Yazıq "əmmə"ni
“Əlif”dən dərs aldım, əbcəd oxudum,
Huş vеrdim, öyrəndim yazıq “əmmə”ni.
Şirin canım müjganına toxudum,
Sən Allah, öldürmə, yazığam, məni!
Ərş üzündə Gün dolanar, Ay üzər,
Müxənnəti mərdə qoyma ay üzər.
Həsrətindən ay incəldər, ay üzər,
Qışı dərdü möhnət, yazı qəm məni.
Ələsgərəm, çətin adam sayılam,
Vacibatda hürufatın sayı “lam”.
Ləblərinin həsrətindən sayılam,
Bimürvət, dеmirsən: “Yazıq, əm məni”.