Dastanlar

Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü

Mənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından. Şəm­kir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.

Şəmkirli Aşıq Hüseyn çox qabil sənətkar idi. Onun bilmədiyi söz, öyrənmədiyi das­tan yox idi. Aşıq Hüseyn Tufarqanlı Abbasa, Qurbaniyə, Xəstə Qasıma bərabər şair idi. Toy məclis­lə­rin­də aşıqların oxuduqları sözlərin çoxu Şəmkirli Aşıq Hüseyndən olardı.

Aşıq Hüseyn həm də çox mərifətli, hər şeyin yerini bilən bir el ağsaqqalı idi. Hamı istəyirdi ki, onun toy şənliyini Aşıq Hüseyn yola salsın.

Aşıq Hüseyn dastanları elə şirin danışır, sözləri elə məlahətlə oxuyurdu ki, onun məc­lisində olan cavanlar aşıq olmaq həvəsinə düşərdi.

Aşıqlıq öyrənmək istəyənlər arzu eləyirdilər ki, nə olaydı, nə olaydı, şəmkirli Aşıq Hüseynə şəyird olaydı. Ermənilərdən də bir çox cavanlar Aşıq Hüseynə şəyird olmağa çalışırdılar...

Şəmkirli Aşıq Hüseynin vaxtında Göyçə aşıqları məclislərdə ən çox Aşıq Ələsgərin söz­lə­rindən oxuyurdular. Şəmkir, Qazax, Şınıq mahallarına gedən Göyçə aşıqlarından məc­lisdəkilər xahiş eləyirdilər ki, bir söz başqa aşıqdan oxuyanda, birini də Aşıq Ələs­gərdən oxusunlar. Aşıq Ələsgərin sözləri Azərbaycan torpağının hər tərəfinə yayılmışdı.

Şəmkirli Aşıq Hüseyn də Aşıq Ələsgərin sözlərini eşitdi: gördü ki, çox qiyməli söz­lərdir. Onun təcnisləri Aşıq Hüseyni elə tutdu ki, onlardakı ustalığa heyran qaldı. Do­daq­dəyməzlərini eşidəndə, hələ heç bir aşıqda rast gəlmədiyi belə sözlər Aşıq Hüseyni hey­rətə saldı. Özü də bu cür söz­lər düzəltdi və gördü ki, bu, çox çətin işdir; hər aşıq bunu bacarası deyil. Odur ki, Aşıq Ələs­gərlə görüşmək həvəsinə düşdü.

Amma xeyli müddət gözlədi, Aşıq Ələsgərin yönü Şəmkirə düşmürdü ki, görüşələr.

O vaxt Göyçə mahalında Alı, Ələsgər, Məhərrəm, Musa, Alışan, Qəhrəman, Qasım, Meh­di, Qulu, Qurban, Nəcəf, Əsəd, Yunus kimi adlı-sanlı aşıqlar var idi. Bunların hamısı ustada qulluq eləmiş, aşıqlıq elmini tamam-kamil öyrənmişdilər. Amma Göyçədə elələri də var idi ki, öz-özünə saz çalmağı öyrənmişdi və bir neçə qatar da söz əzbərləyib, or­ta­lığa düşmüşdü ki, mən də aşığam. Belə aşıqlardan bir də Hüseynqulağalı Aşıq Mikayıl idi.

Aşıq Mikayıl üç-dörd il idi ki, saz götürüb, aşıqlıq eləyirdi. Anacaq Göyçədə şətəli o qədər də işləmirdi. Tanınmaz yerlərə gedər, səsinə güc verər, qəpik-quruş yığardı.

Bir gün Aşıq Mikayıl yenə sazını götürüb, o kənd mənim, bu kənd sənin, gəzə- gəzə gəlib Gədəbəyə çıxdı. Bir toy məclisində Aşıq Mıqıçla rastlaşdılar.

Aşıq Mıqıç Şəmkirli Aşıq Hüseynin şəyirdi idi. O, Şəmkir mahalının Çardaxlı kən­dindən idi. Erməni olsa da, türkcə çox düzgün və gözəl oxuyurdu. Amma onda bir xa­siy­yət var idi ki, tanımadığı aşıq görəndə, pisikdirməyə çalışardı.

Aşıq Mıqıç bir məclisdə bir-iki qatar oxuyandan sonra, ustadının bir bağlamasını dedi və Aşıq Mikayıldan tələb elədi ki, cavabını versin.

