Dastanlar

Aşıq Ələsgər Qarabağlıların yaylağında

Mənim əzizlərim, indi sizə haradan xəbər verim, Qarabağın Xanqərvənd kəndindən. Buranın camaatı da göyçəlilər kimi sazı-sözü çox xoşlayır. Məclislərinə aşıq gələndə elə bil, dinə-imana gəlirlər.

Qaradağın camaatı yayda Qonur, Söyüdlü, Göllər yaylağına çıxırdılar. Payız girənə qədər bu dağların cah-calalı dillə deyiləsi olmurdu. Hansı dərəyə baxsan, elə bil, bir kənd vardı; alaçıq alaçığa söykənirdi. Gecələr səhərə qədər toy səsi, saz səsi, aşıq səsi dağları başına götürürdü. Çoxları xeyir işlərini yaylaqda keçirirdi.

Bir ili də Xanqərvəndin adlı-sanlı adamlarından Əhməd bəy, Hacı Baba, Mədinə oğlu Kürd, Baxşalı kişi, Murad kişi, Zamanxan oğlu Məşədi Qara, bir neçəsi də bunlardan başqa toy tədarükü ilə yaylağa çıxdılar. Camaatın köçü gəlib yaylağa toxtayan kimi, toy eləyəsi adamlar bir yerə yığışdılar, toylara vaxt qoydular. Əvvəlcə Mədinə oğlu Kürd oğlunun toyunu başlamalı oldu. Yaxındakı kəndlərə qonşu yaylaqlara xəbər verildi, nəmər paylandı...

Buranın camaatı Aşıq Ələsgəri çox yaxşı tanıyırdı. İstər aranda, istərsə də yaylaqda toy eləyəndə çox zaman Aşıq Ələsgəri aparırdılar.

Əgər Aşıq Ələsgəri tapa bilməsələr, özgə aşıq çağırırdılar. Aşıq Ələsgərin dalınca atlı göndərmək lazım oldu. Kağız yazdılar, bir cavan oğlana verdilər ki, Göyçəyə yola düşsün. Mədinə oğlü Kürd razılaşmadı; Məşədi Qaranın yanına gəlib dedi:

– A Məşədi, Aşıq Ələsgərin dalınca özün get! Əgər evdə olmasa, yerini öyrən, harada olsa, tap gətir!

Zamanxan oğlu Məşədi Qara Aşıq Ələsgərlə siğə qardaş idi. Bu qış Aşıq Ələsgər Qarabağa getməmişdi. Odur ki, Qara qardaşını görməyə çox darıxırdı. Kürd belə deyən kimi Məşədi Qara “baş üstə” deyib, atını mindi, birbaş düz Ağkilsəyə gəldi.

Aşıq Ələsgər qapıda cüt nizamlayırdı. Qara qapıya yetişdi:

– Salaməleyküm!

– Əleyküməsalam!

Aşıq Ələsgər başını qaldırdı ki, Məşədi Qaradır. Bilmədi ki, əlindəki kərkini haraya qoydu. Öpüşdülər, görüşdülər. Dost- qohumların hamısı Qaranın başına yığıldı. Heyvan kəs­dilər, yaxşı yemək-içmək düzəltdilər. Gəlmişdən-getmişdən danışdılar. O günü Qara macal tapıb Aşıq Ələsgərə deyə bilmədi ki, nə məqsədlə gəlib. Gecədən xeyli keçənə qə­dər söhbət elədilər, yatdılar.

Gecə bir yağış başladı, bir yağış başladı ki, gəl görəsən. Səhər açılanda gördülər ki, yağış hələ kəsməyib; yerlə göyün arası tamam qovuşubdur.

Qara gördü ki, gediləsi deyil, heç fikrini demədi. O gecə də qaldı, sabah tezdən çox gözəl bir hava oldu. Qara üzünü Aşıq Ələsgərə tutub dedi:

– Qardaş, xeyir işimiz var, sazını götür gedək!

