaçaq idi. Onun səddi-sorağı Nikolaya da yetişmişdi.

Nikolayın qızı Nikolayın əmisindən xahiş eləmişdi ki, gedər o iyidin şəklini çəkdirər, mana gətirərsən.

Qoçaqlıqda, qəhrəmanlıqda Dəli Alının adı söyləndiyi kimi, aşıqlıqda da Aşıq Ələs­gərin adı bütün Qafqazı götürmüşdü. Amma bu qədər vaxtda nə Dəli Alı Aşıq Ələsgəri görmüşdü, nə də Aşıq Ələsgər Dəli Alını.

Dəli Alının Zeynalabdın adlı bir bacısı oğlu var idi. Dəli Alı onun xətrini çox istəyirdi. Bir gün Zeynalabdını evləndirəmk fikrinə düşdü.

Öz-özünə fikir elədi ki, heç belə şey olmaz ki, Aşıq Ələsgərin adı dünyanı götürə, sən onun məclisində olmayasan. Gərək nə cür olsa, Zeynalabdının toyuna Aşıq Ələsgəri gə­tirəm.

Yaylaq vaxtı Zincirlidə olanda toy tədarükü görməyə başladı. Sabah ertə Dəli Alı yol­­daşları ilə            bərabər Göyçəyə gələn yolun qırağında        əyləşmişdi. Bir də gördülər ki, bir dəs­tə adam gəlir. Gələn adamlar Dəli Alıgili tüfəngli görəndə qorxdular, istədilər ki, ayaqlarını saxlasınlar. Dəli Alının yoldaşları əl elədilər ki, qorxmayın, gəlin.

Adamlar gəlib yetişdi.

– Salaməleyküm!

– Ələyküməsəlam!

Dəli Alı soruşudu:

– Niyə bizi görəndə dayandınız?

– Düzü ki, ehtiyat elədik.

– Gəlişiniz haradandı?

– Arandan, fəhləlikdən.

– Bu dəstə Dəli Alının dəstəsidi. Bizim camaata xeyrimizdən başqa, ziyanımız dəy­məz. İndi deyin görüm, haradasınız?

– Başına dönüm, Ağkilsədənik.

Bunlar belə deyən kimi, Aşıq Ələsgər Dəli Alının yadına düşdü.

– Bir kağız versəm, aparıb Aşıq Ələsgərə verə bilərsinizmi?

– Verərik, özgə nə tapşınğın da olsa, yerinə yetirərik.

Dəli Alı tez kağız yazdırdı, adamların birinə verdi.

Fəhlələr Ağkilsəyə gəlməkdə olsun, sizə kimdən xəbər verim, Ağkilsədə Aşıq Ələs­gər­dən.

Aşıq Ələsgərin oğlu Bəşir böyümüşdü; evlənmək vaxtı idi. Aşıq Ələsgər fikirləşdi ki, payız girən kimi Bəşirin toyunu eləsin. Yavaş-yavaş tədarük görməyə başladı.

Ot biçininin vaxtı idi. Araba ilə dağdan kəndə ot daşıyırdılar. Arandan gələnlər ax­şam ka­ğızı gətirib, Aşıq Ələsgərə verdi. Aşıq Ələsgər kağızı Bəşirə oxutdu, gördü ki, Dəli Alı göndərib. Kağızda yazıb ki, xeyir işimiz var, gəl məni Zincirlidə tap.

Aşıq Ələsgər bərk fikrə düşdü. Bəşir soruşdu:

– Ay Dədə, nə fikir eləyirsən?

– Oğul, işin-gücün bu vaxtında bilmirəm necə gedim?

– Ay Dədə, işdən sarı fikir eləmə. Otu Əbdüləzimlə mən daşıyıram, üç-dörd günə qədər də özün gələrsən.

Sabah hamınızın üzünə xeyirliklə açılsın! Sabah açılanda Aşıq Ələsgər Daşkəndə də, Böyük Qaraqoyunluya da xəbər göndərdi, bir azdan sonra şəyirdləri Aşıq Nəcəflə Aşıq Əsəd sazlarını götürüb gəldilər.

Aşıq Nəcəf soruşdu:

– Ələsgər əmi, bu vaxtı hara belə?

– Oğul, bir yerə çağırıblar.

Aşıq Əsəd soruşdu:

– Ələsgər əmi, hara çağırıblar?

– Yaylağa toya çağırıblar.

Aşıq Ələsgər də sazını götürdü atlarını mindilər, yola düşdülər.

Gəlhagəl, gəlib Layışqırılana yetişdilər. O tərəf-bu tərəfə baxdılar ki, heç bir şey gö­rün­mür. Bir az da irəli gedəndə gördülər ki, Sarı Məyəlin döşündə bir dəstə atlı tökülüb. Ehtiyat elədilər, atların başını çəkib dayandılar. Elə bu vaxt üst tərəf qayadan səsləndilər:

– Ey, a yolla gedənlər, niyə dayandınız? Atlarınızı sürün, düz o görünən adamların ya­­nına!

Aşıq Ələsgərgil atlarını sürüb, adamların yanına yetişdilər.

– Salaməleyküm!

– Əleyküməsalam!

Aşıq Ələsgər gördü ki, bunların içində dağıstanformu geyinmiş, başında qabardini bu­­xara papaq olan bir adam var. Həmin adam yerindən dilləndi:

– Aşıq, atdan düşün!

Aşıq Ələsgərgil atdan düşdülər. Sonra o adam yoldaşlarına dedi:

– Əyə, aşıqların atlarını tutun!

Tez gəlib, aşıqların atlarını tutdular.

– Aşıq, əyləşin!

Aşıq Ələsgərgil dinməzcə əyləşdilər.

Həmin adam üzünü Aşıq Ələsgərə tutub dedi:

– Aşıq, adın nədi?

– Adam Ələsgərdi.

– Yoxsa göyçəli Aşıq Ələsgər sənsən?

– Bəli, mənəm.

– Bəs bu aşıqlar kimdi?

– Bunlar də mənim şəyirdlərimdi.

– Aşıq Ələsgər, bəs, Allah qoysa, səfəriniz harayadı?

Aşıq Ələsgər gördü ki, burda yaman dolaşdı. Əgər desə ki, Dəli Alı çağırıb, oraya gedirdik, bəlkə də, Dəli Alının düşmənlərindəndi, sözsüzcə öl­dü­rə­cəklər. Yox, əgər desə ki, özgə yerə gedirik, bəlkə, elə bu, Dəli Alıdı, deyə­cək ki, səni mən çağırtdırmı­şam, məni qoyub haraya ge­dirsən?! Yenə yaxşı olmayacaq. Bir də fikir elə­­di ki, düzünü demək hamısından yaxşıdır. Əgər düşmən adamdı, səni öldürsə də, Dəli Alı eşidər, qanını yerdə qoymaz. Dost adam olsa da, səni Dəli Alının yanına aparar. Aşıq Ələsgər dedi:

– Alı çağırıb.

– Nə bilim, o qədər Alı var ki, hansını deyirsən?

– Qaçaq Alı çağırıb.

– Qaçaq dəstələrinin çoxunda Alı adlı adam var. Haraya, hansı dəstəyə getmək istə­yirsən?

Aşıq Ələsgər gördü ki, olmadı, dedi:

– Dəli Alı çağırıb. Oraya gedəcəyik.

– Dəli Alını görübsən?

– Yox, görməmişəm.

– Əşi, bəs, bir dəlinin sözündən ötrü niyə dağlara, daşlara düşübsən?

