About - Poems
ƏLƏSGƏR
Döşündə çağlayan telli sazınla,
Çox gəzmisən mahalları, Ələsgər.
Məcnun kimi Leyli dərdi sinəndə
Hey dolandın bu dağları, Ələsgər.
Əlində Koroğlu misri qılıncı,
Gah misri çaldın, gah da zarıncı,
Təbiət qoynundan neçə min inci,
Sən seçdin gövhəri, dürü, Ələsgər.
Qəvvas olub dəryalara dalanda,
Təlanlar əlindən şikar alanda,
Göyçə qar əlindən zara gələndə,
Muğanda axtardın qarı, Ələsgər.
Gah ətrafın oldu gözəl yığnağı,
Gah tərif eylədin almayanağı,
Gah da alovlanıb Kərəm sayağı,
Mat etdin atəşi, narı Ələsgər.
Dünya yola salmış neçə ozanı,
Neçə sinədəftər, neçə yazanı,
Mahirsən, kamilsən sənə tay hanı?
Oldun ağızların carı, Ələsgər.
Səni yada salır bu doğma elin,
Sənə qibtə edir xoşbəxt nəsilin,
Səninlə doğulan yüz əlli ilin,
İndi gülür şən baharı, Ələsgər.
Mənbə: “Sovet Ermənistanı”, №64(9711), 27 may 1972. səh.4
TELLİ SAZ DİLLƏNƏNDƏ
Aşıq Ələsgərə
Telli sazın ustadı kimdi qoca cahanda?
Çoxu basıb köksünə dindiribdi bu sazı.
Unutmamış el-oba, unutmamış bir an da
Novruzu, Abdullanı, Tufarqanlı Abbası.
Telli sazı bir zaman Ələsgər də götürdü,
Elə çaldı, o sayaq heç çalan olmamışdı.
Sazlı, sözlü aləmin Ələsgər zirvəsində
Ələsgərtək qıy vurub, hay salan olmamışdı.
Ocağı qırağında Ələsgəri görəndə
Ermənilər söylədi: “Sayat Nova sağdı ki...”.
Şaşırmadı yolunu əsla dumanda, çəndə;
Fırtına qucağında o özü ocaqdı ki...
Telli saz dillənəndə Dəli Alı atlanır;
Yanında yar-yoldaşı, yanında dəliləri;
Telli saz dillənəndə xəyal da qanadlanır,
Dəli Alı dağların bir igid cəngavəri.
Dəli Alı bəlkə də belə sevilməzdi heç,
İgidliyi vəsf edən Ələsgər olmasaydı?
Dəli Alı bəlkə də belə sevilməzdi heç,
Ələsgərin qoşduğu nəğmələr olmasaydı.
Telli saz dillənəndə deyirsən ki, dünyada
Yanmağa, yaşamağa haqqı varmış insanın.
Yanılmaq da, həsrət də, qəm də xoşdu sevdada;
Sevda ilk əlifbası ürəkdəki tufanın...
Telli saz dillənəndə doğma el, doğma diyar,
Bir qədər də gözümdə gözəlləşir təzədən.
Soruşuram: Ələsgər hardadır, ulu Qoşqar?
Elə bil əl eləyir: o burdadır, mənəm, mən!
Ələsgər vəsf etdiyi yaylağa vurğun ürək,
Telli saz dillənəndə yaylaq başqalaşır ki...
Əsir əcəb ətirli, təravətli bir külək,
Lalə, zanbaq çiçəklə, güllə qucaqlaşır ki...
Bu dünya müəmmalı, bu dünya sirli, sözlü;
Tərəqqi, tənəzzülü duydu Ələsgərim də;
Bu dünya çox qəribə, bu dünya neçə üzlü;
“Axtar qoşmalarımda, oxu təcnislərimdə”.
Telli saz dillənəndə bilmirəm necə oldu,
Qəm sevincə qarışdı, sevinc qəmə qarışdı?
Bir səs dedi: qoçaqsan, üz bu səs dəryasında,
Yox, fəsillər elə bil bir-birinə qarışdı.
Dedim: görən özüm də varam, bəlkə heç yoxam?
Bəlkə dünya, kainat sözlə ülfət bağlamış?!
Şahə qalxan duyğular əlində qaldı yaxam,
Sazın tellərindəki bu sehrə, gücə alqış!
Saz dübarə dinəndə özümə gəldim bir az,
Dedim bu havalar da aşıq Ələsgərindir.
Ancaq burası var ki, hər qəlbə yanğı salmaz;
Bu bir sirdir, mənası göylər qədər dərindir.
Saz dinəndə birinci Ələsgər düşür yada,
Axır qəlbə, ürəyə Ələsgər məhəbbəti.
Deyirlər ki, o yüz il ömr elədi dünyada,
Yüz-yüz əsrə yadigar qaldı şeiri, sənəti.
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №14(1672), 1 aprel 1972. səh.11
ƏLƏSGƏR DƏDƏ
Vaxt gələr özləri tutular daşa,
Sənə daş atanlar, Ələsgər dədə.
İlk deyil, son deyil, çox gəlib gedib,
Belə şarlatanlar, Ələsgər dədə.
Ələsgər sirrini, nə qanır qanmaz,
Yüz kərə oxuya, qanmaz, duyanmaz.
Yox, sənin adına kölgə salanmaz,
Başı boş adamlar, Ələsgər dədə.
Doğruya səhv deyir, düz yoldan çaşır,
Ərkanı tapdayıb, həddini aşır.
Anlamır, qanmır ki, haqqa sataşır,
Sənə sataşanlar, Ələsgər dədə.
Sirr-qüdrətin yerdə deyil, göydədi,
Dağılmazdı söz dünyanın məbədi.
Sənintək həyatda qalsın əbədi,
Səni yaşadanlar, Ələsgər dədə.
23.06.2017
TANRIDAN
Ələsgər olmağa həvəskar olma,
Ələsgər olasan gərək Tanrıdan.
O uca zirvəyə biztək çoxları,
Sadəcə eyləyər dilək Tanrıdan.
O Quran əhlidi, o haqqa təndi,
Yer-göydən söz açır hər adi bəndi.
Onun şeirləri bədahətəndi,
Bəxş olub anidən demək Tanrıdan.
Sönməyən ocaqdı, Tanrı közüdü,
Sazda da, sözdə də “Tanrı” özüdü.
Onun dedikləri Tanrı sözüdü,
Çatdırıb vəhy təki mələk, Tanrıdan
Pir usdad olubdu, rəhmət ustada,
Borcdu ki, biz edək hörmət bu ada.
Ələsgər yaranar min ildə, o da,
Olarsa xəlbirlə, ələk Tanrıdan.
Aqşinəm, general hər əsgər olmaz,
Hər şair dillərdə dil-əzbər olmaz.
Nə səndən, nə məndən Ələsgər olmaz,
Ələsgər xəlq olub bil, tək Tanrıdan.
22.12.2016
SÖZ DÜNYAN, DƏDƏ
Olsa da iki yüz il, yaşın tamam,
Yaşından böyükdür söz dünyan, Dədə.
Bu iki yüz illik zaman içində,
Sanırıq varındır yüz dünyan, Dədə.
Təhsilsiz olsan da ömrü, həyatı,
Bilmisən hər elmi, hər hesabatı.
Sehirlidir söz dünyanın alt qatı,
Bizlərə bəllidi üz dünyan, Dədə.
Sənin öz yolun var, tək haqqın yolu,
Sağıdır şəriət, elmdir solu.
Bu dünya içində hikmətlə dolu,
Ayrı bir dünyadır öz dünyan, Dədə.
17.04.2021
AŞIQ ƏLƏSGƏRƏ
Yondu heykəlini öz əllərilə,
Ələsgər tarixə bir gəldi getdi.
Mərdə tərif dedi, dastan bağladı,
Namərdin gözünə tir gəldi getdi.
Dünya sərvətindən çəkdi əlini,
Mənəm deyənlərin kəsdi dilini.
Ana-bacı bildi qızı, gəlini,
Sənət dünyasına pir gəldi getdi.
Sonsuz ümman idi, elə rəğbəti,
Müdrik kəlamları, sözü, söhbəti.
Qəlbində dəfn oldu, ilk məhəbbəti,
Möcüzə yarandı, sirr gəldi getdi.
Möhnət qapısını döyən ustadın,
Qəza qamətini əyən ustadın.
Bisavad aşığam, deyən ustadın,
Dodağında zəbər, zir gəldi getdi.
Alqayıtam, dərdli ozan çox olub,
Sirr söyləyən, yuxu yozan çox olub,
Saz götürüb, şeir yazan çox olub,
Yazıq Ələsgərim şir gəldi, getdi.
1990, Xanlar.
Mənbə: Alqayıt. “Yaralı qartal”. Bakı, Hərbi Nəşriyyat, 2006.SİNƏMDƏ GETDİ
Aşıq Ələsgərin söz dəryasının,
Ləl gövhər qiyməti sinəmdə getdi.
Ölçüyə sığışmaz, çəkiyə gəlməz,
Möhnəti, hikməti sinəmdə getdi.
Bir neçə aşığa mən oldum ustad,
Qəmli könülləri çox eylədim şad,
Görüm səni olnan, ey dünya, bərbad,
Elin məhəbbəti sinəmdə getdi.
Həmişə söylənir dillərdə adım,
Daha qocalmışam, yoxdu imdadım,
Mən ölsəm ağlayar qohumum, yadım,
Yurdumun ülfəti sinəmdə getdi.
Aşıq Ağayaram, mən sinədəftər,
Ötmədi günlərim, mənasız, hədər,
Novrəstə İmannan çox etdim səfər,
Onun sədaqəti sinəmdə getdi.
Mənbə: “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. səh.176
ƏLƏSGƏR BABA
Kamil ustadlara qurbandı canım,
Sultanın tayısan, Ələsgər baba.
Şəmkirli Hüseynlə eylədin ülfət,
Tanrının payısan, Ələsgər baba.
Gəzdin yardan ayrı yaslı-yaralı,
Bimar olan günü-gündən saralı.
Dolandın elləri, doğma mahalı,
Göyçə ad-sanısan, Ələsgər baba.
Gözəllərin vəfasızın görmüsən,
Çəmənlərdən tər çiçəklər dərmisən.
Bəndərə də saf duyğular vermisən,
Könül duyanısan, Ələsgər baba.
Mənbə: Aşıq Bəndər Şəmkirli. “Eldən aldım ilhamımı”. Bakı, “Avropa”, 2007. səh.75
AŞIQ ƏLƏSGƏRƏ
Sən bir sənət dahisisən,
Mən sənin övladın, ustad!
Ömür boyu ürəyimdə,
Həkk olubdur adın, ustad!
Mən cavanam, sən ulusan,
Qəlbi inciylə dolusan.
Aşıqların haqq yolusan,
Sönməz günəş oldun, ustad!
Əhmədəm, xoş niyyətim var,
Səninlə bir söhbətim var.
Bu qədər ki, qüdrətin var,
Kim olub ustadın, ustad?!
Mənbə: Aşıq Əhməd Rüstəmov, “Aşıq Ələsgərə”, “Ozan dünyası”, №4(7), 2011. səh.84
ƏLƏSGƏR
Ustadı Alıdan alıb dərsini,
Elin qarşısına çıxdı Ələsgər.
Anlatdı hamıya sazın sehrini,
Duyan könüllərə axdı Ələsgər.