– A Qara, bəs bilmirsən, mən məhərrəmlikdə bir yana getmirəm.

– Məhərrəmlik çoxdan çıxıb ki.

– Hələ İmamın qırxı çıxmağına üç gün var.

– Əşi, qırxına bənd olma. Mədinə oğlu Kürd də, Əhməd bəy də nəməri paylayıb. Mən gələndə qonaqları da bir ucdan gəlirdi. Toy sənə mətəldi. Gərək biz dünəndən orada olaydıq.

– A Qara, onda sən get, bu toyu başqa aşıqla yola salın; mən üç gündən sonra gələ­rəm, o biri toyları mən elərəm.

Qara çox pərt oldu. Çırtıq vursan, qanı damardı. Bilmədi ki, Aşıq Ələsgərə nə desin. İncimiş halda Aşıq Ələsgərin oğlu Bəşirə dedi:

– A bala, mənim atımı gətirin!

Bəşir Qaranın atını gətirdi. Qara atın irəşməsinin bir ucun Aşıq Ələsgərə uzatdı, dedi:

– Tut!

Aşıq Ələsgər ipin ucundan tutanda Qara cibindən bir bıçaq çıxartdı, dedi:

– Əgər mənlə getməsən bu mənə ölümdən betərdi. Qarabağ camaatı bilir ki, biz siğə qardaşıq. Odur ki, nə cür olsa, səni aparmaq üçün məni göndəriblər. Ya gərək gedək, ya da qardaşlıq ipini kəsirəm.

Aşıq Ələsgər gördü ki, yamanca yerdə axşamlayıb; qardaşlıqdan keçmək olmaz, dedi:

– Gedək!

Aşıq Ələsgərin də atını tövlədən çəkdilər. Aşıq Ələsgər sazını da götürdü, yol baş­la­dılar Göllər yaylağına. Bir mənzil gedəndən sonar Zod kəndi ilə Zərzəbil kəndinin ara­sında Qarabulaq deyilən bir otlu yerdə atdan düşdülər ki, atlar bir az otlasın. Aşıq Ələsgər yenə də fikirliydi.

Düzdü, gedirdi, amma əlacı olsa, getməzdi. Fikir Aşıq Ələsgərin ürəyini darıxdıranda dayana bilmədi. Sazı köynəyindən çıxartdı, çalmaq istəyəndə Qara dedi:

– Qardaş, bəs bayaqdan məhərrəmliyin qırxını gözləyirdin; indi saz çalmağa tələsi­yirsən!

– Evin tikilsin, vurhavuru görmürsən?!

– Nə vurhavur?

– Bu saat mənim qəlbimdə iki padişahın davasıdır.

– Hansı padişahların?

– Qulaq as, gör hansı padişahların.

Aşıq Ələsgər belə deyəndən sonra sazı sinəsinə basdı, görək Məşədi Qara nə eşitdi:

 

Nəfs ilə mərifət durub cahada,

Mərfət deyir: - Belə kar eyləməynən!

Nəfs deyir: - Baxma naqqal sözünə,

Xeyrin gələn yerdə ar eyləməynən!

 

Qara indi başa düşdü ki, Aşıq Ələsgərin qəlbində hansı padişahlar dava eləyirmiş. Aşıq Ələsgər aldı o biri bəndi, görək Mərifət nə deyir:

 

Günahkardı nə ki yoldan azan var,

İki mələk - xeyir-şəri yazan var,

Nəkreyin var, Qıl körpü var, qazan var,

Rövşən yollarını tar eyləməynən!

 

Aşıq Ələsgər qışın son ayında bir yana getməmişdi. Ondan sonar məhərrəmlik araya düşmüşdü. Bu il birinci dəfəydi ki, xeyir işə gedirdi.

 

Aldı Nəfs:

Zimistan çəkmişəm, yeni yaz olub,

Üzüm gözəllərə payəndaz olub.