Yaxşı olsa “Ağıllı Alı” deyərdilər də!..

– O, qoçaq adam olduğuna görə “dəli” deyirlər. Bu dəli ağılsız dəlilərdən deyil. Dəli Alı çox adlı adamdır.

– Dəli Alının özünü görməyibsən, bəs, hansı işlərini eşidibsən ki, deyirsən adlı adam­dır?

Aşıq Ələsgər Dəli Alının qoçaqlıqlarından danışmağa başlayanda, söhbət elədiyi adam dedi:

– Aşıq, deyəsən axı, sən Aşıq Ələsgər deyilsən?!

– Niyə, nədən bildin ki, mən Aşıq Ələsgər deyiləm?

– Əgər Aşıq Ələsgər olsan, Dəli Alının haqqında nə bilirsənsə, sözlə deyərdin; sən Dəli Alının haqqında eşidibsənsə, mən də Aşıq Ələsgər haqqında eşitmişəm.

Aşıq Ələsgər gördü ki, çox hesabı söz deyir. Sazı köynəyindən çıxartdı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, aldı görək Dəli Alının haqqında buradakı adamlara nə dedi:

 

Gün kimi aləmi tutubdu adı,

İyidlər sultanı, xanı Dəli Alı.

Pirim - Şahi-Mərdan verib muradı,

Artırıb şövkəti, şanı Dəli Alı.

 

Götürüb süzəni, minəndə ata,

Fələk “əhsən” deyir boya, büsata.

Nərə çəkib, təpinəndə saldata,

Sel kimi axıdır qanı Dəli Alı.

 

Aşıq Ələsgər gördü ki, bunu danışdıran adamdan başqa, o biri adamların hamısı gü­lüm­sünür. O saat bildi ki, burda bir iş var. Üzünü həmin adama tutub, görək bu dəfə nə dedi:

 

Namərdlər əlindən çəkirlər haşa,

Namuslu iyidsən, səni yüz yaşa!

Tüfəngin gülləsi işləyir daşa,

Tək qaytarır yüz düşmanı Dəli Alı.

 

Aşıq Ələsgər yanılmamışdı; doğrudan da, bu, Dəli Alı idi. Dəli Alı gördü ki, Aşıq Ələs­gər onu tanıdı, daha dillənib bir söz soruşmadı.

Aşıq Ələsgər bir Dəli Alıya baxdı, bir yoldaşlarına baxdı, gördü ki, bir-birindən say-seçmə oğlanlardır. Bunların axır günlərini fikirləşdi ki, görəsən, necə olacaqdır; hansı vuruşmada baş­larına nə iş gələcək?

Elə olaydı ki, arxayınlıq olaydı, sazla, sözlə belə məclislər keçirəydilər.

Aşıq Ələsgər aldı, görək bu dəfə Dəli Alıya, onun yoldaşlarına nə arzuladı:

 

Dərs alıbdı o, Əliyyi-əladan

Xof eyləmir Xeybər kimi qaladan.

Gəzən zəlzələdən, yaman bəladan

Hifz eyləsin kərəm kanı, Dəli Alı!

 

Məclisində duran canlar sağ olsun!

Həmişə məclisdə bu damağ olsun!

Sərdar bağışlasın, üzün ağ olsun!

Sən sürəsən bu dövranı, Dəli Alı!

 

Dəli Alı dedi:

– Aşıq Ələsgər, Dəli Alı mənəm. Sənə kağız göndərən də mənəm. Xeyir işimiz var, səni bir ay saxlayacam.

Dəli Alı belə deyəndə, Aşıq Ələsgərin evdəki işləri: otun daşınması, Bəşirin toy işi yadına düşdü. Gördü ki, bir ay burada qalsa, taxılın biçini də düşəcək, işlər kənddə bir-birinə qarışacaq. “Qalmıram” demək də olmaz. Fikirləşdi ki, gəl de ki, işlərimi pəj­mürdə qoyub gəlmişəm; bəlkə, bir az tez buraxa. Aldı, görək bu dəfə öz işlərinin vəziy­yətini Dəli Alıya necə bildirdi:

 

Ələsgərin toy işi var əlində,

İşi təhər tapıb Göyçə elində.

Sənin kimi mərd iyidin yolunda

Qurbandı aşığın canı, Dəli Alı!

 

– Aşıq Ələsgər, yoxsa səni özgə yerə toya çağırıblarmış, onu qoyub buraya gəlibsən?

– Yox, a Dəli Alı, sizinkilərlə bərabər Allah sağ eləsin! Öz oğluma toy tədarükü görürəm. Ona toy eləyəcəm.

– Bir xırda toy da bizim var. Sənə ona görə zəhmət vermişəm. Hələ hər şeydən qabaq, səndən bir xahişim var: gərək “Həcər xanımın əhvalatı”nı danışasan qulaq asaq!

Bəli, mənim əzizlərim, Aşıq Ələsgər Qızılvəngə gedib, Həcər xanımla deyişəndən sonra bu məsələ bircə ilin içində bütün Azərbaycana yayılmışdı. Məclislərin çoxunda ca­maat aşıqlara bunu danışdırırdı.

– Aşıq Ələsgər, bu pul olsun oğlunun toy xərci. İndi zəhmət çəkin, bizim yaylağa gedin. Üç gündən sonra gəlib toyu başlayacam.

Dəli Alı Aşıq Ələsgərə bu sözü deyəndən sonra ucaboy, cavan bir oğlana üzünü tutub dedi:

– Zeynalabdın, aşıqları apar, alaçıqda rahat olsunlar. Zeynaba da de ki, tədarük görsün, üç gündən sonra gəlib toyu başlayacam.

Zeynalabdın Aşıq Ələsgərgili Xaçbulaq yaylağına gətirdi. Dəli Alının bacısı Zeynab aşıqlara “xoş gəldin” elədi, sonra alaçığa aparıb çay-çörək qoydu.

Bir qədər keçəndən sonra Aşıq Ələsgərgil alaçığın qapısına çıxdılar. Gördülər ki, ala­çıqdan xeyli aralı çoxlu at var, amma hamısı hörüklüdür.

Saydılar ki, düz qırx atdır. Aşıq Ələsgər Zeynalabdından soruşdu:

– Oğul, o hörükdəkilər nə atdı?

– Ələsgər əmi, Alı dayımındı. Atları yorulduqca gəlib dəyişdirirlər.

Aşıq Ələsgər gördü ki, dağın döşündə üç sürü qoyun otlayır. Ondan aşağıda- dərədə bir naxır camış var. Bu tərəfdə bir naxır mal otlayır.

Gözünü o tərəf-bu tərəfə gəzdirdi, Dəli Alıgilin alaçıqlarından başqa, nə bir oba gördü, nə bir alaçıq. Zeynalabdından soruşdu:

– Oğul, bu mal-heyvan hansı kəndindir?

– Ələsgər əmi, burada nə qədər mal-heyvan varsa, hamısı Alı dayımındır.

Aşıq Ələsgər neçə ilin aşığı idi, belə dövləti heç kəsdə görməmişdi.

Gecə yatdılar, sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açıldı.

Aşıq Ələsgərgil gördülər ki, beş-altı ulaq hazır oldu. Zeynabla Zeynalabdının danı­şı­ğından başa düşdülər ki, bu ulaqları Şəmkirdən düyü gətirməyə göndərirlər. Ulaqları iki ada­mın qabağına qatdılar, bunlar getdi. Aradan bir az keçməmiş beş- altı ulaq da hazır elədilər.

