Aşıq Ələsgər Yanşaqda
Mənim əzizlərim, sizə hardan xəbər verim, kimdən deyim? Göyçə mahalının Ağkilsə kəndindən Aşıq Ələsgərdən.
Aşıq Ələsgər el arasında yaxşı bir aşıq kimi tanınandan sonar çoxları toy eləyəndə Aşıq Ələsgəri aparırdı. Ələsgərin aşıqlığı ilə bərabər, onun xasiyyəti, mərifət və qanacağı hamıya xoş gəlirdi. Onda bir xüsusiyyət də var idi ki, deməzdi bu ağadı, bu bəydi, bu rəncbərdi, bu varlıdı, bu kasıbdı... Kim onu toya, ayrı xeyir işə çağırırdısa , “yox” deməzdi. Odur ki, hamı onun xətrini çox istəyirdi.
Onu da deyim ki, Aşıq Ələsgər qırx yaşına çatmışdı, amma hələ evlənməmişdi. Səhnəbanıdan əli üzüləndən sonra, elə bil, baxtından küsmüşdü. Atası, anası, o biri qohumları nə qədər öyüd-nəsihət eləyirdilərsə də, beyninə batmırdı.
Bir gün Aşıq Ələsgər səfərdən qayıdanda, yenə qohum-qardaş başına yığıldı. O, səfərdə gördüklərindən danışdı. Sonra sazını götürdü qızlara, gəlinlərə dediyi tərifləmələrdən oxudu, hamıya ləzzət verdi.
Gecənin bir vaxtına qədər çaldılar, oxudular. Qonu-qonşu dağılıb evlərinə gedəndən sonra Alməmməd üzünü Ələsgərə tutub dedi:
– Oğul, sənin evlənmək vaxtın keçir. Aranı, dağı gəzirsən, nə qədər gözəl qız görürsən, çoxuna da tərifləmə deyirsən; gəl daşı ətəyindən tök, bu bəyəndiyin qızlardan birini al!
Ələsgərin anası Pərizad da Alməmmədin sözünə qüvvət verdi:
– Oğul, o biri qardaşların da böyüyüb. Sən evlənməsən, səndən keçib onlar da evlənməyəcək.
Alməmməd bir də dilləndi:
– Oğul, Allaha şükür, indi səni hamı tanıyır. Kimə ağız açsaq, kimin qızını istəsək, bizə “yox” deməz. Nə qədər adlı-sanlı adam varsa, o da bizlə qohum olmağı canına say bilər.
Ələsgər yenə ata-anasını cavabsız qoydu. Bircə bunu dedi ki, hələ evlənməyin vaxtı deyil.
Bir müddət də keçdi. Bir gün Kəlbəcərin Yanşaq kəndindən Söyün bəy adam göndərirdi ki, Aşıq Ələsgər, xeyir isimiz var; xahiş eləyirik, sazını da götürüb gələsən!
Aşıq Ələsgər elə o günün səhəri tezdən həmin adamla bərabər Yanşağa yola düşdü.
Söyün bəy Göyçənin Zod kəndindən olan Səməd ağanın bacısı Xırda xanımın əri idi. O, Göyçəyə gələndə həmişə Səməd ağanın qonağı olardı. Səməd ağa da Aşıq Ələsgəri çağırtdırar, yaxşı bir məclis düzəldərdi. Söyün bəy Aşıq Ələsgəri çox xoşlayırdı.
Aşıq Ələsgərgil Yanşağa çatanda gördülər ki, Söyün bəy onların yolunu gözləyir. Xoş, beş, on beş... Görüşdülər, öpüşdülər...
Toy Söyün bəygilin qohumlarının idi. Toya hələ iki gün var idi.
Söyün bəy heyvan kəsdirdi, yaxşı çay-çörək hazır elədilər, dost-qohumları, qonu- qonşuları Aşıq Ələsgər sazını götürdü, onlara yaxşı söhbət elədi, hamı razı qaldı.
Axşamdan bir az keçmiş qonu-qonşu hərə öz evinə getdi. Aşıq Ələsgərlə Söyün bəy söhbət eləyirdilər. Bir də gördülər ki, siçanlar evin künclərində o tərəf-bu tərəfə qaçışır. Söhbət dəyişildi siçanın üstünə. Xırda xanım da söhbətə qarışdı. Siçanların palazı, xalı- gəbəni, yorğan-döşəyi doğramasından; yağ dərilərini, motalı murdarlamasından, sandığın içində olan puxça paltarlannı külə döndərməsindən, kəndiləri deşib, taxılı daşımasından yanıqlı-yanıqlı şikayətləndi.
Doğrudan da, o ili bir Yanşaqda yox, elə hər yerdə siçan o qədər artmışdı ki, öhtəsindən gəlmək mümkün deyildi. Göyçədə də vəziyyət belə idi. Qoyunun ağzını açırdılar ki, siçan taxılı yarıdan keçirib.
