Dastanlar

Qoca baxtım

Mənim əzizlərim, indi sizə hardan xəbər verim, Ağkilsə kəndindən. Ağkilsə kəndində kimdən, Aşıq Ələsgərdən. Aşıq Ələsgər çox zaman qış aylarında aran torpağında aşıqlıq eləyərdi, yaz-yay aylarında öz kəndində əkin-biçinlə çalışardı.

Bir il Aşıq Ələsgər arana gedəndən sonra Göyçədə mala azar düşdü. Çoxlarının mal-heyvanı qırıldı. Aşıq Ələsgərin də malı elə qırıldı ki, bir kaldan başqa, dördayaqlıdan bircə “mə” deyəni qalmadı.

Yaz əkininin vaxtı yetişdi. Gözlədilər, Aşıq Ələsgər gəlib çıxmadı. Qorxuya düşdülər ki, görəsən, başında nə iş var.

Yazın düz bir ayı gedəndə Aşıq Ələsgər gəldi. Hərə bir işin dalınca getmişdi. Ələsgər qapıdan girəndə gördü ki, Anaxanım təkcə oturub, cəhrə əyirir. Görüşdülər. Anaxanım soruşdu:

– A kişi, niyə belə gəldin?

– Arvad, xeyir iş çox olduğuna görə camaat buraxmadı.

Anaxanım tez ocağı qaladı, çay qoydu.

Aşıq Ələsgər soruşdu:

– Arvad, kənddə nə var, nə yox, salamatlıqdırmı?

Anaxanım cavab vermək istəyəndə qəhərləndi, özünü saxlaya bilmədi, ağladı. Ana­xa­nım ağlayanda, dünya Aşıq Ələsgərin gözündə qaranlıq oldu, tez bir də soruşdu:

– Arvad, sən Allah, de görüm, nə olub?

– Bundan artıq nə olacaq; dövlət təmiz batdı.

– Uşaqlar, qohum-qardaş salamatdımı?

– Salamatdı.

– Allaha çox şükür! Sən ağlayanda, ürəyim üzüldü; dedim, görəsən uşağın başında nə iş var. Dövlətdən ötrü adam da ağlayarmı?! Heç fikir eləmə, iki elə dövlətin pulunu gə­tir­mişəm.

– Pul gətirməklə haradan alacan? Bir inəyi on inəyin qiymətinə də ala bilməzsən. Göy­çənin hər yerində mal qırılıb.

Aşıq Ələsgər Anaxanıma təskinlik verməyə başladı:

– Arvad, darıxma. Atalar deyib ki, “elnən gələn qara gün toybayramdı”. Bircə canımız sağ olsun, hər iş düzüləcəkdi.

Camaat Aşıq Ələsgərin gəldiyini eşitdi, onun görüşünə gəldi. Aşıq Ələsgər başına gə­lən­lərdən camaata danışdı, təzə dediyi sözlərdən oxudu. Gecədən xeyli keçənə qədər söh­bət elədilər. Camaat evlərinə dağıldı. Aşıq Ələsgər durdu, pəyəyə getdi. Gördü ki, doğ­ru­dan da, dövlət qırılıb, bircə kəl qalıb. Pəyə soyuq olduğuna görə onu da çullayıblar.

Aşıq Ələsgər pəyədən evə fikirli qayıtdı. Anaxanım onu belə görəndə gülümsünüb dedi:

– A kişi, niyə fikir eləyirsən?

– Arvad, malın qırılmağından ötrü fikir eləmirəm. Ona görə fikir eləyirəm ki, yeri nə ilə əkəcəyik?

– Vaxtında gəlib çıxsaydın, bir ilə modyam olardıq. Hamı taylaşıb, bircə biz qalmışıq.

Aşıq Ələsgərin fikrinə gələn bu oldu ki, kələ bir tay tapsın, bəlkə, yeri birtəhər əkə.