Aşıq Ələsgər bu dəfə Zeynalabdından soruşdu:

– Oğul, bu ulaqları haraya göndərirsən?

– Ələsgər əmi, Gəncəyə göndərirəm, oradan qənd, şirniyyat gətirsinlər.

İki adam da bu ulaqları götürüb getdi. Bir azdan sonra gördülər ki, iki adamın da qaba­ğına dörd ulaq qatıb yola saldılar. Aşıq Ələsgər yenə Zeynalabdından soruşdu:

– Oğul, bəs, bunları haraya göndərdin?

– Ələsgər əmi, onları da Sarıyaldan yağ gətirməyə göndərdim.

– Oğul, Allaha şükür, bu qədər mal-qoyununuz var, niyə özgələrdən yağ gətirirsiniz?

– Ələsgər əmi, dayım dedi ki, yağı oradan gətirin. Oranın yağı yaxşıdır.

Aşıq Ələsgərgil bu gördüklərinə inanmırdı; fikir eləyirdilər ki, bunun yüz qonağı olar, yüz də özləri olar, bu eləyər iki yüz. Daha bu qədər düyü, bu qədər qənd, bu qədər yağ nəyə gərəkdir? Elə belə fikirlərlə o günü keçirtdilər.

Səhər Aşıq Ələsgər gördü ki, doğrudan da, düyüyə, qəndə, yağa gedənlər ulaqları yük­lü gətir­dilər.

Üçüncü günə keçəndə qonağın ağzı açıldı. Dəli Alının dostları gəlməyə başladılar. Zey­na­labdın gələn qonaqlar üçün heyvan kəsdirdi, kabab verdi. Günorta olanda, bir də gördülər ki, da­ğın döşü ilə Dəli Alının dəstəsi gəlir. Bir dəstə bu yandan töküldü, bir dəstə o yandan...

Bəli, toy başlandı. Qonağın arası kəsilmirdi, elə hey gəlirdi. Yağışdan ehtiyat eləyir­dilər; iki yerdə böyük mağar tikdilər. İncəvara, yağış-zad olmadı, hava çox xoş keçdi.

Axşam Aşıq Ələsgərgil söhbəti başladı. Ortaya dəsmal açdılar. Aşıqlar oxuduqca qı­zıl­lar cınqıltı ilə dəsmalın üstünə tökülürdü. Elə olurdu ki, adlı qaçaqlar bir-birinin bəsinə şabaşa beş manat qızıl verirdilər.

Qaçaqlardan başqa, ayrı-ayrı yerlərdən bir çox adlı-sanlı adamlar da toya gəlmişdilər. Məclisi yola salan, hər işə qarışan, zəhmli bir adam var idi. Bu da dağıstan formu geyin­mişdi. Üst-başı yaraqlı-yasaqlı idi. Aşıq Ələsgər öyrəndi ki, Dəli Alının qardaşı Aslandır.

O gecə keçdi. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah yemək-içməkdən sonra qaçaq­lar meydan düzəltdilər, at oynatdılar, güllə atdılar, cıdıra çıxdılar... Axşama qədər bir şənlik, bir vurhavur oldu ki, gəl görəsən.

Dəli Alının qonağı bir ucdan gəlib, bir ucdan gedirdi. Toy on beş gün idi ki, davam elə­yirdi. Hər gecə bir-birindən şərafətli məclis düzəldib, xoruz banına qədər aşıqları oxu­durdular.

Aşıq Ələsgərgilin hər gün nə qədər xeyiri olurdusa da, yenə darıxırdı; fikirləşirdi ki, gö­rəsən, ot necoldu, taxılın biçini düşdümü?..

Aşıq Ələsgər başının tükü sayı toy eləmişdi, amma nə ağanın, nə bəyin, nə heç kəsin belə məclisini görməmişdi. Fikrindən keçirdi ki, bu toya bir tərif desin, amma bu məc­lisdə deməyi lazım bilmirdi, çünki məclisdəkilər elə hesab eləyirdilər ki, Aşıq Ələsgər bu tərifi nəmər almaq üçün dedi. Bu fikirdə idi ki, kəndə qayıdanda, ya da başqa bir toy məc­lisində burda gördüklərini desin. Çox götür-qoy elədi, gördü ki, doğrudan da, bu ondan çox şərafətli düşər.

Aşıq Ələsgər öyrəndi ki, gələn qonaqlar toya beş min manat xələt gətiriblər. Qəs­sabdan halı oldu ki, xırda toğludan başqa, yüzə qədər erkək-öyəc kəsilib.

Dəli Alı iki dəllək gətirmişdi ki, gələn qonaqların üz-başını qırxsın, amma pul al­ma­sın, hesa­bını yadında saxlasın. İki nalbənd gətirdib tapşırmışdı ki, Göyçədən Arana, Aran­dan Göyçəyə nə qədər atlı, ulaqlı keçsə, hamısının atının, ulağının nalını təzələsin, amma heç birindən pul alma­sın, hesabını yadında saxlasın.

Elə ki qonaqlar bir az seyrəkləşdi, Dəli Alı Aşıq Ələsgərə dedi:

– Aşıq Ələsgər, bilirəm, evdən sarı darıxırsan. Amma mənim indən belə on gün qo­na­ğım gələcək. Bu on günü də qala bilirsənsə, qal, yox əgər getmək istəyirsənsə, yaxşı yol! Nə təmənnan da var, de, utanma!

– A Dəli Alı, çox sağ ol! Elə sənin sağlığın mənə bəsdir. Əgər icazə versən, gedərəm. Indi bizim taxılın biçini düşdü.

Dəli Alı aşıqların atlarını gətirtıdirdi. Aşıq Ələsgər gördü ki, atların hərəsinin belinə bir Qarabağ yəhəri qoyublar, nəyə desən dəyər.

Aşıq Ələsgərgil atlarını mindilər. Xudahafizləşib ayrılan vaxtı Dəli Alı dedi:

– Aşıq Ələsgər, dünya bu saat oğru ilə, quldur ilə doludur. Birdən sənin toydan get­di­yini bilib, yolunu kəsərlər, onda dünya malından ötrü özünüzü güdaza verməyin. Qoy, sizi soysunlar, amma canınız salamat qurtarsın. Sizi soyanlardan bircəciyinin nişanını yadı­nızda saxlayın, mənə deyin. Onları tapıb, özüm hesablaşaram.

Mənim əzizlərim, Aşıq Ələsgərgil yol başlayıb, Göyçəyə gəlməkdə olsun, sizə kim­dən xəbər verim, Xuluflu Məşədi Yolçudan.

Məşədi Yolçu da qaçaq idi. Özü də Dəli Alının dostlarından idi.

Dəli Alının toy eləməsi xəbəri bir az ona gec çatmışdı. Aşıq Ələsgərgil atlarını minib, Xaçbulaqdan ayrılandan azca sonra Məşədi yolçu gəlib çıxdı. Gec gəldiyinə görə üzr­xahlıq eləyəndən sonra soruşdu:

– Aşığınız varmı?

Dəli Alı dedi:

– Varıydı, elə indicə yola düşdülər.

– Kim idi?

– Aşıq Ələsgər idi.

Məşədi Yolçu aşığa gəlib çata bilmədiyinə görə çox heyifsiləndi. O, Aşıq Ələsgər haqqında çox eşitmişdi, amma özünü görməmişdi. Soruşdu ki, burada olduğu neçə gün idi?

Dəli Alı dedi:

– On beş gün idi.