Mikayıl qaldı məəttəl, nə qədər fikirləşdisə də, bir yana yoza bilmədi.

Mıqıç Mikayılın sazını aldı, dedi:

– Nə zaman bağlamanı açdın, onda gəlib sazını apararsan!

Mikayıl bağlamanı ordakıların birinə yazdırıb, cibinə qoydu, korpeşman Göyçəyə qa­yıtdı. Evə gələndən sonra da nə qədər fikirləşdi, bir şey çıxmadı. Dost-tanışına üz tut­du, aça bilmədilər. Elə hesab elədilər ki, dolaşdırmadı, sözün kökü yoxdu. Mikayılın əlacı kə­­sildi, Aşıq Ələsgərin yanına gəldi. Aşıq Ələsgər elə hesab elədi ki, Mikayıl ona şəyird olmağa gəlib. Çay-çörəkdən sonra Aşıq Ələsgər soruşdu:

– Mikayıl, nə yaxşı gəlibsən?

Mikayıl başına gələni olduğu kimi danışdı. Aşıq Ələsgər onu bir az danladı ki, niyə aşıqlığı ustaddan öyrənməmiş çöllərə düşüb, özünüzü də, Göyçəni də biabır edirsiniz?! Mikayıl dilləndi:

– Ələsgər əmi, bu, bağlama deyil; ağlına gələni yalandan quraşdırıb.

Sözün kökü yoxdur, dolaşdırmadır.

Mikayıl kağızı cibindən çıxarıb, Aşıq Ələsgərə verdi. Aşıq Ələsgər üzünü oğlu Bə­şirə tutdu:

– Oğul, al oxu görüm.

Bəşir kağızı oxumağa başladı. Biz də sazla oxuyaq, şad olun:

 

Bir gün bir heyvanat gördüm,

Zənbur kimi şan verir;

Xörəyi yük ilə gəlir,

Nəfəsi duman verir;

Dindirirsən danışmağa,

Nalə çəkir asmana;

Nə yerdədi, nə göydədi.

Sədri üstə yan verir.

 

Bir başı var, bir ayağı,

Gör neçə barmağı var?

İki qolu, bir boğazı,

Tək bircə dodağı var,

Əyləşibdi bir məqamda,

Hər yanda oylağı var,

Qoy eşitsin, hamı bilsin,

Hər gələnə nan verir.

 

Gəl biçarə Aşıq Hüseyn,

Qıl sözünü müxtəsər.

Onun abı gur gələndə

Olur dəli, dəngəsər.

Eşidənlər, fikir verin

Bu sözümə sərbəsər,

Əgər ki ağam olmasa,

Sidqinə güman verir.

 

Mənim əzizlərim, elə ki söz qurtardı, Aşıq Ələsgər üzünü Mikayıla tərəf tutub, acıq­lı-acıqlı dilləndi:

– Sən deyirsən bu sözün evi yoxdur! Ustada belə qiymət verirlər?!

Gör sadə bir şeyin üstündə nə gözəl bağlama düzəldib!

– Ələsgər əmi, sən Allah, nəyin üstündə düzəldib?

Aşıq Ələsgər Mikayıla cavab vermədi. Sazı dirəkdən endirib, köynəyindən çıxardı, zilini zil, bəmini bəm elədi, düzəltdi. Bəşirə dedi ki, kağız-qələm gətir. Bəşir kağız-qələm gətirdi. Aşıq Ələsgər sazı sinəsinə basdı. “Osmanlı divanisi” havası ilə görək nə dedi, Bəşir nə yazdı.

Biz də sazla deyək şad olun:

 

Gələndə ustad kəlamı,

Köhnə yaram qan verir.

Mövcə gəlir bəhri-çeşmin,

Qətreyi-baran verir.

Dənəni torpaq içində

Göyərdir kanı-kərəm,

Bir mələk müqərrər olmuş.

Bizlərə ərzan verir.

 

Aşıq Ələsgər üzünü Bəşirə tutub dedi:

– A bala, yazdınmı?

– Ay Dədə, yazdım.

Aşıq Ələsgər aldı o biri bəndini:

 

Anlamaz, nadan eşitsə,

Deyər hədyandı bu söz.

Əhli-irfan məclisində

Ləlü-mərcandı bu söz.

Müxtəsəri, türkü-zəbam,

Bil, “dəyirmandı” bu söz,

Ab şəcərə, ahən səngə,

Gör, neçə cövlan verir.