Sözüm bəyənilib, işim saz olub,

Sən Allah, siftəmi kor eyləməynən!

 

Aldı Mərifət:

Haqq bizə göndərib dəlili-ayət,

Oruc tut, namaz qıl, eylə ibadət.

Mehdi divanında olma xəcalət,

Məhşərdə yerini nar eyləməynən!

 

Aldı Nəfs:

Sən müztərsən, lovğa-lovğa danışma,

Belə sualları məndən soruşma,

Nə xeyrimə, nə şərimə qarışma,

Qarışsan, çıx, yeri dar eyləməynən!

 

Qardaşlıq məsələsi də Nəfsin tərəfini saxladı, Mərifəti kiritdilər. Aşıq Ələsgərlə Mə­şə­di Qara atlarını minib, yollarına davam elədilər. Gəlib Urumbasar gədiyini aşdılar, Sö­yüdlü yaylağına baxanda gördülər ki, Söyüdlü qəbiristanlığında böyük yığıncaq var.

Mənim əzizlərim, o gecə Qonur yaylağına çox güclü yağış yağmışdı. Təzə toyu olmuş bir oğ­lanla bir qızı da sel aparmışdı. Camaat meyitləri basdırmağa gətirmişdi. Qəbiristan­lıqdakı yığın­caq həmin yığıncaq idi.

Aşıq Ələsgərin yolu qəbiristanlığın yanından keçirdi. Bir də camaat gördü ki, Aşıq Ələs­gər gəlir. Ölən oğlanın atası, anası, qohumları başladılar təzədən özlərini döyüb ağla­mağa. Oğlanın anası camaatdan ayrıldı, Aşıq Ələsgərin qabağına yeridi, saçını yola-yola dillə ağladı:

– Ay Aşıq Ələsgər, oğlumun toyunamı gəlibsən? Ay Allahı istəyən, mana daha sağlıq lazım deyil, öldürün məni!.. Allah, bu zülmü kimin başına gətiribsən?!..

Arvad özündən getdi. Üzünə su səpib ayıltdılar. Oğlanın o biri qohumları, atası özlə­rini döyməkdən haldan-dildən düşmüşdülər.

Aşıq Ələsgərgil atdan düşdülər, cənazələrə sarı getdilər. Bir kişi meyitlərin üzündən örtüyü götürdü. Aşıq Ələsgər gördü ki, oğlan pəhləvan kimi iri gövdəli, enli kürəkli, çatma qaşlı bir gö­zəl oğlandır ki, gəl görəsən. Qızın gözəlliyi də ki, dillə deyiləsi deyil. Bunları belə görəndə Mə­şədi Qara da özünü saxlaya bilmədi, hönkür-hönkür ağladı.

Doğrudu, Aşıq Ələsgər ağlamadı, amma dünya gözündə qaranlıq oldu.

Mənim əzizlərim, insan belədir ki, ölü görməyəndə, qəbiristanlıq görməyəndə çox zaman ölmək yadına düşməz. Elə bilər ki, dünya durduqca yaşayacaqdır. Bu pərişanlığı görəndə Aşıq Ələsgəri də fikir götürdü. Gördü ki, dünya çox vəfasızdı. Nə qədər çalışsan, nə qədər əlləşsən, nə qədər var toplasan, axırı yenə ölümdür; dünyanın malı dünyada qa­la­caqdır. Aşıq Ələsgərin sinəsi doldu, dərdi tüğyan elədi.

Ona kimi ölən oğlanın atası dilləndi:

– Aşıq Ələsgər, oğlumun toyunda ələ keçmədin, çalmadın, oxumadın, tərif demədin; səsini eşitmədik. Vay günündə öz ayağınla gəlib çıxıbsan. Allahın bu işinə sən nə deyir­sən?!