Aşıq Ələsgər səhər tezdən atını mindi, sazını da çiyninə salıb, kəlbəcər tərəfə yola düşdü. Onun buralarda dostları çox idi. Belə dostlardan biri də Çay Alxaslısı kəndində Məmiş idi. Aşıq Ələsgər birbaşa Məmişgilə gəldi. Gecə camaat Aşıq Ələsgərin gəldiyini eşidib, Məmişin evinə yığıldı. Yenə həmişəki kimi, Aşıq Ələsgər camaata yaxşı söhbət elədi. Camaat dağılandan sonra Aşıq Ələsgər bu gəlişinin məqsədini Məmişə bildirdi.

Məmiş dedi:

– Doqquz öküzüm var; hamısı sana qurbandı! Sabah hamısını apar!

– Çox şad ol! Sənin kotanını açdırsam, camaat da mənə yaxşı deməz.

Bir kəl qalıb. Bir canlı öküz aparsam, birtəhər yola gedərik.

Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah tezdən Məmiş, seçdi, bir zorba öküz ayırdı və nökərinə tapşırdı ki, öküzü Aşıq Ələsgərlə bərabər Göyçəyə aparsın.

Çay-çörəkdən sonra nökər öküzü qabağına qatdı, Aşıq Ələsgər də atını mindi, yola düşdülər. Kəndin qırağına çıxmışdılar, bir kişi soruşdu:

– Aşıq Ələsgər, bu nə öküzdü?

– Niyə, Göyçə dağılıb ki, sən buradan öküz aparırsan?! Tək öküz nə təhəri gedəcək?!

Aşıq Ələsgər gördü ki, bu, çox tənəli söz oldu. Göyçədəki mal qırğınını, başına gə­lən­­ləri bir də burada nağıllaşmayacaqdı ki! Daha cavab vermədi.

Aşıq Ələsgərlə nökər yavaş-yavaş, danışa-danışa Göyçə yolu ilə gəlirdilər. Aşıq Ələs­gər gördü ki, öküz heç yoldan çıxmır; atın qabağına düşüb gedir. Özünün atlı, nö­kərin piyada olması Aşıq Ələsgəri narahat eləyirdi. Gəlhagəl-gəlhagəl gəlib Bədir bəyin yayla­ğına çatanda Aşıq Ələsgər nökərə dedi:

– Oğul, çox sağ ol! Deyəsən, öküz rahat gedəcəkdi. Sən qayıt, mən özüm apararam.

Nökər qayıtdı, Aşıq Ələsgər yoluna davam elədi.

Öküz bir müddət çox ağıllı gəldi. Elə ki Göyçənin axarbaxarına yetişdi, birdən atın qabağından çıxdı, geri qaçmağa başladı. Aşıq Ələsgər atı sürdü, öküzə çatdı. Gördü ki, öküz getməyəcək. Atdan düşdü ki, atı da öküzün yanına qatsın, bəlkə, öküz atın səbəbinə gedə. Hohaho ilə birtəhər bayaqkı yerə gələndə, öküz bir də ağzını çevirdi, geri qaçdı. Aşıq Ələsgər bir az öküzün dalınca yüyürdü. Yüyürməklə dağın kəlləsindən öküzün dalından çatmaqmı olardı. Qayıtdı ki, atı minə. Ata yetişəndə, at arxasını çevirib, ona elə qoşa təpik atdı ki, əgər tutsaydı, çıra kimi söndürərdi. At da qaçıb Göllər tərəfə aşdı.

Aşıq Ələsgərin hövsələsi lap daraldı. Bir daşın üstündə oturdu. İstədi, qəlyan çəkə. Əlini atanda gördü ki, qəlyan da, kisə də belindən açılıb düşüb. Bir az axtardı, tapa bilmədi. Aşıq Ələsgər gördü ki, yox, bu hesab özgə hesabdı. İşlərin belə gəlməsi baxtın geri sarı­mağıdı.

Gördü, dayana bilmir; ürəyini boşaltmasa olmayacaq. Alnının tərini sildi, sazı köy­nəyindən çıxartdı, görək dağın başında nə dedi; biz də saz ilə deyək, şad olun:

 

Nə sevda tapıbsan, nəyə talıbsan,

Hansı qəflətdəsən, gəl, qoca baxtım!

Ya məndən küsübsən, ya qocalıbsan,

Bu sınıq konlumu al, qoca baxtım!