Duyğusuzun sevgisi nə, eşqi nə,
İşıq saçmaz, sönüb gedər beş günə.
Yana-yana bir gözəlin eşqinə
Aləmi yandırıb-yaxdı Ələsgər.
Çоx bənzətdi yaylaqları yaylağa,
“Ləzzət verir bal qatanda qaymağa”.
Bir yaralı maral getdi bulağa,
Оvçuya qanlıtək baxdı Ələsgər.
Haqq aşığı batardımı günaha,
Baş əymədi nə sultana, nə şaha.
Ucalıqda üz çevirdi Allaha,
Sözün zirvəsinə qalxdı Ələsgər.
ON İL QULLUQ ETDİM MƏN ƏLƏSGƏRƏ
On il qulluq etdim mən Ələsgərə,
Sidqimi bağladım etiqadına.
Hər nə desə, qəbul etdim sözünü,
Məni də yetirdi haqq baratına.
On il qulluğunda dayandım, dözdüm,
Dilindən nə çıxdı, sinəmə yazdım.
Qırx beş il dünyanı dolandım, gəzdim,
Bələd oldum yerin yeddi qatına.
Yaxşını götürdüm, yamandan qaçdım,
Oxudum, sinəmin dəftərin açdım.
İyirmi beş yaşında qaynadım, coşdum,
Otuz yaşda mindim eşqin atına.
Eşqin səməndini hər yana çapdım,
Mərd ilə namərdi axtarıb tapdım.
Heç könül yıxmadım, çox könül yapdım,
Göz qoydum dünyanın hər büsatına.
Əsəd deyir, ustada son qoyanın,
Pünhanda laf edib, özün öyənin,
Ustad sözün öz adına deyənin
Lənət gəlsin onun əsli-zatına!
Mənbə: “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. səh.139
ƏLƏSGƏR
Aşıq Ələsgərin 150 illik yubileyində
Cəmi aşıqların ustadı sənsən,
Yoxdu sözlərinin sayı, Ələsgər!
Aşıqlar çox gəlib-gedib dünyadan,
Səni kimi aşıq hanı, Ələsgər!
Həyatda ən ulu ölməz adın var,
Sənin də yaxının, doğman, yadın var.
Dahisən, hesabsız qol-qanadın var,
Şeir kanı, söz ümmanı, Ələsgər!
Eşqinlə canlandı baharım, yazım,
Sənət hünərindən danışdı sazım.
Qurbani, Qul Abbas, o dədə Qasım,
Talan gördü bu dünyanı, Ələsgər!
Sinən yaralandı ahdan, amandan,
Bir Səhnəbanıdan, bir də zamandan.
Elə gileyləndin pisdən, yaxşıdan,
Sənət meydanının xanı, Ələsgər!
Divani, təcnisdən yükün çox oldu,
Qaynadı, kükrədi peymanın doldu.
Saraçlı, aşıqlıq müqəddəs yoldu,
Bu ədəb-ərkanın canı – Ələsgər!
Mənbə: Hüseyn Saraçlı. Nəğməli sinəmdə yüz dastan yatır. Bakı, “Elm və təhsil”, 2016. səh. 15
ƏLƏSGƏRDİ
Adı göylərə ucalan,
Ustadımız Ələsgərdi.
Sənətiylə pak dolanan,
Ustadımız Ələsgərdi.
Aşıqlarla edən bəhsi,
Xoşa gələn hər kəlməsi,
Dünyaya yayılan səsi,
Ustadımız Ələsgərdi.
Sözlərində dağ qüdrəti,
Sevən haqqı, ədaləti,
Heç zaman ölməz sənəti,
Ustadımız Ələsgərdi.
Ruhu, qəlbi biznən olan,
Ürəklərə salıb talan.
Məzarı Göyçədə qalan,
Ustadımız Ələsgərdi.
Şəriəti dərin bilən,
Quranı məna eyləyən.
Xalqa nəsihət söyləyən,
Ustadımız Ələsgərdi.
Çox düşübdü imtahana,
Çatıb böyük ada, sana.
Baş əyməyən bəyə, xana,
Ustadımız Ələsgərdi.
Düz bir əsr ömür sürən,
Hər bir zaman uzaqgörən,
El-obada məclis quran
Usatdımız Ələsgərdi.
İsfəndiyar, çat murada,
Sığınmısan minbir ada.
Nə qəmin var bu dünyada,
Ustadımız Ələsgərdi.
Mənbə: Günümüzün ustad aşıqları: İsfəndiyar Rüstəmov. Bakı, “Elm və təhsil”, səh.54-55
ƏLƏSGƏR
(Ələsgər babamın 175 illiyinə)
İlahi qüdrətdən elə bəxş olub,
Zirvədə əlçatmaz dağdı Ələsgər.
Hansı meyvə desən, orda tapılar,
Pozulmaz, tükənməz bağdı Ələsgər.
Təcnis, divanidən qurulub himi,
Qoşma, müxəmməsdə köklənib simi.
Cəmi ustadların ustadı kimi,
Coşqun bir dəryadı, çaydı Ələsgər.
Fətulla, qaçqınlıq düşdü payına,
Şükür olsun xudanın haqqı-sayına.
O bir Allahımız yetdi hayına,
Ağızda tam verən baldı Ələsgər.
Mənbə: Günümüzün ustad aşıqları: Fətulla Göyçəli. Bakı, “Elm və təhsil”, 2016. səh.56
USTAD AŞIQ ƏLƏSGƏRƏ
Yaqutun, Yamənin, ləlin, gövhərin,
Ələsgər, sərrafı – saf məhəngisən.
Şeir zirvəsinin çiçəklərindən,
Mahir yaratmısan bir çələngi sən.
Sən nə usanmısan, nə yorulmusan,
Şeirdən bir böyük xana qurmusan.
Arğacına milyon zinət vurmusan,
Neçə naxışlarda, neçə rəngi, sən.
Dünya varlığına min dastan dedin,
Sən ana yurduna gülüstan dedin.
“Xoş olsun ruzigar, hər zaman”, – dedin,
Həqiqət sözünlə zəfər zəngisən.
Gəncə şəhəri
Mənbə: “Bolluq uğrunda”, №58 (3426), 13 may 1972. səh.4
ƏLƏSGƏR
Solaxey saz çalıb gəzdi aləmi,
Bu dərya bilikli, adlı Ələsgər.
Düşmən qarşısında dürlü söz dedi,
Huşlu, dərrakalı, yadlı Ələsgər.
Hey gəzdi sultanla, paşayla, xanla,
Söz alana cavab verdi o canla.
Mərfətlə danışdı hər bir insanla,
Sözləri ağızda dadlı Ələsgər.
Mənəm deyənlərin sazını alıb,
Yolunu həmişə ellərə salıb.
Deməyin nə ölüb, nə də qocalıb,
Əzəldən hörmətli, addı Ələsgər.
ƏLƏSGƏR
Dünyanın işini yaxşı bilirdi,
Sözünə şirinlik qatdı Ələsgər.
Sözdən gövhər seçdi, ləl dənələdi,
Alqışa, sevincə satdı Ələsgər.
Bir yanı Türkiyə, bir yanı İran,
Dürlü sözlərinə oldular heyran.
Onunla fəxr edir bu Azərbaycan,
Haq deyənə hər vaxt yatdı Ələsgər.
O da köçüb getdi, qalmadı, hanı,
Təbiət yetirməz bir belə canı.
Bununla bağlasın Kərəm dastanı,
Ən yüksək məqama çatdı Ələsgər.
30.03.1980
Mənbə: Aşıq Kərəm Bəkiroğlu, “Beləcə boşalıb dolur bu dünya”, Bakı, “”, 2017. səh.81-82
SƏNƏTKAR
Şeir günəşisən, ziyalarınla
Nur çilədin bu bahara, sənətkar!
Oyan bir yuxudan, oyan fəhm elə,
Hər yan dönüb güllüzara, sənətkar!
Nizami oğlusan, ləldən başın var,
Bir qızıl üzüksən, zümrüd qaşın var.
Füzuli, Vaqif tək süd qardaşın var,
Söykənmisən sənətkara, sənətkar!
Dəryatək daşmısan, çağlamısan sən,
Qəlbini ellərə bağlamısan sən.
Xalqınla gülmüsən, ağlamısan sən,
Söz dağını yara-yara, sənətkar!
Sənət meydanında çox olub bəhsin,
Zalımlar yanında susmayıb səsin.
Sazı sevən, sözü sevən hər kəsin,
Etmisən dərdinə çarə, sənətkar!
Çeşmə olub könüllərə axmısan,
Duyan ürəklərə sırğa taxmısan.
Murad Niyazlını oda yaxmısan,
Qul olmusan etibara, sənətkar!
Mənbə: “Ulduz”, №57 (3751), 11 may 1972. səh.3
ƏLƏSGƏR
Sənət aləminin nemətlərindən,
Əritdi, cövhəri süzdü, Ələsgər.
Cumdu qəvvas kimi dərinliklərə,
Şeir ümmanında üzdü, Ələsgər.
Yaşadı yüz beş il, dağda, aranda,
Gördü qan içən də, əhval soran da.
Bürküdə, yağışda, qarda, boranda
İstiyə, soyuğa dözdü, Ələsgər.
Vüqarı sınmayan uca dağ oldu,
Alnı açıq oldu, üzü ağ oldu,
Dörd yanı gül açdı, bağça-bağ oldu,
Hər güldən bir qönçə üzdü, Ələsgər.
Murad Niyazlısan, niyaz elə can,
Ver xalqın istəsə, canını qurban.
Ara əsrləri hey zaman-zaman,
Hanı belə sazlı-sözlü Ələsgər!
Mənbə: “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. səh.349
ƏLƏSGƏR
Dədələr dədəsi, dədələr xası,
Aşıqlar içində pirdi Ələsgər.
Nəsib şəyird misal ona qabaqda,
Dünyaya gələndən birdi Ələsgər.
Göyçənin adını yazıb ellərə,
Şirin söz-söhbəti düşüb dillərə,
Çox təriflər deyib incə bellərə,
Söz də çox təzədi, tərdi Ələsgər.
Nəsib fürsət düşdü üz-üzə gəldim,
Belə bir ustadla göz-gözə gəldim,
Hərbə-zorba oldu, söz-sözə gəldim,
Gördüm açılmamış sirdi Ələsgər.
ƏLƏSGƏRİN QOŞMASI
Çəmənzardı, çəmənzarın içində,
İlk bahardı, ilk baharın içində.
Şirin-şirin qoşmaların içində,
Yenə təkdi Ələsgərin qoşması,
Nə qəşəngdi Ələsgərin qoşması.
Şadlıq bizi tərk eləsə dərbədər,
Dada yetir yenə qoca Ələsgər!
Yaxamızdan yapışanda qəm-kədər,
Sevincimiz Ələsgərin qoşması,
Saf incimiz Ələsgərin qoşması.
Bizi üzü ağ yaradıb şeirdən,
Min bəhrəli bağ yaradıb şeirdən.
Xalqım böyük dağ yaradıb şeirdən,
Bir lalədi Ələsgərin qoşması,
Şəlalədi Ələsgərin qoşması.
Bir cilvəli sona görsə gözümüz,
Könül verib şeir yazsaq özümüz.
Özümüzdən tükənəndə sözümüz,
Dada yetir Ələsgərin qoşması,
Əldən tutur Ələsgərin qoşması.