 

Mikayıl dilləndi:

– Ələsgər əmi, fikirləşdim, çox fikirləşdim, amma dəyirman heç ağlıma gəlmədi.

– Səndə ağıl var ki, ağlına da gələ!

Aşıq Ələsgər aldı sözün o biri xanəsini:

 

Şindandan dən gəlməyəndə,

Düşər bir qeyri hala.

Dahanından ataş qalxar,

Ah çəkər, eylər nala.

Qəzəbindən ləngər verər

Həm qabağa, həm dala;

Hay verdikcə aloy səpir,

Dud qalxar, duman verir.

 

Mikayılın əl-ayağı yerə dəymirdi. Bu bəndi eşidəndə dilləndi:

– Sağ ol, Ələsgər əmi!

Aşıq Ələsgərin Mikayıla bərk acığı tutmuşdu. Onun təlim-tərbiyəsiz saz götürüb aşıq sənətini biabır eləməsini Aşıq Ələsgər heç cür bağışlaya bilmirdi. Mikayılın ona “sağ ol!” deməsindən də acığı gəlirdi. Əgər evi ol­masa idi, ona bir-iki çırpardı da...

Aşıq Ələsgər aldı sözün o biri xanəsini:

 

Haydı kola, xınzır oğlu,

Şindi durma qarşıda!

Paşol, molçi! İdi, durak!

Səni verrəm padsuda!

Oxuram “İnna fətəhna”,

Mətləb allam yuxuda;

Şahi-Mərdan nökəriyəm,

Dərsimi pünhan verir.

 

Soruşur Aşıq Ələsgər;

Dərsi kimdən almısız?

Əbəs yerə saz götürüb,

Elə qovğa salmısız;

Üç kəlmə sözdən ötəri

Siz ki mətəl qalmısız,

Nahaqdı qürbət vilayət,

Sizlərə dövran verir.

 

Bəli, mənim əzizlərim, elə ki, söz tamama yetişdi, Mikayıl söyüşü, hədə-qorxunu eşit­­­­­məzliyə vurdu. Sözün üzün köçürtdürüb cibinə qoydu.

Elə bil ki, dünyanı buna bağışlamışdılar.

Aşıq Ələsgər soruşdu:

– Mikayıl, bu sözü götürüb nə edəcəksən?

– Aparıb Mıqıça verib, sazımı alacam.

– Bundan sonra yenə aşıqlıq edəcəksən?

– Bəli, edəcəyəm.

– Yox, sənin aşıq olmağına hələ çox var. Get bir ustada qulluq elə, bilmədiklərini öy­rən, kəm-kəsirini düzəlt.

– Kimin yanına getdim, şəyird götürmədi.

Aşıq Ələsgər bir az yumşaldı:

– Səndə ki aşıqlığa həvəs var, mən öyrədərəm. Get sazını al, qayıdanda mənim ya­nıma gə­lərsən.

Mikayıl sevinə-sevinə evlərinə getdi. Səhər tezdən yol başladı Çardaqlıya. İki günə gəlib Çardaqlıya yetişdi. Soruşub Mıqıçın evini tapdı. Qonşuluqdan bir oğlan gedib Mı­qıçı çölə çağırdı Mıqıç çölə çıxanda gördü ki, Mikayıl gəlib. Əlindən tutub əhvalını soruşdu, evə təklif elədi. Mikayıl evə getmək istəmədi. Qonu-qonşu məsələdən hali oldu ki, Mıqıçın bağladığı aşıq gəlib. Bir göz qırpımında burya bir məclisin adamı toplaşdı. Qonşuluqdan ağsaqqal bir erməni Mikayılı da, Mıqıçı da evlərinə apardı. Mikayıl kağızı çıxartdı. Oxu­dular gördülər ki, Mıqıç məclisdə oxuduğu bağlamanın cavabıdır. Özü də çox ustalıqla açılıb. Mıqıç Mikayılın sazını özünə qaytarmaq istəmədi, dedi:

– Bağlamanı sən açmış olsaydın, sazını verərdim.        Aşıq Ələsgər   açıb, sazı verməyə­cəm.

Mıqıç belə deyəndə həmin ağsaqqal erməni işə qarışdı:

– Aşıq Mıqıç, bağlama sənin olsaydı, sən deyən idi. Bağlama özgənindi, o da gedib özgəyə açdırıb. Oğlanın sazını ozünə ver.

