Qoşmalar

Gördüm

Gedirdim güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatır, inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana,
Yıxılıb çevrilir o yan bu yana,
Kəsilibdi səbri, qəralı gördüm.

Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.