 

Aşıq Ələsgərin yadına kənddən bəri çıxanda o kişinin dediyi tənəli söz düşdü. Aldı gö­rək nə dedi:

 

Çəkilib pünhana, deyirsən: sən döz!

Qıyamat odunnan pisdi tənə söz.

Gümüşüm tunc oldu, zəri-zibam - bez,

Qəlp çıxır aldığım mal, qoca baxtım!

 

Özüm aşıq oldum, oğlum gülləçi,

Bildim ki, qalacaq dövlətin üçü.

Qırıldı mal-qoyun, qalmadı keçi,

İndi də yıxılıb kal, qoca baxtım!

 

Aşıq Ələsgər gördü ki, baxtı       heç əvvəlkinə oxşamır. Aldı görək bu dəfə nə dedi:

 

Mardan şirə çəkib, daşdan keçərdin,

Dəryalardan ləli-gövhər seçərdin,

Pərvazlanıb, Qafdan Qafa uçardın,

Keçən günü yada sal, qoca baxtım!

 

Təqdir üçün yaxşı deyil bu adət,

Gah çox sevir, gah eyləyir xəcalət.

İyidlər at vermir, gözəllər - xələt,

Gəlmir tənbəkiylə bal, qoca baxtım!

 

Səksəni, doxsanı ötübdü yaşım,

Qovğaya düşübdü bəlalı başım.

Əzrayıl həmdəmin, məzar yoldaşım,

Daha köç təblini çal, qoca baxtım!

 

Ələsgər kəsilib səbrü aramdan,

Oxlayıbsan, qanlar axır yaramdan.

Sövdə qıl haqq ilə, əl çək haramdan,

Halaldan mətləbin al, qoca baxtım!

 

Bəli, mənim əzizlərim, söz tamam olandan sonra Aşıq Ələsgər sazı köynəyinə qoydu. Fikir­ləşdi ki, dursun piyadaca Ağkilsəyə gəlsin. Ayağa durdu, bir az gəlmişdi, qəl­yan-kisəni tapdı. Elə bil, dünyanı ona bağışla­dılar.Tez bir daşın üstündə əyləşdi, qəlyanını doldurub yandırdı, bir-iki nəfəs aldı. Ayağa durub bir az da bəri gələndə gördü ki, at yalın Göyçə tərəf üzündə, yolun qırağında otluyur, öküz də hərlənib gəlib, atdan bir az aralı yolun içində yatıbdı. Aşıq Ələsgər atın yaxınına gələndə ehtiyat elədi ki, yenə birdən tə­pik atar. Amma at yerindən tərpənmədi; elə bil ki, bir adam onun cilovundan tutub saxlayıb. Aşıq Ələsgər atı mindi, öküzün yanına gəldi. “Oha” deyən kimi öküz yerindən qalxdı, düşdü atın qabağına, ta gəlib qapıya çatana qədər bir dəfə də yoldan çıxmadı.

Aşıq Ələsgər öküzü kələ tay elədi, kənddə əkini qalanlarla dördboyunluq bir kotan düzəlt­dilər, yerlərini şumlamağa başladılar.

Aşıq Ələsgər Ağkilsə kəndinin qənşərindəki dağın döşündə ikigünlük yer şumladı, ar­­pa səpdi, tapanladı və belə hesab elədi ki, bu yerin arpa-samanı atları da, nə qədər mal-qara olsa da, hamısnı yaza çıxardacaq. Kəndin alt tərəfindəki yerlərdə də ikigünlük yer şumladı, buğda səpdi, taxıldan sarı da rahat oldu.

Aradan bir müddət keçdi, otun biçini başladı. Aşıq Ələsgər oğlanlarını da yanına aldı, otu biçdi, öküzlə kəli arabaya qoşdu, otu daşıdı, tayaya yığdı. Otdan sarı da arxayın oldu.

Taxıl biçininin vaxtı yetişdi. Kimin taxılı biçiləsi idisə, qonuqonşudan fəhlə tutub biç­dirirdi. Aşıq Ələsgər də taxılları biçdirdi.

Küləşi daşıyıb xırmana tökdülər, gəm qoşub döydülər, tığa vurub sovurdular. Dəni kəndilərə doldurdular, çuvallara yığıb gözlədilər, qalanını quyulara töküb, üstünü qayır­dılar.