– Bəs, özündən bir söz, təzə tərif-zad dedimi?

– Öz sözündən də çox oxudu, amma bu toya bir söz demədi. Düzü, mənim də ürə­yim­dən keçdi ki, bir tərif desin, amma üzümdən gəlmədi ki, eşitdirim.

– Bəlkə, o heç Aşıq Ələsgər deyilmiş, səni aldadıb?

– Aşıq Ələsgər olmağına, Aşıq Ələsgər idi; toydan əvvəl, tanışlıq verməmiş mən sınamışam.

– Əgər Aşıq Ələsgər olsaydı, bu toya tərif deməmiş olmazdı. Gərək nə cür olsa, mən də onu sınaqdan keçirdəm. Əgər o sübut elədi ki, Aşıq Ələsgərdi, baxtı kəsdi; yox, sübut eləyə bilmədi, gərək məndən inciməyəsən. Onda onun toyunu da mən özüm eləyəcəm.

Dəli Alı bir az fikirləşdi, dedi:

– A Məşədi, yox, hər kim olursa-olsun, hamı bilir ki, o bizim toydan gedir. Bu bizə əskiklik gətirər. Amma elə-belə yoxlamaq istəyirsənsə, o, sənin işindi.

– Əşi, elə şey olar ki, bir bulağın başında bir qız görməkdən ötrü ona bir sicilləmə tə­rif desin, amma burda bu qədər cah-calalı görsün, nə qədər də xeyiri olsun, bircə qatar da söz deməsin! Onu yoxlamasaq olmaz!

– Yoxlamaq istəyirsən, yoxla, amma bayaqkı sözümü yaddan çıxartma!

Məşədi Yolçu özündən başqa, doqquz adam da götürdü, hərlənib Motaluçanın aya­ğın­da yolu kəsdi.

Aşıq Ələsgərgil şad-xürrəm, söhbət eləyə-eləyə Qoşqarın döşü ilə Bəzirgan yolu gə­lir­dilər. Bəzirgan bulağına çatanda gördülər ki, yolun qırağında bir adam əyləşib, amma tüfənglidi, düz adama oxşamır. Ehtiyat elədilər, istədilər ki, geri qayıdalar. Bu zaman yo­lun üst tərəfindəki ağ qayalardan səsləndilər:

– Aşıq, nə üçün dayandınız?! Yolunuzla düz gedin!

Yuxarı baxdılar ki, qayadan tüfənglər ilan kimi boğazlarını uzadıblar. Bunları belə görəndə qorxdular. Bilmədilər ki, nə eləsinlər. Aşıq Ələsgər astadan Nəcəflə Əsədə dedi:

– A bala, keçib, qorxmayın, gəlin! Nə olacaq, olacaq! Həmişə ehtiyatlı olun ki, qor­xun ki, qəza sizi tapmasın. Elə ki, tapdı, daha qorxmağın faydası yoxdur. Gərək mərdana du­ra­san.

Atları sürüb, qabaqdakı adama yetişdilər.

– Salaməleyküm!

– Ələyküməsalam! Atdan düşün!

Aşıq Ələsgər özünü o yerə qoymayıb dedi:

– Sağ ol! Yolumuz uzaqdır, gedəcəyik.

– Məni lağa qoyursan?! Düşmürsünüz, özüm düşürdüm!

Bu adam belə deyəndən sonra tüfəngi hərlədi. Aşıq Ələsgərgil gördülər ki, iş özgə cür­dür, atdan düşdülər. Həmin adama boz-boz soruşdu:

– Haradan gəlirsiniz?

Nəcəf də sərt cavab verdi:

– Nenirsən, haradan gəlirik?!

Ona qədər Əsəd dilləndi:

– Mədəndən gəlirik.

– Əyə, xalası göyçək, mədənin yolunu mənə öyrədirsən?! Düzünü deyin görüm, ha­ra­dan gəlirsiniz?

Aşıq Ələsgər fikir elədi ki, düzünü        demək yaxşı   olar. Bəlkə də, Dəli    Alının dostu­dur? Dedi:

– Yaylaqdan gəlirik.

– Necə yaylaqdan?

– Xaçbulaq yaylağından. Dəli Alı toya çağırtmışdı.

– Dəli Alı-zad tanımıram; toydan gəlirsiniz, gətirin görüm, nəyiniz var?!

Bu adam belə deyəndə, Dəli Alının tapşırığı Aşıq Ələsgərin yadına düşdü. Dəli Alı­nın əvvəl verdiyi pulu dillənməzcə çıxardıb, kisəlizadlı qoydu yerə, toyda yığılan pulu gös­tər­mədi. Bu kişi yoldaşlarından birini çağırdı ki, gəl say, görək adama nə düşür?

Qayadakı adamlardan biri gəldi, kisənin ağzını açdı, pulu yerə tökdü, kisəyə saymağa başladı. Aşıq Ələsgər özü bilmirdi ki, Dəli Alının verdiyi bu pul nə qədərdir. Pul Aşıq Ələs­­­gərin gözünün qabağında sayıldı, gördülər ki, üç yüzdən beşcə manat əksikdir. Əv­vəlki kişi kisənin ağzını bağlayıb dedi:

– Allah bərəkət versin! Yüzlərlə erkək aparıb satan çolvdarları soyanda, bu qədər pul çıxmırdı.

Aşıq Ələsgər dedi:

– Allah o pulu verən iyidlərin kisələrinə bərəkət versin! Aşığın dədəsinin bangımı var?!

Qayadan biri səsləndi:

– A Məşədi, aşıqların o boz atı nə yaxşı atdı. Onu aparacam, nökərçəniz minsin.

Aşıq Ələsgər bu qədər qızılı verdi, dillənmədi, amma atı almaq istəyəndə, dayana bilmədi:

– Nə çoxdur at. Gör o kisədə neçə atın pulu var?!

Kişi dedi:

– Uzün danışma!

– Dünya dərəbəylikdir ki, həm pulu alasan, həm də atı alasan, özümü piyada qoyasan?!

– Dərəbəylik olmayanda bəs nədir?! Pulunu almışam, atını da alacağam.

Piyada qalmaq istəməsən, başına da bir güllə vurub, tullayacağam bir dərəyə. Görüm kim gəlib, sənin qanını kimlə dava eləyəcək!

Aşıq Ələsgər gördü ki, çox pis yerdə axaşamlayıblar, Dəli Alıdan da haray olmadı. Fi­­kirləşdi ki, gəl tanışlıq ver, bəlkə, hörmət eləyə.

Onun sözünü haqlayıb dedi:

– Öldürməyinizə bir söz demirəm; fürsət əlinizdədir. Onu da bil ki, mən Aşıq Ələs­gərəm. Məni hamı tanıyır. Mənim bu yaylağa atlı gəlib, piyada getməyim mənə ölümdən artıqdır.

– Aşıq, sən Aşıq Ələsgərsən?

– Bəli, Aşıq Ələsgərəm.

– Bəs onlar kimdir?

– Onlar da mənim şəyirdlərimdir.

– Əgər sən Aşıq Ələsgərsənsə, Dəli Alının toyunun necə keçdiyini gərək bizə sözlə deyəsən. Düzdür, mənim Dəli Alı ilə yoxumdur, amma eşitmişəm ki, toyu necə keçir. Əgər düzünü dedin, canını qurtardın.

Atını da özünə verəcəm. Yox, düzünü deməsən, üzünüzü bir-birinizə söykəyib, bircə güllə vuracam.

