Anaxanımın küsməsi
Aşıq Ələsgər Eldar yaylağından təzəcə Ağkilsə kəndinə qayıtmışdı. Camaat yığılıb onun yanına gəldi. Aşıq Ələsgər başlarına nə gəlmişdi, hamısını danışdı. Şəyirdi Aşıq Usuf Aşıq Ələsgər bu səfərində nə qədər söz demişdisə, hamısını əzbərləmişdi. O, sazı köynəyindən çıxartdı, ustadının qızlara, gəlinlərə dediyi tərifləri oxudu, camaata ləzzət verdi. Aşıq Ələsgərin arvadı Anaxanım da bu təriflərə çox diqqətlə qulaq asdı.
Aradan iki gün keçdi. Elə ki, axşam oldu, çıraq yandı, Aşıq Ələsgər sazın açılan simlərinin yerinə təzəsini qoşdu. Saz nizamlanandan sonra Anaxanım dedi:
– Ələsgər, gəzmədiyin yer qalmadı, tərif demədiyin də gözəl. Nə olar, mənə də bir tərif deyəsən!
Aşıq Ələsgər zarafatla dedi:
– Anaxanım, tərif dediyim gözəllər mənə xələt verir; sənə tərif desəm, mənə nə verərsən?
– Evində nə var, ondan.
– Onda dur, bir ballı qayğanaq bişir yeyim, huşum cəmləşsin, deyim.
Aşıq Ələsgər belə deyən kimi Anaxanım yerindən durdu, ocağı qaladı, bir tava qayğanaq bişirdi, dəridən beçə balı çıxartdı, qayğanağın üstünə tökdü, külfətlikcə yedilər. Çay gətirdi, içdilər, sonra sazı Aşıq Ələsgərə verdi. Aşıq Ələsgər sazı aldı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm elədi, görək arvadını necə təriflədi:
Ala gözlü, nazlı dilbər,
Elindən xəbərin varmı?
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?
Elə ki, Aşıq Ələsgər sözün bu bəndini oxudu, Anaxanım iki dəfə “sağ ol!” dedi. Aşıq Ələsgər gülümsündü:
– Arvad, bu da olsun sənin tərifin.
– A kişi, sözü yarımçıq qoymayacaqsan ha! Hələ nə deyibsən ki?! Qalanını de.
Aşıq Ələsgər gördü Anaxanım əl çəkmir, götürdü o biri bəndini:
O zaman ki, gəldim sizə,
Mayıl oldum qaşa, gözə.
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?
– A kişi, deyəsən axı, burasını yaxşı demədin? Zibil nə idi ortalığa qatdın?!
– Arvad, söz düz gəlmirdi, ona görə elə dedim.
– A kişi, sən Allah, sabah onun orasını düzəlt. El içinə çıxası deyil.
– Baş üstə! Sabah bir qayğanaq da bişirərsən, düzəldərəm. Ancaq gəlsənə daha demiyəm. Huşum yaxşı gətirmir, qorxuram yaxşı deyə bilməyəm.
– A kişi, qorxma de. Amma bu dəfə yaxşı de!
Aşıq Ələsgər aldı o biri bəndini:
O vədə ki gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?
Bu bəndi deyəndə Anaxanımdan başqa hamı gülüşdü.
Aşıq Ələsgər götürdü o biri bəndini:
Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən,
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?
Bu bəndi deyəndə yenə bərk gülüşdülər. Anaxanım lap pərt oldu. Üst-başına baxanda gördü ki, uşağı əmizdirdikdən sonra köynəyinin yaxası açıq qalıb. Yaxasını düymələyəndən sonra acıqlı-acıqlı dilləndi:
– Daha mən bu evdə dura bilmərəm; talağımı ver, çıxıb gedəcəm! Otuz ildir, sənə ev düzəldirəm, uşaq saxlayıram; Bu da mənim evliliyimin əvəzi!.. Evindən bir şey də aparmaram; dədəm evindən gətirdiyimi sabah bir ulağın belinə qoy, məni yola sal, gedəcəm!
Aşıq Ələsgər Anaxanımın xətrinə dəydiyini bilirdi. Amma onun bu sözlərini gerçək hesab eləmədi, aldı o biri bəndini:
Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hesaba;
Cehizindir qırıq tava,
Malından xəbərin varmı?!
Sazını bir tərəfə qoyanda, Aşıq Ələsgər gördü ki, Anaxanımın halı hal deyil, dedi:
– Arvad, mən sənə dedim ki, huşum gətirmir, razılaşmadın. Anaxanım dinib cavab da vermədi.