Aşıq Mıqıç gördü ki, bu, çox tutarlı söz oldu. Dillənməzcə Mikayılın sazını özünə qay­tardı.

Mikayıl sazını götürüb, birbaş Göyçəyə gəldi. Gələn kimi özünü Aşıq Ələsgərin ya­nı­na yetirdi. Aşıq Ələsgər Mikayılı yanında şəyird saxladı.

Mənim əzizlərim, Mikayıl Aşıq Ələsgərin yanında şəyird qalmaqda olsun, sizə deyim Şəmkirli Aşıq Hüseyndən. Mıqıç sözü götürdü, ustadının yanına getdi. Məsələni Aşıq Hüseynə danışdı. O, bu işə görə Mıqıçı bir az danladı. Sonra bağlamanın açma­sını oxut­durdu.

Mıqıç elə hesab edirdi ki, ustadı bağlamanın açılmasına pərt olacaq. Amma belə ol­ma­dı; Aşıq Hüseyn bu cavabdan razı qaldı. Mıqıça dedi ki, Aşıq Ələsgər bağlamanı çox gözəl və düzgün açıb. Aşıq Hüseyni razı salan bir də o idi ki, Aşıq Ələsgər özündən yaş­ca bö­yük olan ustada ehtiram göstərmiş, onun bağlamasını ləl, mərcan kimi qiymətlən­dir­mişdi.

Aşıq Ələsgərin bu mərifəti Aşıq Hüseynin onunla görüşmək həvəsini bir qədər də artırdı.

Aşıq Hüseyn çox arzu edirdi ki, Aşıq Ələsgər Şəmkir tərəfə gəlsin, görüşsünlər. Amma Aşıq Ələsgər gəlmirdi ki, gəlmirdi...

Aşıq Hüseynin səbri kəsildi. Bir istədi ki, kağız göndərib, Aşıq Ələsgəri çağırtdırsın, amma bu fikirdən tez əl çəkdi. Ona görə ki, bağlamanın açılmasından sonra çağırtdırmaq onu meydana çağırmaq kimi başa düşülərdi. Çox götür-qoydan sonra belə qərara gəldi ki, özü Aşıq Ələsgərlə görüşə getsin.

Bəli, mənim əzizlərim, payız getdi, qış gəldi, qış hərləndi yaz oldu. Günlərin bir günü Aşıq Hüseyn atını mindi, sazını da çiyninə saldı.

Göyçəyə yola düşdü. Gəlhagəl, gəlhagəl, axşamtərəfi gəlib Ağbulaq kəndinə yetişdi. Ağbulaq kəndində Aşıq Hüseyni tanıdılar. O gecə onu saxladılar, yaxşı söhbət elət­dir­dilər. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah Aşıq Hüseyn yola düşəndə Kalvayı İr­va­ham soruşdu:

– Aşıq Hüseyn, Allah qoysa, səfərin harayadır?

– Aşıq Ələsgərlə görüşməyə gedirəm.

– Xahiş edirəm, qayıdanda bizi görməmiş olma!

– Baş üstə!

Səhər tezdən Aşıq Hüseyn Göyçə dənizinin kənarı ilə yol başladı Ağkilsəyə.

Dağ otu biçilirdi. Aşıq Ələsgər də biçinə gedirdi. Bu gün o, biçinə getmədi. Arvadı Anaxanım onun yanına gəlib dedi:

– A kişi, camaat biçinə getdi, sən niyə yubanırsan?

– Arvad, mən bu gün getməyəcəm.

– Niyə?

– Bu gün Şəmkirli Aşıq Hüseyn bizə qonaq gələcək.

Anaxanım daha bir söz soruşmadı. Başladı ev-eşiyi səliqəyə salmağa. Aşıq Ələsgər qardaşı Məhəmmədi yanına çağırıb dedi:

– Məhəmməd, durma, get yaylaqdan heyvan gətir.

– Ay qağa, xeyirdimi?

– Bu gün Şəmkirli Aşıq Hüseyn bizə qonaq gələcək.

– Ay qağa, kim dedi?

– Yuxuda görmüşəm. Sən durma, get heyvan gətir. Gerçək olar, qonağımıza kəsərik, qonaq gəlməsə, özümüzə kəsərik.

Məhəmməd atı mindi, heyvan gətirməyə getdi.