Birdən Aşıq Ələsgər gözünü gəzdirəndə gördü ki, pişik bir qədər aralıda oturub bunlara tamaşa eləyir. Dedi:
– Sizin bu pişiyiniz, bəs, nə iş görür ki, siçan bu qədər artıb?!
Söyün bəy dedi:
– Pişik gündə bir-ikisini öldürməklə başamı gələr? Çöllərdə də qarışqa kimidi. Bu il taxılın yarısı da ələ gəlmədi.
Gecədən xeyli keçmiş o biri evdə yer düzəltdilər ki, Aşıq Ələsgər yatsın. O, bir çimir almışdı-almamışdı baxdı ki, şıqqıltı gəlir. Fikir verəndə gördü ki, pişikdi. Burdan vurur, ordan çıxır, ordan vurur, burdan çıxır, o evə gedir, bu evə qayıdır... Xülasə, pişiyin şıqqıltısı-tıqqıltısı Aşıq Ələsgəri yatmağa qoymadı
Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açılanda Aşıq Ələsgər gördü ki, pişik gecə 18 siçan öldürüb, gətirib onun yatağının ayaq tərəfində cərgə ilə düzüb.
Aşıq Ələsgər bunu Söyün bəyə dedi. Söyün bəylə Xırda xanım gəlib baxdılar, məəttəl qaldılar. Xəbər qonşulara çatdı. Hamı gəlib baxdı, pişiyin bu hərəkətinə təəccüb elədilər. Onlar pişiyin bu qədər siçan öldürdüyünə təəccüb eləmirdilər; ona təəccüb eləyirdilər ki, niyə cərgə ilə düzüb? Bir də, niyə Aşıq Ələsgərin yerinin ayaq tərəfinə düzüb?
Söyün bəy dedi:
– Aşıq Ələsgər, indiyə qədər pişik niyə belə hünər göstərmirdi?!
Öldürdüyü siçanları sənin yerinin ayaq tərəfinə düzməkdə onun məqsədi var.
Hamı gülüşdü.
Aşıq Ələsgər gördü ki, doğrudan da, pişiyə tərif yaraşır. Sazı götürdü, simlərin düzəltdi, tərifə başladı, görək necə başladı; bu gecəki əhvalatı görək, necə nəzmə çəkdi. Biz də saz ilə deyək, şad olun.
Dad! Siçanın əlindən
Yetişmişik cana, pişik!
Dünyanı bizdən ötəri
Döndərib zindana, pişik!
Dağıdıb kəndiləri,
Dadanıb yaxdana, pişik!
Doğrayıb zər libası,
Eləyib əfsana, pişik!
Alagöz gəlinləri
Qoyub yana-yana, pişik!
Birisi boz dikqulaq,
Birisi qonur, balaca;
Dərmə-qayıq farmaşın
Hər yanından açıb baca;
Bezinən irəftardı,
Qumaşınan düşüb ləcə;
Harda görsə, zər, ziba,
İstifa, tirmə, alaca,
Biləsən nə hal kəsir
Döşəyə, yorğana, pişik!
Nə qədər əlləşirəm,
Bu məluna yoxdu çara.
Gündüzlər pünhan olur,
Gecələr çıxır aşkara.
Çırağı yandıranda,
Qaçır, soxulur divara.
Dağıdıb quyuları,
İndi daraşıb anbara.
Müxtəsər, ruzumuzu
Döndəribdi qana, pişik!
O gödək, zalimü fasiq
Belə bir azar elədi.
Aləmə gen dünyanı
Bizdən ötrü dar elədi.
Hamı dərddən ziyada
Bu dərd mana kar elədi.
Dəldi yağ dərilərin,
Xumları murdar elədi;
Axşamadək evlərdə
Qurular zasdana, pişik!
Bu sözləri eşidəndə,
Pişik bir tufan elədi.
Şeşəltdi bığlarını,
Gözləri rövşan elədi.
Ay qaranlıq gecədə
Yüz dəfə cövlan elədi.
Qisasa qisas aldı,
Bir qana yüz qan elədi.
Gördüm on səkkizini
Düzübdü yan-yana pişik.
Aşıq Ələsgər gördü ki, adamlardan bir az aralıda, divarın üstündə pişik rahatca əyləşib, saza qulaq asır. Aldı, görək bu dəfə nə dedi:
Yatmadım sübhə kimi,
Mən baxdım qilü-qalına.
Öyrənib xəsyətini,
Bələd olmuşam halına.
Ədəbinən əyləşibsən,
Səd afərin kamalına!
Aləmin padişahı
Dəstini çəkib dalına.
Qaynağın poladlanıb,
Dönübsən aslana, pişik!
Mən səni iyid bildim,
Verdim aran-dağı sana.
Alaçığı, ağ çadırı,
Eyvanı, otağı sana.
Müxtəsəri, vəssalam,
Budu sözün sağı sana:
Gözəllər əsirgəməsin
Pendiri, qaymağı sana.
Yeyəsən nəmilərdə,
Dönəsən sultana, pişik!