Aşıq Ələsgərə belə bir fürsət lazım idi. O saat sazı köynəyindən çıxartdı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, aldı görək bu yolkəsənlərə Dəli Alının toyundan nə xəbər verdi, Deyək, şad olun:

 

Dəli Alı bir sədd açıb

Şah Abbas dövranı kimi;

Yanında yoldaşları var

Azərbaycan xanı kimi.

Zeynalabdın bəy bəzənib

Misirin sultanı kimi.

Hər yana kağız dağıldı,

Süleyman fərmanı kimi;

Yetmiş iki millət gəldi

Ərəsət divanı kimi.

 

Aşıq Ələsgər bu bəndini deyəndə, Məşədi Yolçu bir daşın üstündə oturdu, qayada­kılar da tüfənglərini geri çəkdilər, diqqətlə qulaq asmağa başladılar. Məşədi Yolçu dedi:

– Aşıq, dağın başında Dəli Alı bu “yetmiş iki millət”in azuqəsini haradan aldı? Elə şey de ki, adamın ağlı kəssin.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Neçə çinovniklər gəldi,

Çox ağır keçdi yığnağı;

Bir yanı Qanıq, Qavrı,

Bir yanı Qoşqarın dağı.

Aləm çırağban göründü,

Xoddananda çil-çırağı.

Şəmkirdən düyü çəkildi,

Sarıyaldan gəldi yağı;

 

Hər yana qəflə işlədi,

Xotkar bəzirganı kimi.

 

Məşədi Yolçu dilləndi:

– Aşıq, gərək nə görübsənsə, düzünü deyəsən ha!... İstəmədiyim adamı mənim ya­nım­da yalandan tərifləsən, işin yaxşı olmaz.

Aşıq Ələsgər bu dəfə görək nə dedi:

 

Günün günorta vaxtında

Gəldi Alının dəstəsi;

Hər birisi bir iyiddir,

Bir qoşunun sərkərdəsi;

Gördüm asmana dayandı

“Öldürrəm”, “öldürrəm” səsi.

Yaponyadan tüfəng gəlib

Yeddi ağac vurur gülləsi;

Zərbindən dağlar titrəyir

Bərqin dirəxşanı kimi.

 

Məşədi Yolçu yenə dilləndi:

– A kişi, onu niyə bu qədər şişirdirsən?! Onun gülləsinə də bələdəm, tüfənginə də. Bir adama ki, “dəli” deyələr, ona bu qədər tərif yaraşarmı?!

– O, dəli olsa, o qədər cah-calalı olmaz.

– Axı, nə qədər cah-calalı var?

– Qulaq as, gör nə qədər cah-calalı var, dəlidir, yoxsa necədir:

 

İyidliyin səbəbinə

Ona deyirlər “Dəli Alı”;

Şücaətdə Qəhrəmandı,

Loğmana bənzər kamalı;

Barilahim, irəhm eylə,

Pozulmasın bu calalı;

Bir sərkarda camışı var,

Üç sərkarda qoyun-malı;

Mehtərdə qırx atın gördüm

Cəlalın türkmanı kimi.

 

Alı kimi iyid yoxdu,

Onu tək doğub anası;

Süzən əldə, ətək beldə,

Var iyidlik nişanası.

Vallahiləzim, belədi,

Açıq, sözün mərdanası.

On beş gün şülən çəkildi,

İşlədi aşpazxanası:

Erkək yan-yana kəsildi

Minanın qurbanı kimi.

 

– Aşıq, toy on beş gün çəkdi?

– Mən toyda on beş gün oldum. Toy hələ davam eləyir. Allah bilir, hələ nə qədər də çəkə. Mən tələsirdim deyin tez gəldim.

– Dəli Alının bu qədər ki dövləti var, səxavəti də varmı?

– Onda qulaq as:

 

Alı məclisə gələndə,

Mətəl qaldım işlərinə;

Atanın sərdar oğludu,

Sərim qurbandı sərinə.

Səxavətdə əla gördüm,

Yazdım Hatəm dəftərinə;

Şabaşı beşlik qızıllar

İşlədi qəpik yerinə;

Neçə mücrilər açıldı

Sərrafın dükanı kimi.

 

Aşıq Ələsgər bu bəndi deyəndən sonra toyda yığılan pulu da belindən açdı, qoydu ortalığa. Məşədi Yolçu gördü ki, bu kisədə beş bayaqkı boyda qızıl var. Sayıb eləmədi. Bu­nu da qoydu o biri kisənin yanına, dedi:

– Aşıq, deyəsən, axı dediklərinin hamısı düzdür. Onun dəstəsində Alıdan başqa, Alı ki­mi iyid adam varmı, yoxsa elə təkcə özüdürmü?

– Qulaq as, gör varmı:

 

İyidlikdə yox əvəzi,

“Afərin” dedim Aslana;

Dağıstanformu geyinib,

Təmkini qızılbaşyana;

Süzən tüfəng cingildəyir,

Patronu səyrişir qana;

Koroğlu tək nərə çəkir

Coşub girəndə meydana;

Tüf dağıdır, ordu pozur

Qüdrətin aslanı kimi.

 

– Yox, Aşıq Ələsgər, bu olmadı. Mən Aslanı tanıyıram; Dəli Alının qardaşıdır. Doğ­rudur, o da qoçaqdır, amma ondan qoçaq oğlanlar var. Sən iki qardaşı tərifləməkdə düz elə­mədin. İyidlik, qoçaqlıq bu nəslin adına yazılmayıb ha!.. Dəli Alı sayğısız adamdır. Qa­çağın da sürü ilə qoyunu, naxırla malı, ilxı ilə atı olarmı?! Qaçağın bir atı olar, bir tüfəngi, bir qatar da patronu; bax mənim kimi. Bir gün görərsən ki, Dəli Alını arvadının yanıda yatdığı yerdə tutdular. Görüm ondan sonar iyidliyi harada qalacaq?! Qaçaq bu gün bu dağ­da səs verər, sabah o dağda.

Aşıq Ələsgər Xaçbulağa çatıb bu cah-calalı görəndə, onun da ağlına belə şey gəl­miş­di. Am­ma axşamtərəfi görmüşdü ki, bir dəstə silahlandı, Kəpəz dağına getdi. Zey­na­lab­dından soruş­muşdu ki, bunlar kimdir? Zeynalabdın demişdi ki, Kəpəzdə gözətçilər var, bunlar gedir ki, onlar gəlsin.

Məşədi Yolçu belə deyəndə, bu da gəldi Aşıq Ələsgərin yadına düşdü, aldı görək nə cavab verdi:

 

Ata-baba iyiddilər,

Bəyənmişəm əsli-zatın;

Doğruluğun səbəbinə

Mövlam veribdi baratın.

Əli kəmərbəstəsidi,

Cəm eyləyib hər büsatın;

Fürsəti düşmənə verməz,

Əldən qoymaz ehtiyatın;

Kəpəzdə ovun gözləyir

Alvızın tərlanı kimi.

 

Cəfər ağa bir iyiddi

Girəndə meydan içinə;

Yalavıyır şimşək kimi,

Bələnir al qan içinə;

Zərrəcə gəlməz eyninə

Düşsə yüz düşman içinə;

İsgəndər tək səddi çıxıb

Yeddi Dağıstan içinə.

Şəninə dastan yazıram

Rüstəmin dastanı kimi.

 

İçlərində bir seyid var,

Onlara rəhbər kimidi.

O ki Məşəd Məhəmməddi,

Bir nər oğlu nər kimidi;

Qızılhaclı Allahverdi

Maliki-Əjdər kimidi.