Xülasə, Aşıq Ələsgər məhsulu yığışdırandan sonra öküzü sahibinə qaytarmalı oldu. Bir gün atını mindi, sazını da çiyninə saldı, öküzü qatdı atın qabağına, yol başladı Çay Al­xaslısı kəndinə. Gəlib Məmişin evinə çatdı. Öküzlə görüləsi işlərini qurtardığına görə, ona çox razılıq elədi.

Camaat Aşıq Ələsgərin gəldiyini eşitdi. Axşam yenə Məmişin evinə toplaşdılar və Aşıq Ələsgərdən xahiş elədilər ki, bir nağıl danışsın.

Aşıq Ələsgər sazını köynəyindən çıxartdı, simləri köklədi, Qurbaninin nağılını da­nış­dı. Məc­lis­dəkilərin hamısı razı qaldı. Buraya qonşu kəndlərdən də gələnlər var idi. Qa­mış­lının, Sarıdaşın, Ağdaşın adlısanlı adamlarının da bir çoxu burdaydılar. Söhbət qur­tarandan sonar ağsaqqallardan biri üzünü Aşıq Ələsgərə tutub dedi:

– Aşıq Ələsgər, eşitmişik ki, Göyçədə mal qırılıb; sənin də malların tələf olub. Bu söhbətinə görə sana mal damazlığı verəcəyik.

– Versəniz də sağ olun, verməsəniz də. Mən nə vaxt söhbət eləyəndə sizdən haqq is­tə­mişəm ki! Hər nə veribsinizsə, qəbul eləmişəm.

Yazı bilənlərdən biri kağız-qələm götürdü, bir siyahı tutdu. 18 adam hərəsi bir dana yazıldı. Məmiş dana yazılan adamların siyahısını aldı, saxladı.

Həmin ağsaqqal kişi yenə dilləndi:

– Aşıq Ələsgər, indi hələ inəklər sağılır. İnəklər quruyanda, danaları yığarıq. Ya özü­müz göndərərik, ya da özün gələndə apararsan.

Aşıq Ələsgər dedi:

– Məsləhət sizindi.

Ağdaşlı Xanlar dedi:

– Aşıq Ələsgər, mənim nisyə ilə işim yoxdu; mən indi bir düyə verirəm.

Aşıq Ələsgər o günü qaldı. Səhər tezdən çay-çörəkdən sonra Göyçəyə yola düşəndə gördü ki, qapıda qarnıboğaz bir düyə bağlanıb.

Aşıq Ələsgər atını minəndə bir oğlan düyəni açdı, yedəyinə aldı, Aşıq Ələsgərə dedi:

– Ələsgər əmi, bu düyəni Xanlar dayım sana göndərib. Mana tapşırdı ki, apar Göyçəyə.

– A bala, Xanlar dayının payı çox olsun!

Oğlan düyə yedəyində Aşıq Ələsgərlə bərabər Göyçəyə gəldi. Düyəni pəyəyə bağla­dılar. Oğlan səhər tezdən qayıtdı getdi.

Düyə Anaxanımın çox xoşuna gəldi. Aşıq Ələsgərdən soruşdu:

– A kişi, bu düyəni satın aldın?

– Yox, arvad, bir gecə söhbət elədim, camaat bu düyədən başqa mana 18 də dana verdi.

– Bəs, danalar hanı?

– Bir aydan sonra gedib gətirəcəm. Maldan sarı çox darıxırdın. İndi inəyin yerinə düyə bağlarsan, öküzün yerinə cöngə.

Anaxanım həddindən artıq şad oldu. Başladı günləri sanamağa. 29 gün düzələndə Aşıq Ələsgərə dedi:

– Kişi, sən o üzdən gəldiyin sabah düz bir aydı. Danaları gətirməyə gedəcəksənmi?

– Arvad, qoy bir az da keçsin, gedəcəm.

– Axı niyə?

– Dedilər ki, inəklər quruyanda, danaları apararsan. Bəlkə, eləsi var ki, hələ inəyi sa­ğılır. İndi getsəm, danasını verəcək, inəyi quruyacaq, arvad-uşağı da qarğışçımız olacaq.