Cavanlığın dəli qanlı günləri,
Eşqə düşüb dolaşanda sərsəri,
Qəlbimizə od vuranda bir pəri,
Yada düşür Ələsgərin qoşması,
Tez yetişir Ələsgərin qoşması.
Dolandıqca Azərbaycan elində,
Çəmənində, çiçəyində, çölündə.
Dağ yolunda, kəhər atın belində,
Zümzüməmiz Ələsgərin qoşması,
Zənguləmiz Ələsgərin qoşması.
Bəhmən Vətənoğlu. “Allahsız dünya”. Bakı, “Gənclik”, 1992. səh.70-71
KİMİ
(Aşıq Ələsgərə)
Şeir meydanında vüqarla durdun,
Möhtəşəm dağların ucası kimi.
Sənətə möhkəm bir təməl qoyubsan,
Misir ehramının bənnası kimi.
Sözündə vəsf olub el gözəlləri,
Tər qönçə, tər çiçək, gül gözəlləri,
Oxşayıb sazında tel gözəlləri,
Mehriban ananın laylası kimi.
Meydanında neçə qilü qal olub,
Neçə aşıqların dili lal olub,
Neçə molla, alim payimal olub,
Coşubsan elmlər dəryası kimi.
Deyirlər, hər şeyi bilib Ələsgər,
El ilə qəmlənib, gülüb Ələsgər,
Elə ki, məclisə girib Ələsgər,
Nur saçıb Günəşin ziyası kimi.
Bir də gəl cahana, Ələsgər əmi,
Aşıq Məhərrəmin qalmasın qəmi.
Yığılsın başına aşıqlar cəmi,
Aşıq Ələsgərin sədası kimi.
Mənbə: “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. səh.263
ƏLƏSGƏR
İşıq sаldın hər ölkəyə, mаhаlа,
Şöhrət оldun bizim еlə, Ələsgər.
Sədəfli sаzını аlаndа ələ,
Döndün bir ümmаnа, sеlə, Ələsgər.
Hər mаhаldа məclis qurub gəzibsən,
Mirvаri sözləri bir-bir düzübsən,
Еlmin dəryаsındа kаmil üzübsən,
Uymаdın fitnəyə, fеlə, Ələsgər.
Təcnisin, divаnin аldı dünyаnı,
Bütün аləm yаnır Ələsgər hаnı.
Аğаbаbаyаm, budur sözümün cаnı,
Düşübsən dillərdən-dilə, Ələsgər.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.62
USTADIM AŞIQ ƏLƏSGƏRƏ
Böyük tacidarım, kamil sənətkar,
Sənsən mənim pak ustadım, Ələsgər.
Yadımdan çıxarsa yazdığın əşar,
Qopar o gün qiyamətim, Ələsgər.
Ürəyimdə istək, dahi sən oldun,
Sənətimin qibləgahı sən oldun,
İdrakımın mehri, mahı sən oldun,
Fikrim, zikrim bir baratım, Ələsgər.
Şəms olub düşübsən dillərdən-dilə,
Nəğmə pay verilib bağda bülbülə.
Xəzinə anbarın baqidir hələ,
Açılıb bazarın "satım", Ələsgər.
Röyada dərs dedin, öyrətdin məni,
Pak saxladın eşqi, nəfsi, bədəni.
Fərasət möcüzü sanıram səni,
Haqdır ki, var etiqadım, Ələsgər.
Sən mənə səadət, barat vermisən,
Şəmşirin qəlbinə qanad vermisən,
Zərrin irəxitli Qırat vermisən,
Durur sən verdiyin atım, Ələsgər.
ƏLƏSGƏR DƏDƏ
Hakimsən şeirimin şah budağında,
Hər kəs at oynatmaz söz oylağında.
Sənətin əlçatmaz ucalığında
Qalasan, səngərsən, Ələsgər dədə!
Ana laylasının beşiyindəsən,
Bu dərdin içində, eşiyindəsən.
Yenə də Göyçənin keşiyindəsən,
Əlçatmaz hünərsən, Ələsgər dədə!
Ruhuna söylərəm hekayətimi,
Namərdlər tapdayıb səadətimi.
Tanrı dərgahına şikayətimi
Bay ollam göndərsəm, Ələsgər dədə!
Sonsuz bir istəklə bağlısan elə,
Bu zarınc ellərə bir dua elə.
Alovsuz, tüstüsüz yanırsan elə,
Sən ki, səməndərsən, Ələsgər dədə!
İşıqlı aləmin şah vüqarısan,
Eşqin, məhəbbətin ilk baharısan.
Yenə söz mülkünün bayraqdarısan,
Günəşli səhərsən, Ələsgər dədə!
Misralar ballanır bu dildə belə,
Fərhad Şirin deməz hər dildə belə.
Tarixlər dolansa min il də belə
Dillərdə əzbərsən, Ələsgər dədə!
Sənsən haqq aşiqi: şöhrətli, adlı,
Mehraca yön tutan qartal qanadlı.
Nizami ilhamlı, Füzuli odlu,
Dədə Ələsgərsən, Ələsgər dədə!
Hikmətli kəlamın alayı səndə,
Qüdrətin pozulmaz halayı səndə,
Cilalı sözlərin qalayı səndə,
Sən zərsən, gövhərsən, Ələsgər dədə!
Min aləm yaşatdın bir öz dünyanda,
Kürəsən, atəşsən od-köz dünyanda...
Öz sənət dünyanda, sən öz dünyanda
Dünyalar qədərsən, Ələsgər dədə!
Mənasan, heyrətsən, ay dahi ustad,
Qoşmanın, təcnisin pənahı ustad.
Bu ulu sənətin Allahı ustad...
Əbədi öndərsən, Ələsgər dədə!!!
ƏLƏSGƏR
Dağların başından bir qartal kimi,
Qıy vurub, havada süzdü Ələsgər.
Sənət dünyasının barlı bağından,
Ən dadlı meyvələr üzdü Ələsgər.
Telli saz əlində getdisə hara,
Şeir meydanında düşmədi dara.
İnci sözlərini ləl misralara,
Mahir zərgər kimi düzdü Ələsgər.
Səhər şəfəqindən xəbər verdi dan,
Bilir cavan, qoca, təzə dil açan.
Qoşması, təcnisi od-alov saçan,
Sönməyən ocaqdı, közdü Ələsgər.
Düşdü Qəlmçəli, adı dillərə,
Sevdirdi özünü bütün ellərə.
Bir xəzinə bəxş etdi o, nəsillərə
Qiyməti solmayan sözdü Ələsgər.
Mənbə: “Sovet Ermənistanı”, №43 (9690), 8 aprel 1972. səh.4
ƏLƏSGƏR
Dövrün Ağrı dağdan ağır dərdinə,
Bahadır gücüylə dözdü Ələsgər.
Könüllər mülkünü çıraqban etdi,
Atəşli, alovlu, közlü Ələsgər.
Yadında nəqş etdi yar busatını,
Koroğlu tək mindi eşqin atını.
“Gah axtardı yerin yeddi qatını,
Gah çıxıb asmanda” süzdü Ələsgər.
Ayə yazdı “qaşın, gözün təhrində”,
Ömür qoydu ilk vəfanın qəhrində.
Kamal qəvvas oldu, eşqin bəhrində,
Çox narın çalxandı, üzdü Ələsgər.
Dedi istəmirəm dünya malını,
Çəkirəm ellərin qeyli-qalını.
Bimürvət zamanın hər əhvalını,
Sazın tellərinə düzdü Ələsgər.
Neçə burun ovuşdurdu sazıyla,
Neçə qanlar sovuşdurdu sazıyla,
Neçə həsrət qovuşdurdu sazıyla,
Neçə könül tikdi sözlü Ələsgər.
Yersiz oturmadı, yersiz durmadı,
Bircə saf arzulu könül qırmadı.
Heç nəyi gözündən yayındırmadı,
O qartal baxışlı – gözlü Ələsgər.
Mənbə: “Bolluq uğrunda”, №58 (3426), 13 may 1972. səh.4
ƏLƏSGƏR
Sən аnаdаn оlаn gündən sаnаsаq,
Yüz əlli il tаmаm оldu, Ələsgər.
Qоşmаn, təcnislərin, dоdаqdəyməzin,
Hər birisi, bir dərs оldu, Ələsgər.
Yаd еtdin həmişə sən ustаdlаrı,
Аşıq Аlı kimi bir sənətkаrı.
Min cürə gül аçdı bаğçаnın bаrı,
Hеyif ki, gül təki sоldun, Ələsgər.
Yаndırdın şеirdə sönməyən çırаq,
Əliхаn hikmətindən qоy vеrsin sоrаq.
Söz qоşdun, dоdаğа dəymədi dоdаq,
Ustаdlаr ustаdı оldun, Ələsgər.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.62
DODAQDƏYMƏZ
La ilahə illəllahın əsrarı,
Saliklərə təriqətdi Ələsgər,
Həzrətinə yetişənlər anladı,
Əli zatlı həqiqətdi Ələsgər.
Eldən nihan, sirri-dəhan ağası,
Kan içində gizlənən kan ağası,
Təcəlladə iki cahan ağası,
Həqdən gələn inayətdi Ələsgər.
Eşq içində aşiqlərin sərdarı,
Sidq içində sadiqlərin iqrarı.
Qal əhlinə şəriətin inkarı,
Hal əhlinə hidayətdi Ələsgər.
Sinəsində eşq atəşi qalandı,
Şeytanların kaşanəsi talandı,
Saz Allaha, Allah saza calandı,
Dərgahları ziyarətdi Ələsgər.
Xilqətinə xəlqi heyran eylədi,
Yar eşqinə didə giryan eylədi,
Ecaz ilə ərşi seyran eylədi,
Haq qatına səyahətdi Ələsgər.
Dillənəndə ləl saçıldı dilindən,
İşıq yağdı hər ayından, ilindən.
Haqqı aldı haqsızların əlindən,
İlahidən ədalətdi Ələsgər.
Tikəsini qırxlar ilə yeyənlər,
Şirin cana eşq atəşi geyənlər,
Leyl, nəhar “Əli, Əli” deyənlər
Anlayar ki, nə halətdi Ələsgər.
Əsli, zatı əzəlindən əsildi,
Haqdan gələn şəcərədi, nəsildi.
Haqq işığı Ələsgərlə kəsildi,
İntəhadı, nəhayətdi Ələsgər.
DƏDƏ ƏLƏSGƏRƏ NƏZİRƏ
Ey xəstə könlümün təbibi dilbər,
Eylə dərdlərimə çara dərmanı,
Əlacım axtarıb dünyanı gəzmə,
Girib öz könlündə ara dərmanı.
Əğyarın qıldığı çarədən əfzəl,
Yarın can almağı gözəldi, gözəl.
Qartala dərd verən Xaliqi-Əzəl,
Verməsin bayquşa, sara dərmanı.
Fəxrəddin buraxıb şöhrəti, namı,
Ələsgər dəstindən içdi bu camı;
“Təqdiri-qüdrətin gözəl nizamı
Mənə dərdi verib, yara dərmanı”.
ƏLƏSGƏR BABA
Saz söz sənətinin sultanı kimi,
Layiqsən vüqara, Ələsgər baba.
Sən əlçatmaz zirvə, usta olmusan,
Neçə sənətkara, Ələsgər baba.
Ellə şadlanmısan, ellə gülmüsən,
Hər qızı, gəlini bacı bilmisən.