Aşıq Ələsgər gördü ki, bu kişi söz istəyir. Fikirləşdi ki, gəl elə söz de, həm qəmli olsun, həm də ölən cavanların ata-anasına təskinlik versin. Sazı köynəyindən çıxartmadı ki, saz çalmaq buradakı adamlara pis gələr. Elə dilcavabı öz könlünə üzünü tutdu, dedi:

 

Qafil dilim, bu nə yoldu tutubsan,

Sərf edirsən nə kamaldı dünyada?!

Dövlətə güvənib, gül tək açılma,

Çox sənin tək güllər soldu dünyada.

 

Aşıq Ələsgər belə deyəndə kişi dilləndi:

– Aşıq Ələsgər, axı sən Aşıq Ələsgərsən; sazını çıxart, saz ilə de! Oğlumun toyunu eləyə bilmədin, vayını elə!

Kişi belə deyəndə camaat yenə təzədən ağlaşdı. Aşıq Ələsgər sazı köynəyindən çı­xart­­dı, “Hicran Kərəmi” havası ilə görək nə dedi:

 

Kibridən qəlbində bərkimə barı,

Top dəyər, dağılar bürcü, hasarı.

Yüz sənin tək ahu gəzən şahmarı,

Fələk kəməndinə saldı dünyada.

 

Guşumda sırğadı, sinəmdə dağdı:

Ağıllı unutmaz neçə ki sağdı.

Dövlətdən qismətin beş arşın ağdı,

Çəkdiyin qovğadı, qaldı dünyada.

 

Atalar deyibdi: “Ölüm var ölüm kimi, ölüm var zülüm kimi”. Bu cavanların ölümü çox zülümlü ölüm idi.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Fələk bərhəm edib çox nizamları,

Söndürüb zülm ilə yanan şamları.

Hayıf cavanların gül əndamları,

Mara-mura qismət oldu dünyada.

 

Camaat bu bəndi eşidəndə yenə hönkür-hönkür ağlaşdı. Aşıq Ələsgər yenə fikirləşdi ki, gəl bunlara de ki, heç kəs dünyada qalası deyil, hamı bu yolun yolçusudur. Mən özüm də bu gün varam, sabah yoxam. Aldı, görək özünün axır gününü necə yad elədi:

 

Yığılar məxluqat, qurlar məşhər,

Boyunlarda kəfən, əllərdə dəftər,

Onda vay halına, yazıq Ələsgər,

Özün getdin, sözün qaldı dünyada!

 

Söz tamama yetişəndən sonra ölüləri dəfn elədilər. Aşıq Ələsgərgil atlarını mindilər, Göllər yaylağına yola düşdülər. Qəbiristanlıqdakı adamlar da ağlaşa-ağlaşa öz yaylaqla­rına qıyıtdılar. Aşıq Ələsgərgil Göllər yaylağına çatanda gördülər ki, toy adamları gediblər. Mə­şədi Qara arva­dından soruşdu:

– Camaat nə zaman gedib?

Arvadı dedi:

– Dünən axşama qədər sizi gözlədilər, gəlib çıxmadınız. Bu gün Alağalı yaylağına gəlini gətirməyə getdilər. Dedilər ki, Aşıq Ələsgərgil gələndə bizim dalımızca Alağalı yaylağına gəl­sinlər.

Aşıq Ələsgərgil tələsik çay-çörək yedilər, atlarını minib, Alağalı yaylağına yola düş­dülər. Çay Alxaslısı kəndinə yetişəndə gördülər ki, qabaqda bir dəstə qız-gəlin, az qalıblar ki, Hacı Ələmşahın körpüsünə çatsınlar. Bunlar da həmin toya gedirlər.

Sel aparan cavanların qəm-qüssəsi Aşıq Ələsgərin əhvalını çox pərişan eləmişdi. Düz­­dü, toya gedirdi, amma könlü heç açılmırdı.

Qız-gəlinlər Aşıq Ələsgəri görən kimi tanıdılar. Bir-biri ilə nə danışdılarsa, körpünün üstünə çatanda əl-ələ tutub, yolu kəsdilər. Aşıq Ələsgərgil körpüyə çatanda Məşədi Qara üzünü qızlara tutub dedi:

– A bala, bu tərəfə durun, keçək!