Söhbətə qulaq asanlardan biri dilləndi:
– Xırda xanım, Aşıq Ələsgər pişiyinizi belə ki, təriflədi, xələti nə olacaq?
– Evdə bir çıxarlıq göy mahud var. Onu xələt verirəm.
Aşıq Ələsgər dedi:
– O çıxarlıq mənim dediyim tərifin xələtidi. Ən böyük mükafatlar hünər göstərənindi. Söyün bəy dedi:
– Hünər göstərəni nə ilə mükafatlandırmaq olar?
– Onda qulaq as!
Aldı, görək Aşıq Ələsgər nə dedi, ordakılar nə eşitdi:
Xanım xələt bağışladı,
Ələsgər yazdı dəftərə.
Göndərərəm tüllablara,
Məlum olsun hər şəhərə.
İyiddi, ölməyincə
Arxasını qoymaz yerə.
Pristav qubernata,
Qubernat yazsın sərdərə;
İnşallah, nişan verər
Sana divanxana, pişik!
Mənim əzizlərim, pişiyin tərifini eşidəndə, hamı Aşıq Ələsgərə dönə-dönə “sağ ol!”
dedi. Aşıq Ələsgər sazı köynəyinə qoyanda, qonu-qonşu da öz evlərinə getdi.
O günü axşam elədilər. Sabah hamınızın üzünə xeyirliklə açılsın! Sabahısı günü toy başladı.
Camaat bu iki gündə pişikdən, Aşıq Ələsgərin onu tərifləməsindən danışırdı. Axşam məclis qurulanda Aşıqdan xahiş elədilər ki, pişiyə dediyi tərifi oxusun. O, camaatın xahişini yerə salmadı.
Yanşaqda nə qədər adam varıydısa bu məclisə cəm olmuşdu. Kişilər bir tərəfdə, arvadlar da bir tərəfdə əyləşmişdilər.
Ağsaqqalların məsləhəti ilə Aşıq Ələsgər Abbas Tufarqanlının dastanını başladı. Camaat elə diqqətlə qulaq asırdı ki, gecənin necə keçdiyindən xəbərləri olmadı. Bir də baxdılar ki, xoruz banladı. Aşıq Ələsgər söhbəti burda saxladı, qalanını sabah gecə danışacağını bildirdi.
Onu da deyim ki, Aşıq Ələsgər məclisə göz gəzdirəndə gördü ki, arvadların arasında, dirəyin yanında bir gözəl əyləşibdi, gəl görəsən.
Elə gözəl var ki, baxırsan camaldan yaxşıdı, amma duruşu, tərpənişi, baxışı bildirir ki, diyişdi. Aşıq Ələsgər gördü ki, bu gözəl o gözəllərə bənzəmir. Görkəmindən bilinir ki, qanacağı, mərifəti yerindədi.
Aşıq Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir tərif desin. Amma dastanın arasına belə söz salmaq istəmədi. Həm də Söyün bəydən onun kim olduğunu öyrənmək üçün tərifi o biri axşama saxladı.
Məclis dağılandan sonra Söyün bəy yenə Aşıq Ələsgəri evlərinə apardı. Aşıq Ələsgər gecə rahat oldu. Sabah hamınızın üzünə xeyirliklə açılsın! Sabah çay-çörəkdən sonra Aşıq Ələsgər Söyün bəyə dedi:
– Söyün bəy, maşallah, Yanşağın da qız-gəlinləri çox gözəldilər.
– Aşıq Ələsgər, bunlar ki, gözəldilər, bəs niyə birini tərifləmədin?
Yoxsa tərifə layıq olanı yoxdu?
– Niyə yoxdu, var. Çoxusu tərifə layıqdı. Axşamkı məclisdə dirəyin yanında əyləşən gözələ də ki heç söz ola bilməz. Duruşu, tərpənişi də xoşuma gəldi. Saza-söhbətə qulaq asmağından da gördüm ki, həm də əhli-haldı.
Aşıq Ələsgərlə Söyün bəyin danışığına qulaq verən Xırda xanım söhbətə qarışdı; üzünü Söyün bəyə tutub dedi:
– Anaxanımı deyir.
Söyün bəy də Xırda xanımın sözünü təsdiqlədi, sonra dedi:
– Anaxanım bu tərəflərdə bir gözəldi. Hayıf ki, yazığın baxtı gətirmədi.
– Nə olub?
– Bədbaxtı bir gözəl, qoçaq oğlana vermişdilər. Bir il çəkmədi, oğlan Allah rəhmətinə getdi. Ondan bəri də 3-4 ildi ki, neçə yerdən istəyirlər, baxtından küsüb, ərə getmək istəmir. Qardaşları, ata-anası nə qədər öyüd-nəsihət eliyirlərsə də, qız elə dediyini deyir.
Söyün bəy belə deyəndə, Aşıq Ələsgərin öz baxtından küsdüyü yadına düşdü. Ata- anasının öyüd-nəsihətləri, yalvarışları gəldi durdu gözünün qabağında. Bircə bunu dedi:
– Söyün bəy, Anaxanımı qınama.