Aşıq Ələsgər qapı-bacada hərlənib, qonağın yolunu gözləməyə başladı. Bir də gördü ki, Zod yolu ilə bir atlı gəlir. Atlı gəlib kəndə yaxınlaşanda yolun qırağında yer sulayan Məşədi Paşanın yanında dayandı. Nə danışdılarsa, Məşədi Paşa əlini kəndə tərəf uzatdı. Sonra atlı yenə yoluna davam elədi. Aşıq Ələsgərin ürəyinə damdı ki, Aşıq Hüseyn ola­caq. Damın üstündən aşağı düşdü, qonağı qarşılamaq üçün yola tərəf getdi. Qarama deyi­lən suyun yanında bir-birinə çatdılar.

Aşıq Ələsgər gördü ki, boz atlı, qara yapıncılı, sarıyağız, qırmızı saqqal, üzündə tək-tək çopuru olan bu nurani kişi həmin yuxuda gördüyü adamdır. Aşıq Hüseyn dilləndi:

– Salaməleyküm, ay Aşıq Ələsgər!

– Ələyküməsalam, ay Aşıq Hüseyn!

– Əyə, xalası göyçək, sən nə bildin ki, mən Aşıq Hüseynəm?

– Bacısı göyçək, bəs, sən mənim Aşıq Ələsgər olduğumu nədən bildin?

– Mən iki gündür, soraqlaşa-soraqlaşa gəlirəm. İndi də o yer sulayan qonşundan soruşdum, dedi ki, o ev Aşıq Ələsgərin evidir, damın üstündəki də Aşıq Ələsgərdir.

– Sənin də gələcəyini mənə demişdilər.

Aşıq Hüseyn təəccübləndi; Aşıq Ələsgərlə görüşəcəyi barədə Zodda bir söz deməmişdi. Ağbulaqda Ağkilsənin arası da birgünlük yoldur. Bəs, bu xəbəri Aşıq Ələsgərə kim gətirmiş olar?!

Aşıq Hüseyn atdan düşdü, görüşdülər, öpüşdülər...

Aşıq Ələsgərlə Aşıq Hüseyn danışa-danışa evə tərəf gəlməyə başladılar. Bunlar qa­pıya çatanda, Məhəmməd də çatdı. Məhəmməd əlini Aşıq Hüseynə uzatdı:

– Hüseyn əmi, xoş gəlibsən!

– Xoşbəxt olasan! A bala, sən mənim “Hüseyn əmi” olduğumu haradan bildin?

– Vallah, Hüseyn əmi, qağam dedi ki, Şəmkirli Aşıq Hüseyni yuxuda görmüşəm; bizə qonaq gələcək. Bu heyvanı da ona görə gətirtdirdi.

Aşıq Hüseyn şübhədən çıxdı, daha heç bir söz demədi. Məhəmməd heyvanı kəsdi, soymağa başladı. Aşıq Ələsgərlə Aşıq Hüseyn evə keçdilər. Çay-çörək hazırlandı. Yedi­lər, içdilər. Axşam oldu. Camaat Aşıq Hüseynin gəldiyini eşitdi. Aşıq Ələsgərin evində məclis quruldu.

Bir qədər keçəndən sonra Aşıq Hüseyn dedi:

– Aşıq Ələsgər, sazını götür, bir-iki qatar oxu.

– Ay Hüseyn əmi, camaat mənim oxumağımı çox görüb. Bu gün sənin səsini eşitmək üçün buraya yığılıbar. Yaxşı olar ki, özün bir-iki kəlmə deyəsən.

– Aşıq Ələsgər, camaat mənim səsimi eşitmək istəyirsə, mən də sənin səsini eşitmək istəyirəm. Gəl ikimiz də oxuyaq. Məclisdəkilər bu təklifə çox razı qaldılar. Aşıqlar saz­la­rını götürdülər, çalıb-oxumağa başladılar. Ustad aşıqların sözlərindən bir qədər oxu­duqdan sonra Aşıq Hüseyn dedi:

– Aşıq Ələsgər, sənin yaxşı-yaxşı sözlərin gəlib qulağıma çatıb.

Bir az da özündən oxu.

– A Hüseyn əmi, siz kimi ustadın yanında üzə çıxası elə sözüm yoxdu. Sən öz söz­lə­rin­dən oxusan, bizim üçün çox xoş olar.

– Eləsə ikimiz də özümüzdən oxuyaq.