Qızların biri dilləndi:

– Aşıq Ələsgər, bizim üçün bir qatar oxumasan, qoymarıq keçəsiniz.

Aşıq Ələsgər dedi:

– Qızlar, tələsiyirik. Gedək, toyda sizin üçün nə qədər desəniz oxuyaram.

– Heç elə şey olmaz. Burada bizə tərif deməsən, yoldan çəkilmərik.

Bizi atla ayaqlayıb keçəcəksinizsə keçin.

Aşıq Ələsgər gözünü qızlara gəzdirdi, gördü ki, doğrudan da, bunlara tərif yaraşır. Ye­rindən gözəl olan qızlar toy paltarını da ki geyiblər, olublar, hərəsi bir məlakə. Yavaşca atdan düşdü, sazını köynəyindən çıxartdı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi. Aldı, görək bu körpünün üstündə gözəllərə nə dedi:

 

Gözüm gördü, könlüm qəmdən ayıldı,

Çıxdınız qarşıma dəstə, gözəllər!

Camalın şöləsi nuri-təcəlla,

Görsə şəfa tapar xəstə, gözəllər!

 

Qəmgin idim, sizi görüb gülürəm,

Qaşınız qiblədi, səcdə qılıram,

İkram ilə sizə sarı gəlirəm,

Siz də gəlin asta-asta, gözəllər!

 

Dilavər qızlardan biri dilləndi:

– Aşıq Ələsgər,    nə çoxdu bizdə dövlət, Şuşa qalasının alverçilərində də çit.

Hərə bir dəs paltar geyməklə hamı gözəl olmadı ha! sən gərək buraya yığılanlardan kim gözəldirsə, adını deyəsən.

Aşıq Ələsgər qızların danışığına da fikir vermişdi. Çoxusunun adını eşitmişdi. Eləsi də var idi ki, dost-tanışının qızı idi, adını bilirdi. Aldı, görək bu bənddə gözəllərin hansının adını çəkdi:

 

Minəş günə bənzər, Əsli bir aya,

Şəms olub, aləmə salıbdı saya.

İncimərəm, qəsəm olsun Xudaya,

Qədəm bassa gözüm üstə gözəllər.

 

Sizi gördüm, çaşdı ağlım, kamalım,

Güllüyə qurbandır dövlətim, malım,

Olmayaydı bir qocalıq, bir ölüm,

Yaşayaydı bu həvəsdə gözəllər!

 

Aşıq Ələsgər sazı çıxardıb oxumağa başlayanda qızlar yavaş-yavaş körpüdən çəkilib, yolun qırağındakı göy çəmənliyə toplaşdılar. O tərəfdən gələn adamlar da, bu tərəfdən gələn adamlar da ayağını burada saxlayıb, Aşıq Ələsgərə qulaq asırdı. Nə başınızı ağrı­dım, böyük bir məclis düzəlmişdi.

Aşıq Ələsgər aldı sözün tapşırmasını:

 

Pərzad məlakədi, Gövhər bir xanım,

Görən kimi yandı dinim, imanım.

Yazıq Ələsgərəm, sərgərdan canım

Qurban sizi kimi dosta, gözəllər!

 

Qızlara bir də diqqət edəndə, Aşıq Ələsgər gördü ki, sarı geyimli bir gəlin var, boy-buxunda, qəddü-qamətdə çox düzgündür. Hörükləri də düz topuğuna dəyir. Amma üzü rübəndlidir; sifəti görünmür ki, bilə camalı necədir. Aşıq Ələsgər istədi ki, sazı köy­nəyinə qoya, ona qədər meh əsdi, həmin gəlinin üzündən örtüyü atdı. Aşıq Ələsgər gördü ki, hələ bu gözəllikdə adama rast gəlməyib. Elə bil ki, belindəki qızıl kəmər öz parıltısını gəlinin üzündən alıb. Aşıq Ələsgər sazı sinəsinə basdı, görək bu sarı geyimli gəlini necə təriflədi:

 

Cilvələnib nə qarşımda durubsan,

Anam sana qurban, ay Sarı köynək!