Min yaşasın İsmayılı,

Nərəsi Heydər kimidi;

Xaçbulaqda meydan açdı

Koroğlu meydanı kimi.

 

Məşədi Yolçu dedi:

– Aşıq Ələsgər, qaçaqların qorxusundan onların hamısını tərifləyirsən; yalan- getsək, bizi inandırırsan. İndi de görüm, qaçaq olmayan adamlardan da o məclisdə elə adlı-san­lısı, qoçağı var idi, yoxsa yox?

Aşıq Ələsgər aldı, görək bu bənddə kimlərin adlarını çəkdi:

 

Orucu çox bəyənmişəm,

Məhəbbətim var Qəfərə.

Qaşımı mərdana gördüm,

Vəsfini yazdım dəftərə.

O kişilik, o səltənət

Halal olsun İsgəndərə;

Unudub dünya cifəsin,

Tabe olub peyğəmbərə;

 

İbadəti var məscidin

Qareyi-Quranı kimi.

 

– Aşıq Ələsgər, o qədər ki, qonaq gəldi, on beş gün yemək-içmək oldu; deyə bilər­sənmi, Dəli Alının bu toyda xərci çox olardı, yoxsa ona gətirilən nəmər?

– Mən gördüyümü deyim, siz hesablayın:

 

Beş min manat nağd yığıldı,

Dalda qalanın bilmədim;

Yüz erkək-öyəc kəsildi,

Toğlunun sanın bilmədim;

Xərcindən bərxurd olmadım,

Nəfin, ziyanın bilmədim;

Nisyə qalan xələtlərin

Doğru, yalanın bilmədim;

Nağdıdan mətləbim verdi

Kişi kərəm kanı kimi.

 

Məşədi Yolçu daha dillənib bir söz demirdi. Aşıq Ələsgər aldı sözün tapşırmasını:

 

Biçarə Aşıq Ələsgər,

Gəldin getdin hər nə isə;

Haqq səni sərraf yaradıb,

Qiymət qoy yaxşıya, pisə.

Tatoğlu, Bala Məşədi,

Onlar gələndə məclisə,

Hamıdan çox pul verdilər,

Qızıl ilə doldu kisə;

Aşıqlar güzəran tapdı

Bəylər güzəranı kimi.

 

Aşıq Ələsgər sazı köynəyinə qoyan vaxtı, səkkiz nəfər də qayadan çıxdı, oldular on. Aşıq Ələsgər gördü ki, bunların çoxusu toydakı adamdır.

Məşədi Yolçu pul kisələrini Aşıq Ələsgərin qabağına qoyub dedi:

– Aşıq Ələsgər, bil ki, sənin qabağını kəsən bu adamlar Dəli Alının dostlarıdır. Çox sağ ol! O ad sənə halal olsun! Doğrudan da, deyilənlərə görə varsanmış. Pulunu götür!

Bu dəfə Aşıq Ələsgərin ayağı yer aldı:

– Yox, götürməyəcəyəm! O pul götürüləsi olsaydı, heç kisədən çıxmazdı. Mən pul təmən­nasında deyiləm. Atımıca özümə verin, bəsdir mənə!

Məşədi Yolçu əlini cibinə salıb, bir onluq qızıl çıxartdı, kisənin üstünə qoydu. Qalan yol­daşlarının hərəsi də bir onluq qoydu, yüz manat oldu. Məşədi Yolçu dedi:

– Aşıq Ələsgəri, hamımız təvəqqe edirik ki, bunu da bizim dövran pulu hesab eləyəsən. Sənin bu söhbətin on beş günlük söhbətin hamısına dəydi. Belə tərif indiyə kimi heç bir yerdə deyilməyib.

– Mən Dəli Alıya, onun yoldaşlarına, keçirdiyi toy məclisinə çox böyük tərif demək fikrində idim. Amma siz elə elədiniz ki, yarı-yarımçıq oldu. Fikrimdə olanların çoxusu du­rur. Onları evə çatanda deyəcəm.

– Yəni, deyiləsi sözün yenə qaldı?

– Burada nə dedim ki?! Siz sual verdiniz. Mən də cavab verdim.

Tərifi evdə deyəcəyəm.

– Di yaxşı, pulu götür!

– Sənə dedim ki, götürməyəcəyəm.

Məşədi Yolçunun yoldaşlarının hamısı xahiş elədi, Aşıq Ələsgər əvvəlki pulları gö­türdü, bunlar yığdığı yüz manatı götürmədi.

Məşədi Yolçu ilə gələn adamların içində yaxşı yazan bir adam var idi. Məşədi Yolçu tapşırmışdı ki, Aşıq Ələsgər nə söz desə, onu yazsın, Dəli Alıya aparsınlar. Həmin adam Aşıq Ələsgərin dediyi bu tərifi qayanın dalında tər-təmiz yazmışdı. Elə ki Aşıq Ələsgər dedi ki, Dəli Alının tərifini evdə deyəcəm, Məşədi Yolçu sözü yazan adamı Aşıq Ələs­gər­lə Göyçəyə göndərmək fikrinə düşdü. Ondan başqa bir adamı da bir az o tərəfə çağırıb tap­şırdı:

– Aşıqlarla bərabər gedərsiniz. Aşıq Ələsgəri Dəli Alıya nə tərif desə, onu yazıb gəti­rərsiniz!

Məşədi Yolçu Aşıq Ələsgərgilin yanına qayıdıb dedi:

– Aşıq Ələsgər, yolda oğruya, əyriyə rast ola bilərsiniz; deyirəm, uşaqların ikisi sizlə getsin.

– Siz bilərsiniz.

Məşədi Yolçu o yüz manatı o adamlara xəlvətcə verib, Aşıq Ələsgərgillə yola saldı.

Bəli, mənim əzizlərim, Aşıq Ələsgərgil Ağkilsəyə gəlməkdə olsun, sizə xəbər verim Ağkil­sədən.

Aşıq Ələsgərgil Dəli Alının çağırışına gedəndən üç gün sonra Ağkilsədə onların yo­lunu səbirsizliklə gözləməyə başladılar. Dörd gün gözlədilər, gəlmədilər; beş gün gözlə­dilər, gəlmədilər; bir həftə gözlədilər, gəlmədilər...

Bu dəfə qorxuya düşdülər ki, yəqin başlarında bir iş var. Aşıq Ələsgərgilin gəlmədiyi xəbəri           hamını narahat eldədi. Qonşu kəndlərə də xəbər yayıldı. Kimi dedi: toydan sonra Gəncəyə parça-zad almağa getmiş olarlar, kimi dedi: bəlkə, yaylaqda çox adamın xeyir işi var imiş, ona görə ləngidilər; kimi dedi: bəlkə, qaçaq-quldur toydan gəldiklərini bildi, qa­baqlarını kəsdi; kimi dedi: bəlkə, Aşıq Ələsgər Dəli Alının xətrinə dəyəsi söz oxudu, öl­dürdülər... Hərə bir fikir eləyirdi.

Bəşir hazırlaşdı ki, dallarınca gedə, camaat yalvar-yaxar elədi, qoymadı. Qorxdular ki, gedər, bunun da başına bir iş gələr. Kəndin ağsaqqalları Aşıq Ələsgərgilin qohum­la­rına ürək-dirək verirdi ki, qorxmayın; Aşıq Ələsgər olan yerdə salamatçılıq olar.