Aşıq Ələsgər başa düşmüşdü ki, Aşıq Hüseyn bunun şələsini yoxlamağa gəlib. Yoxlamamış əl çəkməyəcək. Odur ki, dedi:

– Hüseyn əmi, məsləhət sizindir.

Aşıq Hüseyn aldı, görək nə dedi, məclisdəkilər nə eşitdi:

 

Analar oğlan dolanda

Qoy doğsun oğlanı mərd;

Atası kamil olan

Tez tapar dövranı mərd;

Axşamadək ac da qalsa,

Bir tikə yalqız yeməz;

Gedəni yoldan qaytarar,

Xub saxlar mehmanı mərd.

 

Aşıq Hüseyn sözü dilcavabı deyəndən sonra Aşıq Ələsgər dedi:

– Hüseyn əmi, mənim də bu qafiyədə “Mərd” sözüm var. İcazə versən, mən də onu oxuyaram.

– Çox şad olaram, buyur.

Aldı Aşıq Ələsgər:

 

Altı gündə xəlq eylədi

Aləmi sübhanı mərd.

Aya, Günə qərar qoyub,

Dolanır dünyanı mərd.

Məhəmməd şəninə endi

Doxsan min kəlmə tamam;

Osman yazdı, cəm eylədi

Otuz cüz Quranı mərd.

 

Aldı Aşıq Hüseyn:

Bir mərd ilə ülfət qılan

Axır bir gün mərd olu.

Namərd ilə ülfət qılan

Çöl-biyaban gərd olu.

Namərd bir mehman görəndə

İki gözü dörd olu,

Mərd çəkər alar əlindən,

Gen açar süfranı mərd.

 

Aldı Aşıq Ələsgər:

İbrahimi-Xəlilullah

Əhd-peyman eylədi.

Çıxartdı Mina dağına,

Oğlun qurban eylədi.

Həcər yandı, nalə çəkdi,

Ahü fəğan eylədi,

Barilahim kərəm qıldı,

Göndərdi qurbanı mərd.

Aldı Aşıq Hüseyn:

Aşıq Hüseyn deyər,

Namərd binişan olu;

Bir məclisdə namərd olsa,

Məclis pərişan olu.

Mərd bir məclisə varanda,

Məclis ürövşan olu.

Hər yerdə bir xanə yapar,

Gəşt eylər cahanı mərd.

 

Aldı Aşıq Ələsgər:

Ələsgər adın qurbanı,

Ya Məhəmməd Mustafa!

Şəninə ayə xətm oldu,

“Həl-əta”san, “qul kəfa”.

Dinini aşkar eylədi,

Münkirə verdi cəfa;

Qılıncı mərd, qüvvəti mərd,

Atı mərd, meydanı mərd.

 

Sözlər tamam olanda Aşıq Hüseyn dilləndi:

– Sağ ol, Aşıq Ələsgər! Sözün çox xoşuma gəldi. Qiymətli sözdür.

– Hüsyen əmi, sənin sözünün isə heç əvəzi yoxdur. Mənim sözüm hara, sənin sözün hara?! Mənim sözüm mollalardan eşitdiyim hədisdir, amma səninki ustadnamədir, nəsihətdir.

Aşıq Hüseyn başqa bir söz başladı. Aşıq Ələsgər də həmin qafiyədə ona münasib söz oxudu. Sonra üçüncüsünü, dördüncüsünü... hər iki aşıq bir-birin sözlərini təriflə­yə-tərif­ləyə 7-8 qatar özlərindən söz oxudular. Hər dəfə Aşıq Hüseyn sözün birinci bəndini de­yəndən sonar Aşıq Ələsgərdən soruşurdu ki, bu qafiyədə də sözün varmı? Aşıq Ələsgər de­yirdi ki, var. Aşıq Hüseyn yəqin elədi ki, Aşıq Ələsgər sözlərin çoxusunu buradaca bə­da­hətən dedi.

Camaat çox diqqətlə qulaq asırdı. Axşama qədər ot biçən adamların yorğunluğundan əsər-əlamət qalmamışdı. Aşıq Hüseyn üzünü Aşıq Ələsgərə tutub dedi:

– Aşıq Ələsgər, sənin dodaqdəyməz sözlərini də eşitmişəm. İndiyə qədər heç bir aşıqda belə sözlər yoxdur. Söz deyəndə dodaqların bir-birinə dəyməməsi çox çətin işdir. Mən də belə bir söz düzəltmişəm.