Anaxanım iki gün küsülü durmuşdu ki, qardaşı Kərbəlayi Zeynal gəlib çıxdı. Amma Anaxanımın Ələsgərdən küsülü olduğunu bilmədi. Sabahısı kovxa Aşıq Ələsgəri çağırtdırdı. Bu zaman Kərbəlayi Zeynal da getməyə hazırlaşdı. Anaxanım qardaşına dedi:
– Mən də səninlə gedəcəyəm.
Sual-cavabdan Kərbəlayi Zeynal məsələni başa düşdü, bacısını çox danladı, öyüd-nəsihət verdi, olmadı. Qəsdən yubandı ki, bəlkə, Aşıq Ələsgər gələ çıxa. Amma Aşıq Ələsgər gəlmədi ki, gəlmədi. Əlacı kəsildi, yola çıxmalı oldular.
Günortadan xeyli keçmiş Aşıq Ələsgər evə gəldi. Gəldi gördü ki, nə Kərbəlayi Zeynal var, nə də Anaxanım...
Anaxanım elə hirslənmişdi ki, kiçik oğlu Talıbı da nənnidə qoyub getmişdi. Aşıq Ələsgərin qardaşı arvadları uşağa baxırdılar. Amma altı aylıq uşağa anasından başqa kim baxa bilər? Uşağın səsi kəsilmirdi ki, kəsilmirdi. Aşıq Ələsgərin əlacı kəsildi. Kərbəlayi Zeynalgilin dalınca yol başladı Yanşağa. Sazını da götürdü ki, bəlkə, sazın gücünə qaytara. Gethaget, gethaget, Arıqallarda Kərbəlayi Zeynalgilin dalından çatdı. Bir az Kərbəlayi Zeynala məzəmmət elədi. Kərbəlayi Zeynal işarə elədi ki, gör özün yola gətirə bilərsənmi? Aşıq Ələsgər dillə nə qədər dedisə, Anaxanım yola gəlmədi. Aşıq Ələsgər gördü ki, olmayacaq, sazı köynəyindən çıxartdı, görək Anaxanımı qaytarmaqdan ötrü nə dedi:
Gözəllər sultanı, mələklər şahı,
Alagöz cananım, getmə, amandı!
Dərdindən xəstəyəm, çəkirəm ahı,
Həkimim, loğmanım, getmə, amandı!
Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq deyil qurban kəsəm qoyundan,
Sana qurban canım, getmə, amandı!
Anaxanımın küsməyə haqqı var idi. Gözəllikdə Aşıq Ələsgərin tərif dediyi gözəllərdən heç də əskik deyildi. Mərifət-qanacaqda da Ağkilsə kəndində bir adam idi. Əlinin işi, qabiliyyəti də çox gözəl, çox səliqəli idi. Bu səbəblərə görə qonum-qonşu onun hörmətini saxlayırdı. Qaynı uşaqları da Aşıq Ələsgərə “dədə” dedikləri kimi, buna da “ana” deyirdilər. Anaxanım Aşıq Ələsgərdən tərif istəyəndə elə hesab eləmişdi ki, doğrudan da, onu tərifləyəcəkdir. Tərifin əvəzinə onu pisləməsi Anaxanıma çox yoxuş gəlmişdi; “qabırğası qalın oldun, qaynanana zalım oldun” deməsi də ki, onu yandırıb-yaxmışdı...
Sözün bu bəndini deyəndə Anaxanım dilləndi:
– Dünəndən bəri “mələklər şahı” olmuşam? Özünü qurban eləmə ki, qayıdası deyiləm!
Aşıq Ələsgər fikirləşdi ki, gəl günahını boynuna al, de ki, sənə zarafat eləmişəm, bağışla. Aldı görək bu dəfə nə dedi:
Mən sənə nə dedim, ay mina gərdən,
Kəsmə mərhəmətin gəl Ələsgərdən.
Günahkar qulunam, salma nəzərdən,
Kərəmli sultanım, getmə, amandı!
Bu sözdən sonra da Anaxanım yola gəlmədi ki, gəlmədi. Kərbəlayi Zeynal da nə elədi, olmadı. Kərbəlayi Zeynal Aşıq Ələsgərə dedi:
– Ələsgər, indi qayıtmağından keçdi. Qoy kəndə çatsın, qonuqonşu bir az danlasın, sən də sabah gəl, görək nə edirik.