Anaxanım daha dillənib bir söz demədi.

Bir müddət də keçdi.

Havalar soyumağa başlamışdı. Dağların başına arabir qar yağırdı. Anaxanım Aşıq Ələs­gərə tez-tez deyirdi ki, qar yağıb yolları bağlayacaq, get, danaları gətir.

Bir gün tezdən Aşıq Ələsgər atını mindi, sazını da çiyninə saldı, danaları gətirmək məqsədilə Çay Alxaslısı kəndinə yola düşdü. Gəlib kəndə yetişdi. Axşam yenə adətincə camaat Aşıq Ələsgərin başına toplaşdı. Aşıq Ələsgər sazını götürdü, çaldı, oxudu, ha­mı­nın qəlbi açıldı.

Amma o gördü ki, dana yazılanların çoxu bu gecə məclisə gəlmədi. Camaat dağı­landan sonra yatışdılar. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açıldı. Məmiş dana borcu olanların dalınca uşaq göndərdi ki, Aşıq Ələsgər gəlib, danaları gətirsinlər.

Aşıq Ələsgərlə Məmiş xeyli gözlədilər, 18 adamdan cəmi dörd adam hərəsi bir dana gətirib, Məmişin tövləsinə qatıb getdi. Qalanlarından kimisi gizləndi; kimisi dedi ki, dana ölüb; kimisi dedi ki, inəyi sağılır, yazda verəcəm... Hərə bir bəhanə elədi.

Aşıq Ələsgər axşama qədər də gözlədi, bir şey çıxmadı. Məmiş gördü ki, bu hör­mət­sizlik oldu. Özü kəndin içinə çıxdı ki, borclu olanları danlasın, danaları gətirsinlər. İs­mayılnan İrvahamı bir yerdə tapdı, dedi:

– O kişi Göyçədən burya nisyənin dalınca gəlib. Söz veribsiniz, sözünüzün üstündə durun. Danaları yığın gətirin!

İsmayıl dilləndi:

– Nə dana?

– Əşi, kişi bir gecə sabaha qədər sizə söhbət elədi, konlunuz şad oldu. Sizin də hərəniz bir dana söz vermədinizmi?!

– A Məmiş, o söz oxudu, bizim konlumuzu şad elədi, biz də dana söz verib, onun konlunu şad elədik; daha bizdən nə istəyir!

Məmiş o biri adamlardan da bir neçəsini gördü, bir mətləb hasil olmadı. Kor-peşman evə qayıtdı. Aşıq Ələsgər gördü ki, Məmiş çox fikirlidi. Dərdindən halı oldu. Məmiş İsmayılın cavabını olduğu kimi Aşıq Ələsgərə dedi, Aşıq Ələsgər güldü...

Axşam yenə camaat Aşıq Ələsgərin başına yığıldı. Amma dana borcu olanlardan heç biri gəlməmişdi. Aşıq Ələsgər sazı götürdü, bir qədər çaldı, oxudu. Onun ürəyində camaata deyiləsi sözü var idi. Dana yazılanların çoxunun yalançı çıxmağı, onu aldatmaları Aşıq Ələsgərə çox yoxuş gəlirdi. Aldı, görək camaata nə dedi:

 

Aşıq olan eşqə düşər, dərd çəkər,

Mənim kimi dərdi yüz olmaz, olmaz.

Hər ağacdan sandal, hər yarpaqdan gül.

Hər torpağın tamı düz olmaz, olmaz.

 

Sözün yeri gəldi, qoy deyim, barı,

Eşidənlər məni görməsin karı.

Aşığın nisyəsi, kürdün ilqarı

Desələr inanma, düz olmaz, olmaz.

 

Aşıq Ələsgər bu bəndi oxuyanda məclisdəkilər gülüşdülər. Yerdən biri dilləndi:

– Aşıq Ələsgər, atalar yaxşı deyib ki, soğan olsun, nağd olsun. Aşığın nisyəsi yox, hamının nisyələrinin sonrası düz çıxmır. Nisyə yaxşı sövdə deyil.