Gör xoşuna gəlirmi?

– Hüseyn əmi, bizim üçün çox xoşdur, buyur.

Aşıq Hüseyn indiyə qədər heç kəsin yanında oxumadığı “Ay eylər qıj-qıj” dodaqdəy­məz təcnisini oxumağa başladı, görək necə başladı.

Deyək, şad olun:

 

Qış çilləsi, Xıdır İlyas gələndə

Hərlənər gərdişi, ay eylər qıj-qıj.

Qış ayından yaz ayına keçəndə

Ərşdən neysan yağar, ay eylər qıj-qıj.

 

Aşıq Hüseyn sözü dilcavabı deyəndən sonra Aşıq Ələsgərdən soruşdu:

– Aşıq Ələsgər, buna oxşar sözün yoxdur ki?

– Hüsyn əmi, bu sözünü də aşıqlardan eşitmişdim. Çox xoşuma gəldi. İstəmədim ki, tək oxuna; bunu da cütləmişəm. İcazə versən oxuyaram.

Aşıq Hüseyn az qaldı ki, Aşıq Ələsgərin yalanının üstünü aça. Deyə ki, bu söz hələ heç kəsə məlum deyil. Birtəhər özünü saxladı. Ürəyində gülümsünüb dedi:

– Əgər cütləmisənsə, oxumağın çox yaxşı olar.

Aşıq Ələsgər sazı sinəsinə basıb başladı, görək necə başladı:

 

Qeyz eyləyər, çən çəkilər dağlara,

Qəhrindən yelləri ay eylər qıj-qıj.

Qarşı gəlsə həsrət çəkən yar yara,

Ağlı çaşar, səri ay eylər qıj-qıj.

 

Aldı Aşıq Hüseyn:

Acıqlandın əğyara: “nəsən ki!”

Eşqin artdı, hey yanınan, nə səngi.

Ağılkarlar qayıranda nə səngi

Ayaqda şəcəri ay eylər qıj-qıj.

 

Aldı Aşıq Ələsgər:

Şin şəhər axtarar, şəcarə dəyər.

Şeytan şər eyləyər, şəc ara dəyər,

Daşar çaylar, qalxar şəcarə dəyər,

Hərlənər daşları, ay eylər qıj-qıj.

 

Aldı Aşıq Hüseyn:

Ağılkarlar hey çəkərlər xəyatı,

“Hey” “yeyinən” al dərsini xəyatı.

Sədairlr qayırarlar xəyatı,

Çarx hərlənər, səsi ay eylər qıj-qıj.

 

Aldı Aşıq Ələsgər:

Aşıq çaşsa, dildə qara qar qalar,

Dağlar sinəsində qara qar qalar.

Gəştə çıxsa ərşə qara qarğalar,

Çalar qanadların, ay eylər qıj-qıj.

 

Aldı Aşıq Hüseyn:

Yeri sən canana qarşı, gələndə,

Saxla sədaqəti qarşı gələndə.

Aşıq Hüseynin yarı qarşı gələndə,

Ağılı sərindən ay eylər qıj-qıj.

 

Aldı Aşıq Ələsgər:

Yazıq Ələsgər, əlin yetsə nə nara,

Nə həsrət çək, nə ah eylə, nə nara.

Nə insandı səngi salır nə nara,

Qaynadar dərya tək ay eylər qıj-qıj.

 

Gecə yarıdan keçmişdi. Camaat söhbətdən ayrılmaq istəmirdi. Aşıq Hüseyn Aşıq Ələsgərə dedi:

– Aşıq Ələsgər, bir dodaqdəyməzim də var. Onu da eşitmək istəyirsənmi?

– Hüseyn əmi, sənin sözlərin bir-birindən gözəldir. Görürsən də!

Camaat sabah işə gedəcəyini də yaddan çıxardıb. Hamı səni eşitmək istəyir.

Aldı Aşıq Hüseyn, görək bu dəfə nə dedi, məclisdəkilər nə eşitdi. Deyək şad olun:

 

Sən şəyirdsən, hey deyirlər:

Dərs al ərkandan, gədə!

Həqiqətdən dişarısan,

Keçirsən yandan, gədə!

Aşıq isən, saz çalırsan,

Şər ilə işin nədir?!

Dəryalardan xərac alsan,

Həya qıl kandan, gədə!