Bu söhbətdən sonra Anaxanım Aşıq Ələsgərin gözündə ucaldı, daha da gözəlləşdi...
Dastanın sonrasını eşitmək üçün camaat axşam olmağı gözlədi. Elə ki, şər qarışdı, camaat mal-heyvanını rahat elədi, yenə toy evinə toplaşdılar.
Aşıq Ələsgər gördü ki, Anaxanım yenə dünənki yerində əyləşib, Ay kimi işıq salır. Aşıq Ələsgər dastandan qabaq bir-iki qatar oxudu, sonra gözucu Anaxanıma bir də baxdı, aldı, görək nə dedi, camaat nə eşitdi:
Bir sözüm var sana pünhan deməli,
Qail olsan, deyim, gül, sana qurban!
Nə müddətdi həsrətini çəkirəm,
Söyləyim, dərdimi bil, sana qurban!
Cünun olduğumu hər mahal bildi,
Dərd məni söylətdi, düşmanlar güldü.
Bivəfa qızlardan əlim üzüldü,
Eylərəm canımı, dul, sana qurban!
Bu bəndi deyəndə Söyün bəy də, Xırda xanım da başa düşdülər ki, Aşıq Ələsgər bu sözü Anaxanıma deyir. Anaxanım özü də bir şey hiss eləyən kimi oldu.
Aşıq Ələsgər aldı sözün tapşırmasını:
Ələsgəri gözdən qoyma irağa,
Konul tab gətirməz dərdi-fərağa.
Leyli kimi vədə versən bulağa,
Məcnun tək gözlərəm il, sana qurban!
Anaxanım yəqin elədi ki, Aşıq sözü buna deyir, həm də vəfalı olacağını bildirir.
Harda danışdısa, Ələsgər dastanı ordan başladı danışmağa. Camaat bir də gördü ki, yenə nağılın şirin yerində xoruz banladı. Aşıq Ələsgər söhbəti dayandırdı, sabah gecə nağılı qurtaracağına söz verdi.
Məclis dağıldı, hərə öz evinə getdi.
Aşıq Ələsgərlə Söyün bəy evə gələndə Söyün bəy məsələni açdı:
– Aşıq Ələsgər, sən o sözü Anaxanıma dedin. O özü də bunu başa düşdü. Sən nə vaxta kimi subay qalacaqsan?! Fikrindən keçirsə, Anaxanım sana “yox” deməz. Qardaşları da canla-başla bu qohumluğa razı olarlar.
Aşıq Ələsgər dedi:
– Görək.
Aşıq Ələsgərlə Söyün bəyin bu gecəki söhbəti bu “görək”lə qurtardı.
Belə xəbər tez yayılan olur. Xırda xanım bu məsələni Anaxanıma çatdırdı. O, nə “hə”, nə “yox” bir söz demədi. Bircə onu dedi ki, qardaşlarım bilər. Bu söz elə onun “hə” deməyi idi.
Axşam camaat yenə toy evinə yığışdı. Aşıq Ələsgər dastanı səhərə qədər söyləyib qurtardı, camaat çox razı qaldı.
Sabah hamınızın üzünə xeyirliklə açılsın! Sabah tezdən Söyün bəy Aşıq Ələsgəri çox hörmətlə yola saldı; camaat nə qədər dövran pulu yığmışdısa, onu bilmirəm, Söyün bəyin nökərinin qabağına beş erkək qatdı ki, bunu Göyçəyə – Aşıq Ələsgərgilə apar.
Aşıq Ələsgər Söyün bəyə əl verib xudafisləşəndə Söyün bəy dedi:
– Aşıq Ələsgər, Anaxanım kimi adam tapmaq çətindi. Yolunu gözləyəcəm.
Aşıq Ələsgər Yanşaqdan şad-xürrəm Göyçəyə qayıtdı. Yenə qohum-qardaş axşam onun başına toplaşdı. Yedilər, içdilər...
Aşıq Ələsgər həmişə səfərdən gələndə soruşurdular ki, təzə söz deyibsənmi? Əgər demiş olsaydı, həmin sözləri onlara oxuyardı. Bu dəfə başına toplaşanlara pişiyin əhvalatını danışdı, onun tərifini oxudu, xeyli gülüşdülər. Sonra qardaşı Məşədi Salah soruşdu:
– Ay qağa, ayrı söz demiyibsən?
Aşıq Ələsgər bir az duruxdu, dilini sürüyə-sürüyə “yox” dedi. Başa düşdülər ki, ayrı söz də deyibdi. Əl çəkmədilər. Anaxanıma dediyi sözü də dedirtdilər.
Alməmməd gördü ki, işlər düzəlib. Axşam qonu-qonşu öz evinə gedəndən sonra Alməmməd dedi:
– Oğul, Allaha şükür, görürəm ki, tərif dediyin qızı bəyənibsən.