Aşıq Ələsgər dedi:

– Burada sövdə yoxdur. Özünüz görübsünüz ki, neçə dəfə bu camaata söhbət elə­mi­şəm, heç kəsdən bir şey ummamışam. Gərək onlar söz verməyəydilər. Sözündən qaçmaq namərdlikdir.

– Allah pis adamların üzünü qara eləsin! Yanında hamımız xəcalət olduq. Sözün dalını de gəlsin.

Aşıq Ələsgər aldı, görək nə dedi:

 

Zikrsiz mömini şeytan aldadar,

Sayğısız iyidi düşman aldadar,

Ağılsız cahalı kirşan aldadar,

Günü keçmiş qarı qız olmaz, olmaz.

 

Görməmişəm öküz yeriyə yorğa,

Gədadan bəy olmaz, dəlidən darğa.

Suda çimmək ilə saxsağan, qarğa.

Göldə silkələnib, qaz olmaz, olmaz.

 

Ələsgər, sərrafsan, gövhəri tanı,

Dosta qurban olsun düşmanın canı.

Comərdin kisəsi, mərdlərin nanı,

İnşallah, ölüncə az olmaz, olmaz.

 

Söz hamının xoşuna gəldi, hərə bir tərəfdən “sağ ol!” deyib, razılıqlarını bildirdilər. Ba­­yaqkı kişi yenə dilləndi:

– Aşıq Ələsgər, keçibdi. İşə bax ki, sözündən qaçanların çoxu hacı, məşədi, kal­va­yıdı. Kimə də olsa, gərək sənə fırıldaq, kələk gəlməyəydilər.

Məmiş dilləndi:

– Elə hər işləri fırıldaqdı ki, fırıldağa da düşürlər. Bir həftə bundan əvvəl Məşədi Bay­ramalının nökəri sandıqdan yüz manatını çalıb, o gedən gedibdi. Məşədi Bayramalı dalınca hələ də Arazın o tayına baxır. Aşıq Ələsgər, sən işində ol.

Aşıq Ələsgər sazın kökünü dəyişdi, “Baş müxəmməs” havası ilə aldı, görək nə dedi. Biz də sazla deyək, şad olun.

 

Mərd iyidin məclisindən

Aşıq gələr, at aparar;

Tər tökər, zəhmət çəkər,

Açar hər büsat, aparar;

Bu dünyanın şöhrətidi

Demə biisbat aparar;

Mərdlərə canım sadağa,

Zəhləmi bədzat aparar.

 

Ölmək var, dirilmək var,

Qail ol miyata, gedən;

Qəlbində şeytan mətahın

Alıb sata-sata gedən;

Siratəlmüstəqiminən

Tapar səni xata, gedən!

Zülmünən, sələminən

Yığıb, ziyarata gedən,

 

Ziyarata getmək deyil,

Urusa sursat aparar.

 

Bilirsən ki, ölüm haqdı,

Bu nə təlaşdı dünyada?!

Kimi gördüm ki, qəzadan

Qurtardı, qaşdı dünyada?!

Çoxlarını fələk qoyub

Gözü qan-yaşdı dünyada.

Səxavətsiz dövlət, bilin,

Barsız ağaşdı dünyada;

 

Nəfi yox, zəhməti çox,

Sel gələr, afat aparar.

 

Ovçusan, bərədə dur,

Maral gəlir, at, keçməsin.

Möminsən, qafıl olma,

Vaxtı-ibadat keçməsin.

Tülkü gəlib aslan olub,

Eşşək gəlib at keçməsin.

Nakəsin, müxənnətin

Əlinə fırsat keçməsin;

Halalı harama qatıb

Şeytana sövqat aparar.

 

Sözlərimin bir parasın

Saxlamışam, xəlvətdədi.

Zamana müxənnət olub,

Sur indi müxənnətdədi.

Bir az namus gözləyənin

Axır, boynu kəməndədi;

Dünyada “iyidəm” deyən

Ölüb, ya qəzəmətdədi;

Bu dünyanın ləzzətini,

Bilin, biqıryat aparar.

 

Bayaqkı kişi yenə dilləndi:

– Aşıq Ələsgər, örtülü-örtülü camaatı çox döydün. Yaxşı olardı ki, səni incidən adam­lardan bir-ikisinin adını deyəydin.