Xalqın nəzərində lap yüksəlmisən,
Aya, ulduzlara, Ələsgər baba.
Daşkəndli Nəcəfin ilahi səsi,
Əsədin cəh-cəhi, zil şikəstəsi.
Səninlə fəxr edir Turan ölkəsi,
Hopdun yaddaşlara, Ələsgər baba.
Mərdləri sevmisən, sirdaş olmusan,
Könlün istəyənə yoldaş olmusan,
Atabir, anabir qardaş olmusan,
Kəpəzə, Qoşqara, Ələsgər baba.
ULU BABA ƏLƏSGƏR
Neçə qərinələr, yüz illər keçər,
Doğru salıb yolu, babam Ələsgər!
Misli görünməmiş bir sinədəftər,
Kamal ilə dolu, babam Ələsgər!
Erkən tutub payımızı, tez verib,
Sönəsi deyildir, odlu köz verib,
Zikr-zəka verib, sərraf göz verib,
Açdırıbdı dili, babam Ələsgər!
Bisavad Firuzə, ilham alıbdı,
Əsil-nəcabətin yada salıbdı,
Atam İslam, babam – Aşıq Talıbdı,
Özü mənim ulu babam, Ələsgər!
ƏLƏSGƏR
Sən оldun dünyаdа söz ümmаnının,
Əşrəfi, incisi, ləli, Ələsgər.
Götür tеlli sаzı Səhnаbаnının,
Аyаğı аltındа ləli, Ələsgər.
Еy sənət ustаdı, еy söz ustаdı,
Sən qаldırdın zirvələrə bu аdı!
Dоst bildin qоhumu, dоst bildin yаdı,
Üzmədin ətəkdən əli, Ələsgər.
Səni dаhi bildi bütün bəndələr,
Аşıqlаr, şаirlər, həm хаnəndələr,
Sənət meydanında çox dаnəndələr,
Dеdi kаmаlınа “bəli”, Ələsgər.
Аrif məclisində dеdin bir хаnə,
Hər ürəkdən qаlа yаpdın bir хаnа.
Bаş əymədin bir аğаyа, bir хаnа,
Dеdin аdlаrınа “zəli”, Ələsgər.
Mərdlər mеydаnındа olmusan ulu,
Аrаyıb, ахtаrıb həqiqət yоlu.
Dоst bildin özünə lütü, yохsulu,
О, fəqir, füqаrа еli, Ələsgər.
Hаcılаrа nökər оldu əzəlin,
Dеdin – könül, bu sənətdən üz əlin!
Şаhmаrа bənzətdin оğrun gözəlin,
Hörüb, bаğlаdığı tеli, Ələsgər.
Yüz yоl dеdin: а nаnəcib, а nаdаn,
Mərd оğultək hаlаl süd əm аnаdаn.
Yаd оldu könlünə əzəl binаdаn,
Kоyхаlаrın gəlhаgəli, Ələsgər.
Kim yıхılsа, yеtdin оnun dаdınа,
Pərvаnətək yаndın еlin оdunа.
Хəsislərin, аcgözlərin аdınа,
Dаstаn qoşdun nə gülməli, Ələsgər.
Həcv yаzdın, şаhlаr qəlbin dаğlаdın,
Dаr аyаqdа qürurunu sахlаdın.
Аzаd, хоşbəхt bu həyаtа bаğlаdın,
Аğır аyı, аğır ili, Ələsgər.
Dövr еdirsən ürəklərin qаnındа,
Hər ömürün dəyqəsində, аnındа.
Хəyаllıyаm, qаnаn, sərrаf yаnındа,
Min il kеçsə, vəsfin qаlı, Ələsgər.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.59-60
ƏLƏSGƏR
Zirvədə qаynаyаn büllur bulаqsаn,
Suyun şəlаlədi, sеldi, Ələsgər.
İstədim bаş vurub kеçəm о tаyа,
Gördüm ki, dəryаdı, göldü Ələsgər.
Çаğlаdı sinəndə söz yаvаş-yаvаş,
Qələmin sаz оldu, dəftərin yаddаş.
Yаyıldı еllərə, sаldı bir təlаş,
Gördülər gövhərdi, ləldi Ələsgər.
Yüz bеş il dünyаnın sеyrinə dаldın,
Dərsini хudаdаn pünhаncа аldın.
Sözdən qаlа qurdun, ərşə ucаldın,
Dünyа ziyаrətə gəldi, Ələsgər.
Dəryаlаrdаn inci, zirvədə çiçək,
Tоplаyıb möcüzə yаrаtdın gеrçək.
Аlim, üləmа yох, bir pеyğəmbərtək
Ərşin-gürşün sirrin bildin, Ələsgər.
Dоstun Mirzə Bəylər vаrmı yаnındа?
Cənnətməkаndırmı ruhu оnun dа?
Cütmü gəzirsiniz mələk dоnundа?
Köçkün ruhunuzа quldu, Ələsgər.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.63
BABA
Çoxdan axtarırdım, görmürdüm səni,
Görüşdük, gəlmişəm imana, baba.
Yüz əlli yaşında toy libasını,
Geyib bənzəyirsən cavana, baba.
Qurbanı, Şəmşiri göndərdin toya,
Talıb da onlarla durub boy-boya.
Afərim, zamanın verdiyi paya!
Qalx, bir nəzər yetir cahana, baba.
Bayram keçirilir obada, eldə,
Kitabın dərc olur gör neçə dildə.
Toplanır dastanın, cəm olub əldə,
Gəl özün qiymət ver zamana, baba.
Aşağı Şorca kəndi
Mənbə: “Bolluq uğrunda”, №58 (3426), 13 may 1972. səh.4
AŞIQ ƏLƏSGƏRƏ
Dalandıqca diyar-diyar,
Səndən aldım sorağı mən.
Eşqin ilə naxışladım,
Neçə bəyaz varağı mən.
Dayaq oldun dizlərimə,
Rövnəq verdin sözlərimə,
Nur ələdim gözlərimə,
Yandırdığın çırağı mən.
Bir bağ saldın hər vaxt bahar
Şəlaləsən, coşar, çağlar.
Sənət mülkü: uca dağlar,
Zirvəsi sən, ayağı mən.
Sərrafısan dürdanənin,
Mərdanəsi mərdanənin.
Şeir adlanan bütxanənin
Zinəti sən, boyağı mən.
İsmixan, pirlənirəm,
Gülşənində girlənirəm.
Cazibəndə hərlənirəm
Günəbaxan sayağı mən.
Mənbə: İsmixan Didərgin. “Ayırdılar qucağından Göyçənin”. Bakı, “Yazıçı”, 1992. səh.33
ƏLƏSGƏR
Ozanlar dədəsi, aşıqlar piri,
Sənət dünyasında qaldın, Ələsgər!
Hər eldə, obada bir gözəl seçdin,
Onların eşqinə çaldın, Ələsgər!
Qıza qızım dedin, qocaya ana,
Yarış meydanında sığmadın qına.
Məclislər mat qaldı sənin ağlına,
Namərdi atından saldın, Ələsgər!
Hörmətin var yurdun hər bucağında,
Aranda, yaylaqda, Kür qırağında,
Sən elə bülbülsən sənət bağında,
İlhamı Vətəndən aldın, Ələsgər!
Ustadsan! Yetirdin neçə aşığı,
Neçə könüllərə saldın işığı.
Dedilər adına – El yaraşığı,
Yayıldı aləmə adın, Ələsgər!
1971
Mənbə: Qara Namazov. “Gecikmiş nəğmələr”. Bakı, “Günəş”, 2008. səh.105
ƏLƏSGƏR BABA
Bu gecə yuxumda səni görəndə,
Ruhum atlandı, Ələsgər baba.
Zamanə əymişdi çinar qəddini,
Ürəyim odlandı, Ələsgər baba.
Haqqın dərgahında səltənətin var,
Bəşər övladısan, məhəbbətin var,
Cahanda ölməyən bir sənətin var,
Məhəbbət qalandı, Ələsgər baba.
Yaxşı da, yaman da gördün dünyada,
Könlünü bağladın bir təmiz ada,
Əfilər sürünür yenə arxada
Şahmar da çalandı, Ələsgər baba.
1991
Mənbə: Qara Namazov. “Gecikmiş nəğmələr”. Bakı, “Günəş”, 2008. səh.131SƏNDƏDİ
Ustad Aşıq Ələsgərə
Ustadlar ustadı, Ələsgər baba,
Elmi-dürdü, gövhər-kanı səndədi.
Təcnisin, qoşmanın şəhdi-şəkəri,
Müxəmməsin hər mədəni səndədi.
Yetimin, yesirin gözünün nəmi,
Fələyin çəkilməz kədəri, qəmi,
Koyxanın, katdanın zülmü, sitəmi,
Fağırın, yoxsulun ünü səndədi.
Baş əyir həmişə Fəzi ustada,
Həqiqət kəlmənə can eylər fəda.
Neçə ki, var adın, yaşar dünyada,
Könüllərin hər dərmanı səndədi.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.60
ƏLƏSGƏR BABA
Kamil sərraf qiymət verib yerində
Hikmətdə üzübdü Ələsgər baba.
Mərifət elmindən, din aləmindən,
Gör nələr yazıbdı Ələsgər baba.
Qoşmada, qəzəldə, təcnislərində,
Divani, müxəmməs, təxmislərində,
Gəraylı, cığalı təcnislərində
İncilər düzübdü Ələsgər baba.
Yaradan yaradıb onu hünərmənd,
Təcnislərə bəzək verir cığa, bənd.
Açıb neçə-neçə bağlı qıfılbənd,
Ələyib, süzübdü Ələsgər baba.
Deyibdi, bələdəm hər elmə baş-baş,
Nəcəfi, Əsədi edibdi sirdaş,
Pirə ata deyib, cavana qardaş,
Yaxşı dost gəzibdi Ələsgər baba.
Neçə dəfə zərbə dəyib Göyçəmə,
Sinə gərib, dözüb zülmə, sitəmə.
Taleyinə gələn kədərə, qəmə
Mərdliklə dözübdü Ələsgər baba.
Axtarıb dərini, gəzib dayazı,
İnsana zövq verib gözəl avazı.
Deyirlər solaxey çalıbdı sazı,
Oxuyub, süzübdü Ələsgər baba.
Xasay, söylə könül açan avazda,
Yetmiş iki hava çalıbdı sazda,
El-oba içində, qoca Qafqazda
Hörmətlə gəzibdi Ələsgər baba.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.61
ƏLƏSGƏR
Güşeyi-səhrada, tənhanişində
Sən ki yazdın bu ünvanı, Ələsgər!
Çillənin günündə, qış mövsümündə
Bahar etdin zimistanı, Ələsgər!
Naməniz qəlbimi xeyli oyatdı,
Mətləbi mövzundu, xub kəlimatdı.
Yusifin köynəyi Yaquba çatdı,
Abad etdi bu Kənanı, Ələsgər!
Aşiqəm mən sənin ixlatlarına,
Nəzminə, fərdinə, xoş əbyatına.
Afərin, afərin əsli-zatına!
Sənisən hafizi-sanı, Ələsgər!
Gərçi müləbbəssən ev libasında,
Şahidəm, şəribsən haqqın tasında.
Azəribaycanda, türk arasında
Sənin kimi şair hanı, Ələsgər!
Durmamışam məcazının qolunda,
Gəzməmişəm namərd sağü-solunda.
