Qoşmalar

Eylə

Yeri, göyü, ərşi, kürsü yaradan,
Adil padişahsan, ədalət eylə.
Könlümün nöqtəsin çıxart qaradan,
Məni doğru yola dəlalət eylə.

Bir bəlaya düşdüm, candan usandım,
Heç kəsə demədim, ürəkdən yandım.
Bir təmiz ad ilə ellər dolandım,
Nə “çor” deyən oldu, nə “qələt eylə”.

Qəddim əyib qəm xirqəsin geyirəm,
Məhəbbət odundan taam yeyirəm.
Leylü-nəhar “ya hu!”, “ya hu!” deyirəm,
Çıxıbdı qəlbimdən “ibadət eylə”.

Nə bəlaya düşdüm mən baxtı qara,
Eşqin ataşına heç olmaz çara.
Qalmışam zindanda aciz, avara,
Günahkar, sərgərdan, xəcalət eylə.

Xəstə könül, sürün dost irahına,
İslam sərdarına, din pənahına.
Ələsgər, yön çevir şahlar şahına,
Yapış ətəyindən şikayət eylə.