Kərbəlayi Zeynal ilə Anaxanım Yanşağa getdilər, Aşıq Ələsgər Qanlıkəndə qayıtdı. Gecə Qara Mərdanın evində qaldı. Sabah açılanda sazını da götürdü, üz qoydu Yanşağa.
Aşıq Ələsgər birinci dəfə idi ki, Anaxanımın xətrinə dəymişdi. O da zarafat eləmişdi; elə bilmişdi ki, o da bu sözə güləcək, çıxıb gedəcək.
Nə biləydi ki, bü sözün, bu zarafatın üstündə başına bu həngamə gələcək. Arvadlar var ki, gündə əri döyür, söyür, sabah da yadından çıxardır...
Aşıq Ələsgər gəlib Yanşağa yetişəndə gördü ki, Kərbəlayi Zeynal qapıda onun yolunu gözləyir. Görüşdülər, içəri keçdilər. Aradan bir az keçmədi ki, Aşıq Ələsgərin gəldiyini eşitdi, camaat da yığışdı. Hamı işdən halı oldu. Nə qədər öyüd-nəsihət elədilərsə, Anaxanım yola gəlmədi. O, evin bir küncündə yönü o tərəfə küsülü oturmuşdu; heç Ələsgərin üzünə də baxmırdı. Axırda Aşıq Ələsgərin əlacı kəsildi, sazı köynəyindən çıxartdı, görək bu dəfə Anaxanıma nə dedi, oradakılar nə eşitdilər:
A bimürvət, axı səndən ötəri
Ah çəkməkdən bağrım qana dönübdü!
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdü!
“Sağ ol”un biri bir qəpiyə çıxdı. Amma Anaxanım dinib danışmırdı. Aşıq Ələsgər aldı o biri bəndini:
Dindirirəm, danışmırsan, gülmürsən,
Xəbər alıb, əhvalımı bilmirsən,
Endiribən məclisimə gəlmirsən,
Yoxsa taxtın Süleymana dönübdü?!
Dal gərdəndə siyah zülfün hörübsən,
İnkar eyləməynən, ilqar veribsən,
Yazıq Ələsgərdən üz döndəribsən,
Ya baxt yatıb, ya zamana dönübdü.
Bu sözləri eşidəndən sonra Anaxanım ağladı. Doğrudan da, bu vaxta qədər Aşıq Ələsgərlə Anaxanım çox məhəbbətli dolanmışdılar.
Aşıq Ələsgərin “üz döndəribsən”, “baxt yatıb” deməyi Anaxanımı ağladırdı. Uşağın fikri də ki, Anaxanımı heç rahat olmağa qoymurdu.
Anaxanım üzünü Aşıq Ələsgərə tutub soruşdu:
– Görəsən uşaq necə oldu?!
– Nə bilim, mən də sənlə bərabər evdən çıxmışam. Mən evə gələndə gördüm ki, ağlayır. Öydən çıxanda da çır-çır çığırırdı.
Bu dəfə Anaxanım Aşıq Ələsgərdən bərk tələsməyə başladı. Camaat dağılan kimi, Anaxanımla Aşıq Ələsgər Yanşaqdan Göyçəyə yol başladılar. Mənim əzizlərim, Qarabağın Qərvənd camaatı Söyüdlü yaylağında idi. Qərvənddə Zamanxan oğlu Məşədi Qara ilə Aşıq Ələsgər siğə qardaş idilər. Qara da həmişə yaylağa çıxardı.
Söyüdlüyə yaxınlaşanda Aşıq Ələsgər dedi:
– Arvad, gəl bu tərəfki yol ilə gedək.
– A kişi, niyə?
– Əgər bura ilə getsək, bizi tanıyacaqlar, yubanacayıq.
Aşıq Ələsgərgil bu biri yol ilə getməkdə, Zamanxan oğlu Məşədi Qara da həmin yol ilə Göllər yaylağından Söyüdlü yaylağına gəlməkdə; birdən-birə qabaqlaşdılar. Xoş-beş, on beş... Görüşdülər. İş tərs gələndə gəlir. Əgər düz öz yolları ilə getsə idilər, bəlkə də, heç tanıyana rast olmayaydılar.
Məşədi Qara Aşıq Ələsgərgili obaya dəvət elədi.
Aşıq Ələsgər razı olmadı, dedi:
– Tələsirik. Gərək axşama özümüzü evə çatdıraq.