İmtahandan çıxan dostun yolunda
Əsirgəməm, billah, canı, Ələsgər!?
Əcəb nəzmi, xoş əfradı yazıbsan,
Vəsfi tamam ictihadı yazıbsan,
Ləqəbi atıban, adı yazıbsan,
Unutmaram bu ziyanı, Ələsgər!
Səhv etdim, ləqəbim sətrə sığışmaz,
Ləfsi səqil salar, bəhrə sığışmaz,
İnşallah, qəzəbə, qəhrə sığışmaz,
Əfv elərsən bu üsyanı, Ələsgər!
Mən belə işlərə mahir deyiləm,
Baxma, öz-özümə faxir deyiləm,
Hərçəndi yazıram, şair deyiləm,
Bağışlarsan bu Mirzanı, Ələsgər!
Mənbə: “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. səh.89-90
ƏLƏSGƏR
О insаnın söz dünyаsı,
Bütün dillərdə əzbərdir.
Hər misrаsı, hər bir bеyti
Əbədilik bir hеykəldir.
О, sənətdə birdi hələ,
Аçılmаmış sirdi hələ,
Həm оcаqdı, pirdi hələ,
İncidi, gövhərdir, zərdir.
О, zirvədi Müzаhimə,
Bənzətməz оnu hеç kimə.
Söz tохuyub ilmə-ilmə,
Аdı ustаd Ələsgərdir.
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.64
O KİMDİR BAŞIMDA ÇALIR, ÇAĞIRIR
Yanıqlı bir hava gəzir başımda,
Onun könül odu heç azalmayır.
Qürbətdə, hicranda, vüsal dəmində
O məndən bir an da ayrı qalmayır.
Bəzən uzaqlara düşür güzarım,
Gəzirəm dünyanı – gəzir mənimlə;
Dərin dəryaların ağ yelkəniylə
Üzürəm sularda – üzür mənimlə.
Ümmanda şirmayi, sədəf axtaran
Hansı qəvvas üzüb belə dərində?
Hansı zərgər belə zərif işləyib
Almaz tozlarını zər üzərində?
Çıxdım zirvəsinə qarlı Qoşqarın,
Uca Ləlvərin də, Alagözün də;
Qar quzey yerlərəyatır bilirəm,
Yeri var dağlarda şirin sözün də...
Xəyal köhlənimi çapdım neçə il –
Gəzdim Göyçəni də, Kəlbəcəri də;
Seçdim bir-birindən dürrü, gövhəri,
“Səngi-siyah”ı da, “simü-zər”i də...
Şirin mahnıları dilimdə onun
Atımı obadan-obaya sürdüm;
O qabil, o kamil, müdrik ustadı
Hər zaman məclisin başında gördüm.
Bəs necə sığışdı o dağ gövdəli
Əyləşib bir kiçik döşəkçə üstə?
“Göyçə gülü” çaldı, göyçək oxudu
Göyçə sahilində o, “Göyçə” üstə...
Neçə xarrat gəlib, xəyyat gedibdir,
Elə naxışlar var gülü solmayıb:
Kitabdan-kitaba köçürüb, lakin
Ustadım savadda xəttat olmayıb.
Dolandım başına Ocaq dağının,
Dolandı mənimlə o mahnılar da...
Qoşmalar dilimdə elə yandı ki,
Ayağım altında əridi qar da...
Qəlbimdə nəğmələr yuva salıbdır,
Niyə munis olub mənə mahnılar?
Sonra anladım ki, səbəbsiz deyil –
Mənim də bir azca aşıqlığım var.
Əlimdə cilovu dəli köhlənin,
Mahnı deyə-deyə endim Kəpəzdən.
Havanı dəyişmək istədim, lakin
Ayrıla bilmədim yenə o səsdən…
Nərgiz əriş olur, bənövşə arğac,
Çiçəyi çiçəyə toxuyuram mən;
Bir mahnı dağlara yaman yaraşır –
Onu yaylaqlarda oxuyuram mən:
“Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürğüzar ol, yaylaq!
Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə;
Bir kəsim yox qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!”
O kimdir başımda çalır, çağırır,
Gözəl havaları qulağımdadır?
Elə bu saat da, elə bu an da
Mahnısı dilimdə, dodağımdadır.
Sadəcə görünən ustadnamələr
Dərin dənizlərdən daha dərindir;
O şirin mahnılar, zərif qoşmalar
Ustadlar ustadı Ələsgərindir!...
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.3
ƏLƏSGƏR DƏDƏ
Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə
İndi də Göyçədə, Göyçəlilərsiz,
Qalmısan sağ təki, Ələsgər dədə!
Düz 33 ildir, düşmən önündə,
Durmusan dağ təki, Ələsgər dədə!
Tikmisən özünə SÖZündən sipər,
Öz böyük HAQQından, DÜZündən sipər.
Hələ bizlərə də verir güc, təpər,
Dərindəki kökün, Ələsgər dədə!
Gəlmisən cahana 200 ildir,
Görmədin daha nə, 200 ildir!?
Söykənirik sənə 200 ildir,
Var dünyacan çəkin, Ələsgər dədə!
02.07.2021
ƏLƏSGƏR DƏDƏ
Vətəni dardadı, ruhu göylərdə,
Bir əhli-ürfandı, Ələsgər dədə.
Sirri pünhan qalan bir xəzinədi,
Dəryadı, ümmandı Ələsgər dədə!
Bitib-tükənməyən söz bulağıdı,
Yağı Haqdan gələn Haqq cırağıdı.
Əbədi məşəldi, haqq ocağıdı,
Pir, əhli-Qurandı Ələsgər dədə!
Sirli fəlsəfədi sözu-hikməti,
Qılıncdan kəskindi sözün qüdrəti!
Çox qədim, uludu onun milləti,
Oğuz-Turk, ozandı Ələsgər dədə!
Yüz beş il Xudadan dərsin alıbdı,
Sevən ürəklərdə yuva salıbdı.
Məzarı Vətəndə elsiz qalıbdı,
Göyçəyə həyandı Ələsgər dədə!
Sözün qudrətindən yaranan dağdı,
Kövsərdən bar tutan bəhrəli bağdı.
Ölməz Haqq Aşığı, Ələsgər sağdı!
Dillərdə dastandı Ələsgər dədə!
Odur, hər hikmətə şirinlik qatan,
Haqq ilə ucalan, zirvəyə çatan.
Simanın ruhunu göylərdə tutan,
Canımda bir candı Ələsgər dədə!
19.06.2018. 17:59
Mənbə: Sima Azadqızı Göyçəli. “Qürbətdə parlayan qığılcım”. Bakı, “Elm və təhsil”, 2020. səh.31-32
ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR
“Əli bayramı”nda, mübarək gündə,
Baharda dünyaya gəldi Ələsgər.
“Zülfüqar” qüdrətli hikmətləriylə,
“Əlinin əsgəri” oldu Ələsgər!
Görən valeh oldu yaraşığına,
Quran nicat verdi Haqq aşığına.
Döndü haqq nuruna, haqq işığına,
Pir, ocaq, övliya,“quldu” Ələsgər.
Sevdi əhli-beyti(ə.s), Qadir Allahı(c.c),
İsa-Ruhullahı(ə.s), Xəlilullahı(ə.s)...
Heydəri-kərrarı(ə.s), Rəsulullahı(s.s)
Rəhbəri, öndəri qıldı Ələsgər.
Yaxın dostu sandı Həzrət Əlini(ə.s).
Vəsf etdi hər yerdə qızı, gəlini;
Gördüyü hər elin gözəllərini
Məhrəm: ana-bacı bildi Ələsgər.
Təqvalı dolandı, həyalı gəzdi,
Nankoru, namərdi həcv ilə əzdi!
Müşrikin əlini əlindən üzdü,
Şəri həyatından sildi Ələsgər.
Haqsızlıq etmədi, qəlbə dəymədi,
Xainə, zalıma boyun əymədi.
“Özgəyə xas olan libas geymədi”,
Dərsini Xudadan aldı, Ələsgər!
Yalnız tək Tanrıya ibadət etdi;
Beşikdən məzara itaət etdi,
Axirət evinə şərəflə getdi,
Münafiq sanmasın, “oldu Ələsgər”!
Məşhur oldu Göyçə-Oğuz eliylə,
Sevildi əvəzsiz tohfələriylə.
Dildən-dilə duşən nəğmələriylə,
Qəlblərdə yurd-yuva saldı Ələsgər!
Hər an nəfəs aldı İmam Zamanla(ə.f),
Çəkildi sınağa “yaxşı-yamanla”.
Ulvi məhəbbətlə, xalis imanla,
Hikmətdən yaranan “sal”dı Ələsgər!
Parlaq Gunəş doğdu Göyçə-“Rəvana”,
Yayıldı şöləsi Qarsa, İrana...
Tanrı töhfəsidi Böyük Turana,
Ölkədi, mahaldı, eldi Ələsgər!
Saldı eşq oduna bir nazlı dilbər,
Dili qələm oldu, sinəsi dəftər.
Köksünü eylədi eşqinə səngər,
Sazını sol əlli çaldı Ələsgər.
Qədim Ağkilsəni boyadı nura,
Əfsus, qovuşmadı sevdiyi yara.
Nakam məhəbbəti boyandı qara,
Dərdini saz ilə böldu Ələsgər.
Haqqa xidmətiylə zirvəyə qalxdı,
Sözun qüdrətiylə şimşəktək çaxdı.
Coşan şəlalətək qəlblərə axdı,
Hər sevən ürəyə doldu Ələsgər!
Məşəltək alışdı gənclik çağından,
Dərmədi qönçəni Vətən bağından.
İçdi Kəlbəcərin buz bulağından,
Yarını Yanşaqda buldu Ələsgər.
Xələl gətirmədi ustad adına,
Ürəkdən bağlandı öz ustadına.
Çevrildi o dahi söz ustadına,
Əbədi zirvədə qaldı Ələsgər!
Müxənnət şər dedi, sığındı Haqqa,
Üzə ağ olmadı, girmədi haqqa.
Heç zaman vermədi haqqı nahaqqa,
Hər yerdə Haqq ilə oldu Ələsgər!
Vəsf etdi dunyanı baxışlarıyla,
Bəzədi “SÖZ” adlı naxışlarıyla.
Tanrının aramsız yağışlarıyla,
Hər bahar kükrəyən seldi Ələsgər!
Tuş gəldi felinə dövrün-zamanın,
Çəkdi həsrətini Növrəs İmanın...
Çevrildi yarına çiskin, dumanın,
Buludtək boşaldı, doldu Ələsgər.
Yaranan hər kəsi Haqqa səslədi!
Hər doğulan günə umid bəslədi,
Açılan sabahdan müjdə gözlədi,
İllərlə xəyala daldı Ələsgər.
Helmin dəryasında salmışdı lövbər,
Sərvəti tükənməz, hər sözü gövhər.
Sirli xəzinəsi dillərdə əzbər,
Qızıldan qiymətli ləldi Ələsgər!
Söylədi: Haqdandı, haqqın hesabı,
Cəhənnəm əzabı, qəbir əzabı...
Nə zaman bağlanır ömür kitabı;
Onu da əzəldən, bildi Ələsgər.
Hər il qədəm qoydu tər gülüstana,
“Əlvida” söylədi sərt zimistana...
...Çevirdi yönünü “Ərəbistana”,
Yüz beşinci bahar, “soldu” Ələsgər.