Günü sabahdan bu işin dalına düşmək lazımdı.
Pərizad da ərinin sözünə qüvvət verdi. Aşıq Ələsgər daha dillənib bir söz demədi. Evin külfətinin hamısı şad oldu.
Bir müddət keçəndən sonra Alməmməd bir neçə adamla Yanşağa getdi. Söyün bəyi də götürdü, özünü Anaxanımın atası Nəbi kişinin qapısına yetirdi.
Qonaqları çox yaxşı qarşıladılar, Anaxanımın “hə”sini verdilər.
Alməmməd kişi hazırlıq gördü, toy çaldırmasa da, “peyğəmbəri” qaydada yaxşı toy elədi, Anaxanımı Aşıq Ələsgərə gətirdi. Allah hamını öz arzusuna yetirsin!
Mənim əzizlərim, deyərlər ki, gəlinin günü qayınata evində nə qədər xoş keçsə də, yenə gözü bir müddət atası evində olar. Bir də deyirlər ki, “doğma yurd şirin olar”. Anaxanım Yanşağı, qohum-qardaşını, bir yerdə gün keçirdiyi qız-gəlinləri bir gün də yadından çıxara bilmirdi.
Anaxanım Ələsgərə gəldiyi iki il yarım, üç il olardı. Belə bir az müddətdə Anaxanımın qohum-qonşu ilə, bir yerdə gün keçirdiyi qızgəlinlərə görüşmək arzusunu bilən Aşıq Ələsgər onu bir neçə dəfə atası evinə aparmışdı, həftələrlə orada qalmışdılar.
Anaxanımın Yanşaqdakı qohumları, qardaşları – Rüstəm, Aslan, Kalvayı Zeynal onun xətrini çox istəyirdilər. Onlar da tez-tez Göyçəyə gəlib, bacılarına baş çəkirdilər.
Ağkilsə ilə Yanşağın arası bir günlük piyada yoludu. Hər saatlığına gedib- gəlmək də olmurdu. Qışda qar yolları bağlayanda dağlardan aşmaq hər oğulun işi deyildi...
Anaxanım Yanşağı yaddan çıxartmadığı kimi, onun qardaşları da Anaxanımı yaddan çıxarda bilmirdilər.
Bir gün Anaxanımın qardaşlannın fikrinə gəldi ki, Aşıq Ələsgər qış aylannın çoxunu aranda aşıqlıqda keçirir. Bizim də Göyçəyə gedibgəlməyimiz çətinə düşür, bacımız darıxır. Yaxşısı budur ki, Ələsgərlə Anaxanımı köçürüb Yanşağa gətirək. Alməmməd kişinin evi Ələsgərsiz də dolanar.
Qardaşları fikirlərini Anaxanıma bildirdilər, Anaxanım da Aşıq Ələsgərə dedi. Ələsgər razılaşmaq istəmədi. Amma Anaxanım ona tez-tez ağız açırdı, dilə tuturdu, razı salmağa çalışırdı. Bir gün belə, beş gün belə, axırda Ələsgər razılaşmalı oldu.
Anaxanımın Niyar adlı bir qızı da var idi. Bir gün Kalvayı Zeynal Ağkilsəyə gələndə, Ələsgərin razılığını bildi. Onlara kömək elədi, köçürdüb Yanşağa apardı.
Kalvayı Zeynal evlərinin bir gözünü Aşıq Ələsgərgilə verdi. Buranı səliqə- sahmana salıb, yaşamağa başladılar.
Aşıq Ələsgər əkin-biçin vaxtı əlini işdən üzmədi. O, qar işdə işləməsə, rahat ola bilmirdi. Yanşağa gələndən sonra da yer əkib-becərmək fikrinə düşdü. Anaxanımın qardaşları bunu biləndə, Ələsgəri qınadılar, Rüstəm dedi:
Allaha şükür, gül kimi sənətin var; əkin sənin nəyinə lazımdır?!
Taxıl əkməsən, dolana bilməyəcəksən?!
– Əkinsiz də yaxşı dolanaram; amma bir məsələ var ki, işləməsəm dura bilmirəm.
– Axı, taxıl əkininin vaxtı keçibdi, onda gərək darı əkəsən; darı əkininin vaxtına hələ var.
– Darı əkərəm.
– İndi boş yer hardadı ki, əkəsən?! Hamısını şumlayıb səpiblər.
– Özüm əkiləsi bir yer tapıb, orada qurdalanaram.
Rüstəm gördü ki, hardan deyir, Ələsgər ordan kəsir; daha söz güləşdirmək istəmədi. Bircə onu dedi ki, özün bilərsən.