Mələksən, çıxıbsan cənnət bağından,

Heç kim olmaz sana tay, Sarı köynək!

 

Doymaq olmaz sənin işvə-nazından,

Fərə kəklik kimi xoş avazından.

Yel vurdu, rübəndi atdı üzündən,

Elə bildim, doğdu Ay, Sarı köynək!

 

Gözəlsən, tərifin düşüb mahala,

Zər kəmər yaraşır qaməti-dala,

Ləb qönçə, diş inci, yanağın lala,

Çəkilib qaşların yay, Sarı köynək!

 

Kərdənə yaraşır qızıl hamayıl.

Görənin ağlını eyləyib zayıl.

Həsrətin çəkənlər olubdu sayıl,

Yığır qapılardan pay, Sarı köynək!

 

Ona kimi qızlar bir-birinə dedi ki, Aşıq Ələsgər bu tərifi təkcə Salatına deyir. Aşıq Ələsgər bu sarı geyimli qızın adını eşitdi, görək tapşırmada nə dedi:

 

Tuti dilli, sərvi boylu Salatın,

Yoxmu mərhəməti bu səltənətin?!

Göndər gəlsin Ələsgərin xələtin,

Eyləmə əməyin zay, Sarı köynək!

 

Mənim əzizlərim, bu tərifi deyəndən sonra, Aşıq Ələsgər istədi ki, sazı köynəyinə qoy­sun. Bu zaman qızlardan biri hirsli-hirsli dilləndi:

– Düz deyiblər ki, yekə gözdən yiyəsinə xeyir yoxdur. Aşıq üzü örtülü qızları təriflədi, üzünə tamaşa eləyən əsl gözəlləri görə bilmədi.

Aşıq Ələsgər başa düşdü ki, bu qız nə deyir. Amma özünü o yerə qoymayıb dedi:

– Burada heç gözəl olmayan qız yoxdur. Toya gedək, qalanını da orada deyərəm.

Axı özün deyibsən: “Aşığın nisyəsi...” Elə bu nisyə də o nisyə kimidir. Toyda bizdən gözəl qız görəndə, onu tərifləyəcəksən; heç biz yada düşməyəcəyik. Mənə tərif yaraşmır­sa, bu tərifli qızlarla getmirəm.

Qız belə deyəndən sonra yoldaşlarından ayrılıb, geri qayıtmaq istədi. Qızlar onun qolundan tutub yalvardılar:

– Ay Şəkər, sən getməsən, biz də getməyəcəyik. Hamımızdan sən gözəlsən. Aşıq Ələs­gər sənin də tərifini orada deyər.

Şəkər ipə-sapa yatmadı. Aşıq Ələsgər gördü ki, bu qızın, doğrudan da küsməyə haqqı var; elə bil ki, qaşı, gözü qələmlə çəkilib. Sazı sinəsinə basdı, görək Şəkərin könlünü necə aldı:

 

Getmə göz önündən, ay Şəkər xanım,

Könül mayıl olub o qələm qaşa.

Gəl əyləş məclisdə, sən mənim canım!

Mən saz çalım, sən də eylə tamaşa.

 

Mən aşığam, yasaq yoxdu dilimə,

Şükr eylərəm haqdan gələn zülümə.

Sənin kimi gözəl keçməz əlimə,

Yüz il gəzsəm bu dünyanı baş-başa.

 

Gözəllər sultanı, mələklər xanı,

Qaytarmazlar pirə gələn qurbanı.

Öldür Ələsgəri, qurtarsın canı,

Vay xəbərin göndər qohum-qardaşa.