Əzrail(ə.s) rəhm ilə canını aldı,
Oba yasa batdı, el yola saldı.
Özü köç eylədi, hikməti qaldı,
Çağlayan bulaqdı, göldü Ələsgər.
...Şəfaət dilədi “Əl-Mulk”, “Ər-Rəhman”,
Açıldı taybatay Cənnəti-Rəyyan.
Aldı ağuşuna Rövzeyi-Rizvan,
Müşk-ənbər ətirli güldü Ələsgər!
Haqqa xidmət etdi, xilaskar oldu,
Əhdə-anda sadiq bir əsgər oldu.
Ucaldı, Pir-Dədə Ələsgər oldu!
Xariqə yaradan əldi Ələsgər!
Bəşərin Günəşi doğdu cahana,
Şan-şöhrət gətirdi Azərbaycana.
Vətəni, torpağı sevən insana
Qarabağ, Muğandı, Mildi Ələsgər!
Şəninə nə qədər söz desək, azdı!
Adını əbədi tarixə yazdı.
Bəhrəli payızdı çiçəkli yazdı,
Güllü çəmənzardı, çöldu Ələsgər!
Everest dağıdı, zirvəsi qarlı,
Qartal əzəmətli, qartal vüqarlı!
Nəim cənnətidi tükənməz barlı,
Kövsərə dad verən baldı Ələsgər!
Camalı göyçəkdi, bayram ayıdı,
Novruz töhfəsidi, Tanrı payıdı.
Səlsəbil çayıdı, “Qarqar” çayıdı,
Göygöldü, Xəzərdi, Nildi Ələsgər!
Ucadan ucadır, “öz dağım” kimi,
Uludan uludur torpağım kimi.
Solmazdı, üç rəngli bayrağım kimi,
Yaşıldı, əlvandı, “al”dı Ələsgər!
Zirvələr fəth etdi Haqqın əliylə,
Secildi sozuylə, əməlləriylə...
Kəndində ucalan daş heykəliylə,
Duşmənin bağrını dəldi Ələsgər!
...Səslədi pələsəng Göyçə elini,
İnlədib sazında “Göyçəgülü”nü.
Yararaq göy gözlü “Göyçə gölü”nü,
Cənnətə yol alan “sal”dı Ələsgər!
Bağrı qan ağlayan “Ağrıdağıdı”,
Tək “Xarı bülbülsiz” Vətən bağıdı.
Müqəddəs ocağı sar oylağıdı,
“Lalənin bağrında xaldı” Ələsgər!
Ruhunu şad edən Uca Allahdı,
Açılan səhərdi, nurlu sabahdı.
Dədəni unutmaq böyük günahdı,
Hər halal nemətdən boldu Ələsgər!
Xoşbəxtdir, bağından bol məhsul dərən!
Qədrini bilənlər ər oğlu, ərən...
Sənət meydanında üzünü görən,
Sanardı, Rüstəmi-Zaldı Ələsgər!
O pir Haqq aşığı, o pir-ocaqdı!
Hikmətli kəlamı qucaq-qucaqdı,
Yaradan soyunu qoruyacaqdı,
Silinməz tarixdi, ildi Ələsgər!
Neçəki dünya var, yaşayacaqdı,
Adını Dədə tək daşıyacaqdı.
Hər sözü könüllər oxşayacaqdı,
Həzin layla çalan dildi Ələsgər!
Ələsgər ocağı nurdu cahana!
Hərcayı sözümü çətin ki, qana!
Zər qızı-oğulu doğar zər ana!
Müqəddəs “torpaqdı-gildi” Ələsgər!
“Didərgin mahalı” elim-obamdı,
Məskəni yurdumdu, doğma yuvamdı.
Babamın babası – ulu babamdı,
Qəlbimdə ən incə teldi Ələsgər!
Anlamaq çətindi, yazmaq asandı,
Hər kəsin sınağı Sirat, Mizandı.
Hər işə hökm edən “yazı yazandı”,
Əbədi döyünən “sol”du Ələsgər!
Car oldu aləmə Ələsgər adı,
Haqq idi həmdəmi, Alı – ustadı.
Simanı qorxutmaz cəhənnəm odu,
Cənnətə sualsız yoldu Ələsgər!
29.03.2019. 23:02
Mənbə: Sima Azadqızı Göyçəli. “Qürbətdə parlayan qığılcım”. Bakı, “Elm və təhsil”, 2020. səh.64-72
ƏLƏSGƏR BABA
Südabə İrəvanlı
Sən sözün şahısan, sazın sultanı,
Sözünün hikməti tutub hər yanı.
Şöhrətin dolaşır bütün dünyanı,
Yazdığın misralar sığmır kitaba,
Səni kim unudar Ələsgər baba?!!
Güllü Tomarlı
Ötsə də fəsillər, artsa da yaşın,
Uca dağlar kimi ucalır başın.
Pirdi, ziyarəti torpağın - daşın.
Hər daşın altından gəlir min səda...
Səni kim unudar Ələsgər baba?!
Südabə İrəvanlı
Elə bir dəryasan ümmana sığmaz,
Elə bir duhasan zamana sığmaz.
Ağılın, idrakın cahana sığmaz.
Hikmətli kəlamın gəlmir hesaba,
Səni kim unudar Ələsgər baba?!
Güllü Tomarlı
Çox olsa da bu dünyanın cəfası,
Eşq olubdu ilhamının mayası.
Önündə baş əyib bu Türk dünyası,
Səcdənə enibdu Günəş də, Ay da,
Səni kim unudar Ələsgər baba?!
Südabə İrəvanlı
Sən bir möcüzəsən, açılmaz sirsən,
Göyçəmin vüqarı, ər oğlu ərsən.
Sənət aləmində müqəddəs pirsən.
Çoxu bəhrələndi, çatdın savaba.
Səni kim unudar Ələsgər baba?!
Güllü Tomarlı
Mən gözəl görmədim Göyçəmiz kimi,
"Göyçə göl" yanaqda ağ bəniz kimi,
Qoynunda məhəbbət bir dəniz kimi,
Sən qucaq açıbsan doğmaya, yada,
Səni kim unudar Ələsgər baba?!
Südabə İrəvanlı
Ustad tək tanındın söz meydanında,
Tükü - tükdən seçən göz meydanında.
Qovruldun piltə tək köz meydanında,
Hec baş endirmədin şaha, ərbaba,
Səni kim unudar Ələsgər baba?!
Güllü Tomarlı
Sənət meydanında dürr inci sənsən,
Sevən könüllərin sevinci sənsən.
Aşıqlar içində birinci sənsən,
Sözlərin dolaşır dildə, avazda,
Səni kim unudar Ələsgər baba?!
Südabə İrəvanlı
Butanı göndərən şahlar şahıdı,
Sanki söz mülkünün qibləgahıdı.
Adın Südabənin səcdəgahıdı.
Sənə səcdə edir bu el, bu oba,
Səni kim unudar Ələsgər baba?!
Güllü Tomarlı
Güllü deyər: baharımsan - yazımsan,
Dilimdə nəğməmsən, xoş avazımsan.
Həm ana laylamsan, telli sazımsan,
Sirli dəfinəsən dərin km dəryada,
Səni kim unudar Ələsgər baba?!
ƏLƏSGƏR
Hər dərdini, kədərini
Telli sazdan aldı, getdi.
Bir ölməyən sənətini
Öz xalqına verdi, getdi.
Aşıqların sazlarını
Əllərindən saldı, getdi.
Şeirliyin incəsini
Bu dünyada bildi, getdi.
Son nəfəsdə gözü yaşlı
“Yanıq Kərəm” çaldı, getdi.
Qüdrətilə verdi şərəf
Azərbaycana Ələsgər.
04.04.1967
Mənbə: Tofiq Hüseynzadə, “Xəyal cığırı” (I ci̇ld), Bakı, “Zərdabi LTD” MMC, 2018. səh.249
ƏLƏSGƏR
Könül! Bir qoşmada, ya bir nəğmədə
Sığarmı söhbətə, sözə Ələsgər?
Cahanla yanaşı dayanıb, mən də
Baxıram... oxşayır közə Ələsgər.
Ona yanar ilham, sevda sənəti
Verdi bir gözəlin son məhəbbəti.
Nə vaxt ki, yollarda qaldı niyyəti,
Söz qoşdu gəlinə, qıza Ələsgər.
Əlinə saz verdi o, sevda yarı,
Heç vaxt unutmadı dosta ilqarı,
Axdısa dünyadan dünyanın varı
Baxmadı nə çoxa, aza Ələsgər.
Demədi ya artım, ya da yüksəlim,
Zaman yetişdirdi onu bir alim.
Nə qədər amansız olsa da ölüm,
Qoydu böyük məktəb bizə Ələsgər.
23.10.1968
Mənbə: Tofiq Hüseynzadə, “Xəyal cığırı” (II ci̇ld), Bakı, “Zərdabi LTD” MMC, 2018. səh.151
SƏNƏT USTASINA
(Aşıq Ələsgərə)
Ey, mənim qəlbimin sirli dastanı,
Şairlik eşqinin böyük sultanı.
Doğuldun, zamanda yaratdın nələr,
Dil açdı önündə lal qərinələr.
Qələmsiz söz açdın neçə əsrdən,
Sən nələr demədin eşqi-hünərdən.
Çıxanda seyrinə qoca dağların,
Axan durna kimi buz bulaqların,
Elə, həmin yerdə min eşqə doldun,
O gündən dağların çiçəyi oldun.
Uçanda göylərdə durna qatarı,
Sən onda oxudun “Təcnis qatarı”.
Hürküb ovçusundan qaçanda ceyran,
Söylədin, “Gəl qaçma a, sənə heyran!”
Səhər bulaq üstə gedəndə gözəl,
Onu dindirməmiş söz dedin əzəl.
Düşürüb səhəngi, dayanıb, durdu,
Baxdı Ələsgərdi, boynunu burdu.
Harda görmüsənsə bir qara gözü,
Ona bəxşiş etdin ən şirin sözü.
Gərdəndə dolaşan siyah tellərə,
Oxudun bir qoşma, düşdü ellərə.
Bir gün çəmənzardan gördün bir gələn,
Dedin ki, vurğunam ey gözəl, əylən.
“Dedi, nişanlıyam” – şirin gülüşdü,
“Sındı qol qanadın, yanına düşdü”.
Layiqsən zamanın tək incisinə,
Həyatmı bəxş etdi söz eşqi sənə?
Sənin qüdrətinə baş əydi göylər,
Hər zaman həsrətlə danışır ellər.
Sevdin, eşqə doldun, sən bir gözəli,
Uçurdu eşqini dünyanın feli.
Həyat ki öldürdü o sərvi nazı,
Dindirdin yanıqla sədəfli sazı.
Hər şeyə nifrəti oxudun o gün,
Ürəyin həyatdan dolandı küskün.
Deyirlər, öləndə o, eşqə gövhər,
Sonuncu kəlmədə deyib “Ələsgər”.
Hirs vurdu beyninə, o gün saz aldın,
Eşqini, həm də ki, eli ucaltdın.
Şairlər şeiri, aşıqlar sazı,
Səndən öyrəndilər, ey könül yazı!
Sənin qüdrətini hifz edir nələr...
Sazın ilk səsi də deyir: “Ələsgər!”
Kainat söyləsə öz Günəşim var,
Deyirəm, mənim də Ələsgərim var.