On altı gün idi ki, Aşıq Ələsgərgil getmişdi. Günortadan xeyli keçmiş, bir də gördülər ki, Zod kəndindən bəri beş atlı çıxdı. Boz atın üstündəki iri adamlardan tanıdılar ki, bun­lar Aşıq Ələsgərgildir. Gəlhagəl, gördülər ki, bunların ikisi aşıq deyil; bunların çiyin­lə­rindəki tüfəngdir.

Bəşirgil dağda idi. Tez dağa, qonşu kəndlərə muştuluğa qaçdılar.

Aşıq Ələsgərin dostları, tanışları, istəyənləri axşama qədər xəbər tutdu, Aşıq Ələs­gərin evinə toplaşdılar. Bəşir iki erkək kəsdi. Çayçörəkdən sonra Bəşir soruşdu:

– Ay Dədə, niyə belə gec gəldiniz?

– Oğul, hələ tələsdim; toyu yarımçıq qoyub gəlmişəm.

Hamı gülüşdü. Elə bildilər ki, Aşıq Ələsgər gec gəlib deyin, zarafatla belə deyir.

Bəşir dedi:

– Yaxşıca tələsiyibsən.

Bəşirin bu sözünə də gülüşdülər.

Aşıq Nəcəf yerindən dilləndi:

– Niyə gülüşürsünüz?! Ələsgər əminin birdən ikiyə yalan danışdığı var?! Biz toyda on beş gün olduq, hələ indən belə on gün də davam eləyəcək.

Aşıq Əsəd də, qonaqlar da Nəcəfin sözünü təsdiq eləyib, camaatı inandırdılar. Hamı bu toya təəccüb elədi.

Aşıq Nəcəf burdan yola düşməklərindən başladı, ta qayıdana qədər başlarına nə gəl­miş­­disə, hamısını camaata danışdı. Aşıq Ələsgərin Dəli Alıya onun yoldaşlarına dediyi tərifləri Əsədlə bərabər oxudular.

Aşıq Ələsgərgilin 16 günlük qorxulu səfərdən sonra sağ-salamat qayıtdıqlarını eşidən Göyçə aşıqlarının çoxu onlarla görüşməyə gəlmişdi.

Yaxın kəndlərdə olan şəyirdlərinin biri də qalmamışdı. Bəziləri bu səfərdə olmadı­ğına çox heyifsilənirdi.

Aşıq Nəcəfgil söhbəti qurtarandan sonra Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Qurban dilləndi:

– Ay Dədə, maşallah, bu sözlərin də çox gözəldir. Barı adlarını çəkdiyin adamlar bu tərifə görə varmı?

– Oğul, olmasa, deməzdim; var ki demişəm. Hələ deyiləsi sözümün çoxu durur. Sa­zı­mın bəm siminin biri qırılıb. Onu qoş, mənə ver.

Aşıq Qurban Aşıq Ələsgərin sazını köynəkdən çıxartdı, qırılmış simin yerinə təzəsini qoşdu, düzəltdi, Aşıq Ələsgərə verdi.

Aşıq Ələsgər üzünü şəyirdlərinə tutub dedi:

– Dəli Alı kimi bir iyidin bizim torpaqda olması hamımızın başının ucalığıdır. Onun toyunda gördüyüm adamların çoxusu heç Dəli Alıdan əksik deyillər. Məsəl var ki: “Qoyun ayağı gödəlir, quzu ayağı uzanır.”

Mənim yaşım keçib. Bəlkə, uzaq yerlərə gedə bilmədim.         İndən belə söz də, söhbət də sizindir. Odur ki, sizə tapşırığım var; gərək əməl eləyəsiniz.

Şəyirdlərinin hamısı bir ağızdan dilləndi:

– Ələsgər əmi, buyur, nə tapşırığın olsa, canla-başla yerinə yetirərik.

Məşədi Yolçunun göndərdiyi adamlardan biri kağız-qələm çıxartdı, hazır dayandı. Məclisdəkilərin hamısının gözü dikildi Aşıq Ələsgərə.

Aşıq Ələsgər sazı sinəsinə basdı, görək “Baş müxəmməs” havası ilə şəyirdlərinə nə tap­şırdı, məclisdəkilər nə eşitdi, Məşədi Yolçunun göndərdiyi adam nə yazdı:

 

Dəli Alının vəsfini

Yazmışam dastana, - deyin!

Afərin, şəyirdlərim,

Gedəndə hər yana deyin!

Eşidib Göyçə mahalı,

Külli-Irəvana deyin!

Addayın Şahtaxtından,

Təbrizə, Tehrana deyin!

Üz tutun Alosmana,

Qarsa, Qağızmana deyin!

Təmkini, hər büsatı

Bənzər Pənah xana, - deyin!

Qorxmayın, utanmayın,

Mərd durun, mərdana deyin!

Kor olsun düşmanları,

Qalsın yana-yana, deyin!

 

Sözün bu bəndini deyəndə, Aşıq Qurban güldü, soruşdu:

– Ay Dədə, bu nə təhər söz oldu? Müxəmməs səkkizdən, ondan olar; sənin bu bəndin düz on altı yarpaq oldu.

– Oğul, mən də bildim, artıq oldu. Düzü ki, söz sinəmə dalbadal gəldi, mən də arasını kəsmək istəmədim. İndən belə bəndləri dedikcə yarpaqlarını sayaram.

Aşıq Ələsgərin belə deməyinə də güldülər.

Aşıq Ələsgər aldı o biri bəndini:

 

Gedərsiniz Alosmana,

Qərib qeyri ləzzətdədi;

Hamısının mərhəməti

Aşığa məhəbbətdədi;

Paşalar qəfə, qəsdində,

Şahzadalar sovetdədi;

Soruşsalar: “Əcəm” oğlu,

Ər hansı məmləkətdədi?!

 

Əminullah, paşa əfəndim,

Get Gəncəbasana, - deyin!

 

– Oğul, artıq olmadı ki?

Bu sözə də güldülər. Qurban dedi:

– Ay Dədə, çox gözəldir, dalı gəlsin.

Aşıq Ələsgər götürdü o biri bəndini:

 

Gülüstan-İrəmə bənzər

Yaylağının hər büsatı;

Yönü qibləyə çeşmənin,

Car olur Abi-həyatı.

Ağ alaçıq, əlvan çadır

Naxış vurubdu xəyyatı.

Samuğun, Qarasaqqalın

Gəlibdi hər mevəcatı;

Evinin ətri-ənbəri

Bənzər İrizvana, - deyin!

 

Sərim qurbandı sərinə,

Ay atanın nər balası!

Tüf dağıdıb, ordu pozan,

Səf yaran, sərdar balası!

Səxavətdə misli-Hatəm,

Səddə İsgəndər balası!

Qurşayıb kəmərini

Şahi-Qəzənfər balası;

Qəniminə qan ağladır,

Bac vermir düşmana, - deyin!

 

Hansı yerdə dava düşüb,

İyidlik Aslan eləyib;

Şahmar kimi gərdən çəkib,

Düşman bağrın qan eləyib;

Xod verib beşatana,

Dağıdıb, şan-şan eləyib.

Mirzələr qəzetə yazıb,

Aşıqlar dastan eləyib;

Mərhəba, əhsən, afərin,

Can belə oğlana! - deyin!

 

Sidqin Allaha bağlayıb,

Çağırır şahi-Heydəri;

Öz nəslindən, öz soyundan

Var bir neçə iyidləri;

Hər biri qovğa günündə

Pozur bir fövçi-ləşgəri.