Aşıq Ələsgər kəndin ətrafını dolandı, örüşü axtardı, axırda Yuxarı Yanşağın dəyirmanının qabağında əkiləsi bir yer seçdi. Başladı buranı ayaqla belləməyə. Axşamın, sabahın sərinində düz bir ay burada əlləşdi, yeri yaxşı şumladı. Sonra darını səpdi. Sığalladı. Ora sututası yer deyildi. Gördü ki, il quraq keçsə, darı yanacaq. Düşəri götürdü, başladı yuxarı tərəfdən, çaydan əkin yerinin üstünə arx çəkməyə. Darı göyərənə qədər on beş gün Fərhad kimi külüng vurdu, daşı, qayanı yardı, arxı da başa çatdırdı. Darı üzünü alandan sonra onu yaxşı suladı, arxayın oldu.
Toy eləmək isətəyənlər Aşıq Ələsgəri Göyçədə axtarıb, Yanşaqda tapırdılar. Yaylaq vaxtı idi. Qaraqabaq camaatının çoxu xeyir işlərini yaylaqda keçirirdilər. Aşıq Ələsgəri toya aparırdılar. Xeyir işlər bir-birinin dalınca olurdu. Aşıq Ələsgər vaxt tapıb, evinə baş çəkə bilmirdi. Yaylağa çıxanlarda belə bir qayda var: hər kimin ki xeyir işi olasıdı, növbəyə qoyurlar.
Hamı bilir ki, filan ayın filan günü filankəsin xeyir işi olacaq. Daha heç kəs növbəni qabaqlaya bilməz.
Xeyir işlər bir-iki gün ara verəndə Aşıq Ələsgər evlərinə gəlirdi. Hər dəfə gələndə darıya baxmağı yaddan çıxartmırdı. Birində gördü ki, darı su istəyir, suladı. Bir dəfə gələndə gördü ki, hava yağarlıq keçdiyinə su istəmir, həm də elə gəlişib ki, elə bil, Tanrı bunu qəsdən belə bitirib; heç kəsin zəmisi belə deyil.
Mənim əzizlərim, onu da deyim ki, Aşıq Ələsgər darı yerini şumlayanda yerin ortasında bir qozqara kötüyü var idi. Ağacı adamın dizi bərabəri yuxarıdan kəsmişdilər, o yenə şiv verib budaqlamışdı. Aşıq Ələsgər istədiyi müddətdə həmişə bu kötüyün kölgəsində çörək yeyib, qəlyan çəkib dincələrdi. Kötük həm də ona bir növ həyan olmuş, yoldaşlıq etmişdi.
Aşıq Ələsgər yenə gəlib kötüyün kölgəsində əyləşdi, bir qəlyan çəkdi, xeyli istirahət elədi. O, zəmidən ayrılmaq istəmirdi. Durub evə gələndə üzünü Qozqara kötüyünə tutub dedi:
– A kötük, darını sana tapşırıram, yaxşı gözlə!
Aşıq Ələsgər evə gələndə darının çox yaxşı gətirdiyini Anaxanıma da dedi və ona da tapşırdı ki, arada bir baxsın.
Aşıq Ələsgər yenə yaylaqlara qayıtdı. Toy sahibləri onu gözləyirdilər. Bir qədər keçəndən sonra Ələsgər Yanşağa gələndə Kalvayı Zeynalla birlikdə gedib darıya baxdı. Darı qarğı kimi durmuşdu. Kötüyün kölgəsində əyləşdilər, bir qədər söhbət elədilər. Kalvayı Zeynal dedi ki, darının vaxtına hələ on beş gün var.
Aşıq Ələsgər yenə yaylağa qayıtdı. On-on beş gün toy məclisləri keçirəndən sonra Yanşağa gələndə zəmiyə baxıb gördü ki, darı çarğat kimi qızarır. Yəqin elədi ki, yetişib. O, birdən-ikiyə darı əkib becərməmişdi ha, biləydi ki, yetişib, ya yetişməyib. Sən demə hələ yaxşı yetişməyibmiş.
Gecə qonu-qonşu Aşıq Ələsgərin başına toplaşdı. Aşıq Ələsgər yenə sazını götürdü, çaldı, oxudu, hamının qəlbini şad elədi. Sazı köynəyinə qoyanda cavanlardan xahiş elədi ki, darını biçmək üçün sabah köməyə gəlsinlər. Cavanların hamısı birağızdan dedilər ki, səhər tezdən bizi darı zəmisinin içində görərsən.
Hərə dağılıb öz evinə getdi.
Sabah hamınızın üzünə xeyirliklə açılsın! Sabah açılanda Aşıq Ələsgər Anaxanıma dedi:
– Xörək qayır, fəhlələrə aparım.
Anaxanım qazanı asdı, yaxşı bir plov bişirdi. Ələsgər xörəyi götürüb yola düşdü. Zəmiyə yaxınlaşanda gördü ki, cavanların hərəsi bir yumşaq daşın üstündə rahatca əyləşiblər. O elə başa düşdü ki, zəmini biçmək üçün haqq danışmadıqlarına görə cavanlar əllərini işə vurmaq istəmirlər. Aşıq Ələsgər gəlib çatdı.
– Salaməleyküm.
– Əleyküməsalam.