Məşədi Qara əl çəkmədi; Aşıq Ələsgərgili məcburən öz alaçıqlarına apardı. O saat bir heyvan kəsdi, yaxşı kabab bişirdilər. Sizdən də xoş, yedilər, içdilər, axşam oldu. Obadakı adamlar Aşıq Ələsgərin gəldiyini eşitdi, Qaranın alaçığının qabağına toplaşdı. Aşıq Ələsgər sazını köynəyindən çıxartdı, bir-iki qatar oxudu. Sonra sazı köynəyinə qoydu, dedi:
– Bağışlayın, bir az yorulmuşam.
Oradakı adamlar bir az da o yandan-bu yandan söhbət elədi, sonar çıxıb hərəsi öz alaçığına getdi.
Səhər tezdən Aşıq Ələsgərlə Anaxanım Məşədi Qaragillə xudafizləşib, Ağkilsəyə yol başladılar. İndi Aşıq Ələsgərgil Ağkilsəyə gəlməkdə olsun, sizə haradan xəbər verim, Ağkilsədən.
Aşıq Ələsgər Anaxanımın dalınca gedəndən sonra qonu-qonşu hərə bir söz dedi. Kimi dedi: Aşıq Ələsgər Anaxanımı bu gün qaytarıb gətirəcək; kimi dedi: Anaxanım gəlməyəcək; kimi dedi: Aşıq Ələsgər Anaxanımı boşayıb gələcək... Bir gün gözlədilər, Aşıq Ələsgər gəlmədi, iki gün gözlədilər, gəlmədi. Üçüncü gün qorxuya düşdülər ki, Aşıq Ələsgərin başına görəsən, nə iş gəldi. Salahla Xəlil hazırlaşırdılar ki, dallarınca getsinlər, bir də gördülər ki, Qarabulaq yolu ilə budur, gəlirlər.
Gəlib evə çatanda Anaxanımın gözü uşağı axtardı. Gördü ki, nənnidə yatıb. Qıyıb qaldırmadı.
Aşıq Ələsgərin zarafatca arvadına söz dediyini, bundan ötrü Anaxanımın küsüb getdiyini camaatın hamısı eşitmişdi. Elə ki, Aşıq Ələsgərgil gəldilər, qonu-qonşu toplaşdı, danışdılar, gülüşdülər... Məşədi Cabbar Anaxanımın qulağı eşidə-eşidə Aşıq Ələsgərə zarafatla dedi:
– Ay Ələsgər, sənə arvadmı qəhətdir?! Bu ki səni bu qədər incidir, boşa, özgəsini al da!..
Bu sözə hamı gülüşdü, Anaxanım dönüb, əyri-əyri ona baxdı. Aşıq Ələsgər sazı köynəyindən çıxartdı. Sinəsinə basdı, görək buraya yığılanlara nə dedi:
Hərcayının, dilbilməzin ucundan
Dönə-dönə nə ziyana düşmüşəm!
Doymaq olmaz gözəllərin boyundan,
Pərvanə tək yana-yana düşmüşəm.
Ona qədər uşaq yuxudan ayıldı. Anaxanım onu çox həsrətliklə qucağına götürdü; elə bil ki, bir ildir ayrılıbdır. Aşıq Ələsgər gördü ki, Anaxanımın başı qarışıb uşağa, aldı sözün o biri bəndini:
Dövlətim çox oldu, qıymadım pula,
Kor oldu gözlərim, yapışdım dula.
Nə ölür, nə itir, canım qurtula,
Məcnun kimi biyabana düşmüşəm.
Məşədi Cabbar yenə dilləndi:
– Boşa da!.. Bu saat kimi istəsən, sənə gələr. Daha niyə biyabana düşürsən ki?! Anaxanım gördü ki, Aşıq Ələsgər zarafat eləyir, dedi:
– Boşayaydı da!.. Çıxıb dədəm evinə getmişdim ki!
Aşıq Ələsgər aldı sözün axırıncı bəndini:
Ələsgər keçibdi namus, arından,
Aləm yatmaz onun ahü-zarından.
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmirəm, qana düşmüşəm.
Elə ki, Aşıq Ələsgər sözünü tamam elədi, məclisdəkilərin hamısı gülüşdü. Bildilər ki, Aşıq Ələsgər bu sözü zarafatla deyir; arvadını boşamaq onun heç fikrinə də gəlməz.
Aşıq Ələsgərlə Anaxanım ömürlərinin axırına qədər bir-biri ilə məhəbbətli dolandılar. Siz də həmişə yoldaşınızla məhəbbətli olasınız,
Aşıq Ələsgərgil kimi uzun ömür sürəsiniz!