 

Söz tamama yetişəndən sonra Şəkər də bu qızlara qoşuldu, gülüşə-gülüşə, danı­şa-da­nı­şa şad-xürrəm yol başladılar Alağalı yaylağına.

Aşıq Ələsgərgil də atlarını minib, birbaş toya gəldilər. Yaylağa çatanda gördülər ki, qonşu kəndlərdən, yaxındakı yaylaqlardan buraya o qədər adam gəlibdir ki, sayı-hesabı yoxdur. Camaat Aşıq Ələsgəri görəndə çox şad oldu. Məşədi Qaradan o qədər razı qal­dılar ki, az qaldılar götürüb başlarında gəzdirsinlər.

Böyük bir mağar tikmişdilər. Axşam oldu, camaat mağara toplaşdı. Bir tərəfdə ki­şi­lər, bir tərəfdə arvadlar əyləşdilər. Aşıq Ələsgər sazı götürüb söhbətə başladı. Gözünü gəzdi­rən­də gördü ki, arvadların içində bir gözəl gəlin əyləşib. Ay kimi dörd tərəfə işıq salır. Nə qədər gözəl görübsə, bundan gözəlinə rast olmayıb. Aldı, görək “Köhnə gözəl­ləmə” havası ilə nə dedi:

 

Xəstə könül dərdü-qəmdən ayıldı,

Bu gün məclisimə bir can gəlibdi.

Şöləsi aləmi edib münəvvər,

Zahir deyil, özü pünhan gəlibdi.

 

Onun bu gəlməyi, gör, nəyə bənzər,

Nə xana, sultana, nə bəyə bənzər,

Misirdən gətrilmiş köynəyə bənzər,

Kənanda Yaquba dərman gəlibdi.

 

Ələsgər görcəyin candan usanıb,

Camalından şəmsi qəmər utanıb,

Nə behişdə belə qılman yaranıb,

Nə dünyaya belə insan gəlibdi.

 

Aşıq Ələsgər sözü başlayanda gözəl qızların çoxusu elə hesab elədi ki, tərifi ona deyir. Amma camaat başa düşdü ki, Aşıq Ələsgər kimi tərifləyir.

Aşıq Ələsgər o gecə Qurbaninin nağılını başladı, xoruz banına kimi danışdı, eşi­dən­lərə ləzzət verdi. Camaat aşığa yaxşı dövran pulu yığdı. Pul yığılanda gördülər ki, bir qa­dın gətirib Aşıq Ələsgərin qabağına bir bağlama qoydu. Aşıq Ələsgər soruşdu:

– A bacı, bu nədir?

– Aşıq Ələsgər, adın çəkməsən də, hamı bildi ki, axşamkı tərifi mənim qızıma dedin. Bağla­mada elə artıq bir şey yoxdur; bir çıxalıq mahuddur.

Sağlıq olsun, arana yönün düşəndə xələtini orada verərik.

O gecə qaldılar, səhər hamınızın üzünə xeyirliklə açılsın, səhər açıldı. Yemək- iç­mək­­dən sonra gəlini atlandırdılar, Göllər yaylağına gəldilər.

Hava çox xoş idi. Gəlin mənzilə çatanda qurban kəsdilər. Aşıq Ələsgər bir neçə oyun havası çaldı, cavanlar oynadı. Camaat halqa vurub əyləşmişdi. Aşıq Ələsgər də dizinin altına bir mütəkkə qoyub, dizi üstə söhbət eləyirdi. Ağsaqqalların çoxusu Aşıq Ələsgərin yanındaydı. Dəmirçidamlı Kərbəlayi Ocaqqulu onun sağ tərəfində qəlyan çəkirdi.