– Uşaqlar, niyə məəttəlsiniz?
Cavanların ağsaqqalı dilləndi:
– Ələsgər əmi, darı hələ göydü.
Aşıq Ələsgər darıdan bir sünbül qoparıb ovcunda ovxaladı, dəninə baxdı. Sonra yaxınlıqdan keçən bir kişiyə göstərdi. O kişi də dedi ki, göydü, beş-altı gün gözləmək lazımdı.
Aşıq Ələsgər süfrə açdı, cavanları məcburi süfrənin qırağında əyləşdirdi.
Onlar çəkinə-çəkinə plovu yedilər. Bayaqkı oğlan yenə dilləndi:
– Ələsgər əmi, nə zaman darını biçmək istəsən, biz hazır.
Cavanlar gedəndən sonra Aşıq Ələsgər darını yenə bir-iki adama göstərdi, hamısı dedi ki, göydü.
Aşıq Ələsgər qab-qazanı yığışdırıb, dəstərxanın arasına bağladı, götürüb evə qayıtdı.
Anaxanım soruşdu:
– Ələsgər, niyə tez qayıtdın?
– Biçəsi olmadıq.
– Niyə?
– Dedilər göydü.
– Kim dedi?
– Hər kimə göstərdimsə, dedi göydü. Beş-altı gündən sonra biçərik.
Aşıq Ələsgər yenə yaylağa qayıtdı.
Mənim əzizlərim, Aşıq Ələsgər yaylağa qayıtmaqda olsun, sizə Yanşaqdan deyim. Aşıq Ələsgər gedən günün səhəri Yanşağın yaylağından camaat mal- heyvanını da gətirib kəndə gəlməyə başladı.
Kənddə hamı arpa, buğda, darı zəmisini biçib, məhsulunu götürmüşdü.
Aşıq Ələsgər hamıdan gec əkdiyinə görə, bircə onun darı zəmisi bitili idi. Yaylaqdan gələn mal-heyvanın çoxu buraxma idi. Bir də baxırdın, qoyun-keçi özünü verdi darının içinə. Axşam kimin bir danası darıya gəlmirdisə, gedib darının içində axtarırdı. İnsafı olanlar darının içində heyvan görəndə qovurdu. Bununla başamı gələrdi?! Gərək bir adam əlində ağac, gecə-gündüz darının yanında dayanaydı. Saxsağan, qarğa, siçan da bir tərəfdən öz işini görürdü. Xülasə, üç-dörd günün içində darıda tutar qalmadı.
Aşıq Ələsgərin bu dəfə yaylaqdan qayıtması düz bir həftə çəkdi; yeddi ötüb, səkkiz deyən günü Yanşağa gəldi. Çay-çörəkdən sonra Anaxanıma dedi:
– Gedim darıya baxım, görüm yetişibmi?
Aşıq Ələsgər uzaqdan zəmiyə baxanda gördü ki, darı heç əvvəlkinə oxşamır. Elə hesab elədi ki, yetişib deyə belə görünür. Gəlib çatanda gördü ki, darı nə gəzir, yel vurub, yengələr oynayır. Kosa saqqalı kimi bir dəstə burda qalıb, bir dəstə orda. Onların da çoxusunun başı yoxdu; quş aparıb...
Aşıq Ələsgər ordan kor-peşman evə qayıtdı. Anaxanım soruşdu:
– Ələsgər, darı biçiləsidimi?
– Darının əsl biçiləsi vaxtıdı.
– Sabah fəhləniz olacaqmı?
– Fəhlə lazım deyil. Özüm tək bəsəm.
Anaxanım təəccübləndi:
– Onu tək biçib haqq eləyə bilərsənmi?!
– Əkəndə niyə tək əkə bilirdim?! Biçəndə tək biçə bilməyəcəm?!
Anaxanım gördü ki, yox, burda bir iş var. Ələsgər düzünü demir.
Bu dəfə yalvarıb soruşdu:
– Ələsgər, sən Allah, de görüm nə olub?
– Əgər mana kömək eləmək istəyirsənsə, sabah kilimdən-zaddan götür, gedək darının yanına, orda bilərsən nə olub.
Anaxanım əl çəkmədi, Ələsgər darının başına gələn əhvalatı ona danışdı. Anaxanım çox peşmanladı. Bir azdan sonra dilləndi:
– Onda daha orya nəyə gedirik ki?!
– Yox, Anaxanım, gedib ələ gələnini yığmasaq, başımıza qaxınc olar. Bu töhməti götürmək olmaz. Elə neçə ki dünya var, danışıb, üstümüzə gülərlər...
Anaxanım da hərdənbir gəlib zəmiyə baxırdı. Ağlına gəlməzdi ki, bu bir həftənin içində darı Ələsgər deyən kökə düşə. Səhər tezdən durdu, çörək-xörək hazır elədi, bir də bir kilim götürüb zəmiyə getdilər.