Saxlayır aşpazxanada

Neçə zəlili, müztəri;

Hatəm kimi bir qapısı

Açılıb ehsana, - deyin!

 

Molla Qasım kamandardı,

Əsədi gördüm mərdana;

Əl-ayağı od ələyir,

Elə ki, girdi meydana.

Mağar hündür tikilmişdi.

Alçaqdaydı aşpazxana;

Məcməyilər qol ağrıtdı,

Zəhmət verdi çox cavana;

Bu sözlər çapa vurulsun,

Getsin bir zamana, - deyin!

 

Balçılı Kalvayı Əli

Cavan bir oğlan kimidi;

Şəriətdən mətləb qanır,

Təriqətdə xan kimidi;

Həqiqətdən kələm kəsir,

Ləli-Bədəxşan kimidi;

Hüsndə Yusifi-sanı,

Kamalda Loğman kimidi;

Padişah vəzir götürər

Addasa Irana, - deyin!

 

Selistçi, doxdur, pristav

Bezənhabezən yeridi;

Əyri işlərə sığal çəkib,

Verməyə düzən yeridi.

Dəli Alı əl belində,

Çiynində süzən yeridi.

İsmayıl Mələk əl-mövt tək

Candan can üzən yeridi;

 

Dedi: “Brat, bajalüstə*,

Gəlməsin oğlana, - deyin!”

 

Bəşir yerindən dilləndi:- Ay Dədə, bu nə təhəri haqq-hesabdır?

– Oğul, padişah tərəfindən adam göndərmişdilər ki, Dəli Alının şəklini çəksinlər. İs­mayıl o tərəfdən bəri çıxanda, həmin adamlardan biri bərk qorxdu; xahiş elədi ki, o oğlana deyin, yaxın gəlməsin.

– Gələn adamlar Dəli Alının şəklini çəkdilərmi?

– Dəli Alının da şəklini çəkdilər, bizim də şəklimizi çəkdilər.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Eldarda Qəhrəman koxa,

Gəncədə Alı söylənir;

Dövləti, həşəməti,

Şəni-calalı söylənir;

Səddə İsgəndər kimidi,

Hatəm səxalı söylənir;

Zəfəranlı ağ plovu,

Əmliyi, balı söylənir;

İlahim bərhəm vurmasın

Bu qurğu-dövrana, - deyin!

 

İyidlikdə yox əvəzi,

Sağ olsun Bala Məşədi!

Girəndə meydan içinə,

Alınmaz qala Məşədi;

Vəsfini dastan edirəm,

Düşsün mahala Məşədi;

Səvar olanda köhlənə,

Hamıdan əla Məşədi;

Rüstəmin Rəxşi kimi

Gətirir cövlana, - deyin!

 

İyidlərin sərkərdəsi

Məşədi Məhəmməd hanı?!

Gəzən afatdan, bəladan

Hifz eləsin kərəm kanı!

Sidqin Allaha bağlayıb,

Çağırır Şahi-Mərdanı;

Yeddi ağacdan-yeddi ağaca

Gözü görəndə düşmanı,

Süzən tüfəng cingildəyir,

Güllə qaçır qana, - deyin!

 

Hər məclisdə duaçıyam,

Günbəgün ucalır səsim;

Barilahim, irəhm eylə,

Yerə düşməsin nəfəsim;

Oğul ver iki qardaşa,

Bir qurban da özüm kəsim.

Mən deyirdim çox iyiddi

Əsəd ilə Molla Qəsim;

Köhnə kişilər deyirlər:

“İyid Bayramxana deyin!”

 

 

Min iki yüz doxsan dörddə*

Ələsgər tapdı əsəri;

Eşq ilə nəfs məni

Dolandırır bəhri-bəri;

Dilimdə ahi-canan,

Sərimdə zəhmətin təri;

Qəddini xəm eləyib

Qəhri-qəzanın qədəri;

Xacə Nəsirdir, gəlib

Çıxıb bu meydana, - deyin!

 

Mənim əzizlərim, söz tamam olandan sonra, Məşədi Yolçunun göndərdiyi adamlar dəftər-qələmi yığışdırdılar. Bu zaman Aşıq Ələsgər sözü yazana dedi:

– Oğul, oxu görüm, düzmü yazıbsan.

Həmin adam yazdığını oxudu. Gördülər ki, Aşıq Ələsgərin ağzından necə çıxıbsa, olduğu kimi köçürüb.

Aşıq Ələsgər sazı köynəyinə qoydu. Məşədi Yolçunun göndərdiyi adamlar elə hesab elə­yirdilər ki, dövranpulu yığılacaq. Amma gördülər ki, pul-zad yığılmadı, bu barədə heç söz də düşmədi. Aşıq Ələsgər həmişə səfərdən qayıdanda, camaata pulsuz söhbət eləyər­di. Camaat Aşıq Ələsgərdən çox razı qaldı. Hərə öz evinə getdi.

Məşədi Yolçunun göndərdiyi adamlar gecə qaldılar, səhər tezdən atlarını mindilər getdilər.

Qonaqların hamısı gedəndən sonra Aşıq Ələsgər üzünü Aşıq Nəcəfə tutub dedi:

– A bala, pulumuzu gətirin, bölün.

Aşıq Nəcəf pulları ortalığa qoydu. Bu zaman Aşıq Əsəd də xırdaca bir bağlama çı­xar­dıb, pulların yanına qoydu. Aşıq Ələsgər üzünü Aşıq Əsədə tutub soruşdu:

– A bala, bu nədir?

– Ələsgər əmi, bizlə gələn qaçaqlar gedəndə mənə verdi. Özü də tapşırdılar ki, biz tamam uzaq­laşmayınca Aşıq Ələsgərə bildirmə.

Aşıq Ələsgər bildi ki, bu bağlamadakı Məşədi Yolçugilin yığdığı pullardır. Təzədən nə eləmək olardı.

Aşıq Nəcəf Dəli Alının siftə verdiyi pulu Aşıq Ələsgərin yanına qoydu, o biri pulları sana­mağa başladı. Sayıb qurtarandan sonra Aşıq Ələsgər yanındakı pulu da Nəcəfə uzatdı.

AşıqNəcəf dedi:

– Qoy, o pul dursun.

– Niyə dursun?

– Onu Dəli Alı ayrıca Bəşirə toy xərcliyi veribdir.

– Dəli olma. Qat oraya. Payıma düşən pul 4-5 toy yola salar.

– O pulu Dəli Alı təkcə sənə verib.

Aşıq Ələsgər gördü ki, cəhl uzun çəkəcək, kisənin        ağzını  açdı, dalından qaldırdı, dedi:

– Siz aşıq olandan bəri, sizdən artıq bir qəpik pul götürmüşəm?

İkisi də dedi:

– Yox.

– Ortadakı üç yüz manatdan yüz manatı öz payıma düşür. Ömrümün çoxu gedib, azı qalıb, siz də razı olmayın ki, iki yüz manatdan ötrü mənim adıma ləkə gəlsin!

Gördülər ki, çox qiymətli sözdür, heç biri dillənmədi. Aşıq Ələsgər o pulu da qatdı, üç yerə böldü.

Aşıq Nəcəflə Aşıq Əsəd pullarını götürüb şad-xürrəm evlərinə getdilər.

Aşıq Ələsgər Bəşirin toyunu çox şərafətli keçirdi.

Siz də həmişə toyda, nişanda, kefdə, damaqda olasınız!



* Bajalüstə – “pojaluyusta” sözünün təhrif olunmuş formasıdır.
* Miladi 1875