Bəzən, söz eşqilə coşanda könlüm,
Sən ona o dəmlər qanad verirsən.
Gəlib, qələmimdən tutmasa ölüm,
Könül dastanını yazacağam mən.
Gəzirəm... Dil açır yaşıl dərələr:
“Burda nələr gəzmiş Aşıq Ələsgər.
Dedik, ayaqlama, solar çiçəklər,
Əzmədi çəməni, yol aldı, getdi”.
Qoşqar dilə gəlir tökərək yaşlar:
“Ona yas saxlayır ürəksiz daşlar.
Hələ burdan keçmiş neçə aşıqlar,
Ələsgər gün kimi dolandı, getdi”.
Qız dedi: “Ələsgər görəndə məni,
Oxudu yanıqla könül səsini.
Dedim, unutmuşmu gözəlin səni?
Gözləri yaşardı, sulandı, getdi”.
Gül dedi: “Oyandım bir şehli səhər,
Gördüm sazla gəlir Aşıq Ələsgər.
Dedim, görən, aşıq gülləri neylər?..
Yazın seli kimi bulandı, getdi”.
Saz dedi: “Dindirdi məni yanıqlı,
Ağlatdı yerində elləri haqlı,
Düşdükcə yadına büllur buxaqlı,
Hicran atəşinə qalandı, getdi”.
Söz dedi: “Oğludur Göyçə mahalın,
Sənət bir quludur bu eşqi-halın,
Vüsala yetməyən nazlı nigarın,
Ayaq izlərinə yalandı, getdi”.
Qələm nitqə gəldi: “Gör neçə dastan,
Qələmsiz yaratdı o, böyük insan,
Ölmədi, yaşayır. O, ölən zaman,
Qəmlinin ömrünə calandı, getdi”.
1967 iyul
Mənbə: Tofiq Hüseynzadə, “Xəyal cığırı” (I ci̇ld), Bakı, “Zərdabi LTD” MMC, 2018. səh.312-314
ƏLƏSGƏR
Bənzəri olmayıb, olmayacaq da,
Dünyaya tək gəlib, birdi Ələsgər.
Açılıb, solmayıb, solmayacaq da,
Hikmətdi, işıqdı, nurdu Ələsgər.
Eşqi cuşa gəldi ömrün yazında,
Tapdı sevgisini bir el qızında,
Nəğməyə döndərdi telli sazında
Vətəni, torpağı, yurdu Ələsgər.
Haqqın vergisindən aldı payını,
Hələ də verməyib Tanrı tayını,
Deməklə qurtarmaz səxa sayını,
Yaxşı deyiblər ki, pirdi Ələsgər.
Növrağı bu daşdan o daşa dəydi,
Zalımdan nə qorxdu, nə də baş əydi,
Sözünü sinədən birbaşa dedi,
Sənət dünyasında nərdi Ələsgər.
Sözdən ilmə-ilmə qurdu bir xana,
Bu xana sirr oldu ona baxana,
Heç vaxt baş əymədi sultana, xana,
Əyilməz dağ kimi durdu Ələsgər.
Billur buxaqlara, Ay qabaqlara,
Mina gərdənlərə, ağ buxaqlara,
Alma yanaqlara, bal dodaqlara
Sözdən neçə bəzək vurdu Ələsgər.
Gəzdirdi gör neçə eşqi canında,
Saz-sözə vurğunluq vardı qanında,
Sənət dünyasında, söz meydanında
Neçə sənətkarı yordu Ələsgər.
Dastanlar söyləyib olub-keçəndən,
Həyatı çox keçib çiskindən, çəndən,
Ən uzaq, ən gözəl şehli çəməndən
Ətirli çiçəklər dərdi Ələsgər.
Kəl olan meydanda neyləyər dana,
Deyib, mərd oğulu doğar mərd ana.
Neçə el toyunda mərdi-mərdana
Dilindən salmadı mərdi Ələsgər.
Oxuyub-bilənlər eyləyir heyrət,
Hər sözü, kəlamı nəsihət, hikmət,
Sərraf bazarında veriblər qiymət,
Sənətdə bir ləldi, zərdi Ələsgər.
Həmişə bar verən ətirli bağdır,
Bir yaşıl çəməndir, çiçəkli dağdır,
Qaynayan çeşmədir, axan bulaqdır,
Sönməyən bir ocaq, qordu Ələsgər.
Sınağa çəkməyib bu dövran kimi...
Yeridi qabaqda bir sarvan kimi,
Yorulmaq bilməyən bir karvan kimi
Çəkdi hər möhnəti, dərdi Ələsgər.
Qəlbində namərdin yeri darıymış,
Könlünə təmizlik, sevgi yarıymış,
Onun ocağında paklıq varıymış,
Müqəddəs sayılan yerdi Ələsgər.
Harda göründüsə, orda baş oldu,
Hər sözü, kəlməsi qızıl daş oldu,
Həm memar, həm usta, həm nəqqaş oldu,
Sənətdən bir qala qurdu Ələsgər.
Eşqini şöhrətə, ada vermədi,
Sirrini, sözünü yada vermədi,
Ömrünü, gününü bada vermədi,
Mənalı bir ömür sürdü Ələsgər.
Bütün elmlərdən olubdur halı,
Adı Ələsgərdi, Göyçə – mahalı,
Saz olub, söz olub dövləti, malı,
Mərcandı, incidi, dürrdü Ələsgər.
Yandırdı qəlbini eşq ataşında,
Sevdi könülləri sevda yaşında,
«Çərşənbə günündə, çeşmə başında»
Alagöz bir gözəl gördü Ələsgər.
Adı çəkiləndə məclis lal olar,
Həyatı bir dastan, sözü bal olar,
Hər şirin kəlməsi min sual olar,
Zəhmində pələngdi, şirdi Ələsgər.
Bu hikmət hardandır, görəsən nədir?!.
Müşk-ənbər şerindən tükənmir ətir.
Sözdən misra-misra, sətirbəsətir
Bir sənət məbədi hördü Ələsgər.
Pür kamal sevdalı bir aşıq oldu,
(Sevdi, sevdasının qədrini bildi,)
Sənət dünyasına yaraşıq oldu,
Yarısı Pir Ata, yarı Şıx oldu,
Tamam müəmmadı, sirrdi Ələsgər.
Ömür dünyasını, öz dünyasını,
Nəğmə dünyasını, söz dünyasını,
Sənət dünyasını, saz dünyasını
Dünyaya ərmağan verdi Ələsgər.
26.04.1998
Mənbə: Tofiq Hüseynzadə, “Xəyal cığırı” (III ci̇ld), Bakı, “Zərdabi LTD” MMC, 2018. səh.173-176
HARDASAN?
(Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə)
(Heç demirsən, Ələsgərim hardadı?)
Aşıq Ələsgər
Sinəmdə hay salıb, çırpınır ürək,
Yenə şerə, sözə başlasın, görək!
Düzsün misralara şirin nəğmələr,
Köç etsin başımdan qüssələr, qəmlər.
Açsın tarixlərin varaqlarını,
Yazmasın kimsənin yazdıqlarını.
Ələsgər! Hardasan, hardadır sənət,
Hardadır o, ilham, o, eşq, məhəbbət?
Deyirlər, çatanda cavanlıq yaşa,
Sonsuz məhəbbətin toxunmuş daşa.
Vəfalı! O gündən yasa batmısan,
Saz çalıb, söz qoşub, el ağlatmısan.
Aşıqlar dərsini səndən alarmış,
Sənin çaldığını, de, kim çalarmış?!.
Hər sözün olubdur bir canlı misal,
Qopur dodaqlardan neçə min sual...
– Sənət sənə vurğun, sənmi sənətə?..
Bu gün də heyranıq o, məhəbbətə.
Yarandın sənətə sənət vurğunu,
Tanıtdın cahana Göyçə yurdunu.
Hardasan? Ələsgər, hardasan, söylə?
Yenə də yol gedir xəyalım göylə.
Novruz bayramında tər bənövşələr,
Yaqut dodaqlardan qopan gülüşlər,
Şairin misrası, aşığın sazı,
Ayların, illərin payızı, yazı,
Göylərə ucalan o, dəli Qoşqar,
İgiddəki vüqar, gözəldəki ar,
Aşıq Ələsgərsiz duran gözəllər,
Ah çəkib, boynunu buran gözəllər,
Məndən soruşurlar qışda, baharda,
Söylə, Ələsgərim hardadır, harda?..
Bir zaman söz qoşub, sən saz çalardın,
İlhamı həm yerdən, göydən alardın.
Qeyrəti, vicdanı, namusu, arı,
Tutardın həmişə başdan yuxarı.
Verərdin qəlbini el sənətinə,
Vəfalı çıxardın sən öz əhdinə.
Olardın yaraşıq şənliyə, toya,
Dar gündə həmişə çatardın haya.
Günəş nur saçardı sən olan yerdə,
Ağsaqqal olardın xeyirdə, şərdə.
Çox zaman Günəş tək, sən nur saçardın,
Səhəri saz ilə, sözlə açardın.
Sadə danışardın, sadə gəzərdin,
Sözə kəlmə-kəlmə inci düzərdin.
Gəzərdi həmişə dildə, dodaqda,
Söylə, Ələsgərim hardadır, harda?..
Deyirlər, ən müdrik insan olmusan,
Həyatdan nə bezib, nə yorulmusan.
Müəllim olmusan çox sazanlara,
Yol da göstərmisən yol azanlara.
Haqqı, ədaləti, tutmusan başda,
Sənə əziz olub yad da, qardaş da.
Zülmə, fırıldağa qılınc çəkmisən,
Könüllər bağında güllər əkmisən.
Deyibsən, məhəbbət ömrün şahıdır,
Bütün yer üzünün bir ilahıdır.
Sevibsən gözün tək Səhnəbanını,
Eşqin Günəş kimi gəzib cahanı.
Çox da ki, vəhşilik ayırdı sizi,
Ayıra bilmədi saf eşqinizi.
O gündən sən deyib, saz ağlayarmış,
Yenə də həyata bel bağlayarmış.
Çalıbsan yanıqla «Yanıq Kərəmi»,
Atəşə salmısan yenə Kərəmi.
Yandırıb-yaxmısan hicranı, dərdi,
Sən ah qopardıqca el inləyərdi.
Xalqı sevə-sevə eşqə dolmusan,
Dünyada ən müdrik insan olmusan.
Adını bilməyib, saz tutanları,
İnsanlıq adını unudanları,
Saz ilə, söz ilə çəkmisən dara,
Deyibsən, sən hara, aşıqlıq hara?
Sən ki sayılmısan sözün baharı,
Aşıqlıq elmində neçə qolları
Sən özün bağlayıb, özün açmısan,
Aləmə Günəş tək işıq saçmısan.
Qəlbin təmiz olub, idrakın dərin,
Hər şeyi düz görüb açıq gözlərin.
Bütün ömrün boyu sən var olmusan,
Həyatdan nə bezib, nə yorulmusan.
Bütün gözəlliyi çəkmisən nəzmə,
Sonra güc vermisən mizrabla simə.
O gündən saz ilə kaman da, tar da,
Deyir, Ələsgərim hardadır, harda?..
Böyük dahiləri unutmur zaman,
Əməli ölməyib, ölsə də insan.
Pislikdən nə fayda, yaxşılıq qalar,
Ancaq sadəliklə insan ucalar.
