Yaylaq (Könlüm qaranquş tək uçub qoynuna)
Könlüm qaranquştək uçub qoynuna,
Gəzir hər yamaçı, hər yalı, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylaq!
Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi,
Çəkir uzaqa xəyalı, yaylaq!
Qırxqız, Alaqaya, Çilgöz, Narışlar,
Muroy, Uzunyoxuş, Dəlidağ, Qoşqar!
Hansı oğul, deyin, sizi unudar?!
Düşərmi el sizdən aralı, yaylaq?!
Ələsgər köynəkdən çıxartsın sazı,
Yenə cuşa gəlsin, eşqi, avazı,
Tərifləsin allı, yaşıllı yazı,
Unutma bu böyük kamalı, yaylaq!