Aşıq Ələsgər aldı, görək nə dedi:

 

Qılışdı qardaşlıqlarım

Dedi bir dana, vermədi.

Çarx dolandı, iqbal yatdı,

Döndü zamana, vermədi.

İsmayılınan İrvaham

Mərdü-mərdana vermədi.

Sarıdaşlı Bayramalı

Qaçdı pünhana, vermədi;

Aşığın danasın vermir,

Yüz manatın tat aparır.

 

Bunu eşidəndə camaat bərk gülüşdü. Aşıq Ələsgər aldı sözün tapşırmasını:

 

Ələsgərəm, vəsf elərəm,

Budu təlaşım Xanlara;

Şahi-Mərdan kömək olsun

Əziz qardaşım Xanlara;

Hatəm kimi mətləb verir

Düşəndə işim Xanlara;

Nə ki aşıq gördüm, deyir!

“Qurbandı başım Xanlara!”.

Kimisinə mal bağışlar,

Kimi yüz manat aparır.

 

Mənim əzizlərim, söz tamam olandan sonra, camaat istədi ki, Aşıq Ələsgərə dövran pulu yığa, Aşıq Ələsgər dedi:

– Camaat, özgə fikrə düşməyin. Mən pul-zad götürməyəcəm. Bu söhbəti sizə pulsuz eləmişəm.

Məclisdəkilər durub evlərinə getdilər.

O gecə keçdi. Səhər hamınızın üzünə xeyirliklə açılsın, səhər açıldı. Çay-çörəkdən son­ra Məmiş mallarının içindən yanı buzovlu cavan bir inək ayırdı, dünən gətirdikləri dörd dana ilə birlikdə nökərinin qabağına qatdı ki, Ağkilsəyə aparsın. Aşıq Ələsgər atını mindi, Göyçəyə yola düşdülər.

Anaxanım gözləyirdi ki, Aşıq Ələsgər 18 dana gətirəcək. Aşıq Ələsgərgil gəlib qapıya ça­tanda Anaxanım gördü ki, beş dana, bir də bir inək gətiriblər. Səbr eləyə bilmədi, Aşıq Ələs­gərdən soruşdu:

– A kişi, bəs, danaların qalanı hanı?

Aşıq Ələsgər arvadının qəlbini sındırmaq istəmədi, gülümsünüb dedi:

– Arvad, dedilər ki, ələfiniz azlıq eləyər; danaları yaza qədər saxlayaq, yazda gəlib apa­rarsan.

– A kişi, Allah onların dadına yetsin! Nə yaxşı adamlardı.

O günü keçdi, sabah günorta gördülər ki, bir oğlan bir göy öküzün buynuzuna ip keçirib yedəyinə alıb, biri də arxasınca əlindəki çubuqla vura-vura gəlir. Gəlib qapıya yetişdilər.

Aşıq Ələsgər bunları görəndə soruşdu:

– A bala, bu nə maldı?

Oğlanın biri dilləndi:

– Ələsgər əmi, bu öküzü sarıdaşlı Məşədi Bayramalının oğlu Tahar göndərdi. Özü də xahiş elədi ki, dədəmin adını o sözdən çıxartsın.

Aşıq Ələsgər gülüb dedi:

– A bala, mən çıxartsam da, camaat çıxartmaz. Nahaq zəhmət çəkibsiniz.

Öküzü çəkib tovlaya bağladılar. Öküzü gətirən oğlanlar gecə qalmaq istəmədilər; çay-çörəkdən sonra qayıtdılar.

Öküz dörddoğan canlı bir öküz idi. Kələ tay olardı. Qohum-qonşu maraqlandı, Aşıq Ələsgər başına gələnləri bunlara danışdı. Anaxanım Aşıq Ələsgərin bu söhbətini eşidəndən sonra qalan danalardan gözünü kəsdi. Bir kəl, bir öküz, bir inək, bir düyə, beş də dana az dövlət deyildi.

Anaxanım ürəyində buna da şükür eləyirdi...

Allah hamınızı dərddən, qayğıdan, fikirdən xilas eləsin! Allah heç bir mərdi namərdə möhtac eləməsin! Ömrünüz uzun, ruzunuz bol olsun!