Həyat baş əyibdir çox insanlara,
Eşq olsun tarixi yaradanlara!
Başımda dolanır bir böyük aləm,
Yenə fikirdəyəm, əlimdə qələm.
Dağların başına duman tökülür,
Göylər gah örtülür, gah da sökülür.
Küləklər oynadır al çiçəkləri,
Buludlar gizlədir Ayı, Ülkəri.
Çaxır ildırımlar, göylər od alır,
Fikrim də, hissim də tamam odlanır.
Durur xəyalımda o, böyük ustad,
Böyük dahiləri yaratmış həyat.
Sənətkar heç zaman unudulmamış,
Həyat yaşadıqca, o da yaşamış.
Ələsgər, yazmağa qüdrətim çatmır,
Nə gecə, nə gündüz xəyalım yatmır.
Deyirəm, görəsən bu sənətkara,
Gah yazıb, gah pozub tək bircə misra,
Layiqli, heç, deyə mən bilmişəmmi?..
Sözdə ya Günəşmi, sənmi Günəşmi?..
Bütün ürəklərdə əzizdir adın,
Sən öz heykəlini özün ucaltdın!
Mənim əməllərim, mənim varlığım,
Gələcək ən böyük bəxtiyarlığım,
Hər adi misram da, ancaq və ancaq
Sənin eşqin ilə qanadlanacaq!
Hər sözün, hər nəğmən sənət çeşməsi,
Gözəllik, həqiqət, səadət səsi
İndi də dillərdə, dodaqlardadır,
Həyat nə qədər var, sənətkar vardır!
Bəzən olur, mən də eşqə doluram,
Şeriyyət yolunda üzgün oluram...
Nə vaxt ki, bir yerdə qalıram darda,
Deyirəm, Ələsgər hardadır, harda?..
Mənim də ən böyük arzularım var…
Həyatı daha çox sevər sənətkar.
Önümdə bir məqsəd, bir qızıl bayraq,
Yaşayıb ölmək yox, olub yaşamaq!
Qəlbimdə çox uca səslənir bu ad,
Böyük dahiləri unutmur həyat!
27.04.1971, çərşənbə axşamı
gündüz saat 12.00
Mənbə: Tofiq Hüseynzadə, “Xəyal cığırı” (II ci̇ld), Bakı, “Zərdabi LTD” MMC, 2018. səh.440-444
ƏLƏSGƏR
Aşıq Ələsgərin 175 illiyinə
“Yaxşı hörmətinən, təmiz adınan”
Gəşt eylədin bu Qafqazı, Ələsgər.
Mükəmməl dərs aldın ustad Alıdan,
Yüz il çaldın solda sazı, Ələsgər.
Şəriət şərindən söhbət salanda,
Heyi-yeyə, dalı yeyə çalanda,
Hərflərin mənasını açanda,
Heyran qaldı axund, qazı, Ələsgər.
Hər dağa adbaad bir tərif dedin,
Xoşbulağı xoş səfalı söylədin.
Fəsilləri bir-bir təhlil eylədin,
Payız, qışı, yayı, yazı Ələsgər.
Nələr yazdın mərd igidin şəninə,
Mərifətin üstün gəldi nəfsinə.
Sən düşmədin var-dövlətin bəhsinə,
Qəbul etdin çoxu-azı Ələsgər.
Hörmət etdin cavanlara, qocaya
Ehtiram göstərdin ana-bacıya
Bəlkə Anaxanım küsə, acıya
Vəsf edibsən Müşgünazı Ələsgər.
Adınla, ünvanın tarixdə qaldı
Yusif deyər Göyçə sənlə ucaldı
Dərsi azlar gəlib səndən dərs aldı
Bilməsən də oxu-yazı Ələsgər.
Mənbə: Yusif Bayramov. “Şehindən Göyçənin qoxusu gəlir”. Bakı, 2019. səh.95
USTADIYMIŞ
Aşıq Ələsgərə
Hər aşıq öyünüb lovğalanmasın,
Aşıqlıq elminin bir ustadıymış.
Sinəsi hikmətdən mayalanmışdı,
Ürfan qaynağıymış, pir ustadıymış.
Haqq payını verib, haqdan gəlmişdi,
Elnən ağlamışdı, elnən gülmüşdü.
Allah mətləbinə “bəli” demişdi,
Qatı açılmamış sirr ustadıymış.
Şəhriyaz yüz desin, yüz xırdalasın,
Sənətkar yanında söz xırdalasın.
Sərraf gərəkdir ki, düz xırdalasın,
Lay-lay cilalanmış dürr ustadıymış.
AY USTAD
Utanıram deyəm mən sənətkaram,
Haqq badəsin içəmmədim, ay ustad.
Xəyalımdan keçdi sənət dəryası,
Cəhd eylədim keçəmmədim, ay ustad.
Yeddi qat göylərdən sən oldun halı,
Ləl-gövhərin bahalıymış, bahalı.
Zaman qarışdırdı gülə qanqalı,
Ağlım çaşdı seçəmmədim, ay ustad.
Şəhriyazda daha yoxdur o dözüm,
Nuru gedib, yaxşı görmür bu gözüm.
Bir istədim bu dünyadan əl üzüm,
Vaxt çatmamış köçəmmədim, ay ustad.
ƏLƏSGƏR KİMİ
Ustad qabağında baş endirəsən,
Sənətkar olasan Ələsgər kimi.
Pirlərin könlünü sevindərəsən,
Sənətkar olasan Ələsgər kimi.
Namərd məclisində görünməyəsən,
Mənəm-mənəm deyib öyünməyəsən,
Özgəsi dalınca sürünməyəsən,
Sənətkar olasan Ələsgər kimi.
Arif qiymət qoya düz əməlinə,
Könlün vurğun ola hikmət gülünə.
Bir tərif deyəsən el gözəlinə,
Sənətkar olasan Ələsgər kimi.
Hikmət söhbətini doğru qurasan,
Şeytanı azdırıb yolda yorasan.
Elnən oturasan, elnən durasan,
Sənətkar olasan Ələsgər kimi.
Şəhriyaz, şər neylər bürcü-qalana,
Qafil dilin öyrəşməyə yalana.
Qəlbin haqqa tərəf doğru dolana,
Sənətkar olasan Ələsgər kimi.
YÜKÜ
Aşıq Ələsgərə
Ustad kimi ustad olub, bəzədin sözdən yükü,
Yaxın düşmək asan deyil, tutubsan közdən yükü.
Sinən gövhər mədəniymiş, ariflər yaxşı bilər,
Beş deyənin cəm beşləri götürdü sizdən yükü.
Könül sevdi, aşiq oldun Düldülün ağasına,
Vurulmuşdun mələk-misal o xasların xasına.
Cani dildən səcdə qıldın pirlərin Mövlasına,
Söz mətahın hayıf oldu, saldılar gözdən yükü.
Şəhriyazam, günahkarıq, qurulur divan bizə,
Dərgahında nə yazılıb, yazılıb pünhan bizə.
Bu dünyada fürsət verdin Xaliqi-Sübhan, bizə,
Dərinliyə baş vurmadıq, götürdük üzdən yükü.
ƏLƏSGƏR
Azəri yurdunda, Göyçə elində,
Göz açdı dünyaya gəldi Ələsgər.
Göyçə gözəlləşdi, Göyçə tanındı,
Obadı, mahaldı, eldi Ələsgər.
Alimdi, ustaddı, böyük müəllimdi,
Mükəmməl dilçidi, ana dilimdi.
Düşünən beynimdi, yazan əlimdi,
Sənətdə zirvədi, zildi Ələsgər.
Dedi: dərs almışam, Şahlar Şahından,
Peyğəmbər kamallı, Qibləgahınnan,
Dahi Nizaminin xoş sabahınnan,
Hər yerdə gövhərdi, ləldi Ələsgər.
Təcnis, dodaqdəyməz, müxəmməs şirin,
Qıfılbənd tarixçi, kamalı dərin.
Gözəllər gözündə pünhan sirlərin,
Dərdini aşkara bildi Ələsgər.
Savadsız demək də günahdı Vallah,
Ona qüdrətindən dərs verib Allah.
Zəki İslam qəbul eylər, İnşallah
Zərgərə zər verən əldi Ələsgər.
Hacı Zəki İslam. “Məktublar, cavablar, yeni şeirlər”. Bakı, 2001. səh.460
ƏLƏSGƏR ÇAĞIRDIM, ƏLƏSGƏR DEDİM
Könlümdə yaşadıb könül varını,
Sazımı eşqinlə çalmışam, ustad!
Aylarla oxuyub qoşmalarını,
İllərlə xəyala dalmışam, ustad!
Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qopa bilmirəm.
Bağlama demisən, bircə bəndinə,
Bir ömür qoymuşam, aça bilmirəm.
Ürəyin yanğısı tellərə düşüb,
Cinas ilmələnib, təcnis toxunub.
Yazıya düşməmiş dillərə düşüb,
Ellərin dilində əzbər oxunub.
Sən elə qatmısan balı qaymağa,
Dadan ləzzətindən doymur, ay ustad!
Sözün şöhrətini elə, oymağa,
Hamı sənin kimi yaymır, ay ustad!
Baxdım yaratdığın misraya, bəndə,
Nə memar işidir, nə zərgər dedim.
Dilim söz tutanda, ağlım kəsəndə
Ələsgər çağırdım, Ələsgər dedim!
Mənbə: Zəlimxan Yaqub, “Yaralı xatirə”, “Ozan dünyası”, №4(7), 2011. səh.13-14
AŞIQ ƏLƏSGƏRƏ
Dodaqdəyməz
Şair-aşıq, aylar qaldı arxada,
Yenə səni yar istədi, yar andı.
Canı candan ayırsa da ayrılıq,
Dedin: çətin yaddan çıxar yar andı.
Yaralansa, qanlar axsa yaradan,
Sızlasa da yara səhər, yara dan.
Qayalarda Şirin əksi yaradan
Eşqin səsi dağı-daşı yarandı.
Dilim yandı hər deyəndə “yar”, aşıq,
Sənətinə ellər aşıq, yar aşıq.
Sinən saza, sazın xalqa yaraşıq,
Adın-sanın elə heyran yarandı.
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.5
ƏLƏSGƏR
Sənət аləminin Dədə Ustаdı,
Göyçənin şöhrəti sənsən, Ələsgər!
Şаiri, аşığı səf-səf düzülsə,
Оnlаrın hörməti sənsən, Ələsgər!
Əzbərdir dillərdə ünvаnın, sözün,
Оzаn sənətində öz yоlun, izin.
İkiyə bölünən bu ölkəmizin
Tükənməz sərvəti sənsən, Ələsgər!
Elə bir dahisən, yoxdur bənzərin,
Hikmətdən yoğrulub adi sözlərin.
İsnad verənisən xoşbəxt günlərin,
Bu хаlqа şan-şöhrət sənsən, Ələsgər!
Dilindən düşmədi gözəl, yаr аdı,
Dеdin: huri Tеlli, mələk qоnçаdı.
Qız-gəlinin bildin dоğmаnı, yаdı...
Sахlаyan isməti sənsən, Ələsgər!
Dаstаnlаşаn qоşmаlаrın, təcnisin,
Хоşа gələn hər dövrаnın, gərdişin,
Tаriхləşən kəlаmlаrın, məclisin,
Sеvdirən milləti sənsən, Ələsgər!
Mənbə: “Ozan dünyası”, №3(14), 2013. səh.63-64