Aşıq Ələsgərgilə çay gətirdilər. Aşıq Ələsgər sazını o tərəfə qoydu ki, çayını içsin. Bir də gördü ki, budur, bir dəstə qız-gəlin Ələm ağacından bəri töküldü. Amma bunların içində bir gözəl var, iki ağaclıqdan adamın gözünü qamaşdırır. Aşıq Ələsgərin təbi cuşə gəldi, sazını götürəndə Kərbəlayi Ocaqqulu dedi:

– Aşıq Ələsgər, çayın soyuyur, sonra çalarsan.

Elə bil ki, Aşıq Ələsgər onun sözünü eşitmədi. Sazını sinəsinə basdı, görək nə dedi:

 

Kalvayı, fəhm elə, gör,

Bu gələn insandı, nədi?!

Ay qabaq şölə verir,

Mehri-dirəşxandı, nədi?!

Titrəşir var əndamı,

Dərdlərə dərmandı, nədi?!

Gözləri canım alır,

Afəti-dövrandı, nədi?!

Huridirmi, pəridirmi,

Mələkdi, qılmandı, nədi?!

 

Camaat gördü ki, Aşıq Ələsgəri qınamalı deyil; Doğrudan da, zalımın balası elə gö­zəldir ki, tayı-bərabəri bu dünyada yoxdur. İsti gündə yoxuşu çıxıb, enişi enib tərləyən qızın al yanaqları bir az da qızarıb.

Elə bil ki, təzə açılmış dağ lalasıdır. Boğazının iki düyməsini açıbdır, sinəsi quzey qarı kimi ağarır. Ala gözləri az qalır ki, cəllad kimi adamın canını ala.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Göz gördü, könül sevdi

Gözlərinin alasını;

Gül görsə xəcil olar

Yanağının lalasını;

Getmə gözüm önündən,

Alım boyun bəlasını;

Xəstə içsə dirili

Ləbinin piyalasını;

Şirəsi Abi-həyat,

Şərbəti-Loğmandı, nədi?!

 

Dünya təbdil olubdu,

Gözəl biilqar görünür.

Açılıb mərmər sinə,

Aləmə aşkar görünür;

Örtməynən sən üstünü,

Dünya mana dar görünür.

Qoynundu gülşən bağı,

Bir cüt qoşa nar görünür.

Ey Xudaya, sirr qaldım,

Cənnəti-rizvandı, nədi?!

 

O, oradan dedi bu kimdir, bu buradan dedi bu kimdir?.. Tanıyanlar dedilər ki, Güney­pəyəli Dilbərdi, filankəsin də gəlinidir.

Aşıq Ələsgər aldı sözün o biri bəndini:

 

Bu simi-zənəxdanın

Mirvari xallarına bax,

Bərq verir billür buxaq,

Savalanın qarına bax,

Çarxı dönmüş fələyin

Sən kəc irəftarına bax,

Fəhm elə, diqqət ilə

Özünə bax, yarına bax,

Çəkilib dal-qaməti,

Sərvi-xuramandı, nədi?!

 

Dilbər Aşıq Ələsgərin gözünün qabağından sallana-sallana keçdi, qız-gəlinlərin yı­ğın­cağına qarışdı. Buradakı qızlar ona dedilər ki, sən oradan çıxandan Aşıq Ələsgər səni tərifləyir. Dilbər də öz tərifinin son bəndinə diqqətlə qulaq asmağa başladı. Aldı Aşıq Ələs­gər sözün son bəndini:

 

Hazarat, haqqa baxın,

Qəlbdən ehsan eləyin.

Mənim bu dərdi-dilimi

Dostlara əyan eləyin.

Ölürəm, mən xəstənin

Dərdinə dərman eləyin.

Aparın Ələsgəri,

Payında qurban eləyin.

Bimürvət, bəlkə, baxa,

Deyə: “Bu, qurbandı, nədi?”

 

Aşıq Ələsgər o gecə də orada qaldı. Qurbaninin nağılının qalanını danışdı. Camaat on beş gün Aşıq Ələsgəri buraxmadı. O, bir-birinin dalınca altı toy elədi. Sizi də həmişə sazda, söhbətdə, kefdə-damaqda olasınız!