 

Aşıq Hüseyn bu bəndi deyəndən sonra üzünü yenə Aşıq Ələsgərə tutdu:

– Aşıq Ələsgər buna oxşar sözün varmı?

– Hüseyn əmi, var.

– Onda de gəlsin!

 

Aldı Aşıq Ələsgər:

Gizli sirrin nahaq yerə

Gizlətdin xandan, gədə!

Ah çəkər, nalə eylərsən,

Can gedər candan, gədə!

Etiqadla, sidq dillə

Çağır şahlar şahını,

Nahaq işdi, dilək dilər

İnsan insandan, gədə!

 

Aldı Aşıq Hüseyn:

Səyyad isən, seyrə çıxsan,

Gəşt elə dağlara sən.

Eşq əhlisən, axtargınan

Yetişəsən yara sən.

Eşq ataşı canda getsin

Getsən hər diyara sən,

Arı təki hey sızılda,

Şirə çək şandan, gədə!

 

Aldı Aşıq Ələsgər:

Al çətirin, çıx səhraya,

Sal sərinə sayə, gəz;

Qədər sənlə gəzəcəkdir,

İstər gir dəryaya gəz.

Sakin əyləş sin içində,

Həqiqətdən ayə gəz;

Ağ eylə sinən aynasın

Şəri-şeytandan, gədə!

 

Aldı Aşıq Hüseyn:

Hüseyndən kənar hərlən,

Səni salar əngələ.

Yenə dağlar nalə çəkir,

Çiskin gələ, çən gələ.

Əzrayıl nər kişidi,

Sinən çəkər çəngələ;

Keçərsən xirdar əlinə,

Addadar sandan, gədə!

 

Aldı Aşıq Ələsgər:

Ələsgərlə danışanda,

Al əlinə saz, danış;

İnci, səni istəyənlə,

Eylə ərki-naz, danış.

Əyləşəndə ağır əyləş.

Danışanda, az danış;

Eşidənlər “əhsən!” desin

Sana hər yandan, gədə!

 

Sözlər tamama yetişəndən sonra Aşıq Hüseyn üzünü camaata tutub dedi:

– Camaat, icazə versəniz, söhbətimizi qurtararıq. Siz də işdən gəlibsiniz, sabah da işə gedə­cəksiniz.

Ağsaqqallardan biri dilləndi:

– Bəs, Aşıq Hüseynlə Aşıq Ələsgərin söhbətindən doymaq olar?!

Aşıq Hüseyn gördü ki, camaat yerindən tərpənmək istəmir, dedi:

– Yaxşı, oxu deyirsiniz, oxuyaq.

Aşıqlar bu dəfə başqa ustadların sözlərindən oxumağa başladılar.

Bir neçə qatar oxumuşdular, xoruz banladı.

Aşıq Hüsyen gülümsünüb dedi:

– Yenə oxuyaqmı?

Bayaqkı kişi gülə-gülə cavab verdi:

– Çox sağ olun! Xoruzun əmrindən çıxmaq olmaz.

Camaat istədi ki, aşıqlara dövranpulu yığsın, Aşıq Hüseyn razılaşmayıb dedi:

– Mən buraya qazanca gəlməmişəm; Aşıq Ələsgərlə görüşməyə gəlmişəm. Məqsədim ancaq bu idi. Çox sağ olun!

Camaat şad-xürrəm dağılıb evlərinə getdi.

Aşıq Ələsgər Aşıq Hüseyni bir neçə gün də qonaq saxladı, yaxşı hörmət elədi. Aşıq Hüseyn yola düşəndə qucaqlaşıb öpüşdülər...

Aşıq Hüseyn gəlib Ağbulaq kəndinə çatanda gördü ki, camaat onu gözləyir. Molla Əli soruşdu:

– Aşıq Ələsgəri görə bildinmi, necə aşıqdı?

Aşıq Hüseyn Ağkilsədə olanların hamısnı bunlara danışandan sonra dedi:

– Aşıq Ələsgər kimi aşıq hələ     dünyaya gəlməyib, indən belə də gəlməyinə inan­mı­ram; o, Haqq aşığıdır...

Aşıq Hüseynin belə deməyi onun hörmətini daha da artırdı. O gecə onu Ağbulaqda saxladılar, məclis qurdular, çox razı yola saldılar.

Bu əhvalatdan sonra harada söz düşdüsə, Aşıq Hüseyn Aşıq Ələsgəri, Aşıq Ələsgər də Aşıq Hüseyni təriflədi.