Anaxanım zəmini görəndə qurudu. Darı nə qədər yeyilmişdi, yeyilmişdi; qalanını da mal-heyvan çığnayıb yerə yapışdırmışdı. Biçiləsi deyildi, gərək yolunaydı.
Xülasə, darının biçiləsi yerlərini biçdilər, yolunası yerlərini də yolub, bir az dincələndən sonra kilimi sərdilər, darıdan dəstə-dəstə kilimin üstünə tökdülər. Ələsgər əlinə bir paya aldı, döyməyə başladı, döy ki, döyəsən. Anaxanım da döyməyə kömək elədi. Döyüb qurtarandan sonra sovurdular. Baxıb gördülər ki, az miqdarda məhsul oldu.
Aşıq Ələsgər qəlyanını doldurdu, gəlib Qozqara kötüyünün dibində əyləşib çəkməyə başladı. Bir qədər fikrə gedəndən sonar gördü ki, yox darının əhvalatı uzun haqq-hesab oldu. Ürəyinə bir neçə xana söz gəldi. Darı döydüyü payanı götürüb sinəsinə basdı, görək nə dedi, Anaxanım nə eşitdi. Biz də saz ilə deyək şad olun:
Arpadan, buğdadan çıxmışdı əlim,
Zəhmət çəkdim, dedim bir az darı olsun.
Yolmasın yolmaqdan qırıldı belim,
Bundan gələn xeyir zəhrimar olsun!
Aşıq Ələsgər bu bəndi deyəndə eşitdi ki, hardansa həzin səs gəlir. O tərəf-bu tərəfə diqqət eləyəndə gördü ki, Qozqara kötüyünün üstündəki şivlərdi. Yel əsdikcə onlar səslənirlər, özü də onlar elə-belə səslənmir, nə isə deyirlər. Aşıq Ələsgər fikir verəndə gördü ki, onun bu şikayətinə Qozqara kötüyü cavab verir. Görək necə cavab verir:
Aşıq, nə meydanı yalqız alıbsan,
Söz deyim, sözünə barabar olsun.
Nahaq qalı, ortalığa salıbsan,
Elə iş tut, ondan xeyir kar olsun!
Aldı Aşıq Ələsgər:
Belinən bu yeri əkdim bir ayda,
Sulamaqdan su da qalmadı çayda.
Biçdim, döydüm, darım oldu bir bayda,
Qoy söyləyim, mahallarda car olsun!
Aldı kötük:
Əfsana sözləri danışma barı,
Eşidənlər səni görərlər karı.
Sən orya sərmişdin bir istil* darı,
Umudluydun, ondan bir tağar* olsun?!
Aldı Aşıq Ələsgər:
Hər kimə göstərdim, dedilər göydü,
Eşidib bilənlər çox mana söydü.
Dən tutan yerlərin saxsağan döydü,
Qarğaynan siçanın üzü qara olsun!
Aldı kötük:
Eşidənlər qınamasın bizləri,
Sən də sal bordağa kal-öküzləri,
Qoş kotanı, çevirginən düzləri,
Günlüyün* birindən bir anbar olsun.
Aşıq Ələsgər gördü ki, Kötük yaman haqlı söz deyir. Aldı sözün tapşırmasını:
Ələsgər, başına qəhətdi peşə?!
Darı əkib yeməyibsən həmişə.
Sazı bas sinənə, təcnisdən döşə,
Yığ ruzunu, verən ellər var olsun!
Görək Qozqara kötüyü sözünü necə tamamladı:
Qara kötük deyər, tükənsin sözün,
Bu ilki işlərdən nə qorxub gözün.
Bir qızındı, bir arvadın, bir özün;
Üç adamnan dünya sana dar olsun!
Aşıq Ələsgər də, Anaxanım da gördülər ki, Qozqara kötüyünün dediyi çox haqlı, həm də çox töhmətli söz oldu.
Aşıq Ələsgər öz ürəyində bir az özünü danladı. Axı bu zəhmətlə niyə darı əkirdin ki, başına da bu iş gəlirdi. Sənin nə dolanmaz başın vardı!..
Darı zəmisinin yanından evə gələn kimi Aşıq Ələsgər dedi:
– Anaxanım, hazırlaş!
– Ələsgər, nəyə hazırlaşım?
– Şələ-barxananı yığışdır, Göyçəyə qayıdaq!
Anaxanım Aşıq Ələsgərin sözünü daha çevirmədi. Ev-eşiyi yığışdırdılar, elə həmin günün səhəri köçüb, Ağkilsəyə gəldilər.
Bundan sonra Aşıq Ələsgər harada toy eləyirdisə, darının əhvalatını danışdırıb, ləzzət alırdılar.
Allah heç kəsin zəhmətini itirməsin! Allah hanınm öz qazancını özünə qismət eləsin! Allah heç kəsi öz doğma yurd-yuvasından eləməsin!
* İstil - bir girvəngə (400 qram)
* Tağır - yüz batman (600 kiloqram)
* Günlük – kotanla bir gündə şumlanan əkin sahəsi